Əhli-sünnənin qəbirləri dağıtmaq barədə İmam Əlidən nəql etdiyi rəvayət səhihdirmi?

Əhli-sünnənin qəbirləri dağıtmaq barədə İmam Əlidən nəql etdiyi rəvayət səhihdirmi?

2019-07-28 326

 

Əhli-sünnənin qəbirləri dağıtmaq barədə İmam Əlidən nəql etdiyi rəvayət səhihdirmi?

Qəbirlər, türbələr və ziyarətgahlardan söz düşdükdə müxaliflərimizin özlərinə dəlil bildikləri rəvayətlərdən biri də İmam Əlidən (əleyhissalam) nəql etdikləri hədislərdir. Hansı ki, bu rəvayətlərdə qəbirlərin yerlə bərabər səviyyədə olması və bunun əksini edənin isə kafir olması bəyan olunur. Əvvəla qeyd etməliyik ki, bu hədislər yalnız və yalnız sünni kitablarında nəql olunub və şiələr üçün dəlil olmaq baxımından heç bir əhəmiyyət daşımır. Lakin əgər diqqətlə araşdırsaq görərik bu hədislər sünnilərin özləri üçün belə höccət (dəlil) deyil. Çünki hədislərə bir neçə cəhətdən irad oluna bilər. Bu məqaləmizdə ixtisara riayət edərək həmin hədislərə nəzər salıb müxaliflərimizə cavab verəcəyik. Ümumiyyətlə nəzər saldıqda görürük ki, əhli-sünnə bu mövzuda iki oxşar məzmunlu rəvayət nəql etmişdir.

Birinci hədis

«حدّثنا يحيي بن يحيي وأبو بكر بن أبي شيبة وزهير بن حرب ، قال يحيي: أخبرنا وقال الآخران: حدّثنا وكيع ، عن سفيان ، عن حبيب ابن أبي ثابت ، عن أبي وائل ، عن أبي الهيّاج الأسدي ، قال: قال لي علي(عليه السلام) : ألا أبعثك علي ما بعثني عليه رسول الله(صلي الله عليه وآله) لا تدَع تمثالا إلاّ طمسته ، ولا قبراً مشرفاً إلاّ سوّيته»

Vəki ibn Cərrah Süfyandan, o, Həbib ibn Əbi Sabitdən, o, Əbi Vaildən, o da Əbil-Həyyac Əsədidən belə nəql edir: “Əli (əleyhissalam) mənə bu cür dedi: “Peyğəmbərin məni məmur etdiyi işlə səni məmur edimmi? Yox etməmiş heç bir təsvir qoyma. Üstü hündür olan bütün qəbirlərin üstlərini yerlə bərabər səviyyədə et”.[1]

Hədisin sənədinə olan iradlar

Bu hədis sünnilərin 6 səhih kitabında və Əhməd ibn Hənbəlin “Musnəd” kitabında keçməsinə baxmayaraq, hədisin sənədində hədis mütəxəsssisləri tərəfindən zəif hesab edilən ravilər mövcuddur. Həmin raviləri və onlar haqqında deyilənləri əziz oxucuların nəzərinə çatdırırıq.

