Ümmü-Gülsüm və Ömərin izdivacı

Ümmü-Gülsüm və Ömərin izdivacı

2018-01-30 816

Ümmü-Gülsümün Ömərlə evlənməsi barədə təhqiqat

Bu məqaləmizdə Ümmü-Gülsümün Ömərlə evlənməsi barədə olan rəvayətləri təhqiq edəcəyik. Görəsən bu evlilik baş tutmuşdurmu? Əgər baş tutmuşdursa, bu məsələ Ömərlə İmam Əli (əleyhissalam) arasında yaxşı münasibətlərin olmasına dəlalət edirmi? Buna görə əvvəlcə sünni mənbələrində gələn hədisləri qeyd edib, onlar barədə danışacaq, daha sonra isə şiə mənbələrində gələn hədislərə baxacağıq.

Əhli-sünnə mənbələrində bu məsələ barəsində olan hədislər

  1. İbn Sədin “Təbəqat” kitabında nəql etdiyi hədislər:

Bu barədə dəlil gətirilən hədislərdən bir  neçəsi sünnilərin böyük alimlərindən biri olan İbn Sədin “ət-Təbəqatul-kubra” kitabında nəql olunmuşdur. Kitabın müəllifi olan Muhəmməd ibn Səd ibn Məni Zuhri 230-cu ildə vəfat etmişdir. O, öz kitabında İmam Əlinin qızı Ümmü-Gülsümün (əleyhima salam) Ömərlə izdivacı barəsində bir neçə hədis nəql etmişdir.

İbn Səd öz kitabında deyir: “Ümmü-Gülsümün atası Əli ibn Əbu Talib ibn Əbdulmuttəlib ibn Haşim ibn Əbdulmənaf, anası isə Peyğəmbərin qızı Fatimə olmuşdur. Fatimənin anası Xədicə bint Xuveylid ibn Əsəd olmuşdur. Ümmü-Gülsüm hələ həddi büluğa çatmamışdan öncə Ömər ibn Xəttab onunla evlənmişdir. Bu izdivacın nəticəsində Zeyd adında bir oğlan və Rüqəyyə adında bir qız doğulmuşdur. Ümmü-Gülsüm Ömər ibn Xəttab ölənədək onunla evli olmuşdur. Ümmü-Gülsüm Ömər öldükdən sonra Ovn ibn Cəfər ibn Əbu Taliblə evlənmişdir. Lakin Ovn öldükdən sonra qardaşı Muhəmməd ibn Cəfər ibn Əbu Talib onunla evlənmişdir. Əli ibn Əbu Talibin qızı Zeynəb öldükdən sonra Muhəmmədin qardaşı Abdullah ibn Cəfər ibn Əbu Talib Ümmü-Gülsümlə evlənmiş və Ümmü-Gülsüm elə onun evində dünyadan köçmüşdür. Lakin, Ümmü-Gülsüm  Ömərdən sonra olan evliliklərdən uşaq dünyaya gətirməmişdir”.

Birinci hədis:

Ənəs ibn Əyaz Cəfər ibn Muhəmməddən (İmam Sadiqdən) belə nəql edir: “Ömər ibn Xəttab Həzrət Əlinin qızı Ümmü-Gülsüm üçün elçi getdi. Amma Həzrət Əli Ömərə belə dedi: “Mən Ümmü-Gülsümü öz qardaşım oğullarından birinə verməyi fikirləşirəm”. Ömər dedi: “Ey Əli, öz qızını mənə ver. Yer üzərində elə bir adam tanımıram ki, mənim onunla rəftar etdiyim kimi gözəl rəftar edə bilsin.” Həzrət Əli belə cavab verdi: “Bu işə razıyam. (Yəni, Ümmü-Gülsümün səninlə evlənməyinə razıyam)”. Bundan sonra Ömər mühacirlərin Peyğəmbərin qəbr və minbəri arasında olan yerlərinə gəldi. Burada Əli, Osman, Təlhə, Zübeyr və Əbdur-Rəhman ibn Ouf oturmuşdular. Ömər onlara yaxınlaşıb dedi: “Mənə müjdə verin”. Oturanlar Ömərdən nə üçün müjdə istədiyini soruşdular. Ömər dedi: “Əli ibn Əbu Talibin qızıyla evləndiyim üçün mənə müjdə verin”. Onlar Öməri təbrik etdilər...”

İkinci hədis:

Vəki ibn Cərrah, Huşam ibn Səddən, o da Əta Xorasanidən nəql edir: “Ömər ibn Xəttab Əli ibn Əbu Talibin qızı üçün qırx min dirhəm mehriyyə təyin etmişdi”.

