Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi

Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi

2018-02-18 13859

Sonra Fatimə (Allahın salamı olsun ona) üzünü ənsara (Mədinə müsəlmanlarına) çevirib onlara belə buyurdu:

“Ey qəhrəmanlar dəstəsi, dinin dayağı və İslamı qoruyanlar, mənim barəmdə niyə belə süstlük edib mənə edilən zülmlərin müqabilində özünüzü yuxuluğa vurursunuz? Məgər atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) buyurmamışdır ki, “Hər bir şəxsin ehtiramı onun övladlarına hörmət etməklə qorunar”? Mənim tələb etdiyim haqqımı müdafiə etməyə qüdrətiniz olduğu halda tez bir zamanda dəyişildiniz və əvvəlcədən planlaşdırdığınız kimi tələsərək işləri əleyhimizə çevirdiniz. “Muhəmməd (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) artıq öldü” deyirsiniz? Onun vəfatı elə böyük hadisədir ki, onun yarığı hər yeri bürümüş və parçalamışdır. Onun aramızdan getməsi ilə yer üzü zülmətə qərq olmuşdur. Onun müsibətində günəş və ay tutulmuş, ulduzlar səpələnmişdir. Onun vəfatı ilə ümidlər yox oldu, dağlar titrədi, ailəsinin haqqı zay edildi və hörməti aradan aparıldı. Allaha and olsun, onun vəfatı çox əzəmətli bir müsibətdir. Bu müsibətin misli heç vaxt olmamış və bu yaxınlarda da olmayacaqdır. Allahın kitabı Onun bu qəti hökmü barədə gecə-gündüz sizlərə uca səslə, müxtəlif yollarla xəbər verərək buyurur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz (dininizdən) gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.”[1]

Ey ənsar (Mədinə əhli), sizin hamınızın gözü qarşısında və səsimi eşitdiyiniz halda mənim atamdan qalan irsim zülmlə əlimdən alınır! Mənim köməyə dəvətim sizə də şamil olur və siz də bundan xəbərdarsınız. Mənim dəvətimi qəbul etmək üçün kifayət qədər sayınız, qüdrətiniz və silahınız olduğu halda mənim dəvətimi qəbul etmirsiniz. Fəryadımı eşitdiyiniz halda köməyə gəlmirsiniz. Halbuki siz cihad etməklə vəsflənmiş, xeyirli işlərlə tanınmış, biz Əhli-beyt üçün (bizə yardım etmək üçün) seçilmişdiniz.

Cahiliyyət dövrünün ərəbləri ilə döyüşmüş, çətinliklərə və ağır işlərə dözmüş, müxtəlif millətlərlə mübarizə aparmısınız. Bizim fərmanlarımızı yerinə yetirir və əmrlərimizi icra edirdiniz. Axırda bizim vasitəmizlə İslam dininin işləri nizam-intizama düşdü. Çoxlu nemətlər əldə olundu. Şirkin vilayətləri təslim oldu. İftiranın qarmaqarışıqlığı aradan getdi. Küfr alovları söndü. Hərc-mərclik yox oldu. Dinin nizamı düzəldi.

Açıq-aşkar bəyandan sonra çaşqınlığa düşürsünüz? Haqq aşkar olandan sonra onu gizlədirsiniz? Addım atdıqdan sonra geri dönürsünüz? İman gətirdikdən sonra Allaha şərik qoşursunuz? Bədbəxtlik olsun o qövmə ki, onlar “andlarını pozan, Peyğəmbəri qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatdılar. Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.”[2]

Görürəm ki, siz rahatlığı seçmiş, darlıqdan genişliyə keçmisiniz. Öyrəndiklərinizi kənara atmış, asanlıqla içdiyinizi qaytarmısınız. “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.”[3]

Bilin ki, dediklərimi deyərkən sizi bürümüş zəlilliyinizdən və qəlblərinizi doldurmuş vəfasızlığınızdan xəbərdar idim. Lakin ürəyimin qəmi tüğyan etdiyi, qəzəbim üzə çıxdığı, səbrim daşdığı üçün, ürəyimdəkiləri aşkar etməkdən ötrü və höccəti tamam edib bəhanələrinizi kəsmək üçün bunları sizə dedim. Bəli, siz istədiyinizi cənginizə keçirib öz murad atınızı ram edərək ona rahatlıqla minin (Fədəki məndən istədiyiniz kimi alın). Amma bilin ki, mindiyiniz bu atın arxası yaralı, yükü isə biyabırçılıqdır. Onun biyabırçılığı həmişəlikdir. Onun damğası Allahın qəzəbi və əbədi rüsvayçılıqdır. Ona minmiş şəxsi qəlblərə təsir edib onları əridən cəhənnəm atəşinə aparır. Bu etdiklərinizin hamısına Allah nəzarət edir. “Zülm edənlər isə hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını) mütləq biləcəklər!”[4] Mən sizi Allah hökmündən boyun qaçırmağın dəhşətli əzabından çəkindirən Peyğəmbərin qızıyam. Gözləyin. Biz də gözləyənlərdənik.”

