Peyğəmbərin canişini kimdir? (2-ci hissə)

Peyğəmbərin canişini kimdir? (2-ci hissə)

2018-03-29 1849

Peyğəmbərin canişini kimdir? (2)

Bismillahir-Rəhmanir-Rəhim

Keçən bəhsimizdə vurğuladığımız kimi gərək bəhs olunsun ki, peyğəmbərdən sonra imam kim olmalı idi? Çünki biz onu tanımalı, nəhy və əmrlərinə diqqətlə yanaşmalı və onu özümüzə nümunə bilməliyik. Çünki o, peyğəmbərin naibi və xəlifəsidir. Müxaliflərimizin iddia etdikləri məsələlərdən bəzilərini qeyd etdik. Bu bəhsimizdə İmam Əlinin xəlifələrin namazlarında iştirak etməsinin nə dərəcədə səhihliyi, İmam və xəlifələrin ailə üzvləri arasında olan evlilik əlaqələri və s. kimi məsələlərə qısa şəkildə toxunacağıq. Qeyd edək ki, bu məsələlər barədə geniş təhqiqata ehtiyac vardır. Lakin məqalənin həcmindən çox olduğu üçün məsələlərə qısa şəkildə toxunuruq.

Həzrət Əlinin (əleyhissalam) üç xəlifənin camaat namazlarında iştirak etməsi

Bəzi əhli-sünnə alimləri iddia edirlər ki, İmam Əli (əleyhissalam) xəlifələrin camaat namazlarında iştirak edərdi. Bu da onunla digər xəlifələr arasında heç bir ixtilafın olmadığına işarədir. Əslində çoxlu məşhur məsələlər vardır ki, onların əsli yoxdur. Bu iddia da onlar kimidir. Əhli-sünnənin böyük alimləri bunu nəql etmələrinə baxmayaraq, biz indiyə qədər mötəbər və etina olunası sənədlərlə bu mətləbə rast gəlməmişik. Çünki, əlimizdə İmamın (əleyhissalam) xəlifələrin namazlarında iştirak etdiyinə dair etibarlı sənəd yoxdur. 

İmam Əli (əleyhissalam) və xəlifələrin ailə üzvləri arasında olan evlilik əlaqələri

Təhqiq olunası digər məsələlərdən biri də müxaliflər və Bəni-Haşim arasında olan birtərəfli evlilik əlaqələridir. Birtərəfli sözündən məqsəd budur ki, əvvəla həmişə Bəni-Haşimlə əlaqə qurmaq istəyən Əməvilər və digər muxaliflər olmuşlar. Əksinə, Bəni-Haşimdən heç kəs onlardan qız almamışdır. Ən azından qəti dəlillərlə deyə bilərik ki, imamlardan heç birisinin anası Əməvilərdən olmamışdır. Ümumiyyətlə, bu mövzuda iki məqamda bəhs aparılacaqdır:

  1. İmam Baqirin (əleyhissalam) Əbu Bəkrin oğlu Qasimin qızını almağı

Qasim Mədinə fəqihlərindən idi. O, tanınmış və nüfuzlu şəxs olmuşdur. Belə ki, İmam Baqir (əleyhissalam) onun qızı Ümmü-Fərvəni almışdır. Bu xanım, İmam Sadiqin (əleyhissalam) anası sayılır.