Üçüncü hədis:

Muhəmməd ibn Ömər və digərləri nəql edirlər: “Ömər ibn Xəttab Əli ibn Əbu Talibin qızı üçün elçiliyə getdikdə, Əli ona dedi: “Ey Əmirəl-möminin, onun yaşı hələ azdır”. Bundan sonra Ömər Əliyə dedi: “Allaha and olsun ki, bu sənin etmək istədiyin iş deyil. Mən sənin nə etmək istədiyi bilirəm”. Ömər getdikdən sonra Əli öz qızı Ümmü-Gülsümü yanına çağırır və onu Ömərin evinə göndərir. Ümmü-Gülsüm Ömərin evindən çıxıb, öz evlərinə gəlir. Bundan sonra Əli ibn Əbu Talib onu Ömərlə evləndirir və bu evlilikdən Zeyd adında uşaq dünyaya gəlir”.

Dördüncü hədis:

Vəki ibn Cərrah, İsmail ibn Əbu Xaliddən, o da Amir Şəbidən rəvayət edir: “Zeyd ibn Ömər və Ümmü-Gülsüm öləndə Ömərin oğullarından biri onlara qırx təkbir dedi və Zeydi öz dayandığı tərəfdə, Ümmü-Gülsümü isə qiblə tərəfdə qoyub onlara namaz qıldı”.

Beşinci hədis:

Ubeydullah ibn Musa, İsraildən, o da Əbu Husayndan, o da Amirdən nəql edir: “İbn Ömər, Əli ibn Əbu Talibin qızı Ümmü-Gülsümə və oğlu Zeydə cənazə namazı qıldı. İbn Ömər Zeydi öz dayandığı tərəfdə qoydu və onun üçün qırx təkbir dedi”.

Altıncı hədis:

Ubeydullah ibn Musa və İsrail, Cabirdən, o da Amir Şəbidən nəql edir: “Abdullah ibn Ömər, Zeyd ibn Ömər üçün cənazə namazı qıldıqda Həsən və Huseyn də onun arxasında namaz qılırdılar...”

Yeddinci hədis:

Ubeydullah ibn Musa, İsraildən, o da Suddidən, o da Abdullah ibn Bəhidən nəql edir: Abdullah ibn Bəhi deyir: “Mən şahidəm ki, İbn Ömər Ümmü-Gülsüm və Zeyd ibn Ömər üçün cənazə namazı qıldı və Zeydi pişnamaz durduğu tərəfdə basdırdı. Həsən və Huseyn də buna şahid idilər”.

Səkkizinci hədis:

Vəki ibn Cərrah, Həmmad ibn Sələmədən, o da Əmmar ibn Əbu Əmmardan nəql edir: “Mən onların (Ümmü-Gülsüm və Zeyd ibn Ömərin) dəfn mərasimi günü orada idim. O vaxt Mədinənin valisi olan Səid ibn As o ikisi üçün namaz qıldı. Bu zaman onun arxasında peyğəmbərin səhabələrindən səksən nəfər var idi”.

Doqquzuncu hədis:

Cəfər ibn Ovn, İbn Cureycdən, o da Nafedən nəql edir: “Ümmü-Gülsümün və Zeyd ibn Ömər ibn Xəttabın cənazəsinə namaz qılındı. Bu namaza Səid ibn As imamlıq edirdi”.

Onuncu hədis:

Abdullah ibn Numeyr, İsmail ibn Əbu Xaliddən, o da Amirdən nəql edir: “İbn Ömər qardaşı Zeydin və Ümmü-Gülsümün cənazələrinə namaz qıldı. Onların hər ikisinin cənazəsi bir tabutda idi. Zeydin cənazəsi imam-camaata yaxın idi”.[1]

  1. Əbu Buşr Dulabinin “Zurriyətut-tahirə” kitabında nəql etdiyi hədislər:

Qeyd etdiyimiz məsələ barəsində hədis nəql edən digər böyük sünni alimi Əbu Buşr Dulabi olmuşdur. O, 310-cu ildə dünyasını dəyişmişdir. Özünün “Zurriyyətut-tahirə” kitabının Ümmü-Gülsümlə bağlı olan hissəsində bir neçə rəvayət nəql edir ki, onları əziz oxuculara təqdim edirik:

Birinci hədis:

Dulabi, Əhməd ibn Əbdul-Cabbardan, o da Yunis ibn Bukeyrdən, o da İbn İshaqdan belə eşitdiyini deyir: “Peyğəmbərin qızı Fatimə, Əli ibn Əbu Talibdən Həsən, Huseyn və Muhsin adlı 3 oğul dünyaya gətirmişdir. Muhsin uşaq yaşlarından vəfat etmişdir. Həmçinin Əlidən Zeynəb və Ümmü-Gülsüm adında iki qız uşağı dünyaya gətirmişdir”.

