Maidə surəsinin 55-ci ayəsi haqqında irada cavab

Maidə surəsinin 55-ci ayəsi haqqında irada cavab

2019-08-03 4618

Maidə surəsinin 55-ci ayəsi haqqında irada cavab

Allah təala müqəddəs Qurani-Kərimdə Maidə surəsinin 55-ci ayəsində buyurur:

إِنَّمَا وَلِیُّكُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَٱلَّذِینَ ءَامَنُوا۟ ٱلَّذِینَ یُقِیمُونَ ٱلصَّلَوٰةَ وَیُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُمۡ رَ ٰكِعُونَ

“Sizin vəliniz yalnız Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rukuda olduqları halda zəkat verirlər”.

Hamımıza məlumdur ki, bu ayə Əmirəl-möminin İmam Əli (əleyhissalam) haqqında nazil olmuşdur və onun imamətinə olan aşkar dəlillərdən biridir. Lakin, əhli-sünnə alimlərindən Fəxr Razi bu ayə ətrafında irad bildirir və qeyd etdiyimiz mətləbi sual altına salmaq istəyir. Beləki, o, yazır:

أن علي بن أبي طالب كان أعرف بتفسير القرآن من هؤلاء الروافض ، فلو كانت هذه الآية دالة على إمامته لاحتج بها في محفل من المحافل ، وليس للقوم أن يقولوا : إنه تركه للتقية لإنهم ينقلون عنه أنه تمسك يوم الشورى بخبر الغدير ، وخبر المباهلة ، وجميع فضائله ومناقبه ، ولم يتمسك ألبتة بهذه الآية في إثبات إمامته ، وذلك يوجب القطع بسقوط قول هؤلاء الروافض لعنهم الله

“Həqiqətən, Əli ibn Əbu Talib Quranın təfsirinə rafizilərdən (şiələrdən) daha alim idi. Əgər bu ayə (Maidə, 55) onun imamətinə dəlil olsaydı, o, hansısa məclislərin birində bu ayə vasitəsilə öz imamətinə dəlil gətirərdi. Həmçinin, heç kəs deyə bilməz ki, o, bunu təqiyyə ucbatından etmişdi. Çünki, ondan (İmam Əlidən) nəql edirlər ki, şura günündə o, Qədir-xum məsələsindən, Mübahilə məsələsindən və digər bütün fəzilətlərindən (dəlil kimi) istifadə etmişdi. Lakin, öz imamətini isbat etmək üçün bu ayədən istifadə etməmişdi. Və bu da rafizilərin - Allah onlara lənət etsin – sözlərinin qüvvədən düşməsinə səbəbdir”.[1]

Xülasə olaraq Fəxr Razi deyir ki, əgər şiələrin dediyi kimi Maidə surəsindəki 55-ci ayə İmam Əlinin (əleyhissalam) imamətinə dəlil olsaydı, bu zaman o, öz imamətini sübut etməkdən ötrü bu ayədən dəlil kimi istifadə edərdi. Biz bu irada xülasə olaraq cavab vermək üçün İmam Əlinin (əleyhissalam) bu ayədən istifadə edib, dəlil gətirdiyi üç məqamı zikr edəcəyik.

Əbu Bəkrə dəlil gətirərkən

Əbu Bəkr xilafəti qəsb etdikdən sonra üzrxahlıq məqsədilə İmam Əlinin (əleyhissalam) məhzərinə gəldikdə, İmam Əli (əleyhissalam) öz məqamını bəyan etməkdən ötrü qeyd olunan ayənin özü haqqında nazil olmasını deyir. O həzrət Əbu Bəkrə deyir:

أنشدك‌ بالله إلي‌ الولاية‌ من‌ الله مع‌ ولاية‌ رسول ‌الله صلّي‌ الله ‌عليه ‌وآله‌ في‌ آية‌ زكاة‌ الخاتم‌ أم‌ لك‌ ؟ قال ‌: بل‌ لك

“Səni and verirəm Allaha, üzüyün zəkat kimi verilməsi ayəsində Allah mənim vilayətimi Peyğəmbərin (sallallahu əleyhi və alih) vilayəti ilə bir tutub, ya sənin?” Əbu Bəkr dedi: “Əksinə, sənin”[2]

Bu, Həzrət Əlinin (əleyhissalam) bu ayədən dəlil kimi istifadə etdiyi yerlərdən qeyd edəcəyimiz birinci yer idi.

