Mübarək Ramazan ayının fəzilətləri və bu ayın əməlləri
“Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz təqvalı olasınız”.[1]
Allaha həmd olsun ki, dünya həyatımız sona çatmamış bir daha da Allahın rəhmət və bərəkət ayı olan Ramazan ayına daxil oluruq. On bir ayın sultanı olan bu ayda insan Allahın halal qərar verdiyi nemətlərdən bir müddət çəkinməklə öz iradəsini gücləndirir. Bununla da insan haram və günahlar qarşısında güclü iradə yaradır və onlardan çəkinmək insan üçün asanlaşır. Ac qalmaqla acların halından xəbərdar olmaq, yoxsullara əl tutmaq və bir sıra bu kimi gözəl xüsusiyyətlər mübarək Ramazan ayının və oruc tutmağın insana bəxş etdiyi gözəlliklərdən bir neçəsidir. Böyük və dəyərli alimlərimizdən biri olan Şeyx Abbas Qummi (rəhiməhullah) bu ay barədə belə yazır: “Ramazan ayı Allahın ayı və ən yaxşı aydır. Bu ay səmanın, cənnətin və ilahi rəhmət qapılarının açıldığı bir aydır və cəhənnəm qapıları bu ayda bağlanır... Rəvayətdə var ki, bu ayın hər gününün axırında, iftar vaxtı Allah bir milyon insanı cəhənnəm əzabından xilas edir. Belə isə məbada bu ay qurtarsın və sənin günahların hələ də bağışlanmamış qalsın...”[2] Bu məqaləmizdə bu əzəmətli ayın fəzilətlərindən və əməllərindən söhbət açacağıq.
Mübarək Ramazan ayının fəzilətləri
İmam Rza öz babaları vasitəsilə Peyğəmbərdən (əleyhimussalam) belə nəql edir: “Ramazan ayı (fəzilətcə) böyük bir aydır ki, Allah bu ayda yaxşı əməllərin mükafatlarını iki qat verir və bəndələrin günahlarını bağışlayır. Allah təala bu ayda öz bəndələrinin məqamlarını artırır...” Sonra İmam buyurdu: “Bu ay digər aylar kimi deyildir. By rəhmət və bərəkətlə sizə tərəf gələcəkdir və bu ayda keçən zaman sizlərin günahlarınızı yuyacaqdır. Bu ayda xeyir və gözəl əməllər qəbul olunar və onların mükafatları ikiqat verilər...”[3] Peyğəmbər (sallallahu əleyhi və alih) insanları bu ayın fəzilətlərindən xəbərdar etdikdən sonra belə buyurdu: “Bədbəxt insan o kəsdir ki, bu ayı görə və bağışlanmaya. Belə bir insan Kərim olan Allahın yaxşı işlər görənlərə əcr verdiyi bir vaxtda naümid və ziyankar olar”.[4] Bu ay o qədər fəzilətli aydır ki, Peyğəmbərdən nəql olunan bir hədisdə bu ay ən yaxşı ay, bu ayın günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saat adlandırılmışdır. Həmçinin hədisin davamında nəfəslərin təsbih, yuxuların isə ibadət savabı daşıdığı bildirilir. Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Bu ayda namaz vaxtlarında əllərinizi dua etməyə qaldırın. Çünki, namaz vaxtları ən yaxşı vaxtlardandır. Allah təala bu vaxtlarda bəndələrinə rəhmət gözüylə baxır. Onunla münacat edənlərə cavab verir, onu çağıranlara ləbbeyk deyir və onların istəklərini yerinə yetirir. Ey insanlar, həqiqətən sizin canınız əməllərinizə bağlıdır. Bu halda Allah tərəfindən bağışlanmaqla özünüzü azad edin. Sizin çiyninizin yükü günahlarınızla ağırlaşmışdır. Onu uzun səcdələrlə yüngülləşdirin. Bilin ki, Allah təala bu ayda namaz qılan və səcdə edənlərə əzab verməyəcəyinə and içmişdir, onları qiyamət günü cəhənnəm əzabıyla qorxutmayacağını bildirmişdir. Ey camaat, əgər bu ayda bir mömin