“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində gəlmişdir?

“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində gəlmişdir?

2019-02-18 643

“Ləvlakə” qüdsi hədisi hansı şiə və sünni mənbələrində gəlmişdir?

“Əgər sən olmasaydın, fələkləri (aləmləri) yaratmazdım” qüdsi hədisi iki məzmunda nəql olunmuşdur. Birinci məzmun budur ki, Allah bu sözü yalnız Peyğəmbər (sallalahu əleyhi və alih) barəsində demişdir. Digər məzmun isə budur ki, bu söz Əhli-beyt (əleyhimussalam) haqqında deyilmişdir.

Birinci məzmun

Qeyd edək ki, birinci məzmunda olan mətn şiələrin və sünnülərin bir çox kitablarında açıq şəkildə qeyd olunmuşdur. Bəziləri (sənədli və sənədiz şəkildə) bu mətni rəvayət kimi nəql etmiş, bəziləri isə bu mətndən dəlil kimi istifadə etmişdir.

Hədis kimi nəql olunan yerlər

  1. Hakim Nişapuri

Sünnilərin böyük alimlərindən olan Hakim Nişapuri bu hədisin məzmununa bənzəyən hədisi iki yerdə nəql etmiş və o hədislərə səhih hökmünü vermişdir.

1) Həzrət Adəmin Peyğəmbərə təvəssül etməsi barədə olan hədis

حدثنا أبو سعيد عمرو بن محمد بن منصور العدل حدثنا أبو الحسن محمد بن إسحاق بن إبراهيم الحنظلي حدثنا أبو الحارث عبد الله بن مسلم الفهري حدثنا إسماعيل بن مسلمة أنبأ عبد الرحمن بن زيد بن أسلم عن أبيه عن جده عن عمر بن الخطاب رضي الله عنه قال قال رسول الله صلي الله عليه وسلم لما اقترف آدم الخطيئة قال يا رب أسألك بحق محمد لما غفرت لي فقال الله يا آدم وكيف عرفت محمدا ولم أخلقه قال يا رب لأنك لما خلقتني بيدك ونفخت في من روحك رفعت رأسي فرأيت علي قوائم العرش مكتوبا لا إله إلا الله محمد رسول الله فعلمت أنك لم تضف إلي اسمك إلا أحب الخلق إليك فقال الله صدقت يا آدم إنه لأحب الخلق إلي ادعني بحقه فقد غفرت لك ولولا محمد ما خلقتك .

هذا حديث صحيح الإسناد

Ömər ibn Xəttabdan Peyğəmbərin belə buyurduğu nəql olunur: “Adəm xətaya mürtəkib olduqda dedi: “Ya Rəbb, səni and verirəm Muhəmmədə məni bağışla!” Allah dedi: “Ey Adəm, Muhəmmədi yaratmadığım halda onu necə tanıdın?” Adəm cavab verdi: “Ya Rəbb, məni öz əlinlə (qüdrətinlə) yaratdıqda, öz ruhundan mənə üfürdükdə, başımı qaldırdım və ərşin sütunlarında belə yazıldığını gördüm “Allahdan baqşa Allah yoxdur, Muhəmməd Onun rəsuludur” və bildim ki, sən yalnız sənə ən sevimli olan məxluqun adını öz adına birləşdirərsən”. Allah buyurdu: “Doğru dedin, ey Adəm. O, həqiqətən də məxluqatın ən sevimlisidir. Məni onun haqqına and verməklə çağır. Artıq səni bağışladım. Əgər Muhəmməd olmasaydı, səni yaratmazdım”.

Hakim Nişapuri: Bu hədisin sənədi səhihdir. [1]

Mərhum Əllamə Əmini (rəhmətullahi əleyh) bu hədisin səhih sənədli olması barədə yazır: “Bu hədisin səhih olmasını Subki “Şifaus-siqam”, səhifə 120-də, Səmhudi “Vəfaul-vəfa”, səhifə 419-da, Qəstəlani “Məvahib”-də, Zərqani öz şərhinin birinci cildi və 44-cü səhifəsində və Əzami “Furqanul-Quran” adlı kitabı, səhifə 117-də təyid etmişdir”[2]

2) Həzrət İsanın Peyğəmbərə təvəssül etməsi barədə olan hədis

حدثنا علي بن حمشاد العدل إملاء حدثنا هارون بن العباس الهاشمي حدثنا جندل بن والق حدثنا عمرو بن أوس الأنصاري حدثنا سعيد بن أبي عروبة عن قتادة عن سعيد بن المسيب عن بن عباس رضي الله عنهما قال أوحي الله إلي عيسي عليه السلام يا عيسي آمن بمحمد وأمر من أدركه من أمتك أن يؤمنوا به فلولا محمد ما خلقت آدم ولولا محمد ما خلقت الجنة ولا النار ولقد خلقت العرش علي الماء فاضطرب فكتبت عليه لا إله إلا الله  محمد رسول الله فسكن

هذا حديث صحيح الإسناد ولم يخرجاه

Səid ibn əl-Musəyyib Abbasdan belə nəql edir: “Allah İsaya belə vəhy etdi: “Muhəmmədə iman gətir və öz ümmətinə əmr ver ki, kim onun dövrünə yetişsə, ona iman gətirsin. Əgər Muhəmməd olmasaydı, Adəmi yaratmazdım, əgər Muhəmməd olmasaydı cənnəti və cəhənnəmi yaratmazdım. Mən ərşi su üzərində yaratmışam. O lərzəyə gəldi və üzərinə belə yazdım “Allahdan başqa ilah yoxdur və Muhəmməd Onun rəsuludur. Bundan sonra aramlıq tapdı”.

