İmam Zamanın (ə.f.) qeybə çəkilməsinin səbəbi

İmam Zamanın (ə.f.) qeybə çəkilməsinin səbəbi

2018-05-02 4087

İmam Məhdinin (ə.f.) qeybə çəkilməsinin səbəbi

Həzrət Qaimin (ə.f.) dördüncü xass naibi olan Əli ibn Muhəmməd Səmərinin vəfatından sonra o həzrət üçün Allahın təyin etdiyi vaxta qədər insanlardan gizlində olacağı “Qeybəti-kubra” – “Böyük Qeybət” adlanan dövr başlamışdır. Bəs görəsən İmamın (ə.f.) qeybə çəkilməsinin səbəbi nədir? Qeybə çəkilmənin nə kimi səbəb və hikmətləri vardır?

Qeybətin əsas səbəbi bizlərə məlum deyil.

Bəzi alimlərimizin nəzərinə əsasən İmam Zamanın (Allah zühurunu tezləşdirsin) qeybə çəkilməsinin əsl səbəbi bizlərə məlum deyil. Lakin əsas səbəbin məlum olmaması qeybəti inkar etməyin doğru olduğu və ya onun qeybə çəkilməsində heç bir məsləhətin olmaması mənasına da gəlmir. Bu baxımdan qeybətin səbəbinin gizliliyi Allah təalanın hikmət səbəbi ilə gördüyü digər işlərlə eynidir. Allah təalanın gördüyü işlərdən bəzilərinin və hətta bir çoxunun hikməti biz bəndələrə məlum deyil. Lakin bu heç kəsə bu işlərdə hansısa məsləhət və hikmətin olduğunu inkar etməyə bir əsas vermədiyi kimi Allahın höccəti olan Qaimin (ə.f.) də qeybə çəkilməsində hikmətin olmasını inkar etməyə əsas vermir.

İnsan ağıl və dərki zəyif olan məxluqdur. Beləki bizlər bir çox məsələlərdə, o cümlədən Allah təbarək və təalanın istər yaradılış, istərsə də dini məsələlərdəki hökmlərinin bir çoxunda olan faydaları dərk etməkdən acizik. Necə ki, İmam Sadiqdən (əleyhis-səlam) nəql edilən bir hədisdə də bu mətləbə işarə edilir:

يَا ابْنَ آدَمَ لَوْ أَكَلَ قَلْبَكَ طَائِرٌ لَمْ يُشْبِعْهُ وَ بَصَرُكَ لَوْ وُضِعَ‏ عَلَيْهِ‏ خَرْقُ‏ إِبْرَةٍ لَغَطَّاهُ‏ تُرِيدُ أَنْ تَعْرِفَ بِهِمَا مَلَكُوتَ السَّمَاوَاتِ وَ الْأَرْضِ إِنْ كُنْتَ صَادِقاً فَهَذِهِ الشَّمْسُ خَلْقٌ مِنْ خَلْقِ اللَّهِ فَإِنْ قَدَرْتَ أَنْ تَمْلَأَ عَيْنَيْكَ مِنْهَا فَهُوَ كَمَا تَقُولُ.

“Ey Adəm övlad, əgər sənin qəlbini bir quş yesə, onunla doymaz. Əgər gözünə iynənin ucu qoyularsa, heç bir şey görməz . Bununla belə göylərin və yerin mələkutunu bilmək istəyirsən?! Əgər doğru söyləyirsənsə, budur, Allahın yaratdıqlarından bir məxluq olan günəş. Əgər gözünü onunla doldura bilirsənsə, o zaman iddia etdiyin kimidir.”[1]

 

Xatəmul-ənbiya həzrət Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) və onun Əhli-beytinin məsum imamları (əleyhimus-səlam) bizlərə qeybətin baş verməsi barədə məlumat verdiyi, qəti olan hədislər buna dəlalət etdiyi, əvvəlki ümmətlərdə də qeyblər baş verdiyi halda artıq əsli səbəb bizə məlum olmasa belə qeybəti inkar edə bilmərik.