Vəki ibn Cərrah Rəvasi

O hədis nəqlində səhvlərə yol verirdi və 500 hədisdə xəta etmişdi. Belə ki, Abdullah ibn Əhməd öz atasından bu cür nəql edir: “...Vəki ibn Cərrah 500 hədisdə xətaya yol vermişdir”.[2] Həmçinin, İbn Mədinidən bu cür nəql olunur: “Vəki danışıqda xətalara yol verirdi və əgər hədisləri olduğu kimi desəydi gözəl olardı. O deyirdi: “Şəbi Ayşədən mənə nəql etdi”. (Halbuki, bu cür şey mümkün deyildi).”[3] Vəki haqqında fikir bildirənlərdən biri də Əbi Nəsr Mərvəzidir. O, deyir: “Vəki son vaxtlar öz hifzində olanları nəql edirdi və hədisin sözlərini dəyişdirirdi. Sanki, hədisin mənasını nəql edirdi və kəlimələri dəyişdirirdi”.[4] Əhməd ibn Hənbəldən Vəki və Əbdur-Rəhman ibn Mehdi haqqında sual soruşuldu ki, əgər bu iki şəxs arasında ixtilaf olsa, kimin sözünü qəbul edək? Əhməd ibn Hənbəl belə cavab verdi: “Əbdurrəhman daha çox qəbul edilir. Məxsusən, Süfyandan nəql etdiyi hədislər. O, şərab içməkdən çəkinir, sələf haqqında pis sözlər demir və Fəratda əkinçilik etməyi caiz bilmirdi. İbn Mədini “Təhzib”-də deyir: “Onda (Vəkidə) bir az şiəlik var idi”. İbn Muin deyirdi ki, Mərvan ibn Müaviyənin yanında olduqda onda yazılı bir şey gördüm ki, ravilərin adı yazılmışdı. (Yazılmışdı:) Filankəs rafizi (şiə), filankəs belə, Vəki rafizi (şiə)”.[5] Başqa bir yerdə Xətib Bağdadi onun şərab içməsindən yazır: “O, yeməyə on ritl[6] (on beş kiloqram) yeməklə başlayırdı və onun üçün su tulumunda on ritlə yaxın şərab gətirilirdi. O, şərabdan ürəyi istədiyi qədər içirdi. Sonra şərabı qarşısına qoyub namaz qılırdı. İki rükət qıldıqdan sonra, ya bir rükət Şəf, Vitr qıldıqdan sonra şərabdan içirdi. Ta ki, tulum boşalana qədər. Bundan sonra yatırdı. İshaq ibn Bəhlul deyirdi: “Vəki ibn Cərrah bizim yanımıza gəlib Fəratın kənarındakı məsciddə bir yer tutdu. Mən hədis eşitmək üçün onun yanına gedirdim. O, məndən şərab istədi. Mən gecə vaxtı onun yanına şərab apardım. Mən ona hədis oxuyurdum və o, şərab içirdi. Elə ki, şərab bitirdi, çırağı söndürürdü. Səbəbini soruşduqda deyirdi: “Nə qədər çox şərab gətirsən, o qədər çox hədis oxuyarıq”.[7]

Gördüyünüz kimi bu şəxs azğınlıqlarına və nöqsanlarına baxmayaraq hədis sahəsində müraciət olunan mənbələrdən biri hesab olunur. Müxaliflər bu iradları gözardı edərək onu inanılan ravilərdən bilirlər.

Süfyan Sovri

Hədisin sənədində qərar tutmuş digər ravi Süfyan Sovridir. Zəhəbi onun haqqında yazır: “O, zəif ravilərdən tədlis[8] edirdi”.[9] İbn Mubarəkdən belə nəql olunur:  “Süfyana bir rəvayət dedim. (Başqa vaxt) Onun yanına gəldikdə o hədisin sənədində tədlis[10] etmişdi. Məni gördükdə utandı və dedi: “(Bundan sonra) Səndən rəvayət edəcəyəm”[11] Yəhya ibn Muin isə onun haqqında belə deyir: “Sovri istəyirdi ki, tədlis edərək zəif bir şəxsdən mənə rəvayət etsin. Lakin, bacarmadı”.[12] Yenə başqa bir yerdə Yəhya ibn Muindən belə dediyi nəql olunur: “Əbu İshaqın hədislərində Sovridən daha elmlisi yox idi. Lakin, o da tədlis edirdi”.[13]

Məlum oldu ki, hədisin sənədində olan bu ravi də rical alimlərinin nəzərində mötəbər ravilərdən sayılmır.

Həbib ibn Əbi Sabit

İbn Hibban və İbn Xuzeymə onun haqqında onun tədlis edən ravilərdən olduğunu demişlər.[14]  Əqili adlı alim onun haqqında deyir: “O, Ətadan elə rəvayətlər etmişdir ki, onları qəbul etmək olaz”[15] Eyni yerdə əlavə edir: “İbn Ovn onun hədislərinə göz yummuşdur”. Həmçinin, Qəttan da onun haqqında eyni sözləri deyir və əlavə edir ki, “Onun nəql etdiyi hədislər bizim kitablarda mövcud deyil”.[16]

Həbib ibn Sabitin də güvənilən ravi olmadığını bildikdən sonra bir nöqtəyə işarə etmək istəyirik. Göründüyü kimi, bura qədər olan hədisin sənədində iki nəfər ravi müdəllis, yəni tədlis edən ravilərdən hesab olunur. Hədis elmində tədlis ravinin bir hədisi nəql edərkən müəyyən səbəblərə görə özündən əvvəlki ravilərdən birinin və ya bir neçəsinin adını çəkməməsinə deyilir. Buna görə də yaxşı olardı ki, əhli-sünnə alimlərinin nəzərində tədlisin hökmünə nəzər yetirək.