  1. Həzrət Əlinin (əleyhissalam) qızı Ümmü-Gülsümün, Ömər ibn Xəttabla izdivacı

İmam Baqirin (əleyhissalam) Əbu Bəkrin oğlu Qasimin qızını alması

Əhli-sünnə deyir ki, siz öz imamlarınıza “Şəhadət verirəm ki, siz nur surətində, ali dərəcəli kişilərin belində və alçaqlıqdan uzaq, pak bətnlərdə idiniz”[1] deyirsiniz. Bu zaman, Əbu-Bəkr də ali dərəcəli kişilərdən sayılır. Çünki, o, İmam Sadiqin (əleyhissalam) babası sayılır. Nəticədə onun iman etməyinə və paklığına əqidə bəsləməlisiniz. Bu istidlala cavab olaraq belə deyirik: Bu istidlalın hər iki müqəddiməsi səhihdir və şiə onu tərəddüdsüz qəbul edir. Bu mənada ki, heç bir şübhə yoxdur ki, Qasimin qızı Ümmü-Fərvə İmam Baqirin (əleyhissalam) həyat yoldaşı və şiələrin 6-cı imamı olan İmam Cəfər Sadiqin (əleyhissalam) anasıdır. Əhli-Şiə Qasimin Əbu Bəkrin nəvəsi olmağını da təsdiq edir. Digər tərəfdən də heç bir şəkk yoxdur ki, qeyd olunmuş ibarənin məzmunu “Varis” ziyarətindən bir hissədir və bu şiələrin etiqadlarından sayılır. Amma bu iki müqəddimədən alınan nəticə elə məsələlərdəndir ki, cavan övladı ölmüş ana belə bu ifadəyə gülər. Çünki, əvvəla ərəb lüğətindən xəbəri olan kəslərə gizlin deyildir ki, “əslab” (sülblər) sözündən məqsəd, atanın əcdadıdır.[2] Şiənin imamlarının ata əcdadı Həzrət Adəmə qədər məlumdur. Həmçinin aydındır ki, Əbu Bəkrlə heç bir əlaqəsi yoxdur. İkinci olaraq, “ərhəm” (bətnlər) sözündən məqsəd o xanımlardır ki, İmamın nuru atasının belindən həmən xanımın bətninə nəql olunur (göndərilir). Beləliklə, şiə imamlarının özündə hər bir imamın yoldaşı ki, özündən sonrakı imamın anası sayılır, şəksiz, pak-pakizədirlər. Bu meyar, imamların anaları tərəfindən Həvvaya qədər belədir. Misal üçün, Həzrət Haşimin yoldaşı Səlma pak-pakizə bir xanım olmuşdur. Bu qadın, Əbdul Muttəlibin anası sayılır. Həmçinin Həzrət Əbdul Muttəlibin yoldaşı ki, Əbu Talibin anası sayılır, o da həmçinin iffətli bir qadın olmuşdur. Nəticədə, kamil şəkildə aydın oldu ki, Əbu Bəkr nə “sülblərdən” nə də “bətnlərdən” sayılır. Bu iki kəlimənin Əbu Bəkrlə heç bir əlaqəsi yoxdur ki, şiənin onu kəramətli tutmağına səbəb olsun. 

Ümmü Gülsümün Ömər ibn Xəttabla evliliyinin necəliyi:

Bəhsolunası digər məqam Həzrət Əlinin (əleyhissalam) qızı Ümmü-Gülsümün (əleyha salam), Ömər ibn Xəttabla izdivac məsələsidir. Belə ki, onlar bu vəsiləylə Ömər üçün bir fəzilət sabit etmək istəyirlər. Bu səbəblə də peyğəmbərdən sonra olanları inkar etmək fikrindədirlər. Bu məsələnin də araşdırma və tənqidə ehtiyacı vardır. Bu məsələ gərək iki cəhətdən diqqətlə araşdırılsın. Şiə rəvayətləri cəhətindən və əhli-sünnə rəvayətləri cəhətindən. (Bu barədə saytımızda geniş araşdırma mövcuddur.)

Şiənin mötəbər rəvayətləri nəzərindən hadisə belədir:

Ömər ibn Xəttab Həzrət Əlidən (əleyhissalam) onun kiçik qızı Həzrət Ümmü-Gülsüm (əleyha salam) üçün elçiliyə getdi. Həzrət Əli (əleyhissalam) qızının kiçik yaşlı olması və izdivaca hazır olmaması bəhanəsiylə Ömərə rədd cavabı verdi. Bir müddətdən sonra Ömər peyğəmbərin əmisi Abbasla görüşdü və ondan soruşdu: “Məndə eyb və nöqsan görmüsənmi?” Abbas dedi: “Bu sualdan məqsədin nədir?” Ömər dedi: “Qardaşın oğlundan (yəni, Həzrət Əlidən) qızını istədim, amma mənə rədd cavabı verdi.” Bu zaman Ömər Abbası (hətta Həzrət Əlini və Bəni-Haşimi) təhdid edib, belə dedi: “Allaha and olsun, Zəm-Zəm quyusunu dolduraram, Məkkədə və Mədinədə Bəni-Haşimin hörmət və əzəmət nişanələrini aradan apararam. Həmçinin, Əlinin əleyhinə iki şahid gətirərəm ki, o, oğurluq etmişdir və ona oğru həddi icra edərəm.” Abbas Həzrət Əlinin (əleyhissalam) yanına gəldi və Ömərin danışdıqlarını ona çatdırdı. Abbas İmamdan istədi ki, bu izdivac barəsində razılıq versin. İmam Əli (əleyhissalam) də əmisinin istəyinə görə bu elçiliyə müsbət cavab verdi. Bu zaman Abbas Ümmü-Gülsümün Ömərlə əqdini oxudu. Ömər öldürüləndən sonra Həzrət Əli (əleyhissalam) o xanımı öz evinə apardı. İmam Sadiqdən bu evlilik barəsində sual olunduqda o, buyurdu: “Həqiqətən, bu bir namusdur ki, bizdən qəsb olunmuşdu”.[3]