şəxsə iftar versəniz, buna görə qul azad etmə savabı yazılar və onun keçmiş günahları bağışlanar. Səhabələrdən biri soruşdu: “Ey peyğəmbər, bizim hamımızın buna imkanı çatmır”. Peyğəmbər buyurdu: “Xurmanın yarısı və ya bir içimlik su qədər də olsa, ona iftar verin və cəhənnəm odundan qurtulun... Ey insanlar, bu ayda öz əxlaqını gözəlləşdirən şəxs başqalarının Siratdan büdrəyə-büdrəyə keçəcəyi bir vaxtda asan keçəcəkdir. Hər kəs bu ayda öz xidmətçilərinin işini yüngülləşdirsə, Allah onun hesabını qiyamət günü asanlaşdırar. Hər kəs bu ayda insanlara pislik etməyi tərk etsə, Allah təala öz qəzəbini Qiyamət günü ondan saxlayar. Hər kəs bu ayda atasız bir yetimi əzizləyərsə, qiyamət günü Allah təala da onu əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbası ilə əlaqə saxlasa, Allah təala qiyamət günü onu öz rəhmətinə daxil edər. Hər kəs bu ayda öz qohumlarıyla əlaqəni kəssə və yaxşılığını onlardan əsirgəsə, Allah da qiyamət günü əlaqəsini ondan əsirgəyər. Bu ayda müstəhəb namazları qılan şəxsi, Allah cəhənnəm odundan xilas edər. Bu ayda bir vacib namaz qılan şəxs, başqa aylarda qıldığının yetmiş bərabərini alar. Hər kəs bu ayda mənə çoxlu salavat göndərsə, qiyamət günündə tərəzilərin ağırlaşdığı bir vaxtda, onun əməl tərəzisi yüngülləşər. Bu ayda bir ayə oxuyan şəxs, digər aylarda bütöv bir Quran oxuyan şəxs kimidir...”.[5] Hədislərdə də oxuduğumuz kimi məsumlar bu ayda bizlərə namaz qılıb, dua etməyi, Allahdan bağışlanma istəməyi, sileyi-rəhm etməyi, Quran oxumağı və gözəl əməllər işləməyi tövsiyə edir. Həmçinin, hədislərdə nəql olunmuşdur ki, insan bu ayda etdiyi əməllərə digər ayda etdiyi əməllərdən daha diqqətli yanaşmalıdır. Həzrət Rəsuli-Əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Məbada Ramazan ayına digər aylar kimi yanaşasınız. Çünki, Ramazan ayı digər aylara nisbətdə hörmət və fəzilət baxımından daha böyükdür...”.[6]
Həmçinin, bildiyimiz kimi Allah təala bu ayda oruc tutmağı vacib etmişdir. İmam Sadiq (əleyhissalam) belə buyurur: “Hər kim bu ayda bir gün belə oruc tutmasa, iman ruhu ondan ayrılar”.[7] Peyğəmbər (sallallahu əleyhi və alih) buyurmuşdur: “Allah buyurur ki, insanın bütün əməlləri onun özündəndir, yalnız orucdan başqa. Onun mükafatını özüm verəcəyəm. Oruc qiyamət günü insanı bir mücahidin öz qalxanıyla özünü qoruduğu kimi insanı da cəhənnəm atəşindən qoruyar...”.[8] Diqqət etmək lazımdır ki, oruc tutmaq təkcə yemək-içməkdən çəkinməkdən ibarət deyildir. Oruc tutanlar nə qədər az və ac qalanlar nə qədər çoxdur. Nə qədər oruc tutanlar vardır ki, onların orucu ac və susuz qalmaqdan ibarətdir. İnsan oruc tutduqda dilini yalandan, gözlərini haramdan qorumalı, kiminləsə boş yerə mübahisə etməkdən, qeybətdən, söyüşdən, zülmdən, ağılsızlaqdan çəkinməlidir. Sakit qəlbli, aram və təvazökar olmaq lazımdır. İxtisara riayət edərək qeyd etdiyimiz hədislərlərlə kifayətlənirik.
Ramazan ayının əməlləri
Bu ayın əməlləri barədə qeyd olunan göstərişlər iki cürdür. Onlardan bəziləri bu ayın istənilən gününüdə yerinə yetirilə biləcəyi halda, onlardan bəziləri bu ayın məxsusi günlərinə aiddir.
