Cədəl

Cədəl

2018-01-22 2256

Cədəl

Bu məqalədə toxunacağımız mövzu “din məsələlərində cədəl etmək” mövzusudur. Cədəl dinin hər hansı sahəsində qarşı tərəflə bəhs etmək və onlara dəlil gətirmək mənası verir. Görəsən dinimiz ümumiyyətlə “cədəl” etməyə icazə verirmi? İcazə verirsə, hansı çərçivədə buna icazə verir? Bu qısa məqaləmizdə bu kimi suallara cavab verməyə çalışacağıq.

Cədəl etmək barədə bizə Quran və sünnədən müxtəlif xəbərlər gəlib çatmışdır. Bu xəbərlərin bəziləri cədəl etməyin yaxşı bir iş, bəziləri isə pis iş olmasını açıqlayır. Bəzi ayə və hədislər cədəl etməyi tənqid edir və bu işi icra edənləri məzəmmət edir. Görəsən zahirdə ziddiyyətli olan bu xəbərlərin həlli nədir?

Əvvəlcə biz cədəli qadağan edən ayə və hədisləri sizə təqdim edirik.

Cədəl haqqında gələn qadağalar

“Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də haqqa qarşı dönük çıxırlar”[1]

Ayədən göründüyü kimi dini mövzular  barədə “mübahisə” etmək haqdan dönüklük kimi qələmə verilir. Görəsən “bəhs etmək” haqdan uzaq olmaq deməkdirmi? Bu suala qarşıda cavab verəcəyik.

Bir hədisdə İmam Sadiq (aleyhissəlam)  kəlam (bəhs) əhlinin həlak olacağını söyləyir.

İmam (aleyhissəlam)  buyurur: “Kəlam əhli həlak olar və müsəlman olan şəxslər nicat tapar. Həqiqətən müsəlman olanlar  nicat tapacaq”[2]

Başqa bir hədisdə İmam Əli (aleyhissəlam)  cədəl haqqında belə buyurur: “Kim öz dinini “cədəl” ilə öyrənsə, dinsiz olar”[3]

Göründüyü kimi “cədəl” Quran və sünnədə məzəmmət olunur. Görəsən bizim vəzifəmiz nədir? Bu kimi məqamda nə etməliyik? Cədəli tərk etməliyik, yoxsa bunun başqa bir həlli var? Alimlərimiz bu barədə nə kimi şərhlər vermişlər?

İndi isə əziz oxuculara şiənin görkəmli və böyük alimlərindən hesab olunan Şeyx Mufidin (r.ə) “cədəl” barəsində verdiyi şərhi təqdim edirik. Şeyx Mufid (r.ə) öz “Təshihul-etiqad” əsərində “cədəl” bəhsi açaraq bu ziddiyyətli xəbərlərin mətnlərini həll edir və heç də cədəli bütünlükdə haram hesab etmir. Bunun üçün Quran və sünnədən dəlillər qeyd edir. Belə ki, Şeyx (r.ə) yazır: “Cədəl iki növdür. Biri düzgün, digəri isə batildir. Düzgün cədələ gəlincə, bu işə əmr olunub (yəni müxaliflərlə bəhs etmək bizə əmr olunub). Batil cədəl isə qadağan və məzəmmət olunub. Allah təbarək və təala Öz Peyğəmbərinə (səllallahu aleyhi və alihi və səlləm) buyurur: “Onlarla ən gözəl tərzdə mübahisə et!”[4]

Allah təbarək və təala burada müxaliflərlə cədəl etməyə əmr edir və bunun mənası onlara dəlil gətirməkdir. Çünki, Həzrət Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm)  mübahisəsi haqdır. Digər yerdə Allah təbarək və təala bütün müsəlmanlara belə buyurur: “Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin!”[5]

Bu ayədə Allah təbarək və təala bütün müsəlmanlara kitab əhli ilə gözəl şəkildə bəhs etməyi əmr edir və onları pis olan mübahisədən çəkindirir. Yaxud da Allah təbarək və təala Nuhun (aleyhissəlam)  öz qövmü ilə mübahisəsini belə hekayət edir: “Onlar dedilər: Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın”[6]

Əgər cədəl etmək bütünlükdə batil olsaydı, Allah təbarək və təala bu işə əmr etməzdi. Peyğəmbərlər (aleyhimussəlam)  bundan istifadə etməzdi və müsəlmanların bu işi görməyinə izni olmazdı. Allah təbarək və təala batil olan cədəli bizlərə bəyan etmişdir. Belə ki, Allah buyurur: “Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də haqqa qarşı dönük çıxırlar”[7]    

Allah təbarək və təala bu ayədə cədəl edənləri məzəmmət edir. Çünki, onlar haqqı inkar edirdilər.

Həmçinin Allah təbarək və təala Öz Xəlili İbrahimin (aleyhissəlam)  mübahisəsini belə zikr edir: “İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi görmədinmi?”[8]

Bu ayə onların mübahisəsindən xəbər verir.