İkinci hədis:

İbn İshaq deyir: Asim ibn Ömər ibn Fəttadə mənə belə dedi: “Ömər ibn Xəttab, Əli ibn Əbu Talibdən qızı Ümmü-Gülsümü istədi. Əli ona belə dedi: “O hələ kiçikdir”. Ömər dedi: “Allaha and olsun ki, sən məni bu işdən çəkindirmək istəyirsən. Əgər dediyin kimidirsə, onu mənim yanıma göndər”. Əli ayağa durdu və Ümmü-Gülsümün yanına gedib, ona bir parça verdi və ona dedi: “Bu parçanı Ömərin yanına apar və ona belə de: “Atam deyir ki, bu parça sizin xoşunuza gəlirmi?” Ümmü-Gülsüm parçanı atasından aldı və atasının dediyi kimi etdi. Ömər ona əli ilə toxundu. Lakin, Ümmü-Gülsüm əlini geri çəkdi və belə dedi: “Məni rahat burax”. Ömər əlini geri çəkdi və dedi: “Nə zərif və xoş bədənin var. Get və atana belə de: “Qızın çox xoşuma gəldi. Allaha and olsun ki, o sən dediyin kimi azyaşlı deyil”. Bundan sonra Əli ibn Əbu Talib qızı Ümmü-Gülsümü Ömərlə evləndirdi”.

Üçüncü hədis:

Əhməd ibn Əbdulcabbar, Yunis ibn Bukeyrdən, o da Xalid bin Salehdən, o da Vaqid ibn Muhəmməd ibn Abdullah ibn Ömərdən, o da bəzilərindən belə rəvayət edir: “Ömər ibn Xəttab, Əli ibn Əbu Talibə qızı Ümmü-Gülsüm üçün elçilik etdi. Əli ona belə dedi: “Onun məndən başqa vəliləri də (qardaşları) var. Bunun üçün mən gərək onlardan icazə alım”. Bu zaman Əli Fatimənin oğullarının yanına getdi və məsələni onlara açıqladı. Onlar dedilər: “Ümmü-Gülsümü onunla evləndir”. Əli o zaman yaşı az olan qızı Ümmü-Gülsümü yanına çağırdı və ona dedi: “Ömərin yanına get və ona de: “Atam sənə salam deyir və bildirir ki, sənin bizdən istədiyini həyata keçirdik”. Ümmü-Gülsüm Ömərin yanına getdi və atasının dediklərini ona çatdırdı. Bu zaman Ömər Ümmü-Gülsümü qucaqladı və dedi: “Mən Ümmü-Gülsümü atasından istədim və atası onu mənimlə evləndirdi”.

Dördüncü hədis:

Əbdüləziz ibn Məni, Əbu Dərda Mərvəzidən, o da Xalid ibn Xidaşdan, həmçinin İshaq ibn İbrahim ibn Muhəmməd ibn Süleyman ibn Bilal, Əbu Cəmahir Muhəmməd ibn Osmandan belə nəql edir ki, Abdullah ibn Zeyd öz atasından, o da babasından nəql edir: “Ömər ibn Xəttab Əli ibn Əbu Talibin qızı Ümmü-Gülsüm üçün qırx min dirhəm mehriyyə təyin etdi və onunla evləndi”.

Beşinci hədis:

Əbu Usamə Abdullah ibn Muhəmməd, Həccac ibn Əbu Mənidən, o da öz babasından, babası da Zuhridən belə nəql edir: “Ömər ibn Xəttab Əli ibn Əbu Talibin Fatimədən olan qızı Ümmü-Gülsümlə evləndi və bu evlilikdən Zeyd adında oğlan dünyaya gəldi”.

Altıncı hədis:

Əhməd ibn Əbdul-Cabbar, Yunis ibn Bukeyrdən, o da İbn İshaqdan belə rəvayət edir: “Ömər ibn Xəttab Əlinin qızı Ümmü-Gülsümlə evləndi və bu evlilikdən Zeyd adında bir oğlan və bir qız dünyaya gəldi. Ümmü-Gülsüm həyatda olarkən Ömər ibn Xəttab öldü”.