Qeybətin əsas səbəbi barədə nəql edilən bir hədisdə İmam Sadiq (ə) buyurur:

عَنْ عَبْدِ اللَّهِ بْنِ الْفَضْلِ الْهَاشِمِيِّ قَالَ سَمِعْتُ الصَّادِقَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ ع يَقُولُ‏ إِنَّ لِصَاحِبِ هَذَا الْأَمْرِ غَيْبَةً لَا بُدَّ مِنْهَا يَرْتَابُ فِيهَا كُلُّ مُبْطِلٍ فَقُلْتُ وَ لِمَ جُعِلْتُ فِدَاكَ قَالَ لِأَمْرٍ لَمْ يُؤْذَنْ لَنَا فِي كَشْفِهِ لَكُمْ قُلْتُ فَمَا وَجْهُ الْحِكْمَةِ فِي غَيْبَتِهِ قَالَ وَجْهُ الْحِكْمَةِ فِي غَيْبَتِهِ وَجْهُ الْحِكْمَةِ فِي غَيْبَاتِ مَنْ تَقَدَّمَهُ مِنْ حُجَجِ اللَّهِ تَعَالَى ذِكْرُهُ إِنَّ وَجْهَ الْحِكْمَةِ فِي ذَلِكَ لَا يَنْكَشِفُ إِلَّا بَعْدَ ظُهُورِهِ كَمَا لَمْ يَنْكَشِفْ وَجْهُ الْحِكْمَةِ فِيمَا أَتَاهُ الْخَضِرُ ع مِنْ خَرْقِ السَّفِينَةِ وَ قَتْلِ الْغُلَامِ وَ إِقَامَةِ الْجِدَارِ لِمُوسَى ع إِلَى وَقْتِ افْتِرَاقِهِمَا يَا ابْنَ الْفَضْلِ إِنَّ هَذَا الْأَمْرَ أَمْرٌ مِنْ أَمْرِ اللَّهِ تَعَالَى وَ سِرٌّ مِنْ سِرِّ اللَّهِ وَ غَيْبٌ مِنْ غَيْبِ اللَّهِ وَ مَتَى عَلِمْنَا أَنَّهُ عَزَّ وَ جَلَّ حَكِيمٌ صَدَّقْنَا بِأَنَّ أَفْعَالَهُ كُلَّهَا حِكْمَةٌ وَ إِنْ كَانَ وَجْهُهَا غَيْرَ مُنْكَشِفٍ.

“Abdullah ibn Fəzl əl-Haşimi dedi: İmam Sadiq (ə)-ın belə buyurduğunu eşitdim: “Bu işin sahibi üçün labüd olan bir qeybət vardır. Batilə uyan hər bir şəxs o zaman şəkkə düşər.” Dedim: “Sənə fəda olum, nəyə görə (bu qeybət baş verəcək) ?” İmam (ə) buyurdu: “Elə bir işə görə ki, onu sizə bəyan etməyə bizə icazə verilməyib.” Dedi: “Bəs onun qeybətinin hikməti nədir?” İmam (ə) buyurdu: “Həqiqətən də onun qeybətinin hikməti Allah təalanın zikr etdiyi, ondan (ə.f.) öncə gələn höccətlərinin qeybətlərində olan hikmətdir. Onun qeybətinin hikməti yalnız zühurundan sonra zahir olar. Necə ki, Xızrın (ə) gəmini deşməsində, cavan uşağı öldürməsində və divarı düzəltməsindəki hikmət Musa (ə) üçün yalnız onların ayrılıq vaxtında aydın oldu. Ey Fəzlin oğlu, həqiqətən də bu iş Allahın işlərindən olan bir iş, Allahın sirrindən olan bir sirr,  Allahın qeybindən olan bir qeybdir. Allahın hikmət sahibi olmasını bildiyimiz zaman onun bütün işlərinin hikmətli olmasını təsdiq etdik. Hətta hikməti bizə aydın olmasa belə.”[ii]

İmamdan (ə) nəql edilən hədisdə də qeyd edildiyi kimi, Allah təalanın hikmət sahibi olması sabit edildikdən sonra onun bütün işlərində müəyyən məqsəd və hikmətin olduğunu bizlərə aydın olur. Yuxarıda da qeyd etdiyimiz kimi qəti dəlillər bizlərə bu işin baş verəcəyini bildirdiyi üçün qeybin baş verməsi, İmam Zaman ağanın (ə.f.) mövcud olması dinin zəruri məsələlərindəndir. Allahın da hikmət sahibi olduğunu bildiyimiz üçün səbəb bizə aydın olmadığı halda belə burada ilahi hikmətin olduğuna hökm edirik.