Müştərək əməllər
Mərhum Şeyx Abbas Qummi (rəhmətullahi əleyh) “Məfatihul-cinan” kitabında belə yazır: “Bil ki, Ramazan ayının gecələrində və gündüzlərində yerinə yetirilən ən yaxşı əməl Quran oxumaqdır. Nəql olunur ki, hər bir şeyin öz mövsümü var, Quranın da mövsümü mübarək Ramazan ayıdır... Yaxşı olar ki, insan bu ayda günə bir Quran xətm etsin. Əgər insan hər bir xətmi məsumların ruhuna hədiyyə etsə, bunun savabı iki qat olar. Bu ayda dua, salavat və istiğfar çox olmalıdır...”.[9] Həmçinin hədislərdə nəql olunan bu duanı hər vacib namazlardan sonra oxumaq bəyənilən əməllərdəndir: “Ya Əliyyu, Ya Əzim. Ya Ğafuru, Ya Rəhim. Əntər-Rabbul-Əzim. Əlləzi leysə kəmislihi şey və Huvəs-Səmiul-Bəsir. Haza şəhrun əzzəmtəhu və kərrəmtəh, və şərrəftəhu və fəddaltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Ramazan, əlləzi ənzəltə fihil-Quran. Hudəl-lin-nasi və bəyyinatin minəl-huda vəl-Furqan. Və cəəltə fihi ləylətəl-Qadr və cəəltəha xeyrən min əlfi şəhr. Və ya zəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqabəti minən-nar. Fimən təmunnu əleyh, və ədxilnil-cənnət. Birəhmətikə ya Ərhəmər-rahimin”. (Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Onun bənzəri yoxdur. O, (hər şeyi) eşidən və görəndir. Bu ay (Ramazan) Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O ayında “qədr” gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni rəhmətinlə cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!). Həmçinin, şam namazını qılıb, iftar etmək (əgər zəiflik insana qələbə çalsa və ya onu başqaları gözləsələr, bu halar istisnadır), iftarı haramdan, şübhədən pak şeylə açmaq, savabı yüzə bərabər olsun deyə halal xurma ilə açmaq tövsiyyə olunmuşdur. Həmçinin iftar vaxtı “Qədr” surəsini, nəql olunmuş duaları oxumaq da bəyənilən işlərdəndir. O cümlədən, “Əllahummə ləkə sumtu və əla rizqikə əftartu və əleykə təvəkkəlt” (İlahi, Sənə görə oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar etdim və Sənə təvəkkül etdim) duasını oxuyan şəxsə bütün oruc tutanların savabı verilər. Hər kim birinci tikəsində “Bismillahir-Rəhmanir-Rahim, ya Vasiəl-məğfira iğfir li” (Rəhman və Rəhim olan Allahın adıyla, ey hədsiz məğfirət sahibi, məni bağışla) duasını oxusa, Allah təala həmin şəxsi bağışlayar. Sədəqə vermək, oruc tutanlara bir içimlik su və ya xurma olsa belə iftar vermək, gecələr min dəfə “Qədr”, yüz dəfə “Duxan”surələrini, “İftitah”, “Əbu Həmzə Sumali” dualarını oxumaq tövsiyə olunmuşdur. Tövsiyyə olunmuşdur ki, obaşdanlıq (imsak) etmək bir içim şərbət və ya bir xurma dənəsi olsa belə tərk olunmasın. Rəvayət olunur ki, Allah təala və mələklər səhərlər istiğfar edib, imsak (obaşdanlıq) edənlərə salavat göndərirlər.
Hər günün özünəməxsus əməlləri
Birinci gecənin əməlləri: Birinci gecədə ayın çıxmasını gözləmək və onu istəmək, ayı gördükdə nəql olunmuş duaları oxumaq, insanın öz halalı ilə yaxınlıq etməsi, birinci gücənin quslunu (məxsusən axar suda) almaq, başa otuz ovuc su tökmək, İmam Huseyni (əleyhissalam) ziyarət etmək, hər iki rükətdə həmddən sonra “Ənam” surəsini oxumaqla iki rükət namaz qılmaq, həmçinin dua kitablarında nəql olunmuş bu gecənin dualarını oxumaq çox təkidlənmişdir.