Sünni alimlərinə görə tədlisin hökmü

İmam Şafeidən Şubə ibn Həccacın belə dediyi nəql olunmuşdur: “Tədlis yalanın qardaşıdır”. Unzur isə Şubədən belə eşitdiyini deyir: “Rəvayət edərkən tədlis etmək zinadan pisdir. Göydən yerə düşmək mənim üçün tədlis etməkdən rahatdır”. Muafi də Şubədən belə nəql etmişdir: “Mənim üçün zina etmək tədlis etməkdən daha yaxşıdır”.[17] Əhli-sünnənin böyüklərinin fikrinə əsasən tədlisin hökmünün bu cür olmağına baxmayaraq onlar tədlis edən ravilərdən nəql etdikləri hədisləri “səhih” adlandırdıqları kitablarda gətirmiş və insanları qəbirləri xaraba qoymağa vadar etmişlər.

Hədisin sənədində olan Əbu Vail adlı ravi

O, Şəfiq ibn Sələmədir ki, İmam Əlinin (əleyhissalam) düşmənlərindən biridir və nasibi hesab olunur. Əhli-sünnənin Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan “Ya Əli, səni yalnız mömin sevər və sənə yalnız münafiq nifrət bəsləyər”[18] hədisini qəbul etməklərinə baxmayaraq, onlar İmam Əlinin (əleyhissalam) düşmənlərindən olan nasibidən hədis nəql edirlər. İndi isə keçək sünni kitablarında onun haqqında qeyd olunanlara. İbn Əbil-Hədid deyir: “O, osmani idi”[19]. Osmani o kəslərə deyilir ki, onlar Osmanın ölümündə İmam Əlinin (əleyhissalam) günahkar olduğunu deyirlər. Şubə Husayndan belə nəql edir: “Əbu Vailə deyildi: “Əli üstündür, yoxsa Osman?” O, cavab verdi: “Baş verənlərə qədər Əli üstün idi, indi isə Osman”[20] Əbu Vail başqa bir yerdə deyir ki, İslam hakimlərinin nə ağlı var, nə təqvası. Belə ki, Əməş Əbu Vailin ona belə dediyini nəql edir: “Ey Süleyman, bizim əmirlərimizin heç birində bu iki şeydən biri yoxdur. Nə onlarda müsəlmanların təqvası var, nə də cahiliyyət dövründəki insanların ağlı”.[21] Həmçinin, Əbu Vail Əhli-beytə (əleyhimussalam) düşmənlikdə məşhur olan nasibi Həccac ibn Yusif Səqəfini müdafiə etmişdir. İbn Zuburqan deyir: “Əbu Vailin yanında idim. Həccacı söydüm və etdiyi pisliklərdən danışdım. Əbu Vail dedi: “Onu söymə! Ola bilər ki, o, “Allahım, məni bağışla!” desin və Allah da onu bağışlasın”.[22] Tarixə nəzər saldıqda görürük ki, Əbu Vail həm də İbn Ziyadın vaxtında beytül-malın məsulu olmuşdur. Əbu Vail haqqında nəql edirlər ki, o şərab içir və usfur bitkisindən alınan rənglə boyadılmış paltar geyinirdi.[23] Baxmayaraq ki, Muslim özü öz kitabında İmam Əlidən (əleyhissalam) Peyğəmbərin (sallallahu əleyhi və alih) o rənglə boyadılmış paltarı qadağan etdiyini nəql etmişdir,[24] onlar yenə də bu cür şəxsdən hədis nəql edirlər.

İsbat etdik ki, sünnilərin səhih kitablarında nəql olunmasına baxmayaraq bu hədisin sənədində olan ravilər sünni alimləri tərəfindən mötəbər hesab olunmur. Hədisin sənədinə gələn iradar məlum olduqdan sonra keçək hədisin dəlalət etdiyi məna baxımından olan müşküllərə.

