“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində gəlmişdir?

“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində gəlmişdir?

2019-02-18 3481

Ayətullahul-uzma Seyid Sadiq Ruhaniyə ünvanlanmış bir sual:

“Əgər sən olmasaydın fələkləri yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı sizin ikinizi yaratmazdım” qüdsi hədisi sənəd və mətn baxımından nə dərəcədə səhihdir?”

Cavab: “Allahın adı ilə. Qeyd olunmuş hədisin mətni mötəbər sənədlə bizə çatmasa da, onun məzmunu bir çox hədislərimizdə səhih sənədlə nəql olunmuşdur. Bu barədə məşhur “Kisa” hədisini qeyd etmək kifayət edər”.[1]

Ayətullah Seyid Şubeyri Zəncaniyə ünvanlanmış bir sual:

“Həzrət Zəhranın fəzilətləri barədə “Əgər sən olmasaydın” hədisi məşhurdur. Bu barədə sizin nəzəriniz nədir?”

Cavab: “Bu hədisin sənədinə iradlar gəlsə də, mətn baxımından müdafiə olunmağa layiqdir. Əhli-beytin bu hədisi dediklərini fərz etsək belə heç bir müşkül yoxdur. İmam Sadiq (əleyhissalam) da olmasaydı, Allah fələkləri yaratmazdı. Onlar ilahi feyzin vasitələridir. Əgər Xanım Zəhra və onun övladları (əleyhimussalam) olmasaydılar, ilahi hidayıtin nuru bəşəriyyətə çatmayacaqdı. Onlar məxluqat və Xaliq arasında hidayət vasitələridirlər. Dünya insanların Allah təalaya üz tutmaqları üçün yaradılışdır. Buna görə də bütün bunların hamısının müqəddimələri keçilməli idi. Bir peyğəmbər və Xanım Zəhra kimi bir şəxsiyyət gəlməli idi ki, o nəsildən məsumlar dünyaya gəlsin. Bunlar hamısı bir-birinə bağlıdır.[2]

Müasir mərceyi-təqlid müctəhidlərindən olan Ayətullah şeyx Muhəmməd Sənəd də özünün yazdığı “Məqamatu-Fatimətəz-Zəhra fil-kitabi vəs-sünnə” (Quran və sünnədə Fatimeyi-Zəhranın məqamları) adlı kitabında “Əgər sən olmasaydın, fələkləri yaratmazdım. Əgər Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım” hədisini “hədisi-qüdsi” adlandırmış və üç vəchlə hədisi təfsir etmişdir. Biz həmin vəchlərdən birini burada xülasə şəkildə qeyd edirik:

“Hədisə ilk baxışdan Həzrət Əlinin (ə) və ya Xanım Fatimənin (s) Peyğəmbərdən (s) üstün olması başa düşülə bilər. Halbuki bu elə deyil. Çünki Peyğəmbər kainatda olan bütün varlıqlardan üstündür və yaradılmışların seyyididir. İmam Əli (ə) buyurub: “Mən Muhəmmədin (s) qullarından bir qulam”.[3] Yəni ona itaət etməklə əmr olunmuşam. Əksinə bu hədisin mənası hər iki məzhəbin kitablarında nəql olunmuş “Əli məndəndir, mən də Əlidənəm”, “Huseyn məndəndir, mən də Huseyndənəm” kimi hədislərin ifadə etdiyi məna ilə eynidir. Hətta bu hədis üçün başqa mənalar da ehtimal olunur. Onlardan biri budur: Peyğəmbərin (s) bədəninin bu dünyada yaradılmasının əsas məqsəd və ğayəsi yalnız Əlinin (ə) və Fatimənin (s) insanlar üçün hidayət yolunun izahı və bu dinin ayaq üstə qalması üçün yerinə yetirdikləri əməllər vasitəsi ilə kamilləşir. Necə ki, Allah təala Peyğəmbərin (s) İmam Əlini (ə) xəlifə təyin etdiyi Qədir-xum günündə nazil etdiyi ayədə buyurur: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”[4] Bu ayədə Allah təala Peyğəmbərin (s) risalət təbliğini Həzrət Əlinin (ə) imam təyin edilməsinə bağlı qərar verib. (Yəni Peyğəmbər (s) Həzrət Əlinin (ə) imamətini insanlara çatdırmasaydı, öz peyğəmbərliyini yerinə yetirmiş olmayacaqdı.) Bu da ona görədir ki, həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra dinin yaşaması üçün zəruri olan işləri yerinə yetirməli idi.

Həmçinin Allah təala buyurur: “Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”.[5] Bu ayə də Qədir-xum günündə nazil edilmişdir. Allahın islamı din olaraq bəyənib seçməsi Əlinin (ə) və onun övladlarının (ə) imamətinə bağlıdır. Həmçinin dinin kamil olması da onlara bağlıdır. Məhz həmin gün Həzrət Əlinin imam təyin edilməsi ilə kafirlər islam dininin aradan getməsindən və dinə hökmranlıq etmək fikirlərindən məyus oldular. Çünki həmin gün məlum oldu ki, Peyğəmbərin (s) dünyasını dəyişməsi ilə dini qoruyan şəxs aradan getmiş olmayacaq. Əksinə dünya durduqca yer üzərində dini qoruyacaq bir şəxs mövcud olacaqdır.