Şiənin qədim və böyük alimlərindən bəziləri, məsələn, Şeyx Mufid, Seyid Murtəza (rəhmətullahi əleyhima) kimi alimlər bu evliliyi rədd etmiş, qəbul etməmişlər. Digər qrup şiə alimləri isə əqli və nəqli dəlillərlə bu hadisəni təkzib etmişlər. Nəticə bu oldu ki, əgər bu izdivac baş vermişsə də Əhli-Sünnənin mətləbinə dəlalət etmir.

İzdivac məsələsində Əhli-Sünnənin baxışının təhqiqi:

Bu barədə muxaliflərin rəvayətlərini araşdırmadan öncə mühüm bir nöqtə qeyd olunmalıdır. Ümmü-Gülsümün (əleyha salam) Ömərlə izdivacı “Səhih-Buxari”, “Səhih-Müslim” və digər “Səhih altılıq”-da iddia etdikləri və şişirtdikləri kimi gəlməmişdir. Həmçinin, sənəd baxımından mötəbər və məşhur kitablarda bu evliliyin necəliyi barədə əsər-əlamət yoxdur. Bu məqam çox diqqətolunası məqamdır. Necə ola bilər ki, bu evliliyin necəliyi rəvayətlərdə gəlməsin? Bu cür əhəmiyyətli işin nəqlində qəflətin nə yeri var? Aydın olur ki, məsələnin onlar dediyi kimi əsli olmasınım heç bir əsası və bünövrəsi yoxdur.

Bu nöqtəni qeyd etdikdən sonra müxaliflərin bu barədə nəql etdikləri hədislərə diqqət edək. Müxaliflərimiz bu məsələni iki yolla nəql etmişlər. Əhli-Beyt (əleyhimussalam) yolu ilə[4] və digər yolla[5] (Əhli-Beytdən qeyri). Əhli-sünnənin bəzi mühəqqiqləri hər iki yolla gələn rəvayətləri zəif bilmiş və heç birini etibarlı saymamışlar.

Bundan əlavə gətirdikləri rəvayətin mətni qarışıqdır. Elə bu səbəbdən də bəzi sünni mühəqqiqlər rəvayəti zəif saymışlar.

Nəticə budur ki, əvvəla əhli-sünnənin mötəbər kitabları arasında bu evliliyin Həzrət Əlinin (əleyhissalam) istəyi və razılığı ilə baş verməsi mövcud deyildir. İkincisi, digər hədis kitablarında iki yolla nəql olunmuş hədislər o hədislərdəndir ki, həmən hədislərin səhihliyində heç əhli-sünnə alimlərinin özlərinin söz birliyi yoxdur. Üçüncüsü, mövcud olan hədislərin mətnlərində qarışıqlıq vardır ki, hədis alimləri belə hədisləri zəif bilir və etibarlı saymırlar.

Beləliklə, məlum oldu ki, əhli-şiə məsələnin əslini inkar etmir və bunu qəbul etdiyi surətdə belə məsələ bəhs olunmalıdır. Bir şeyi də qeyd edək ki, Həzrət Əli (əleyhissalam) təkrar müraciətlər və Ömərin israrı ilə belə ona rədd cavabı verdi. Daha sonra müxtəlif təhdidlər müqabilində, çarəsiz və qəlbən razı olmadığı halda öz qızını Ömərə verdi. Abbas onların əqdini oxuduqdan sonra Ümmü-Gülsümü Ömərin evinə apardı və Ömər öldürüləndən sonra o xanım, İmam Əli (əleyhissalam) tərəfindən öz evinə geri gətirildi.