Dəlalət etdiyi məna baxımından hədisə gələn iradlar

1.Əvvəla onu qeyd edək ki, bu məzmunda olan hədisi yalnız və yalnız Əbil-Həyyac nəql etmişdir. Hansı ki, Siyuti onun haqqında deyir: “Hədis kitablarında Əbil-Həyyacın yalnız bu hədisi mövcuddur”.[25]

2.Bəs görəsən bu əmr İmam Əlidən (əleyhissalam) nə zaman sadir olmuşdu? Hədisin zahirindən bu cür başa düşülür ki, bu əmr İmam Əlinin (əleyhissalam) xəlifəlik dövrünə təsadüf edir. Hal belə olduqda İmam Əli (əleyhissalam) bu əmri ya kafirlərin qəbirləri barədə demişdi, ya da müsəlmanların. Əgər desək ki, bu məsələ kafirlərin qəbirləri ilə bağlı idi, ortada heç bir problem qalmır və müxaliflərimizin qəbirlər, türbələr barədə bizə irad bildirməyə heç bir əsası olmur. Yox, əgər desək ki, qəbirlərin üzərlərinin düzləşdirilməsi əmri müsəlmanların qəbirləri ilə bağlı idi, o zaman meydana bir müşkül çıxır. Dediyimiz kimi əgər bu iş müsəlmanların qəbirləri ilə bağlı olsa, onda deməliyik ki, bu əmr çıxana qədər müsəlanlar öz qəbirləinin üzərinə baş daşı qoyur və ya üzərində nəsə tikirdilər. İmam Əlidən (əleyhissalam) qabaq olan xəlifələr isə bu barədə bir əmr verməmişdilər və bu da onların şəninə tənə olur. Bu isə əhli-sünnə tərəfindən qəbul olunmur. Çünki onlara əsasən İmam Əlidən (əleyhissalam) qabaq olan xilafəti qəsb etmiş əmirlərin şəninə xələl gətirmək olmaz.

3.Hədisdə üstü hündür olan qəbr “qəbrən müşrəfən” kəliməsiylə ifadə olunub. “Müşrəf” sözünün kökü “şərf”-dir ki, lüğət kitablarında bu sözün mənası həm hündürlüyə həm də dəvənin hürgüclərinə deyilmişdir. Beləliklə, ərəb dilində bu söz həm bütün növ hündürlüklərə, həm də dəvənin hürgücünə oxşayan hündürlüklərə deyilir. Lakin, hədisdə keçən “səvvəytəhu” (bərabərləşdirmək) ifadəsi isə ikinci mənaya daha uyğun gəlir. Hər bir halda burada “hündürlükləri (yerlə) bərabərləşdirmək” dedikdə bu 3 mənadan biri qəsd olunmuşdur: 1) Qəbirlərin üzərində olan tikililəri dağıtmaq; 2) Baş daşlarını dağıtmaq və qəbiri tamamən yerlə bir səviyyə etmək; 3) Qəbirlərin üzərini düzəltmək və onları yerlə bir səviyyədə etmək. Birinci ehtimal səhabələrin və ümumən müsəlmanların  tarixinin xilafınadır. Çünki onlar nəinki, qəbirlərin üzərində olan tikililəri dağıtmış, bəlkə qəbirlər üzərinə qübbə və s. kimi şeylər tikmişlər. Məsələn, Peyğəmbərin (sallallahu əleyhi və alih) günbəzi kimi. İkinci ehtimal da batildir. Çünki hər iki məzhəbin icmasına əsasən müstəhəbdir ki, qəbr yerdən bir qarış hündür məsafədə olsun. Yerdə üçüncü ehtimal qalır ki, bu da əhli-sünnənin məşhur görüşünün ziddinədir. Əhli-sünnənin bəzi alimləri də bunu öz kitablarında iqrar etmişlər. Sünni alimlərindən Nəvəvi yazır: “Qəbrdə müstəhəb olan budur ki, onun üzəri çox hündür olmasın. Əksinə, yerdən bir qarış hündür olsun və üzəri düz olsun”. Həmçinin, yazır: “Məzhəbimizdən bizə çatan görüşün zahirinə əsasən qəbirlərin üzərini düzləşdirmək daha yaxşıdır”.[26] Digər bir mənbədə onun belə dediyinin şahidi oluruq: “Qəbrlərdə müstəhəb olan budur ki, onların üzəri düz (hamar) olsun. Və bunun rafizilərin (şiələrin) əlaməti olduğuna görə tərk edilməsi caiz deyildir. Əbi Həyyacın nəql etdiyi hədislə bunun arasında isə heç bir ziddiyyət yoxdur. Çünki hədisdə gəlməmişdir ki, qəbrin üstü yerlə bir səviyyədə olsun. Hədisdən məqsəd qəbrin üstünün düzləşdirilməsidir”.[27]

Digər kitblarda da səhabələrin və ya tabeinlərin dövründə qəbirlərin üzərindəki tikililər və ya onları yeniləmək haqqında oxuduqda nəql olunmuş hədisin əksinin şahidi oluruq. Qeyd etmişdik ki, əhli-sünnə bu barədə iki hədis nəql etmişdir. Birinci hədislə tanış olduqdan sonra keçirik ikinci hədisin təhilinə.