“Kəmalud-din”-də nəql olunub, İmam Zaman ağaya (Allah zühurun tezləşdirsin) nisbət verilən bir məktubda İmam (ə.f.) buyurur:

امَّا عِلَّةُ مَا وَقَعَ مِنَ الْغَيْبَةِ فَإِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ‏ يا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَسْئَلُوا عَنْ أَشْياءَ إِنْ تُبْدَ لَكُمْ ‏تَسُؤْكُمْ

“...Qeybətin baş verməsinin səbəbinə gəlincə, Allah buyurur: "Ey iman gətirənlər, sizə agah olunca xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın”[iii]...”[iv]

İmam (ə.f.) ondan soruşulan suala cavab verməyib Maidə surəsindəki ayəni qeyd edir. Burdan da aydın olan budur ki, bu işin həqiqi səbəbinin bizlərdən gizli qalmasında müəyyən hikmətlər mövcuddur.

Ümumiyyətlə istər Peyğəmbər (s), istərsə də pak Əhli-beyt (ə) imamları bəzən müəyyyən məsələləri sual verən şəxslərə bəyan etməməyi daha münasib bilmişlər. Əllamə Məclisi “Biharul-ənvar”-da təfviz mövzusuna toxunarkən təvfizin bəzi mənalarının qadağan olunduğunu, bunlardan bəzisinə etiqad etməyin qadağan olması və bəzisinin isə sabit-doğru olmasını bildirərək deyir:

Dördüncü (Əhli-beytin (ə)) məsləhət bilmələrinə əsasən elm və hökmləri bəyan etmələrində təvfizdir. Bu insanların əqli (dərk) səviyyəsinə görə və ya təqiyyəyə görə baş verir. İnsanların bəzilərinə vaqei-həqiqi hökmlərlə fətva verir, bəzilərinə isə təqiyyə ilə fətva verirlər. Ayələrin təfsir və təvillərini, dini məarifin bəyanını hər bir soruşanın dərkinə, ağıl səviyyəsinə uyqun bildirirlər. Onlar (məsələləri) bəyan etməkdə və yaxud sükut etməkdə ixtiyar sahibidirlər. Necə ki, çoxlu hədislərdə rəvayət edilmişdir ki, “Sizlərin (vəzifəniz) soruşmaqdır. Lakin bizlərə (bütün soruşulana) cavab vermək vacib deyildir.”[v]

Necə ki, bir çox şəri məsələlərin həqiqi səbəbləri bizlərə aydın deyil. Biz sadəcə Peyğəmbərin (s) və İmamların (ə) bu işlərdən çəkindirməsinə görə onları haram bilib uzaq dururuq.

İnsanların dərk etməməsi səbəbi ilə məsələnin bəyan olunmaması da iki cür ola bilər. Bəzən sırf sual verən şəxsin əqli səviyyəsinə görə İmam (ə) məsələni bəyan etməz, bəzən isə ümumən insanlara müəyyən səbəblərə görə məsələni bəyan etməzlər. Qeybin səbəbi məsələsindəki kimi.

Ələmul-Huda ləqəbi ilə məşhur Seyyid Mürtəza da özünün “əl-Məqnə” əsərində deyir ki, biz imaməti Həzrət Qaim (ə.f.) barəsində sabit edib onun məsumluğunu bildikdə onun qeybətinin mütləq bunu tələb edən bir səbəbə görə baş verdiyini anlayırıq. Bu səbəb bizə müəyyən olmasa belə. Bunu bilmək bizə vacib deyil.[vi]

Çünki bu məsələdə səbəbi bilməmək imamətin batilliyi, İmam Məhdinin (ə.f.) mövcud olmaması və s. mənalara gəlmir. Heç bir müxalif bu məsələni bizim əleyhimizə dəlil olaraq da gətirə bilməz. Buna görə də səbəbi bilib-bilməmək arasında elə də mühüm bir fərq yoxdur.