Hakim Nişapuri: “Buxari və Müslimin nəql etmədiyinə baxmayaraq, bu hədisin sənədi (onların səhih hədis şərtinə əsasən) səhihdir.”.[3]

2. Təqiyuddin Subki

O da bu iki hədisi nəql etmiş və onların sənədlərini səhih bilmişdir.[4]

3. Qunduzi

Qunduzi də həmçinin, Hakim Nişapurinin nəql etdiyi hədisləri və onun bu hədislərini səhih bilməyini qeyd etmiş və buna heç bir irad bildirməmişdir.[5]

4. Salehi Şami

O da öz kitabının əvvəlində Həzrət İsayla bağlı olan hədisi, Hakim Nuşapurinin, Bəlqinin və Subkinin bu hədisi səhih bilməklərini qeyd etmişdir. Bir neçə səhifə sonra isə Həzrət Adəmlə bağlı olan rəvayəti qeyd etmişdir.[6]

5. Zeyni Dəhlan

Bu alim də öz kitabında Həzrət Adəmlə bağlı olan hədisi və Hakim Nişapurini bu hədisi səhih bilməyini qeyd etmişdir.[7]

6. Sələbi

O, öz təfsirində İsa peyğəmbərin hədisini nəql etmişdir.[8]

7. Əbu-Şeyx əl-Ənsari

369-cu ildə vəfat edən və “Təbəqat-ul-muhəddisin” kitabının müəllifi olan Əbuş-Şeyx Ənsari də Həzrət İsa haqqında olan hədisi nəql etmişdir.[9]

8. Suyuti

O da “Xəsais” kitabının əvvəlində Həzrət İsayla bağlı olan hədisi mənbəsiylə və Həzrət Adəmlə bağlı olan hədisi, Hakim Nişapurinin o hədisə səhih dediyini və Zəhəbinin ravilərdən birini tanımaması barədə olan iradını yazır.[10] (Yəni, zahirən hədis səhihdir. Çünki, Zəhəbinin iradı onunla bağlıdır ki, o, ravilərdən birini tanımır. Hədisin bundan başqa iradı yoxdur. Lakin, bir halda ki, Hakim Nişapuri onun səhih qəbul etmişdir, deməli o ravini tanıyır.) 

9. Beyhəqi

Beyhəqi də Həzrət Adəmlə bağlı olan hədisi nəql etmişdir.[11]

10. Hələbi

Əli ibn Burhanud-din Hələbi məşhir sirə kitabında Həzrət Adəmin hədisini nəql etmişdir.[12] Daha sonra isə başqa bir hədisi nəql etmişdir:

وذكر صاحب كتاب شفاء الصدور في مختصره عن علي بن أبي طالب رضي الله تعالي عنه عن النبي صلي الله عليه وسلم عن الله عز وجل أنه قال يا محمد وعزتي وجلالي لولاك ما خلقت أرضي ولا سمائي ولا رفعت هذه الخضراء لا بسطت هذه الغبراء وفي رواية عنه ولا خلقت سماء ولا أرضا ولا طولا ولا عرضا

“Şifaus-sudur” kitabının müəllifi Əli ibn Əbu Talibdən, o, Peyğəmbərdən Allahın peyğəmbərə belə buyurduğunu nəql etmişdir: “Ey Muhəmməd, izzət və cəlalıma and olsun, əgər sən olmasaydın yerimi və səmamı yaratmazdım, bitkiləri böyütməz, yer üzərini döşəməzdim”. Və Peyğəmbərdən nəql olunan digər bir hədisdə belə deyilir: “(Əgər sən olmasaydın) Göyü, yeri, uzunluğu və eni yaratmazdım”.[13]

 

[1] Hakim Nişapuri, “əl-Mustədrək ələs-Sahiheyn”, c.2, səh.672, hədis 4228

[2] Əllamə Əmini, “əl-Ğədir”, c.5, səh.435

[3] Hakim Nişapuri, “əl-Mustədrək ələs-sahiheyn”, c.2, səh.671, hədis 4227

[4] Subki, “Şifaus-siqam”, səh.295, “Adəmin Peyğəmbərə təvəssül etməsi” babı

[5] Qunduzi, “Yənabiul-məvəddə”, c.2, səh.336, hədis 980 və 981

[6] Salehi Şami, “Subulul-huda vər-rəşad”, c.1, səh.74 və 85

[7] Zeyni Dəhlan, “əd-Durərus-səniyyətufir-rəddi ələl-vəhhabiyə”, səh.9

[8] Sələbi, “Təfsirus-Sələbi”, c.7, səh.61

[9] Əbuş-Şeyx Ənsari, “Təbəqatul-muhəddisinə biəsbihan”, c.3, səh.287

[10] Suyuti, “əl-Xəsaisul-kubra”, c.1, səh.12 və 14

[11] Beyhəqi, “Dəlailun-nubuvvə”, c.5, səh.489

[12] Hələbi, “Sirətul-Hələbiyyə”, c.1, səh.354

[13] Həmin mənbə, səh.357