Ömərin bu izdivacdan məqsədi bu idi ki, Bəni-Haşimlə, məxsusən Həzrət Əlinin (əleyhissalam) ailə üzvlərindən biri ilə evlənsin və bu yolla səqifə hadisələrini və Xanım Zəhranın (əleyha salam) başına gələn müsibətləri təhrif etsin. Sonda bir daha qeyd edirik ki, bu məsələnin geniş təhqiqə ehtiyac vardır və məqalənin həcmindən xaricdir. Bunun üçün bu barədə yazılmış dəyərli kitablara müraciət etmək olar.

Həzrət Əlinin övladlarına xəlifələrin adını qoyması

Qədim dövrlərdən məqam, şəxsiyyət sahibi olan şəxslərin ad qoyması geniş yayılmışdır. Məsələn, tarixə nəzər salsaq görərik ki, peyğəmbər xoşagəlməz adları dəyişdirərdi. Bir çox yerlərdə zülm hakimləri də bəzi siyasi və ictimai məslələrə görə bir sıra fərdlər üçün ad təyin etmişdilər. Bu vəziyyətdə hakim hadisələrə görə o uşaqların valideynləri o hakimlə müxalifətdən çəkinirdilər. Bu cür hadisələr əhli-sünnə alimləri tərəfindən Ömər ibn Xəttab barədə də deyilmişdir. Hafiz Mizzi, İbn Həcər Əsqəlani və digər əhli-sünnə alimləri bu barədə belə demişlər: “Həzrət Əlinin xanımı Səhba bint Rəbiyyə bir oğlan uşağı dünyaya gətirəndə, Ömər ibn Xəttab bu uşağa Ömər adını qoydu.”[6] Bizim fikrimizcə, Ömər bundan yuxarıda deyilən məqsədi güdürdü. Ömər bütün bu təhdid və qorxutmalarla İmam Əlinin (əleyhissalam) qızına elçi getmək üçün ilk addımlarını atdı. Necə ki, Müaviyə də Həzrət Əlinin yeznəsi Abdullah ibn Cəfər üçün adam göndərmişdi ki, övladının adını Müaviyə qoysun. Bundan da əlavə bu adlar ərəblər arasında çox geniş yayılmışdı. Buna görə də hər bir ailədə bu adlara rast gəlmək olardı. Həmçinin, ümumilikdə götürsək, əslində adın öz-özlüyündə heç bir pisliyi yoxdur. Bu səbəblə də əhli-sünnə alimləri, hətta son 50 ilin alimləri şiələr əleyhinə bu məsələdən istifadə etməmişlər. Bütün bunlardan sonra kimsə öz ağlına uyğun bəhanələr gətirərsə ağılsız iş görmüş olar.

Əbu Bəkr və Ömərin hədislərdə təriflənməsi

Əhli-sünnə kitablarında Həzərət Əliyə (əleyhissalam) nisbət verilir ki, guya Həzrət müxtəlif ibarələrlə Əbu Bəkr və Öməri tərif etmişdir. Onlardan biri budur ki, İmam Əli (əleyhissalam)  buyurur: “Peyğəmbərdən sonra insanların ən xeyirlisi Əbu Bəkr, ondan sonra isə Ömərdir.”[7]  İbn Teymiyə “Minhacus-sünnə” kitabında yazır: “Həmişə Əlidən eşidilmişdir ki, o, deyərdi əgər bir nəfər mənim yanıma gəlsə, məni Əbu Bəkr və Ömərdən üstün bilsə, həmən şəxsə, iftira həddini icra edərəm və ona şallaq vuraram”.

Bu mövzu bir neçə cəhətdən bəhs olunmalıdır.

