Vahid xəbərin dörd qismi
Keçən məqaləmizdə vahid xəbərin qismlərinin yaranma tarixi və əxbarilərin bu bölgüyə gətrirdikləri irad haqqında danışdıq. Bu bəhsimizdə isə vahid xəbərin dörd qisminin (səhih, həsən, müvəssəq, zəif) tərifi haqqında söhbət açacağıq.
Böyük alimlərimizdən biri olan Şəhid Saninin dörd qismə verdiyi tərif
1. Səhih o hədisdir ki, onun sənədi adil, imami şiə ravilər vasitəsilə məsuma çatır. Hədisin bütün təbəqələrində ravilərin xüsusiyyətləri eyni olmalıdır.
2. Hədisin sənədi rical alimləri tərəfindən tərif olunmuş şiə ravilər vasitəsilə məsuma çatarsa, bu cür hədis həsən adlanar. Lakin, rical alimləri hədisin raviləri haqqında ədalətli sözünü işlətməmişlər.
3. Müvəssəq o hədisdir ki, onun sənədində əqidəsinin fəsad olmasına baxmayaraq rical alimlərimizin siqə bildiyi şəxs var. Yəni, hədisin sənədində bir və ya daha çox ravi imami şiə deyildirlər. Lakin rical alimləri onların siqə (hədis nəqlində etibarlı, güvənilən və doğrudanışan) olduqlarını demişlər.
4. Hansısa bir hədisə yuxarıda dediyimiz xüsusiyyətlərdən heç biri şamil olmasa, həmin hədis zəif adlanar.[1]
Ravilərin xüsusiyyətləri barədə danışıldıqda imami deyilərkən nə nəzərdə tutulur?
İmami ravi o şəxsə deyilir ki, öz dövrünün imamına etiqad bəsləmiş olsun. Baxmayaraq ki, öz dövründən sonra gələn imamı tanımadığına görə, adını bilmədiyinə görə, ona etiqadı olmamışdır. Məsələn, bir ravi İmam Baqirin (əleyhissalam) dövründə yaşamış və ona etiqadı olmuşdur. Lakin, İmam Baqirdən sonra gələn imamı-İmam Sadiqi (əleyhiməssalam) tanımamış, görməmiş və buna görə də ona etiqadı olamamışdır. Bu halda həmin ravi imami hesab ediləcək. Amma, dediyimizin əksinə, öz dövrünün imamından sonra gələn imamı görmüş, tanımış və etiqad etməmiş olsa, bu halda həmin ravi imami sayılmayacaq. Məsələn, fətəhilər və vaqifilər kimi.
Əgər desək ki, imami sözü yalnız 12 imamçı şiələrə şamil olur, bu zaman bir çox hədislər zəif olacaq. Çünki, hər hansısa bir imamın dövründə yaşayan şiələr (məsələn, İmam Baqir, İmam Sadiq, İmam Kazim və s.) hər bir zaman 12 imamın hər birinin adlarını və xüsusiyyətlərini bilməmişlər. Baxmayaraq ki, onlardan bəziləri (imamların xass səhabələri) bunu bilmişlər.
Şeyx Cəfər Sübhaninin “Usulul-hədis və əhkamuhu” kitabından istifadə olundu.
Baqir Cəfəri
besiret.az
[1] Şəhid Sani, “ər-Ruayə fi elmid-dirayə”, səh.76-77