Həmçinin Allah təala buyurur: “De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlarıma (Əhli-beytimə) məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm”.[6] Bu ayədə Allah təala Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) tərəzinin bir gözünə, Peyğəmbərin (s) qohumlarına məhəbbət bəsləməyi isə tərəzinin digər gözünə bərabər şəkildə qoymuşdur.

Allah təala buyurur: “De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində bir şey istəmişəmsə, onu sizin üçün istəmişəm”.[7] Başqa bir ayədə buyurur: “De: “Mən bunun (risaləti təbliğ etməyimin) müqabilində sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”.[8] Bu ayələri cəm etdikdə başa düşürük ki, Allah təalaya tərəf aparan yol Peyğəmbər və onun Əhli-beytidir. Buna görə də müsəlmanları fitnə kor etdikdə və o fitnənin zülmətini aradan qaldıran bir şəxs olmadıqda, Xanım Fatimeyi-Zəhranın (s) ayağa qalxıb həqiqəti bəyan etməsi və hidayət yolunu insanlara izah etməsi elə bir iş idi ki, ondan başqa heç kim onun öhdəsindən gələ bilməzdi. Xanım Zəhranın (s) gördüyü iş və tutduğu mövqe həm o dövrdə, həm də sonrakı dövrlərdə, günümüzə qədər gəlmiş və bundan sonra da gələcək bütün müsəlmanlar üçün və bütün nəsillər üçün haqqı batildən ayırmışdır. Bu səbəbdən də “Təthir” ayəsi[9], “Dəhr (İnsan)” surəsi onun haqqında nazil olmuşdur. O, “Atasının anası”[10]dır. “Peyğəmbərin (s) anası” olmaq məqamı, “möminlərin anası” olmaq məqamı ilə müqayisə edilə bilməz. O, Peyğəmbərin (s) sinəsində olan ruhudur[11]. Bütün bu ayə və hədislər hələ də müsəlmanların qulaqlarında səslənən bir sədadır.

Hədisin bu mənası həmçinin Allah təalanın buyurduğu “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım”[12] ayəsinə də yaxındır. Çünki ayədəki ibadət yalnız Allahı tanıdıqdan sonra gerçəkləşə bilər. Bu da yalnız Peyğəmbərin (s), ondan sonra olan İmamların (ə) və Xanım Zəhranın (s) insanları hidayət etmələrinin vasitəsi ilə gerçəkləşə bilər.[13]

Qeyd edək ki, Ayətullah Muhəmməd Əli Gerami bu hədis barədə əlavə bir kitab yazmışdır. O, bu kitabda hədisin mətnini müdafiə etmiş və onu geniş şəkildə izah etmişdir.[14]

Tərcümə etdi: Baqir Cəfəri

Besiret.az

 

 

[1] http://www.rohani.ir/ar/idetail/7535/%D8%A7%D9%84%D8%AD%D8%AF%D9%8A%D8%AB-%D8%A7%D9%84%D9%82%D8%AF%D8%B3%D9%8A-----%D9%84%D9%88%D9%84%D8%A7%D9%83-%D9%84%D9%85%D8%A7-%D8%AE%D9%84%D9%82%D8%AA-%D8%A7%D9%84-%D9%81%D9%84%D8%A7%D9%83---%D9%88%D9%84%D9%88%D9%84%D8%A7-%D8%B9---

[2] http://shafaqna.com/persian/shafaqna/item/69947-%D8%AD%D8%B6%D8%B1%D8%AA-%D8%A2%DB%8C%D8%AA-%D8%A7%D9%84%D9%84%D9%87-%D8%B4%D8%A8%DB%8C%D8%B1%DB%8C-%D8%B2%D9%86%D8%AC%D8%A7%D9%86%DB%8C-%D8%A7%D9%86%DA%A9%D8%A7%D8%B1-%D8%B8%D9%84%D9%85%D9%87%D8%A7%DB%8C%DB%8C-%DA%A9%D9%87-%D8%AF%D8%B1-%D8%AD%D9%82-%D8%AD%D8%B6%D8%B1%D8%AA-%D9%81%D8%A7%D8%B7%D9%85%D9%87-%D8%B2%D9%87%D8%B1%D8%A7%D8%B3-%D8%B4%D8%AF%D9%87-%D8%AF%D8%B1%D8%B3%D8%AA-%D9%86%DB%8C%D8%B3%D8%AA.html?tmpl=component&print=1

[3] Şeyx Kuleyni, “Əl-Kafi”, c. 1, səh. 90

[4] Maidə, 67

[5] Maidə, 3

[6] Şura, 23

[7] Səba, 47

[8] Furqan, 57

[9] Əhzab, 33

[10] Peyğəmbər (s) Xanım Zəhra haqqında “Ümmu əbiha” yəni “atasının anası” sözünü demişdir.

[11] Peyğəmbər (s) Xanım Zəhra (s) haqqında buyurmuşdur: “O, mənim iki tərəfimin ortasında olan ruhumdur”. (Şeyx Səduq, “Əmali”, səh. 113)

[12] Zariyat, 56

[13] Ayətullah Şeyx Muhəmməd Sənəd, “Məqamatu-Fatimətəz-Zəhra fil-kitabi vəs-sünnə”, səh.100

[14] http://www.ayat-gerami.ir/list.asp?L=4&t=Title&gId=28