  1. Həzrət Əliyə (əleyhissalam) nisbət verilmiş bu sözlər, yalnız əhli-sünnə kitablarında mövcuddur. Lakin, heç bir şiə kitabında, hətta ən zəif sənədlə belə zikr olunmamışdır. Hər kəsə məlumdur ki, bəhsolunmada birtərəfli dəlil gətirmə qəbul olunmur. Yəni, iki məzhəb arasında olan münazirələrdə hansısa biri digərinə nəyisə isbat etmək istəyirsə, gərəkdir ki, qarşı tərəfin kitablarından dəlil gətirsin.
  2. Əhli-sünnə Həzrət Əliyə (əleyhissalam) nisbət verilən bu sözləri hətta özləri belə səhih sənədlə nəql etməmişdir. Hədislərdə keçən “Əlidən rəvayət olundu”; “Əlidən eşidilmişdir” ibarələri “mürsəl”[8] hədisin xüsusiyyətlərindəndir. Bu qəbil hədislər “irsal” yolla nəql olunmuşdur, nəinki, mötəbər sənədlə.
  3. Peyğəmbərdən Həzrət Əlinin digər fərdlərdən üstün olmasına dair mütəvatir, hətta mütəvatir həddindən də çox hədislər mövcuddur. Hansı ki, bu hədislərin müqabilində, İmam Əlinin Əbu Bəkr və Öməri ən fəzilətli şəxs sayması qeyri-mümkündür.
  4. Bir neçə dəlil mövcuddur ki, Həzrət Əliyə (əleyhissalam) verilən bu nisbətlər yalandan başqa bir şey deyildir. Nümunə üçün bir rəvayəti nəql etmək olar: əhli-sünnənin mötəbər rical kitablarından biri olan İbn Əbdul-Birrin “əl-İstiab fi mərifətil-əshab” kitabında Salman, Miqdad, Əbuzər, Cabir Ənsari (rəhmətullahi əleyhim) kimi səhabələrdən nəql olunur ki, “İslamı ilk qəbul edən şəxs Əli olmuşdur”.[9] Müəllif ardınca yazır: “Camaat Əlini başqalarından fəzilətli bilirdi”. Böyük səhabələrin çoxu bu fikirdə idilər. Lakin, kitabın müəllifi yalnız bəzi səhabələrin adlarını çəkmişdir. İbn Cərir Təbəri səhih hədislə yazır ki, Əbu Bəkr ibn əbu Quhafə əlli nəfərdən sonra İslamı qəbul etmişdir.[10] Bu məqamı (İslamı ilk qəbul edən şəxs) Həzrət Əlidən (əleyhissalam) inkar etmək üçün, bunun müqabilində bir sıra sözlər çıxarmışlar ki, guya İslamı ilk qəbul edən şəxs Əbu Bəkr olmuşdur. Bəhsimiz o yerdədir ki, İbn Əbdul-Birr Qurtubi kimi Əhli-Sünnənin böyük alimləri peyğəmbər səhabələrindən nəql edir ki, onlar Həzrət Əlini (əleyhissalam) başqalarından (o cümlədən, Əbu Bəkr və Ömərdən) üstün bilirdilər. Həmçinin digər tərəfdən də eşidilməmişdir ki, İmam Əli (əleyhissalam) buna görə kiməsə hədd icra etsin. Lakin, Əhli-Beyt düşmənləri Həzrət Əmirəl-möminin kimi şəxsə bu cür yalanları nisbət verirlər və o böyük şəxsiyyətə iftira atırlar. O cümlədən, bu yalanlarla ziddiyyət təşkil edən məsələləri isə təhrif edirlər ki, nəticədə belə məsələlərin üzərində öz məzhəblərinin əsasını qoysunlar.

Görəsən İmam Əli öz haqqı olan xilafət məqamından geri çəkilmişdirmi?