عَنْ سَدِيرٍفي حديث عن أَبي عَبْدِ اللَّهِ ع انه قال :إِنَ‏ إِخْوَةَ يُوسُفَ‏ كَانُوا أَسْبَاطاً أَوْلَادَ أَنْبِيَاءَ تَاجَرُوا يُوسُفَ وَ بَايَعُوهُ وَ هُمْ إِخْوَتُهُ وَ هُوَ أَخُوهُمْ فَلَمْ يَعْرِفُوهُ حَتَّى قَالَ لَهُمْ‏ أَنَا يُوسُفُ‏ فَمَا تُنْكِرُ هَذِهِ الْأُمَّةُ أَنْ يَكُونَ اللَّهُ عَزَّ وَ جَلَّ فِي وَقْتٍ مِنَ الْأَوْقَاتِ يُرِيدُ أَنْ يَسْتُرَ حُجَّتَهُ لَقَدْ كَانَ يُوسُفُ ع إِلَيْهِ مُلْكُ مِصْرَ وَ كَانَ بَيْنَهُ وَ بَيْنَ وَالِدِهِ مَسِيرَةُ ثَمَانِيَةَ عَشَرَ يَوْماً فَلَوْ أَرَادَ اللَّهُ عَزَّ وَ جَلَّ أَنْ يُعَرِّفَهُ مَكَانَهُ لَقَدَرَ عَلَى ذَلِكَ وَ اللَّهِ لَقَدْ سَارَ يَعْقُوبُ وَ وُلْدُهُ عِنْدَ الْبِشَارَةِ مَسِيرَةَ تِسْعَةِ أَيَّامٍ مِنْ بَدْوِهِمْ إِلَى مِصْرَ فَمَا تُنْكِرُ هَذِهِ الْأُمَّةُ أَنْ يَكُونَ اللَّهُ عَزَّ وَ جَلَّ يَفْعَلُ بِحُجَّتِهِ مَا فَعَلَ بِيُوسُفَ أَنْ يَكُونَ يَسِيرُ فِي أَسْوَاقِهِمْ وَ يَطَأُ بُسُطَهُمْ وَ هُمْ لَا يَعْرِفُونَهُ حَتَّى يَأْذَنَ اللَّهُ عَزَّ وَ جَلَّ أَنْ يُعَرِّفَهُمْ بِنَفْسِهِ كَمَا أَذِنَ لِيُوسُفَ حَتَّى قَالَ لَهُمْ‏ هَلْ عَلِمْتُمْ ما فَعَلْتُمْ بِيُوسُفَ وَ أَخِيهِ إِذْ أَنْتُمْ جاهِلُونَ قالُوا أَ إِنَّكَ لَأَنْتَ يُوسُفُ قالَ أَنَا يُوسُفُ وَ هذا أَخِي‏

Sədirdən nəql edilən bir hədisdə İmam Sadiqdən (ə) rəvayət edir ki , İmam (ə) belə buyurdu: “ Həqiqətən də Yusifin qardaşları peyğəmbərlər övladı, nəvələri idilər. Onlar Yusifin qardaşları, Yusif onların qardaşı olduğu halda onu al-ver etdilər və satdılar. Onu Yusif “Mən sizin qardaşınızam” deyənədək tanımadılar. Elə isə niyə bu ümmət Allahın  bir zaman öz höccətini (İmam Məhdini ə.f.) gizlətmək istəməsini inkar edir? Yusif Misir mülkünə sahib idi və onunla atası arasında  on səkkiz günlük yol var idi. Əgər Allah ona ( atasına) onun yerini bildirmək istəsə idi, belə də edərdi. And olsun Allaha ki, Yaqub və övladları müjdəli xəbər zamanı öz çöllərindən Misirə doqquz gün yol getdilər. Bəs bu camaat Allahın Yusifə etdiyini öz höccətinə də edə biləcəyini, (bu işin sahibinin) onların küçə-bazarlarında gəzməsini, büsatlarına ayaq basmasını və nəhayət Allahın Yusifə icazə verib:“Sizin nadanlığınız dövründə Yusifə və qardaşına nələr etdiyiniz yadınızdadırmı?' Onlar dedilər: 'Yoxsa sən özün Yusifsən?' O dedi: 'Mən Yusifəm, bu da qardaşımdır”[vii] dediyi kimi Qaimə (ə.f.) də özünü tanıtdırmağı icazə verən zamana qədər onların onu tanımamasını necə inkar edə bilərlər?”[viii]