Birinci günün əməlləri: Birinci gündə axar suda qusl almaq və başa otuz ovuc su tökmək insanı bütün il boyu bütün xəstəlik və dərdlərdən qoruyar. Üzə bir ovuc gülab sürtmək və başa da sürtmək insanı pərişanlıqdan, beyin xəstəliklərindən qoruyar. Bu günün əməllərindən biri də iki rükət namaz qılmaqdır ki, birinci rükətdə “Həmd”-dən sonra “Fəth”, ikinci rükətdə isə “Həmd”-dən sonra istənilən surə oxunula bilər. Həmçinin kitablarda qeyd olunmuş bu günə məxsus olan duaları oxumaq da bəyəniləndir. İxtisara riayət edərək onları burada qeyd etmirik.
On beşinci günün əməlləri: Hicrətin ikinci ilində İmam Həsən Muctəba (əleyhissalam) anadan olmuşdur. Bu gün çox şərafətli gündür və bu gündə xeyir işlər görməyin və sədəqə verməyin böyük mükafatı vardır.
On yeddinci gecənin əməlləri: Bu gecə çox mübarək bir gecədir. Çünki, bu gecənin səhəri Peyğəmbərin qoşunu Bədrdə kafirlərlə döyüşmüşlər. Allah təala O Həzrətin qoşununu müşriklərə qalib etdi. Buna görə də alimlər bu gecədə sədəqə verməyi, qusl alıb ibadət etməyi və çoxlu şükr etməyi sifariş etmişlər.
On doqquzuncu gecə: Bu gecə Qədr gecələrinin birincisidir. Bu gecə elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəzilətinə çata bilməmişdir. Bu gecədə xeyir əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. Bu gecədə bir ilin işləri (müqəddərat) müəyyənləşir. Bu gecədə mələklər yerə eninrlər və İmam Zaman ağanın (əleyhissalam) xidmətinə gedirlər. Ümumiyyətlə Qədr gecələrində yüz dəfə “Əstəğfirullahə və ətubu ileyh”, “Əllahumməl-ən qətələtə Əmirəl-muminin” və Qədr gecələrinə məxsus olan duaları oxumaq müstəhəbdir.
İyirmi birinci gecə: Bu gecənin fəziləti on doqquzuncu gecədən üstündür. Bu gecədə qusl almaq, gecəni oyaq qalıb ibadət etmək, Quranı başa qoymaq, “Covşən-kəbir” duasını oxumaq, çoxlu ibadət etmək tövsiyə olunmuşdur. Rəvayətlərdə iyirmi bir və iyirmi üçüncü gecələrdə qeyd etdiyimiz əməlləri yerinə yetirmək çox təkid olunmuşdur. Bir neçə hədisdə məsumlardan sual olunur ki, Qədr gecəsi bu iki gecədən hansıdır? Onlar (əleyhimussalam) bunu müəyyən etmədən belə buyurmuşlar: “Hər iki gecədə mümkündür. Hər ikisində xeyir işlər görün”. Şeyx Səduq “Əmali” kitabında yazır ki, bu gecələri elmi məsələləri müzakirə etməklə oyaq qalmaq daha üstün və fəzilətlidir.
Sonuncu gecənin əməlləri: Axırıncı gecədə qusl etmək, İmam Huseyni (əleyhissalam) ziyarət etmək, “Ənam”, “Kəhf”, “Yasin” surələrini oxumaq və yüz dəfə istiğfar etmək, vida duaları ilə Ramazan ayı ilə vidalaşmaq tövsiyyə olunmuşdur.[10] Bütün bunlardan əlavə bu ayın hər bir gecəsi və günü üçün məxsusi dualar, namazlar nəql olunmuşdur ki, ixtisara riayət edərək, onları yazmırıq. Daha ətraflı məlumat üçün geniş yazılmış dua kitablarına müraciət edə bilərsiniz. Allah təala bizləri bu ayın bərəkətindən binəsib etməsin!
Baqir Cəfəri
besiret.az
[1] Bəqərə surəsi, 183
[2] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, “Ramazan ayının fəzilətləri və əməlləri” babı
[3] Şeyx Səduq, “Fəzailu-əşhuris-səlasə”, hədis 53
[4] Həmin mənbə.
[5] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, “Ramazan ayının fəzilətləri və əməlləri” babı
[6] Şeyx Səduq, “Fəzailu-əşhuris-səlasə”, hədis 88
[7] Həmin mənbə, hədis 74
[8] Həmin mənbə, hədis 142
[9] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, “Ramazan ayının gecələri və gündüzləri yerinə yetirilən əməllər” babı
[10] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, mübarək Ramazan ayı haqqında olan bablar