İmamət mövzusunda müxaliflərimizin iddia etdikləri digər məsələ budur ki, onlar deyirlər: İmam Əli (əleyhissalam) öz haqqı olan xilafət məqamını istəməmişdir. Görəsən xilafət, imamət və ümmətə rəhbərlik etmək Həzrət Əlinin öz mülkü idi ki, ondan əl çəksin və ona göz yumsun? Ola bilər ki, bir insan öz şəxsi mülkündən və ya ona çatmış bir irsdən imtina etsin və onu digər varislər arasında bölsün. Lakin, İmamın xəlifələr dövründə olan sözlərinə baxsaq, görərik ki, o Həzrət öz haqqına göz yummamışdır, sadəcə olaraq o dövrlərdə bir sıra məsləhətlərə uyğun olaraq öz haqqının tapdalanması barədə səbr etmişdir. O böyük şəxsiyyət öz haqqının qəsb olunması barədə bu cür buyurmuşdur: “Peyğəmbərin vəfatından və köməkçilərin vəfasızlığından sonra öz ətrafıma baxdım. Ailəmdən başqa bir köməkçi görmədikdə, onların ölümə verilməsinə razı olmadım. Tikanlı gözlə gözümü yummağa, sümük qalan boğazla hadisələrin acı şərbətini içməyə məcbur oldum. Öz qəzəbimi uddum, hənzəl otundan da acı olan səbr şərbətini içərək, səbri özümə peşə etdim”.[11] Beləliklə, məlum olur ki, müxaliflərimiz “səbr və təhəmmül”-ə, “öz haqqına göz yumma” adını qoymuşlar. Bir halda ki, bu iki məfhum arasında yer və göy qədər fərq mövcuddur. Bəli arada olanlar yalnız səbr və hövsələ göstərməkdən başqa bir şey deyildi. Daha belə yox ki,  Həzrət Əmirəl-muminin (ə)  öz haqqının aradan getməsinə göz yummuşdu. Həzrət Əli elə bir kəs idi ki, onun haqq olduğu açıq-aşkar dəlillərlə gəlmişdir. Qədir günündə dəstə-dəstə insanlar o Həzrətə beyət etmişdilər. Görəsən ola bilərdimi ki, bu cür şəxsiyyət bütün olanlara göz yumsun və haqsızlıqları görməməzlikdən gəlsin? Görəsən, müsəlmanların batil və gücsüz dəlillər üzərində qurulmuş vəhdətinin  faydası, peyğəmbərin haqq canişinini tanımamaq və bu barədə münhərif olmağın zərərlərindən çoxdurmu? Ümumiyyətlə bu cür vəhdət faydalı təsəvvür oluna bilərmi? Təsəvvür oluna bilərmi ki, məsum, qeyri-məsum üçün haqqının tapdalanmasına göz yumur? Təbidir ki, Allahın xəlifəsi məqamından xəbəri olmayan, ya özünü bu yerə qoyan, imamın din və dünya işlərində təsirlərini başa düşməyən şəxslərin nəzərində yuxarıda verilən suallara cavab müsbətdir.

Beləliklə, məlum oldu ki, möminlərin Əmiri İmam Əli (əleyhissalam) öz haqqı olan xilafət məqamından əl çəkməmişdir. Peyğəmbərin canişini məqamına layiq olan yeganə namizəd Həzrət Əli (əleyhissalam) idi ki, Allah təala onu bu vəzifəyə təyin etmişdi. İmam bütün bunların müqabilində çıxış yolunu səbrdə tapdı. Səbr etdi və belə buyurdu: “Gözümdə tikan və boğazımda sümük qalmış halda səbr etdim”.

Qurani-Kərim də bu həqiqətdən belə bəhs edir:

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ

“Muhəmməd (sallallahu əleyhi və alih) yalnız bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz geri dönəcəksinizmi? Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin, Allah şükr edənlərə mükafat verər”[12]

 

Məqalənin ardı var

Məqalə Ayətullah Seyid Əli Milaninin “Peyğəmbərin canişini kimdir?” kitabı əsasında yazılmışdır.

Baqir Cəfəri

besiret.az

 

[1] “Varis” ziyarətnaməsi.

[2] İbn Mənzur “Lisanul-Ərəb” c.1, səh 526-527.

[3] Şeyx Kuleyni “Furu-Kafi” c.5, səh.346 və c.6, səh.115

[4] İbn Həcər Əsqəlani “Təhzibut-təhzib” c.1, səh.44, c.4, səh.106 və c.11, səh.382.

[5] İbn Səd “Təbəqatul-Kubra” c.8, səh.462; Hakim Nişapuri “Əl-Müstədrək” c.3, səh.142; Heysəmi “Məcməuz-Zəvaid” c.4, səh.499; Xətib Bağdadi “Tarixul-Bağdad” c.6, səh.182.

[6] İbn Həcər Əsqəlani “Təhzibut-Təhzib” c.7, səh.411.

[7] Əbdurrəhman ibn Əhməd “Şərhul-Məvaqif” c.8, səh.367

[8] Hədisin ravilər zəncirində səhabənin adı düşmüşsə bu cür hədis mürsəl hədis adlanır. Məsələn, səhabədən sonrakı təbəqə (tabein) peyğəmbərdən birbaşa hədis nəql edir. Halbuki, o, peyğəmbəri görməmişdir deyə ondan birbaşa hədis nəql edə bilməz. Mürsəl hədis zəif hədisin bir növü sayılır və etibarlılıq dərəcəsi aşağıdır.

[9] İbn Əbdul-Birr Qurtubi, “Əl İstiab” c.3, səh.1090

[10] Təbəri “Tarix”, c.2, səh.316

[11] “Nəhcül-Bəlağə” səh.47 və 67.

[12] Ali-İmran surəsi, 144-cü ayə.