Allaha ibadət etməyin vacibliyinə əqli dəlillər

Allaha ibadət etməyin vacibliyinə əqli dəlillər

2018-01-28 2141

Allaha ibadət etməyin vacibliyinə əqli dəlillər

İslam dininin ən əsas hədəfi və ən əzəmətli məsələsi olan tovhid üçün Qurani-Kərim və hədislərdə bir neçə mənalar zikr olunmuşdur. Bu elmi daha yaxşı başa düşməyimiz üçün alimlərimiz Qurani-Kərim və hədislərdə zikr olunan bu mənaları tərtib edərək bir neçə qismlərə bölmüşlər. Bu qismlərdən biri ibadətdə tovhid adlanır. İbadətdə tovhidin mənası budur ki, "bəndə öz Rəbbini tanıdıqdan sonra Ona ibadət etməli və öz ibadətini yalnız ona məxsus etməlidir. İbadətində Ona şəriklər qərar verməsi qadağandır."

Deməli, hər bir bəndəyə vacibdir ki, öz Rəbbini tanısın və Ona ibadət etsin. Lakin sual oluna bilər ki, Allaha ibadət etmək nəyə əsasən vacibdir? Ayə və hədisləri kənara qoysaq , sırf ağlımızın hökmü ilə qəzavət etsək, ibadət etməyin vacibliyinə ağlımız hökm edirmi? Bu sualdan əvvəl bir məsələni müqəddimə olaraq qeyd etməyimiz vacibdir. Bu müqəddimə, hər şeyi yaradanın Allah olmasını isbat etməkdir. Çünki, Allahı yaradan olaraq qəbul etməyən şəxslərlə ibadətdə tovhid məsələsini müzakirə etməyin heç bir faydası yoxdur. Başqa sözlə desək, Allahın mövcud olmasını qəbul etməyən kəs, nə Onun Xaliqliyini, nə də Ona ibadətin vacib olmasını qəbul edər.  Aşkar məsələdir ki, əgər yaradanın Allah olması sabit olsa, Onun var olması da sabit olacaqdır.

Varlıq aləminin mövcud olmasında çox nadir bir toplumu (sofistləri) çıxmaqla, heç bir dəstə şəkk etməmiş və bu barədə ixtilaf etməmişlər. Lakin bu aləmin necə mövcud olmasında insanlar ixtilaf etmişlər. Belə ki, insanlardan bəziləri "aləmin özü-özünə var olmasını", bəzisi "aləmin özü kimi bir varlıq tərəfindən var edilməsini", əksəri isə "aləmin sonsuz qüdrətə malik olan Allah tərəfindən yaradılmasını" qəbul etmişlər. Deməli insanlar bu məsələdə üç qrupa bölünmüşlər. Məsələni daha yaxşı başa düşməyimiz üçün deyilən bu fikirləri qısa şəkildə aşağıda sadalayırıq:

1) Aləm özü-özünə var olmuşdur, yəni, özü-özünü yaratmışdır.

2) Aləmi özü kimi bir varlıq yaratmışdır.

3) Aləmi tayı bərabəri olmayan və sonsuz qüdrətə malik olan Allah yaratmışdır.