Xanım Fatimə (Allahın salamı olsun ona) sözünü qurtaranda Əbu Bəkr Ona cavab verərək belə dedi:

“Ey Peyğəmbərin qızı, sənin atan (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) möminlərə qarşı mehriban, alicənab, şəfqətli, rəhmli, kafirlərə qarşı isə qəzəbli və acıqlı idi. O, əsil-nəsəb cəhətindən yalnız sənin atan idi, başqa qadınların yox. O, yalnız sənin ərinin qardaşı idi, başqalarının yox. (Peyğəmbər) yalnız onu (Əlini) hər bir mühüm və böyük iş üçün seçərdi. O da bütün çətin işlərdə ona (Peyğəmbərə) kömək edərdi. Sizi yalnız xoşbəxt insanlar sevər və sizə yalnız bədbəxt insanlar düşmənçilik edər. Siz Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) pak itrəti olub, Allahın seçilmiş bəndələrisiniz. Siz bizi səadətə aparan bələdçimiz, behiştə sarı gedən yolumuzsunuz. Sən, ey xanımlar xanımı, Peyğəmbərlərin ən xeyirlisinin qızı, Öz sözlərində doğru, əql və mərifətdə isə hamıdan üstünsən. Heç kim sənin haqqını əlindən ala bilməz və sənin doğru danışdığın sözləri rədd edə bilməz. Allaha and olsun, (Fədəki səndən almaqla) Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) buyuruğundan çıxmamış, yalnız onun izni ilə hərəkət etmişəm. Bir tayfa tərəfindən seçilən şəxs camaata yalan söyləməz. Allahı şahid tuturam ki, mən Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) belə dediyini eşitmişəm: “Biz Peyğəmbərlər özümüzdən sonra qızıl, gümüş, malikanə və var-dövləti irs qoymuruq. Bizim mirasımız kitab, hikmət, elm və nübüvvətdir. Bizdən miras qalan dünya malı isə bizdən sonra ümmətin rəhbəri olan şəxsin ixtiyarındadır. O, məsləhət bildiyi kimi ondan istifadə edə bilər.” Mən isə sənin tələb etdiyinin (Fədəkin) gəlirini müsəlmanların kafirlərə və yolunu azmışlara qarşı döyüşmələri üçün hərbi silah-sursatların hazırlanmasına xərcləyirəm. Bu, təkcə mənim qərarım ilə deyil, müsəlmanların hamısının razılığı ilə olan bir işdir. Mənim ixtiyarımda olan mal sənin ixtiyarındadır. Öz var-dövlətimi heç vaxt səndən əsirgəmərəm. Sən atanın (Peyğəmbərin) ümmətinin seyyidəsi və Peyğəmbərin övladlarının əziz anasısan. Biz sənin fəzilətlərini inkar etmir, ata və övladlar baxımından olan üstünlüyünü danmırıq. Sənin hökmün mənim əlimdə olan mala nüfuz edə bilər. Məgər sən mənim (Fədəki sənə verməyimlə) atan Rəsulullahın qanunlarına qarşı çıxmağımı istəyirsən?”

Həzrət Fatimə (Allahın salamı olsun ona) buyurdu:

“Sübhanəllah, heç vaxt atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) Allahın Kitabının əleyhinə olaraq bir söz buyurmayıb və onun hökmlərinə heç vaxt müxalifətçilik etməyib. Əksinə, O, bütün işlərində Qurana tabe olmuşdur. Siz birləşib etdiyiniz hiyləgirliyə Ona (Peyğəmbərə) iftira atmaqla haqq qazandırırsınız? Peyğəmbərin vəfatından sonra sizin etdiyiniz bu işlər Peyğəmbərin zamanında (münafiqlər tərəfindən) onun əleyhinə görülən təhlükəli hadisələrə oxşayır. Bu, ədalətli hökm edən və danışaraq haqqı batildən ayıran Allahın kitabıdır və deyir ki, “O, həm məndən, həm də Yəqub ailəsindən irs aparsın.” [5] və buyurur: “Süleyman Davuddan irs apardı.”[6] Allah-təala aydın və geniş surətdə vərəsələrin növ və xüsusiyyətlərini tamamilə bəyan etmiş, bu barədə olan vacibləri və mirası qanun olaraq təyin etmiş, qadın və kişi varislərindən hər birinin payı barədə açıq-aşkar söz açmışdır. O, bu işi ilə batil əhlinin bəhanələrini kəsmiş və digərlərinin şəkk və tərəddüdünü aradan aparmışdır. “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz çirkin əməlinizi sizə gözəl göstərmişdir. Mənə yalnız səbr gərəkdir. Dediklərinizdən ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”[7]