İkinci hədis

حَدَّثَنَا مُعَاوِيَةُ ( بن عمرو) حَدَّثَنَا أَبُو إِسْحَاقَ عَنْ شُعْبَةَ عَنِ الْحَكَمِ عَنِ أَبِي مُحَمَّدٍ الْهُذَلِيِّ عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّي اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي جَنَازَةٍ فَقَالَ أَيُّكُمْ يَنْطَلِقُ إِلَي الْمَدِينَةِ فَلَا يَدَعُ بِهَا وَثَنًا إِلَّا كَسَرَهُ وَلَا قَبْرًا إِلَّا سَوَّاهُ وَلَا صُورَةً إِلَّا لَطَّخَهَا فَقَالَ رَجُلٌ أَنَا يَا رَسُولَ اللَّهِ فَانْطَلَقَ فَهَابَ أَهْلَ الْمَدِينَةِ فَرَجَعَ فَقَالَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَا أَنْطَلِقُ يَا رَسُولَ اللَّهِ قَالَ فَانْطَلِقْ فَانْطَلَقَ ثُمَّ رَجَعَ فَقَالَ يَا رَسُولَ اللَّهِ لَمْ أَدَعْ بِهَا وَثَنًا إِلَّا كَسَرْتُهُ وَلَا قَبْرًا إِلَّا سَوَّيْتُهُ وَلَا صُورَةً إِلَّا لَطَّخْتُهَا ثم قال رسول الله صلي الله عليه وسلم من عاد لصنعة شيء من هذا فقد كفر بما أنزل علي محمد صلي الله عليه وسلم

Muhəmməd əl-Huzəli İmam Əlidən (əleyhissalam) belə nəql edir: “Peyğəmbər (sallalahu əleyhi və alih) bir cənazənin dəfnində idi. Bu zaman Peyğəmbər (sallallahu əleyhi və alih) dedi: “Sizlərdən hansınız bu şəhərə gedib orada olan bütləri dağıdar, şəkilləri aradan qaldırar və qəbirləri düzləşdirər?” Bir kişi dedi: “Mən edərəm, ey Allahın rəsulu”. Kişi getdi. Lakin, şəhərin əhalisindən qorxub geri qayıtdı. Sonra Əli ibn Əbu Talib dedi: “Mən gedərəm”. Peyğəmbər buyurdu: “(Onda) Get”. O, qayıtdıqda belə dedi: “Ey Allahın rəsulu, qırmadığım büt, üstünü düzəltmədiyim qəbr və silməmiş şəkil qoymadım”. Sonra Peyğəmbər (sallallahu əleyhi və alih) dedi: “Əgər kimsə bu deyilən şeylərdən birini yenidən etsə, Muhəmmədə nazil olana küfr etmişdir”[28]

Bu hədisə gəlincə, bizim bu hədisin zəif olduğunu isbat etməyimizə ehtiyac yoxdur. Çünki sünni alimləri özləri öz kitablarında bu hədisin zəif olduğunu iqar etmişlər. Beləki hədisin nəql olunduğu Əhməd ibn Hənbəlin “Musnəd” kitabında bu hədisin haşiyəsində Şueyb Arnavut adlı alim yazır: “Bu hədisin sənədi zəifdir”.[29] Həmçinin, vəhabilərin məşhur alimlərindən olan Albani özünün iki kitabında bu hədisi rədd edir və sənədinin zəif olduğunu deyir.[30] Həmçinin, yuxarıdakı hədis üçün qeyd etdiyimiz dəlalət baxımından olan iradlar bu hədisə də gəlir.