Deyildiyi kimi əksər insanların qəbul etdiyi budur ki, bir varlığın özü-özlüyündə mövcud olması yaxud özünü yaratması ağlın hökmü ilə ziddiyyətlidir və bu iş qeyri-mümkün işlərdəndir. Çünki, bir varlığın özü-özünü yaratmasının, həmçinin, özü kimi yaranmağa ehtiyaclı birisinin ona varlıq bəxş etməsinin qeyri-mümkünlüyü aşkar məsələdir. Başqa sözlə desək, bir kəs özü-özünü necə yarada bilər? Əgər özünü yaratma fikri qəbul olunsa, gərək həmin varlığın eyni vaxtda həm mövcud olması, həm də yox olması  qəbul olunsun. Çünki, bu varlıq mövcud olmalıdır ki, özünü yaratsın və yox olmalıdır ki, yaradılsın. İkinci fikrə baxsaq, görərik ki, bu da qeyri-mümkün işdir. Çünki, özü yaradılmağa möhtac olan və faniliyə məhkum olan varlıq, necə bir şeyə vücud bəxş edə bilər? Aləmdə olan hər bir şeyin fani olduğunu hər kəs qəbul edir. Belə olduğu halda özü varlıq və yoxluq qarşısında təslim olan şeyin bir şeyi yoxdan var etməsi qeyri-mümkündür. Hər bir ağıl sahibi olan şəxs bu deyilənlərin qeyri-mümkün olduğunu təsdiq edir. Bu barədə insanı təfəkkür etməyə yönləndirən kifayət qədər ayə və hədislər vardır. Bütün bu xəbərlər sırf insan ağlının təsdiq etdiyi üsullara söykənərək bu işin qeyri-mümkün olmasını bəyan edir. Çünki, Quran və hədis qəbul etməyən inancsız şəxslər ilə yalnız ağlın hökmü ilə müzakirə aparmaq mümkündür. Elə buna görə Quran və hədis üsullarından biri insan ağlının qəbul etdiyi məsələlər üzərində dəlil gətirməkdir. Bu cəhətdən biz burada Qurani-Kərim və hədislərdən bir neçə nümunə gətirməklə kifayətlənəcəyik. Çünki, əvvəldə deyildiyi kimi Allaha ibadət etmək Onu tanımağa bağlı olduğu üçün bu məsələni müqəddimə olaraq zikr etməyimiz labüddür. İndi isə dediyimiz əqli dəlillərə işarə edən bəzi ayələri sizlərə təqdim edirik.

Qurani-Kərimdə hər şeyin yaradanının Allah olmasını bildirən ayələr

1) “Məgər onlar başqa bir şeydən yaranıblar, yoxsa özləri özlərinin yaradanıdırlar? Yoxsa göyləri və yeri onlar yaradıblar? (Xeyir,) əksinə, onların yəqinlikləri yoxdur[1]

Bu ayə, aşkar surətdə bir kəsin özünü yaratmasının qeyri-mümkünlüyünə işarə edir. Həmçinin, varlığı ilə yoxluğu bərabər olan varlıqların aləmi xəlq etməsində aciz olduqlarını bəyan edir.

2) De: «Mənə xəbər verin, göstərin (görüm) Allahın yerinə çağırdıqlarınız (sizin kimi sonradan var olanlar) bu yerdən nə yaratmışlar?» Yoxsa onlar göylərdə (göylərin yaradılmasında) şərikdirlər? Əgər doğru deyirsinizsə, mənə bundan (Qurandan) əvvəl olmuş bir kitab və ya (keçmiş nəsillərdən) qalmış elmi dəlil-sübut gətirin!"[2]

3) (Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi yaratmışlar? Yoxsa onların göylərdə (göylərin yaradılışında) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! Əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər [3]

4) "Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar"[4]

5) “Onlar heç bir şey yaratmayan və özləri yaradılan varlıqları (Allaha) şərik qoşurlar?”[5]

6) "Məgər (bu) insan onu bundan qabaq həqiqətən (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?"[6]

7) "Bunlar Allahın yaratdıqlarıdır, (siz də) Mənə Allahdan başqalarının (bu aləmdə) nə yaratdığını göstərin. (Onlar heç bir şey yaratmamışlar), xeyr, bu zalımlar açıq-aşkar azğınlıq içindədirlər"[7]

Məlumdur ki, tarixdə bu günə qədər Allaha şərik qoşan müxtəlif dəstələr olmuşdur. Bu dəstələrdən bəziləri canlıları, bəziləri cansızları, bəziləri gözə görünənləri, digərləri isə gözə görünməyən varlıqları özlərinə məbudlar qərar vermişdir. Varlıq sinfinə daxil olan bütün bu məbud dəstələrini, Allah bu ayələrdə cəm edərək, hamısının bu aləmi yaratmaqda aciz olduğunu bəyan edir. Belə ki, bu fikir sahiblərinə meydan oxuyaraq, iddialarına dəlil gətirmələrini tələb edir. Əgər ortada dəlil yoxdursa, deməli bu əsassız iddiadan başqa bir şey deyildir. Həmçinin, bu onu göstərir ki, bir varlıq həmtay olduğu digər bir varlığa vücud bəxş edə bilməz.