Osmanın dövründə mühacirlərə və ənsara dəlil gətirməsi

فانشدكم‌ بالله أتعلمون‌ حيث‌ نزلت‌إنّما وليّكم‌ الله و رسوله‌ والذين‌ آمنوا الذين‌ يقيمون‌ الصلوة‌ و يؤتون‌ الزكوة‌ و هم‌ راكعون‌ قال‌ الناس ‌: يا رسول‌الله أخاصة‌ في‌ بعض‌ المؤمنين‌ أم‌ عامة‌ لجميعهم‌، فأمر الله عزّوجلّ نبيّه‌ أن‌ يعلمهم‌ ولاة‌ أمرهم‌ و أن‌ يفسّر لهم‌ من‌ الولاية‌ ما فسّر لهم‌ من‌ صلاتهم‌ و زكاتهم‌ و صومهم‌ و حجّهم‌ فنصبني‌ للناس‌ علماً بغدير خم 

“Sizi and verirəm Allaha, bilirsinizmi ki, “Sizin vəliniz yalnız Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rukuda olduqları halda zəkat verirlər” ayəsi nazil olduqda insanlar Peyğəmbərdən (sallallahu əleyhi və alih) soruşdular: “Ey Allahın Rəsulu, bu ayə bütün möminlərə aiddir, yoxsa, bəzilərinə?”. Bu zaman Allah öz peyğəmbərinə əmr etdi ki, onların vəlilərini onlara tanıtdırsın və necə ki, namazı, orucu, həcci onlara izah etmişdi, vilayəti də onlara şərh etsin. Beləliklə, nəticədə Peyğəmbər (sallallahu əleyhi və alih) Qədir-xumda məni insanlara yolgöstərici olaraq təyin etdi”.[3]

Altı nəfərlik şurada dəlil gətirilməsi

Ömər tərəfindən təşkil olunan rəhbərlik şurasında özlərinin xəlifəlik səlahiyyətinə malik olduğunu düşünənlər özlərini tanıtdırır və xəlifəlik üçün layiq olan xüsusiyyətlərini deyirdilər. Bu zaman İmam Əli (əleyhissalam) Maidə surəsinin 55-ci ayəsindən dəlil kimi istifadə etdi və şura əhlinə xitab etdi:

فهل‌ فيكم‌ احد آتي‌ الزكاة‌ و هو راكع‌ و نزلت‌ فيه‌ إنّما وليّكم‌ الله و رسوله‌ والذين‌ آمنو الذين‌ يقيمون‌ الصلوة‌ و يؤتون‌ الزكوة‌ و هم‌ راكعون‌ غيري ؟‌ قالوا: أللّهمّ لا

“Sizin içərinizdə məndən başqa eləsi vardırmı ki, ruku halında zəkat versin və onun üçün “Sizin vəliniz yalnız Allah, Onun rəsulu və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rukuda olduqları halda zəkat verirlər” ayəsi nazil olsun?” Onlar dedilər: “Allaha and olsun ki, yox”.[4]

Qeyd etdiklərimizdən məlum oldu ki, Əmirəl-möminin Həzrət Əli (əleyhissalam) müxtəlif yerlərdə öz imamətinin isbatı üçün Maidə surəsinin 55-ci ayəsindən istifadə etmişdir və Fəxr Razinin etdiyi irad boş bir iraddır.  

“Burhan” kanalı

Tərcümə: Baqir Cəfəri

Besiret.az


[1] “ət-Təfsirul-kəbir”, Maidə surəsi 55-ci ayə

[2] Şeyx Səduq, “Xisal”, səh.548-549, hədis 30

[3] Şeyx Təbərsi, “əl-İhticac”, c.1, səh.213; Cuveyni, “Fəraidus-səmteyn”, c.1, səh.312, 318

[4] Şeyx Tusi, “Əmali”, səh.549, hədis 1168