Üçüncü səbəb – Müharibənin pis nəticələr yaratması.
Əgər İmam (ə) onun xilafətini qəsb edənlərlə müharibə etsəydi, istədiyini əldə edə bilməyəcəkdi. Əksinə bu müharibə bir çox pis nəticələrə səbəb olacaqdı. Burada onlardan bəzisini qeyd edirik:
Birincisi insanların çoxunun dindən çıxmasıdır. İmam (ə) müharibə etdiyi təqdirdə bu insanlardan bir çoxunun, ələl-xüsus İslamı yenicə qəbul etmiş şəxslərin imanlarının zəyif olmasına görə dindən çıxmasına səbəb olacaqdı. Bununla birlikdə, onların bir çoxu zahiri islam və naqis imana malik idilər.
İbn Əbil-Hədid deyir:
“Fatimə (s) Əlinin (ə) heçnə etməməsinə görə narazılıq etdi. Əli isə bunun müqabilində heç nə demədi. Bir rəvayətdə nəql edilir ki, “onu hərəkətə keçməyə təşviq etdi. Bu anda azan verildi. Müəzzin “Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın rəsuludur.” Hissəsinə çatdıqda Əli (ə) ona (s.ə.) dedi: “Bu dəvətin aradan qalxmağını istəyirsənmi?” Fatimə (s) dedi: “Xeyr.” Əli (ə) dedi: “Mənim dediyim də budur” (Yəni mən də buna görə heçnə etmirəm).”[i]
Burada bir məsələni Əhli-ismətin (ə) şənini bilən oxucular üçün qeyd etmək lazımdır ki, Xanım Fatimeyi Zəhranın (əleyha səlam) burada gördüyü işdən məqsədi – Allaha sığınırıq – qətiyyən qınamaq, danlamaq deyildir. Xanım sadəcə bununla İmamın (əleyhis-səlam) sükut etməsinin məqsədinin bilinməsini istəyirdi.
Başqa bir rəvayətdə isə İmamın (ə) onu müharibəyə təşviq edən Əbu Süfyana (Allah ona lənət etsin) belə dediyi nəql edilir:
“Allah rəsulu məndən bu barədə əhd almışdır. Mən də bu əhdə əməl edirəm.”[ii]
Bu barədə nəql edilən rəvayətlər çoxdur, hətta mutəvatir dərəcəsindədir.
Əbu Tufeyl Amir ibn Vasilədən nəql edilir:
“Şura hadisəsi zamanı qapının yanında idim. İçəridən səslər yüksəldi. Eşitdim ki, Əli (ə) deyir: “İnsanlar Əbu Bəkrə mənim xilafətə ondan daha layiq olduğum halda beyət etdilər. Mən də insanların kafir olaraq dindən dönüb bir-birlərinin boyunlarını qılıncla vuracaqlarından qorxaraq eşidib itaət etdim. Daha sonra insanlar mənim daha layiq olduğum halda Ömərə beyət etdilər. Mən yenə də insanların kafir olaraq dindən dönüb bir birlərinin boyunlarını qılıncla vuracaqlarından qorxaraq eşidib itaət etdim. İndi isə siz Osmana beyət etmək istəyirsiniz?!...”[iii]
İmam Baqir (ə) buyurur:
“İmam Əlinin (ə) insanları özünə çağırmasına (və qiyam etməsinə) mane olan şey insanların İslamdan çıxıb (yenidən) bütlərə ibadət etmələrindən, Allahın təkliyinə və Muhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməyi tərk etmələrindən qorxması idi.”[iv]
İbn Əbdul-Birr İmam Əlidən (ə) nəql edir:
“Allaha and olsun ki, əgər insanlar arasında təfriqə düşməsindən, küfrün qayıtması və dinin aradan getməsindən qorxmasaydım (haqqımı tələb edər, vəziyəti dəyişərdim). Buna görə də bir sıra əziyyətlərə səbr etdik.”[v]
İkincisi də müsəlmanlar arasında yaranacaq ixtilaf və düşmənlərin – kafir və müşriklərin – bu ixtilafı fürsət bilib İslam əleyhinə işlər görməsidir. Necə ki, İmam Əli (ə) Müaviyəyə (Allah ona lənət etsin) cavab olaraq yazdığı məktubda da bu məsələyə işarə etmişdir:
“İnsanların Əbu Bəkrə beyət etdiyi zaman atan Əbu Süfyan mənim yanıma gəlib demişdi: “Sən bu işə başqasından daha layiqsən. Mən də bu məsələdə səninlə müxalifət edəcək hər şəxsə qarşı sənin köməkçinəm. Əgər istəsən Mədinəni Əbu Quhafənin oğluna qarşı at və insanlarla dolduraram... Mən isə bunu qəbul etmədim. Allah bilir ki, sənin atan bunu etmişdi. İslamın parçalanacağından qorxduğum üçün isə mən bundan boyun qaçırdım.”[vi]
Üçüncüsü isə onun və dostlarının öldürülməsi ehtimalıdır. Düşünən hər bir şəxs bilər ki, əgər İmam (ə) içində olduğu bu vəziyyətdə - dostlarının az olduğu, köməkçilərinin xəyanəti halında – qövmə qarşı çıxıb onlarla müharibə etmək istəsə həm onu, həm dostlarını, həm də Əhli-beytini (əleyhimus-səlam) öldürəcəkdilər. Bu elə xəlifənin və köməkçilərinin istəyi idi. Bu halda isə Peyğəmbərin (s.a.a.s.) din uğrunda çəkdiyi bütün əziyyətlər hədər getmiş olacaqdı.
