Ayın teleskopla görünməsi niyə kifayət etmir?
Bildiyimiz kimi hal-hazırda Ramazan ayının əvvəlinin və Fitr bayramının sabit olması məsələsində ayın adi gözlə, yoxsa texnikanın inkişafı nəticəsində meydana gələn görmə cihazlarının vasitəsi ilə görünməyinin əsas olması məsələsi fəqihlər arasında ixtilaflıdır. Əksər fiqh alimlərinin ayın görmə cihazları ilə görünməyini qəbul etməməyi bəzilərinin həmin alimləri elmi inkişaf nəticəsində yaranmış cihazlarla müxalif olmalarını və onların geridə qalmalarını təsəvvür etməklərinə bais olmuşdur. Lakin hər şeydən əvvəl bunu bilməliyik ki, həmin alimlər bu sözləri fiqh sahəsinin dəlillərinə söykənərək bu elmin qaydaları əsasında söyləyirlər. Bu barədə öz dərslərinin birində maraqlı istidlalları ilə bu məsələni izah etmiş Ayətullah Seyid Şübeyri Zəncaninin izahatını qeyd etmək istərdik. Əvvəlcədən qeyd edək ki, həmin fəqih bunu özünün ali fiqh dərsində dediyi üçün əksəriyyətə bu ağır gələ bilər. Lakin başa düşdüyümüz qədər bu elmdən faydalanmağımız üçün bunu burada qeyd edirik.
Ayətullah Zəncani bu barədə belə deyir:
“Əvvəllər nəzərim bu idi ki, ayı görmə cihazı (məsələn teleskop) ilə görmək fitr bayramının sabit olması üçün kifayətdir və bu məsələdə adi gözlə görmə ilə heç bir fərqi yoxdur. O vaxt (yəni, bu məsələni qəbul etdiyim vaxt) məsələni bu cür izah edirdim ki, məsələn naməhrəmə baxmaq haramdırsa, burada adi gözlə görmə ilə cihaz arasında fərq yoxdur və heç kəs deyə bilməz ki, naməhrəmə baxmağın haramlığından məqsəd yalnız adi gözlə baxmaqdır. Necə ki, bir kəsin malını qəsb etməyin hər hansı bir vasitə və ya alətlə olmağının fərqi yoxdur, hər bir halda haramdır.
Lakin sonra diqqət etdim ki, burada qarışıqlıq olub və mən bundan xəbərsiz olmuşam. Çünki şəxsi tərəfi olan hökmlə, ümumi tərəfi olan hökm arasında fərq mövcuddur. “Baxmaq” məsələsinin şəxsi tərəfi var. Yəni, hər bir şəxs ayrı və müstəqil təklifə malikdir. Məsələn, əgər bir şəxsin gözü iti görürsə və fərzən uzaqdan naməhrəmi görə bilirsə, ona naməhrəmin saçına baxmaq haramdır. Amma gözü zəif olan bir şəxsin həmin məsafədən (yəni gözü iti görən şəxslə naməhrəm arasında olan məsafədən) baxmağı onun üçün haram deyil. Bu təklifdə hər bir şəxsin baxmağı onun özü üçün təklifi sabit edir. Onun yanında olan şəxslər üçün isə heç bir təklif sabit etmir. Lakin ümumi tərəfi olan hökmdə ölçü mükəlləfin özünün görməyi deyil. Bu məsələdə ölçü adi insanların görməyidir. Məsələn, səfərdə namazların qəsr qılınmasını vacib edən həddi-tərəxxüs odur ki, şəhərin divarları (və ya axırıncı evləri) görsənməsin. İndi əgər birinin gözü çox iti görürsə, o şəxs namazlarının qəsr olması üçün digər şəxslərdən daha çox məsafə getməlidirmi? Xeyr. Çünki bu məsələ şəxsi tərəfə malik deyil ki, hər kəs öz görməyinə uyğun olaraq təklifə malik olsun. Burada hamı üçün bir hökm var. O hökm də adi insanların görməsinin ölçü olmasıdır. Elə bu cəhətdən də müxtəlif alətlərin ixtira olunmağına baxmayaraq tərəxxüs həddi geri getmir (məsafəsi böyümür). Ayın görünməsi məsələsində də (ayı) görmək ümum insanlar üçün təzə ayın isbat olmasında qoyulmuş bir yoldur. Allah-təala Qurani-kərimdə buyurur:
یسألونك عن الاهلّة قل هی مواقیت للناس و الحج
“(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir.”(Bəqərə, 189)
Quranda bu yol ümum camaatın vaxtı bilməsi üçün qərar verilib. Yəni, buradakı ölçü elə bir ölçüdür ki, hətta adi bir kəndçi üçün də əl çatan olmalıdır. Bütün insanlar bu yolla ayı ayırd edə bilərlər. Elə yol deyil ki, yalnız nadir insanlara və ixtiyarında görmə alətləri olan insanlara məxsus olsun.
Elə bu əsasla İslamda ümum camaat üçün hökm qərar veriləndə gərək elə olsun ki, bütün fərdlər onu yerinə yetirə bilsinlər. Bu cür hökmləri yalnız məxsusi təchizata malik olan şəxslərə məxsuslaşdırmaq olmaz. Buna görə də deyə bilmərik ki, hökm ümumi insanlar üçündür, lakin onun isbatı məxsusi insanlar üçündür, şəhər və kəndlərdə olan əksər insanlar ondan istifadə edə bilməzlər və bu yol onların üzünə bağlıdır.
Elə bu cəhətdən «لایؤكل لحمه» (əti yeyilməyən) ilə «لا یجوز لك أكله» (sənə onu yemək caiz deyil) ifadələri arasında fərq vardır. İkinci cümlədə mümkündür ki, məcburiyyət əsasında hər hansısa bir şəxsə yemək caiz olsun və onu «لا یجوز لك أكله» (sənə onu yemək caiz deyil) ifadəsinin hökmü altından çıxara bilsin. Lakin məcburiyyət halı həmin (məcburiyyət əsasında) “yeyilməyi caiz olan” əti birinci cümlədən xaric edə bilməz. Çünki birinci cümlədə yeməyin ölçüsü adətən yeyilməyən ətlərdir. Buna görə də məcburiyyət nəticəsində yeyilməsi caiz olan həmin ət adətən “əti yeyilməyən” olduğu üçün onun üzərində namaz qılmaq caiz deyil. Buna görə birincinin hökmündə ölçü ümumi və adi, ikincinin hökmündə isə ölçü şəxsidir.
Əgər bu məsələdə ölçü ayı görmə cihazları ilə görmək olsa, gərək həzrət Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) zamanından indiyə kimi olan illərin çoxunda qəti olaraq insanların tutduğu orucların batil olduğunu qəbul edək. Çünki icmali olaraq elmimiz var ki, həmin illərin çoxunda ayı cihazlarla görmək mümkün idi. Hər bir halda biz şəkk etmirik ki, yeni ayın hilalının görünməyində meyar adi gözlə görünməyidir.
Qeyd etmək lazımdır ki, Seyid Xomeyni də ayın cihazlarla görünməsini mötbər bilmirdi. O, “Təhrirul-vəsilə”-nin axırında qeyd edirdi ki, “Yeni ixtira olunmuş alətlərlə hilalın (ayın) görünməsi mötəbər deyildir”.
Mənbə: shia-news.com
Qeyd: Ayətullah Seyid Sistani, Ayətullah Vəhid Xorasani və digər bir çox fəqihlər ayın adi gözlə -teleskop və digər cihazlar olmadan- görünməli olduğunu deyirlər.
besiret.az