Həzrət Əli (Allahın salamı olsun ona) Xanım Zəhra (Allahın salamı olsun ona) üçün ömrünün axırına qədər matəm saxlayır
Həzrət Əli (Allahın salamı olsun ona) Xanım Zəhranı (Allahın salamı olsun ona) dəfn etdikdən sonra üzünü Peyğəmbərin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) qəbrinə tutaraq ona xitab edib buyurur:
“Allah tərəfindən gəlmişik, ona doğru qayıdacağıq. Artiq bu əmanət (zorla) məndən alındı... Ey Allah Rəsulu, (bu müsibətə görə) hüznüm əbədidir! Gecələrim isə səhərə qədər yuxusuzdur... Bu müsibətə görə elə bir qəmim var ki, (o qəm) heç vaxt qəlbimdən getməz”[1]
Bu və digər hədislərdən məlum olur, Əhli-beyt (Allahın salamı olsun onlara) başlarına gətirilmiş müsibətə görə daim hüzn və matəm içində olub. Əgər bir şəxs sırf Əhli-beytə (Allahın salamı olsun ona) iqtida edərək daim matəm saxlamaq istəsə, heç kim ona etiraz edə bilməz və onun işinin şəriətə uyğun olmadığını deyə bilməz.
Bunu qeyd edək ki, burada bu kimi hədisləri gətirməkdən məqsədimiz hər günü matəm etməliyik – demək deyil. Sadəcə olaraq bu kimi hədislərin mütləq olması səbəbi ilə müəyyən şəxslərin Əhli-beytin (Allahın salamı olsun ona) müsibətli günlərində matəm qeyd etmələrinin şəriətə xilaf olmamasını bildirməkdir. Əgər bir şəxs Xanım Zəhra (Allahın salamı olsun ona) üçün 20 gün əza saxlamaq barədə şəriətimizdən dəlil tələb edərsə, ona bu və bunun kimi bir çox hədisləri dəlil gətirmək olar.
Demək Quran, hədis və sağlam ağıldan gətirdiyimiz dəlillərə əsasən bu matəmlərin keçirilməsində heç bir problem yoxdur!
Bəli əgər biri bu matəmi saxlamaq istəmirsə, biz ona demirik ki, sən dindən və ya məzhəbdən çıxırsan, yaxud haram bir iş edirsən. Sadəcə deyirik ki, bir Əhli-beyt şiəsi kimi o günləri matəm etmək daha münasibdir. Bu matəm günlərində toy və şənlik etmək şəriətdə haram olmasa belə, (dindar camiədə) ictimai qınağa səbəb olduğu üçün ondan çəkinmək və bu işlərdə diqqətli olmaq lazımdır!
Çalışmalıyıq ki, Əhli-beytin (Allahın salamı olsun ona) qəm-qüssəli günlərində onların müsibətlərini yad edək və onların başlarına gətirilmiş zülmləri həm özümüz xatırlayaq, həm də digərlərinə xatırladaq.
Sonda bir daha qeyd etmək istərdik ki, Əyyami-Fatimiyyədə (Xanım Fatimə günlərində) 20 gün əza saxlamayan möminlər bu günlərdə əza saxlayıb, matəm quran digər möminlərə tənə vurmaqdan və onları şəriətin xilafına getməkdə ittiham etməkdə ehtiyatlı olmalıdırlar. Çünki yuxarıda qeyd etdiyimiz və bu məqalədə qeyd etmədiyimiz bir çox hədislərə əsasən Əhli-beytə hər vaxt əza saxlamaq gözəl və bəyənilən bir əməldir. Lakin bu əməlin pis olmasını göstərən heç bir hədisimiz yoxdur. Buna görə də unutmamalıyıq ki, bizim üçün əsas ölçü Quran və Əhli-beyt olmalıdır. Allah-təala Xanım Zəhra (Allahın salamı olsun ona) müsibətində matəm saxlayanlara o Xanımın şəfaətini nəsib etsin.
Qeyd 1: Xanım Zəhranın (s) şəhid olduğu gün barədə 3 məşhur rəy mövcuddur:
Xanım Zəhra (s) Peyğəmbərdən (s) ya 40 gün sonra (8 rəbius-sani), yaxud 75 gün sonra (13 cəmadiul-əvvəl) və ya 95 gün sonra (3 cəmadius-sani) şəhid olmuşdur.
Qeyd 2: Qədim zamandan böyük alimlərimiz cəmadiul-əvvəl ayının 13, 14, 15-ci günlərini və cəmadius-sani ayının 1, 2, 3-(bəzi alimlər isə əlavə olaraq 4 və 5-)ci günlərini Xanım Fatimə (s) günləri (əyyami-Fatimiyyə) kimi qeyd etmişlər. (red.)
Məqalədə şeyx Fəqan Məmmədovun mühazirələrindən istifadə olunmuşdur.
Seyyid Tahir Baqıyev
besiret.az
[1] Nəhcül-Bəlağə, 201-ci xütbə; Üsuli-Kafi, c. 1, səh. 291