Şeyx Kuleyni (r.ə) “əl-Kafi” əsərində Yunis ibn Yəqub (r.ə)  və İmam Sadiqin (aleyhissəlam) hadisəsini zikr etmişdir. Hədis belədir: "Yunis ibn Yaqub İmam Sadiqin (aleyhissəlam) yanında idi. Bu zaman İmamın (aleyhissəlam) səhabələri ilə bəhs etmək üçün içəri Şam şəhərindən olan birisi daxil oldu. İmam (aleyhissalam) Yunisə buyurdu: Ey Yunis! Əgər kəlam elmin gözəldisə, onunla bəhs et! Yunis İmama (aleyhissəlam) dedi: Sənə fəda olum özüm sizdən kəlam elmini qadağan etdiyinizi və "vay olsun kəlam əhlinə" dediyinizi eşitmişəm. O, kəlam əhli ki, (özlərindən düşünərək) deyirlər: “Filan şey uyğundur filan şey uyğun deyil, filan şey düzgündür filan şey düzgün deyil və filan şeyi düşünürük filan şeyi düşünmürük və s.” İmam (aleyhissəlam) buyurdu: "Mən yalnız mənim sözümü tərk edən və əksinə söz deyən kəlam əhli haqqında vay olsun demişəm".

Həmçinin Musa ibn Cəfər (aleyhiməssəlam) Muhəmməd ibn Həkimə buyurur: “İnsanlarla danış və üzərində olduğun haqqı onlara bəyan et! Zəlaləti də onlara  bəyan et hansı ki, onlar onun üzərindədir”

İmam Sadiq (aleyhissəlam) səhabələrindən bəzilərinə belə deyərdi: "İnsanlara (müxaliflərə) mənim kəlamımla dəlil gətirin. Əgər (bu bəhsdə) onlar sizə qalib gəlsələr o zaman məğlub olan siz yox mən olaram."[9]

Göründüyü kimi Şeyx (r.ə) möhkəm dəlillərlə isbat etdi ki, cədəl etmək heç də bütünlükdə qadağan deyil. Bəlkə pis və qəbih olan cədəl müsəlmanlara qadağan edilmişdir.  Şeyxin (r.ə) dəlillərini təqdim etdikdən sonra siz - əziz oxuculara İmam Sadiqdən (aleyhissalam)  icazəli olan cədəl haqqında bir neçə hədis təqdim etməklə kifayətlənirik.

İmam Sadiq (aleyhissəlam) buyurur: “Haqq olan kəlam batil üzərində sakit olmaqdan daha xeyirlidir”.[10]

İmam Sadiqdən (aleyhissəlam) nəql olunan uzun bir hədisdə belə deyilir: “İmamın (aleyhissəlam) yanında cədəl etmək zikr olundu və bir nəfər belə dedi: “Allah Rəsulu (səllallahu aleyhi və alihi və səlləm) və İmamlar (aleyhimussəlam) ondan (cədəl etməkdən) çəkindiriblər”. İmam Sadiq buyurdu: “Cədəl etmək bütünlüklə qadağan edilməyib. Lakin gözəl olmayan cədəldən çəkindiriblər. Məgər eşitməmisiniz ki, Alah belə buyurur: “Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin!”[11] Həmçinin, “İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et”[12] Gözəl cədələ gəlincə artıq alimlər din üçün bundan istifadə ediblər. Pis cədəl isə haram edilmişdir. Allah onu bizim şiələrimizə hara etmişdir. Allah onu necə bütünlüklə haram edə bilər ki, Özü buyurur: “Və dedilər: Cənnətə yəhudi, ya xristiandan başqa heç kəs daxil olmayacaqdır. (сavab olaraq Allah buyurdu) “Bu, onların xam xəyallarıdır. De! Əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin”[13] Allah düzgün elmi və imanı dəlil ilə qərar verib. Gözəl olan cədəldən başqa nə ilə dəlil gətirmək olar axı?”[14]

Sonda aldığımız nəticə bundan ibarətdir ki, Qurani-Kərim və hədislərə əsasən cədəl iki qismdir. Bir qisminə əmr olunmuş, digər qismindən isə çəkindirilmişdir. Allah bizi Quran və Əhli-Beytdən ayrı salmasın.

 Anar Əhmədov

besiret.az


[1] Ğafir surəsi, 69-cu ayə

[2] “Tovhid” səh.458, hədis 22

  “Bəsairud-dərəcat” səh.541, hədis 4, 5

  “Əl-etiqadat” səh.96                                                                                                         

  “Təshihul-etiqad” səh.68

[3] “Əl-etiqadat” səh.95               

[4] Nəhl 12

[5] Ənkəbut 46

[6] Hud 32

[7] Ğafir 69

[8] Bəqərə 258

[9] “Şeyx Mufid, “Təshihul-etiqad” səh 68-71

[10] “Mən la yəhzuruhul fəqih” cild 5, səh 396, hədis 5847.

[11] Ənkəbut 46

[12] Nəhl 125

[13] Bəqərə 111

[14] “İmam Həsən Əskəriyə nisbət verilən təfsir” səh.527, hədis 322

    “Biharul-ənvar” c.73, səh.402, bab 14