 

“Vəliyyi-əsr” təhqiqat bürosu

Tərcümə etdi: Baqir Cəfəri

Besiret.az

 

[1] “Səhihul-Muslim”, c.2, səh.666, 969-cu hədis, “Qəbirlərin düzəldilməsinin əmri” babı; “Sunənu Əbi-Davud”, c.3, səh.215, 3218-ci hədis, “Qəbirlərin düzəldilməsi” babı; “Sunənun-Nəsai”, c.1, səh.653, 2158-ci hədis, “Qəbirlərin üstü hündürləşdikdə düzəldilməsi” babı; “Sunənunt-Tirmizi”, c.3, səh.366, 1049-cu hədis, “Qəbirlərin düzəldilməsi haqqında hədislər” babı; Əhməd ibn Hənbəlin müsnədi, c.1, səh.87

[2] “Təhzibut-təhzib”, c.11, səh.110; “Təhzibul-kamal”, c.30, səh.471, “Tarixul-Bağdad”, c.13, səh.507; “əl-İləlu və mərifətur-rical”, c.1, səh.394, “Siyəru-əlamin-nübəla”, c.9, səh.155

[3] “Mizanul-itidal fi nəqlir-rical”, c.7, səh.127; “Təhziut-təhzib”, c.11, səh.114; “Tarixu-mədinəti-Diməşq”, c.63, səh.99; “Tarixul-İslam”, c.13, səh.444; “Siyəru-əlamin-nübəla”, c.9, səh.154

[4] “Təhzibut-təhzib”, c.11, səh.115

[5] “Siyəru-əlamin-nübəla”, c.9, səh.154; “Mizanul-itidal”, c.7, səh.127

[6] Ritl ölçü vahididir.

[7] “Tarixu-Bağdad”, c.13, səh.502

[8] Zəif ravilərin adını silir və ya dəyişdirirdi ki, hədis qəbul edilsin.

[9] “Mizanul-itidal”, c.3, səh.245, “Süfyan ibn Səid” fəsli

[10] Rəvayət etdiyi şəxsin adını silmişdi. Hədisi özündən nəql edirdi ki, camaat arasında böyük ravi kimi tanınsın.

[11] “Təhzibut-təhzib”, c.4, səh.101, 199-cu nömrə, “Sufyan ibn Səid ibn Məsruq əs-Sovri” fəsli

[12] “Təhzibut-təhzib”, c.11, səh.192, 359-cu rəqəm, “Yəhya ibn Səid ibn Fərrux əl-Qattan” fəsli

[13] “əl-Cərhu vət-tədil”, c.4, səh.225, “Süfyan ibn Səid ibn Məsruq əs-Sovri” fəsli

[14] “Təhzibut-təhzib”, c.2, səh.156, 323-cü rəqəm, “Həbib ibn Əbi Sabit” fəsli; “Təqribut-təhzib”, səh.150, 1084-cü rəqəm, “Həbib ibn Əbi Sabt” fəsli

[15] “Təhzibut-təhzib”, c.2, səh.156, 323-cü rəqəm

[16] Həmin mənbə

[17] Xətib Bağdadi, “əl-Kifayətu fi elmir-rivayə”, səh.395, “Darul-kutubil-elmi” nəşriyyatı, Beyrut çapı

[18] “Məcməuz-zəvaid”, c.9, səh.133

[19] “Şərhu-Nəhcil-bəlağə”, c.4, səh.99, “Zikril-munhərifinə ən Əli (əleyhissalam)” fəsli

[20] “Ənsabul-əşraf2, c.6, səh.102

[21] “Siyəru-əlamin-nübəla”, c.4, səh.164; “Tarixul-İslam”, c.6, səh.86; “Təhzibul-kamal”, c.12, səh.553

[22] “Hilyətul-ovliya”, c.4, səh.102

[23] “əl-Məarif”, səh.255

[24] “Səhihul-Muslim”, c.4, səh.146, “Kitabul-libas” fəsli,  5331-ci hədis

[25] “Şərhu-sunəni-Nəsai”, səh.286

[26] “əl-Məcmu lin-Nəvəvi”, c.1, səh.229 və 295; “Şərhun-Nəvəvi əla Sıhiil-Muslim”, c.7, səh.36

[27] “İrşadus-Sari”, c.2, səh.468

[28] “Musnədu-Əhməd”, c.1, səh.87, 622-ci hədis; “Musnədut-Təyalisi”, səh.16, 96-cı hədis; “Kənzul-ummal”, c.4, səh.136

[29] “Musnədu-Əhməd”, c.1, səh.87, 622-ci hədis

[30] İmam Albani, “Zəifut-tərğibi vət-tərhib”, c.2, səh.148, 1795-ci hədis; “Ğayətul-məram”, c.1, səh.112, 144-cü hədis