Bunlar yaratmağın Allah təbarək və təalaya məxsus olmasına dəlalət edən ayələr idi. İndi isə ağıl qüvvəsinə söykənərək bu yaratmağın öhdəsindən yalnız Allahın gələ biləcəyini isbat edən hədislərə müraciət edirik. Təbii ki, bu mövzuda hədislər kitablarımızda həddən artıq çoxdur. Onlardan  bəzilərini sizlərə təqdim edirik:

Hər şeyin yaradanının Allah olmasını bildirən hədislər

1)Hüseyn ibn Xalid İmam Rzadan (aleyhissəlam) nəql edir: "Bir kişi İmamın (aleyhissəlam) yanına daxil olub dedi: “Ey Peyğəmbər (səllalahu aleyhi və alihi və səlləm) övladı! Aləmin sonradan yaranmasına dəlil nədir?” İmam (aleyhissəlam) buyurdu: “Sən əvvəl yox idin, sonra var oldun. Sən özün-özünü yaratmadığını bilirsən. Həmçinin, səni, sənin kimi olan bir kəsin də yaratmadığını bilirsən"[8]

2) İmam Sadiqə (aleyhissəlam) sual verildi: "Aləmin yaradanının olmasına dəlil nədir?”

İmam (aleyhissəlam) buyurdu: Dəlillərin çoxusu elə özümdədir. Çünki, özümə baxdıqda görürəm ki, iki haldan birindəyəm: “1) Mən var olan halda özüm-özümü yaratmışam. Bu qeyri-mümkündür. Çünki, var olan şeyi ikinci dəfə var etmək qeyri-mümkündür. 2) Mən yox olan halda özüm-özümü yaratmışam (buda qeyri-mümkündür). Yox olan şey necə bir şeyi yarada bilər? Mən hər iki yolun batil olduğunu (və əqlə zidd olduğunu) gördükdən sonra bildim ki, mənim başqa bir yaradan və idarə edənim var!"[9]

Bütün bu ayə və hədislər  insan ağlının bir başa hökm verdiyi məsələlərə söykənərək yaratmağın yalnız Allaha məxsus olmasını bəyan edir. Qurani-Kərim Allahı yaradan olaraq inkar edən dəstələrə, öz iddialarını isbat etmək üçün dəlil gətirmələrini tələb edir. Çünki, insan üçün əvvəldə deyilən, həmçinin, hədislərin işarə etdiyi üç yoldan başqa bir seçim yoxdur. İnsan ya özünü, ya özü kimi bir varlığı, ya da bənzərsiz və şəriksiz olan bir varlığı yaradan olaraq qəbul etməlidir. Əvvəldəki iki qismin batil olması aşkardır və əlavə dəlillərə ehtiyac yoxdur.

Allah təbarək və təalanın yaradan və bütün varlıq aləminə səbəb olması sabit olduqdan sonra, keçirik ona ibadət və itaət etməyin vacib olması mövzusuna. Əvvəldə deyildiyi kimi bizim burada məqsədimiz ibadət və itaətin vacib olmasının, ağlımızla uyğun olub olmamasını müzakirə etməkdir. Təbii ki, İslam dinini qəbul edərək müsəlman olan elə bir şəxs yoxdur ki, şəriətin ona ibadəti vacib edib-etməməsi barəsində şəkk etsin. Bütün müsəlmanlar Qurani-Kərim və hədislərə əsaslanaraq tək olan Allaha ibadətin vacib olmasında icma etmişlər. Bu cəhətdən sırf bizə nəql olunmuş xəbərlərə söykənib dəlil gətirməyə ehtiyac yoxdur ki, görəsən bizə ibadət və itaət etmək vacibdir, ya yox? Lakin görəsən Quran və sünnədən əlavə ibadətin vacibliyinə ağlımız da hökm edirmi? Bu suala cavab verməzdən əvvəl ibadət kəliməsinə tərif verməyə ehtiyac vardır. Çünki, bir işin vacibliyindən əvvəl onun necəliyi bilinməlidir.

İslam alimləri “ibadət” kəliməsinə müxtəlif cümlələr ilə təriflər versələr də, bütün bu təriflər məna etibarı ilə eynilik təşkil edirlər. Bu təriflərin demək olar ən məşhuru bu tərifdir: “İbadət - dildə və əməldə bir kəsi yaradan, ilah, idarəçi, tərbiyəçi və sahib bilib ona itaət etmək, qarşısında kiçilməkdir.”