İmam Sadiqin (ə) də buyurduğu kimi, əgər bu qeyb Həzrət Yusif (ə) üçün baş veribsə nə üçün İmam Zaman (ə.f.) üçün baş verməsin? Üstəlik bu sadəcə o və Həzrət Xızrın (ə) həyatında yox, Həzrət Musa (ə), Yunis (ə) və s. şəxslərin həyatında da baş vermişdir. Elə isə Qaim (ə.f.) üçün baş verməsində də heç bir irad ola bilməz.

Şeyx Əli Hairi Yəzdi “İlzamun-Nasib” əsərində Seyyid ibn Tavus barədə bir hadisə nəql edir. Belə ki, Seyyid ibn Tavus Bağdadda bir şəxs ilə görüşür. Bu şəxs İmam Zamanın (ə.f.) varlığına və uzun ömürlülüyünə etiqad edən şəxslər haqqında pis danışır. Bu zaman Seyyid deyir:

“Ona dedim: Sən bilirsən ki, əgər bu gün bir şəxs çıxıb desə ki, o, suyun üzərində gəzə bilir bütün şəhər camaatı ona baxmaq üçün toplaşacaq. Əgər suyun üzərində gəzsə və insanlar da bunu görsələr o zaman ondan təəccüblənəcəklər. Əgər ikinci gün başqa bir şəxs çıxsa və desə ki, “mən də suyun üzərində gəzə bilirəm” və insanlar da onun su üzərində gəzməyini müşahidə etsələr onlar birinci şəxsə təəccübləndiklərindən daha az təəccüblənəcəklər.

Üçüncü gün başqa bir şəxs çıxsa və eyni iddianı edərsə yəqin ki, əvvəlki iki şəxsi görənlərdən çox az bir qismi ona baxmaq üçün toplaşar. Suyun üzərində gəzərsə insanların təəccübü tamamilə aradan gedər. Əgər dördüncü şəxs gəlib desə ki, mən də əvvəlki üç şəxs kimi suyun üzərində gəzə bilirəm, əvvəl üç şəxsi görən insanlar toplaşıb onu müşahidə etsələr və əvvəlki birinci, ikinci və üçüncü şəxsə təəccübləndiklərindən daha çox təəccüblənsələr bu zaman ağıl sahibləri onların naqis düşüncələri barəsində heyrətə düşər.

Bu eyni ilə Məhdinin (Allah zühurunu tezləşdirsin) halı kimidir. Sizlər rəvayət edirsiz ki, İdris öz zamanından indiyədək diridir və səmadadır, Xızr diridir və Musanın (ə) zamanından və ya ondan da əvvəldən indiki zamana qədər mövcuddur. Həmçinin rəvayət etmisiz ki, İsa (ə) diridir, səmadadır və o, Məhdinin (ə.f.) zühur etdiyi zaman yerə qayıdacaq və ona iqtida edəcək. Bu üç şəxsin ömrü Məhdinin (ə.f.) ömründən də çox uzanmışdır. Necə olur ki, onlara təəccüb etmirsiniz, lakin Peyğəmbərin (sallallahu əleyhi və alih) nəslindən bir nəfərin onlar kimi olması sizi təəccübləndirir və Peyğəmbərin (s.a.a.s) möcüzələrinən biri olaraq onun nəslindən bir nəfərin bu zamanda adi haldan daha çox yaşamasını inkar edirsiniz?”[ix]

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ

 

[1] “Kafi” c.1 s.93.

[ii]Kəmalud-din” c.2 s.481-482.

[iii] Maidə surəsi, ayə 101.

[iv]Kəmalud-din” c.2 s.483-485.

[v] “Biharul-ənvar” c.25 s.349-350.

[vi] “əl-Məqnə” s.41

[vii] Yusif surəsi, ayə 89-90. 

[viii]Kəmalud-din” c.2 s.341.

[ix] “İlzamun-nasib” c.1 s.386.