Əbu Bəkr Xanım Zəhraya (Allahın salamı olsun ona) belə dedi:

“Allah, Onun Rəsulu (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) və Onun qızı olan sən düz deyirsən. Sən hikmət mənbəyi, rəhmət və hidayət məskəni, dinin əsası, haqq dəlilin özüsən. Mən sənin fikrini, söylədiklərini əsla rədd etmirəm və danışdıqlarını inkar etmirəm. Lakin sənin və mənim qarşımda oturan bu camaat bu işi mənim öhdəmə qoyub. Mən onların ittifaqı ilə götürdüyümü götürmüşəm (Fədəki səndən almışam). Mən təkəbbürlü, istədiyini edən və zülmkar biri deyiləm. Onlar mənim dediklərimə şahiddirlər.”

Xanım Fatimə (Allahın və salamı olsun ona) üzünü insanlara çevirib buyurdu:

“Ey çirkin əməlin qarşısında sakit durub ona razı olan və sürətlə batil sözə tərəf meyl edib yüyürən müsəlmanlar, məgər siz Quranı düşünmürsünüz? Yoxsa qəlbləriniz qıfıllıdır?[8]  Xeyr, etdiyiniz zülmlərin və pis işlərin qaranlığı qəlblərinizi bürümüşdür.[9] Gözləriniz və qulaqlarınız tutulub. Nə pis xəyallara daldınız. Nə pis bir yolun arxasınca getdiniz. Bütün bunların ən pisi isə başqasının haqqını (Fədəki) qəsb etməyinizdir. Allaha and olsun, bunun yükü ağır, aqibəti isə çox pis olacaq. Gözünüzün önündən pərdələr götürüldüyü zaman onun arxasındakı dəhşətli əzabı gördükdə Allahdan sizə güman etmədiyiniz (bir əzab) düçar olacaqdır.[10] “Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.”[11]

Sonra Xanım Fatimə (Allahın və salamı olsun ona) üzünü atası Rəsulullahın qəbrinə tərəf çevirib ona xitabən bu şeiri oxudu:

“Ey Ata, Səndən sonra elə dəhşətli hadisələr oldu ki, əgər sağ olsaydın, bu müsibətlər çoxalmazdı. Torpaq bərəkətli yağışı itirdiyi kimi biz də Səni itirdik. Sənin ümmətin nizam-intizamı bir-birinə vurdu. Onların yollarını azmasına şahid ol. Onun məqam və ehtiram sahibi olan hər bir ailə üzvü Allah dərgahında daha artıq ehtirama malikdir. Sən bizim aramızdan gedəndən və torpaqlar altında dəfn olunandan sonra bir çoxları öz qəlblərinin kinini aşkar etdilər. Sən aramızdan gedəndən sonra bəziləri bizimlə pis davranıb məqamımızı yüngül sandılar və torpaqlarımızı qəsb etdilər. Sən elə bir parlaq nur idin ki, sənin nurundan istifadə edirdilər. Sənə Allah tərəfindən səmavi kitab nazil olurdu. Cəbrayıl həmişə gətirdiyi ayələrlə bizim munisimiz olurdu. Sən getdin və getməyinlə xeyir qapıları bizim üzümüzə bağlandı. Kaş sən vəfat edib torpaq altında dəfn olunmamışdan qabaq ölüm bizi haqlayaydı.”[12]

Tərcümə etdi: Şeyx Fəqan

besiret.az


[1] Ali-İmran, 144

[2] Tövbə, 13

[3] Tövbə, 8

[4] Şüəra, 227

[5] Məryəm, 6

[6] Nəhl, 16

[7] Yusuf, 18

[8] Muhəmməd surəsi 24-cü ayəyə işarədir.

[9] Mutaffifin surəsi 14-cü ayəyə işarədir.

[10] Zümər surəsinin 47-ci ayəsinə işarədir.

[11] Ğafir, 78

[12] Şeyx Təbərsi, “Əl-İhticac”, c. 1, səh. 123