Əbdul-Fəttah Əbdul-Məqsud deyir:
“Tarixçilərin çoxunun yazdığı səhifələr bizlərə bu və buna oxşar məyus edici xəbərləri açıqlayır. Biz bu rəvayətlərdə Ömərin imam Əlini (ə) qətl etməyə və evini içindəkiləri ilə birlikdə yandırma təşəbbüsünü görürük.”
İbn Əbil-Hədid yazır:
“Əliyə (ə) bir nəfər dedi: “Ey möminlərin əmiri, əgər Allah rəsulu özündən sonra büluğ həddinə çatmış yetkinləşmiş bir oğlan övladı (varis) qoysaydı ərəblər bu işi (xilafəti) ona təslim edərdilər? Əli (ə) dedi: “Xeyr, əksinə əgər mənim etdiyimi etməsəydi onu öldürərdilər. Həqiqətən də onlara etdiyi böyük yaxşılıqlara rəğmən ərəblər Muhəmmədin işinə (gətirdiyə dinə) nifrət etmiş, Allahın ona əta etdiyi fəzilətə həsəd etmiş, onun vaxtında ona qarşı pis davranmışdır. Hətta onun xanımına (Mariyəyə) iftira atmış və (Peyğəmbərə edilən sui-qəsd cəhdi zamanı) dəvəsini hürkütmüşlər. Onlar – onun sağ olduğu vaxtdan etibarən – bu işin (vilayət məsələsinin) Peyğəmbərin Əhli-beytinə (ə) yetişməsinə mane olmaq üçün razılaşmışlar. Əgər Qureyş Allah rəsulunun adını başçılığı ələ keçirmək üçün vasitə qərar verməsəydi onun vəfatından sonra bir gün belə Allaha ibadət etməzdilər.... (daha sonra isə dedi) İlahi sən özün bilirsən ki, mən nüfuz sahibi olmaq, böyük mülk və başçılıq istəmirəm. Mən sadəcə sənin qanunlarının dirilməsini, şəriətinin həyata keçməsini, işlərin yerinə yetirilməsini, haqqın öz əhlinə çatmasını, Peyğəmbərinin (s) yolu ilə gedilməsini, azmışların sənin hidayətinin nuruna yönləndirilməsini istəyirəm.”
Bütün bunlar İmam Əlinin (ə) sükut etməsi barəsində deyilən səbəblərin bir hissəsidir. İmamın (ə) Əbu Bəkrə beyət etməsinin səbəbinə gəlincə isə, evə hücum barədə olan rəvayətlərdə qeyd olunmuşdur ki, qəsbkarlar onu evdən məcburi şəkildə çıxarmış, və onu ölümlə təhdid etmişlər.
Əllamə Məclisi yazır:
“Ədiy ibn Hatim deyir: “ Əli (əleyhis-səlam) gətirildiyi zaman mən Əbu Bəkrin yanında oturmuşdum. Əbu Bəkr ona dedi: “Beyət et.” Əli soruşdu: “Əgər beyət etməsəm (nə edəcəksən) ?” Əbu Bəkr dedi: “Sənin boynunu vuraram.” Əli (ə) üzünü səmaya tutub dedi: “İlahi, özün şahid ol.” Daha sonra isə əlini Əbu Bəkrə tərəf uzadıb (məcburi şəkildə) beyət etdi.”
Məhz buna görə də İmam (ə) məcburi şəkildə beyət etmişdir. Necə ki, İmamın (ə) Peyğəmbərin (s) qəbrinə tərəf yönəlib dediyi söz də bunu açıq aşkar bildirir:
“Bu tayfa məni zəif bilib az qaldı ki, öldürsünlər.”[vii]
İmamın (ə) vəsilərin (əleyhimus-səlam) ən üstünü olmasına rəğmən zalımlara qarşı möcüzə göstərməməsinin səbəbi isə vəsilərin də peyğəmbərlər kimi olmasıdır. Onlara hər bir işlərində möcüzəyə müraciət etmək buyurulmamışdır. Sadəcə Allahın izn verdiyi yerlərdə onlar möcüzədən istifadə etmişlər.
Əbduz-Zəhra Məhdi “Əl-Hucum əla beyti Fatimə” kitabı əsasında hazırlanmışdır.
Məşədi Əbdussaməd
Besiret.az
[i] İbn Əbil-Hədid “Şərhu Nəhcil-Bəlağə” c.20 s.326
[ii] Həmin mənbə c.6 s.17
[iii] “Əs-Siratul-mustəqim” c.3 s.119
[iv] “Biharul-ənvar” c.28 s.254-255
[v]http://library.islamweb.net/hadith/display_hbook.php?indexstartno=0&hflag=&pid=340635&bk_no=690&startno=1
[vi] Həmin mənbə c.29 s.632
[vii] “Bəsairud-dərəcat” c.1 s. 275; Eyni ləfz “Əraf” surəsi 150-ci ayədə Hz. Harun (ə) tərəfindən işlənmişdir.