Yeddinci hədis:

Əbu Usamə Abdullah ibn Muhəmməd Hələbi, Həccac ibn Əbu Mənidən, o da öz atasından, atası Zuhridən belə rəvayət edir: “Ümmü-Gülsüm Ömər ibn Xəttabdan sonra Ovn ibn Cəfər ibn Əbu Taliblə evləndi və Ovn ölənədək Ümmü-Gülsüm ondan uşaq dünyaya gətirmədi”.

Səkkizinci hədis:

Əhməd ibn Əbdul-Cabbar, Yunis ibn Bukeyrdən, o da İbn İshaqdan belə nəql edir: “Ömər ibn Xəttab öldükdən sonra Ümmü-Gülsüm Ovn ibn Cəfər ibn Əbu Taliblə evləndi. Ümmü-Gülsüm həyatda olarkən Ovn ibn Cəfər dünyadan köçdü. Ümmü-Gülsüm Ovndan uşaq dünyaya gətirməmişdi”.

Doqquzuncu hədis:

İbn İshaq və İbrahim ibn Yəqub ibn İshaq Cürcani, Yezid ibn Harundan, o da Həmmad ibn Sələmədən, o da Əmmar ibn Əbu Əmmardan rəvayət edir: “Əlinin qızı Ümmü-Gülsüm və onun Ömərdən olan oğlu Zeyd, hər ikisi öldülər. Biz onları kəfənlədik. Səid ibn As onlara namaz qıldı. Bu zaman Əmrin arxasında Həsən, Huseyn və Əbu Hureyrə də durmuşdular.[2]

  1. Hakim Nişapurinin “əl-Mustədrək” kitabında nəql etdiyi hədislər:

Hakim Abdullah Nişapuri hicri-qəməri 405-ci ildə dünyadan köçmüşdür. O, bu barədə yalnız bir rəvayət nəql etmişdir. Həmin hədisi sizin nəzərinizə çatdırırıq:

Həsən ibn Yəqub və İbrahim ibn İsmət (Hakim Nişapuriyə görə hər ikisi adildir), Sərri ibn Huzeymədən, o da Muəlla ibn Əsəddən[3], o da Vuheyb ibn Xaliddən, o da Cəfər ibn Muhəmməddən (İmam Sadiqdən), o da öz atasından, atası Əli ibn Huseyndən belə rəvayət edir: “Ömər ibn Xəttab Əli ibn Əbu Talibə qızı Ümmü-Gülsüm üçün elçi getdi və ona belə dedi: “Ümmü-Gülsümü mənimlə evləndir”. Əli dedi: “Mən onu qardaşım oğlu Abdullah ibn Cəfərlə evləndirməyi fikirləşirdim”. Cavabında Ömər belə dedi: “Onu mənimlə evləndir. Allaha and olsun ki, heç kəs onunla mənim kimi gözəl rəftar edə bilməz”. Bundan sonra Əli Ümmü-Gülsümü onunla evləndirdi. Ömər mühacirlərin yanına getdi və belə dedi: “Mənə müjdə vermirsinizmi?” Onlar soruşdular “Nəyə görə sənə gözaydınlığı verək?” Ömər dedi: “Ona görə mənə müjdə verin ki, mən Əli ibn Əbu Talib və Peyğəmbərin qızı Fatimənin övladı Ümmü-Gülsümlə evləndim...”[4]

Bu hədisi nəql etdikdən sonra Nişapuri yazır: “Bu hədis sənəd cəhətindən səhihdir. Halbuki, bu hədisi Buxari və Müslim nəql etməmişlər”.


[1] İbn Səd, “ət-Təbəqatul-kubra”, c.8, səh.338, “Kutubul-elmiyyə” nəşriyyatı, Beyrut, 1410 h.q.

[2] Dulabi, “əz-Zurriyətut-Tahirətin-Nəbəviyyə”, “Ümmü-Gülsüm bint Fatimə bint Rəsulullah” babı, “Darus-Sələfiyyə” nəşriyyatı, Kuveyt, 1407 h.q.

[3] Kitabın mətnində Muəlla ibn Raşid yazılsa da bu səhvdir.

[4] Hakim Nişapuri, “əl-Mustədrək”, c.3, səh.86, “Mərifətus-səhabə”, “Mənaqibu-Əmiril-muminin Əli ibn Əbu Talib” hədis 4684, “Kutubul-elmiyyə” nəşriyyatı, Beyrut, 1411 h.q

davamı növbəti səhifədə