İbadət kəliməsinin tərifi məlum olduqdan sonra keçirik bu işin vacibliyinə dəlalət edən əqli dəlillərə. Etiqadımıza görə Allaha ibadət etmək vacibdir və ondan başqası bu işə layiq deyildir.

İbadətdə tovhidə əqli dəlillər

Hər bir ağıl və düşüncə sahibi olan şəxs, özündən üstün olan bir kəsə ibadət edər və bir neçə ehtiyac üçün ona pənah aparar. Başqa sözlə desək, varlıqların ehtiyac sifəti onları, hər şeydən ehtiyacsız olan bir varlıqdan kömək almalarına və ona pənah aparmalarına vadar edir. Ehtiyaclılıq özü bir neçə cəhətdir. Elə bu cəhətlər səbəbilə hər bir varlığa ehtiyacsız olan Allah təbarək və təalaya ibadət etmək vacib olur. Bu cəhətlərin bəzilərini aşağıda qeyd edirik:

1) Naqis olan varlığın borcudur ki, kamil və nöqsansız olan varlığa itaət etsin.

2) Bir şəxsə vacibdir ki, onu  yaradana, ona nemət və ehsan əta edənə itaət etsin.

3) Naqis olan varlığın mənfəət əldə etməsi və zərərləri özündən uzaqlaşdırmaq üçün kamil varlığa ehtiyaclıdır. Bu ehtiyac, onu kamil varlığa itaət eməsini vacib edir.

4) Naqis varlıq, kamil varlığın böyüklüyü ilə müxalifətçilik etdiyi və ona qarşı çıxdığı halda çəkəcəyi zərərin qorxusundan ona itaət edər.

Qeyd olunan bütün bu səbəblər bəndəyə öz Rəbbinə ibadət və itaət etməsini vacib edir. Çünki, ağıl sahibi olan hər bir kəs bu qismlərə baxsa və oradakı kamillik sifətlərinə diqqət etsə, görəcək ki, bütün bu kamilliklər Allah təbarək və təalada cəm olmuşdur. Çünki, ibadət və itaət olunmağa layiq olan Allah təbarək və təala bütün kamillik sifətlərinə sahibdir. Onun bütün nöqsan sifətlərndən pak və uzaq olmasında şəkk yoxdur. Bütün batini və zahiri nemətləri əta edən, hər bir şeyi idarə edən Odur. O, Allahdır ki, aradan getməyən geniş rəhmət və məğfirət sahibidir. O Allah varlıq aləminə şəriki olmadan mütləq Malik və Sahibdir. Hər bir şeyi idarə edir, qoruyur, işində heç bir zaman yorulmaz, qarışısı alınmaz və məğlub edilməzdir. Çünki, hər şeyə Qalib və Qəhhar Odur. O, salehlərin xeyir əməllərindən və günahkarların zülmündən ehtiyacsızdır. Çünki, salehlərin yaxşılığı Ona fayda verməz və günahkarların zülmü ona zərər etməz. O, bütün yaradılış aləminin Sultanıdır. Allah təala bütün kamal sifətlərinə sahib olduğu, həmçinin,  nemət əta edən, rəhmət bəxş edən və həqiqi Sultan olduğu üçün ibadət olunmağa layiqdir. Ağıl və düşüncə sahibi olan hər bir şəxs, bu kimi sifətlərə sahib olan kəsdən başqasına pənah aparmaz, ondan qeyrisinə ibadət etməz, başqasından kömək istəməz və başqasına təvəkkül etməz. Çünki, Ondan başqa hər nə varsa, möhtac və naqisdir. Özü naqis və möhtac olan kimsə isə kamillik və ehtiyacsızlıq bəxş edə bilməz. Şəni Uca olan Allah təbarək və təala bizləri, daim özünə ibadət edən və üzərimizdə rəhbər olaraq təyin etdiyi əmr sahiblərinə itaət edənlərdən qərar versin.

Anar Əhmədov

besiret.az


[1] Tur-35, 36.

[2] Əhqaf-4

[3] Fatir-40

[4] Nəhl-20

[5] Əraf-191

[6] Məryəm-67.

[7] Loğman-11

[8] Əbu Cəfər Muhəmməd ibn Əli əs-Səduq, “ət-Tovhid” səh 286, hədis 3.

[9]  Rovzətul-vaizin, səh 31.   Mutəşabihul-Quran, cild 1, səh 46.