Məad barədə şübhələrə cavab

Məad barədə şübhələrə cavab

2018-01-10 2435

Məad barədə şübhələrə cavab

İslam dininin əqidə əsaslarından biri hesab olunan və etiqad edilməsi zəruri olan məsələlərdən biri də məaddır. Məad ölümdən sonra həyatın mövcud olmasına, həmçinin bərzəx, qiyamət, cənnət, cəhənnəm, sirat, mizan və sorğu-sualın haqq olmasına iman gətirməkdir. Məadı inkar etmək aləmlərin Rəbbi olan Allah təbarək və təalanı inkar etməyə bərabərdir. Məada iman gətirmək eynilə tovhidə iman gətirmək kimi zəruridir. İnsanların məada iman gətirməsi üçün Allah tərəfindən peyğəmbərlərə onun təbliği və təlimi əmr olunmuşdur. Məad, Qadir olan Allahın bütün bəndələri sorğu-sual etməsi üçün dirildəcəyi gündür. Tarixdə bu günə qədər bəzi dəstələr məada iman gətirməmiş və bu işin qeyri-mümkün işlərdən olmasına etiqad etmişlər. Həmçinin, bu şəxslər məadı inkar etmək və özlərini məsuliyyətdən kənara çəkmək üçün müsəlmanlara müxtəlif bəhanələr gətirmişlər. İslam alimləri öz növbəsində məadın haqq olması haqqında bir çox kitablar yazmış və bu barədə ortaya atılan şübhələrə cavab vermişlər. Məada kafir olanlar da ortaya müxtəlif şübhələr atmaqla, insanların məada olan inanclarına təsir göstərmək üçün daim müxtəlif  işlər görmüşlər. Bu qısa məqalədə bacardığımız qədər ortaya atılan əsas şübhələrə cavab verməyə çalışacağıq.

Məadın inkarı üçün ortaya atılan şübhələr

Qurani-Kərimdə Həkim olan Allah məadı inkar edənlərin səbəblərini bir çox ayələrlə bizlərə bəyan edir.

1-ci şübhə:

Məadı inkar edənlər deyirlər ki, ölümdən sonra həyatın mövcud olmasının heç bir dəlili yoxdur. Allah təbarək və təala Qurani-Kərimdə buyurur:

 وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللهِ حَقٌّ وَالسَّاعَةُ لا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِي مَا السَّاعَةُ إِن نَّظُنُّ إِلاَّ ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ

«Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.” (Casiyə 32)

Ayədə deyilən “biz yəqinliyə çatmamışıq” sözünün mənası budur ki, məadın bizi yəqinə çatdıracaq dəlili yoxdur. Əgər dəlili olsaydı, biz yəqin əldə edib elmə tabe olardıq. Yenə Allah təbarək və təala onlar barəsində belə buyurur:

وَإِن تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ

“Əgər təəccüblənirsənsə, ondan təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir.” (Rəd 5)

Ayədəki “Biz torpaq olan zaman” sözü məadın anlaşılmaz bir iş  və ona  etiqad etməyin qeyri-mümkün olmasından xəbər verir. 

2-ci şübhə:

Məada iman gətirmək əfsanəyə inanmaqdır. Məadı inkar edənlər bu işin tarixi bir əfsanə olduğuna inanırlar. Bu, onlara görə tarixi nağıldan başqa bir şey deyil. Allah təbarək və təala inkarçıların dilindən Öz Kitabında belə buyurur:

لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِن قَبْلُ إِنْ هَٰذَا إِلاَّ أَسَاطِيرُ الأَوَّلِين

“Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdir. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.” (Muminun 83)

Yaxud digər yerdə belə buyurur:

وَقَالُوا أَسَاطِيرُ الأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلاً 

Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur.» (Furqan 5)

Onlar belə düşünürlər ki, bu ayələr təzə xəbər deyil, əksinə Qurani-Kərimin nazil olmasından əvvəl bu xəbərdən məlumatları olub.

3-cü şübhə:

Məada dəvət etmək Allaha iftira atmaqdan başqa bir şey deyil. Allah bu barədə heç bir dəlil-sübut nazil etməmişdir.

وَقَالَ الَّذِين كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ  أَفْتَرَىٰ عَلَى اللهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ

“Və kafir olanlar deyirlər: «Sizə siz təmamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?» Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilik var?” (Səba 7, 8)

Zikr olunan bu ayə iki şübhəni əhatə edir. Birincisi, dünyadakı bədənin yenidən yaradılması və həyata qaytarılmasının qeyri-mümkün bir iş olmasıdır. İkincisi, öldükdən sonra dirilməyə inanmaq ya yalançılıq ya da dəlilik əlamətidir. Şübhəsiz, məadı inkar edənlərin bu barədə etdikləri tərəddüd hiyləgərlik, məkr və həqiqəti gizlətməkdən qaynaqlanır.

4-cü şübhə:

Əgər məad haqq olsaydı, bizim atalarımız dirilərdi və biz onları görüb bu barədə öz suallarımızı verərdik. Amma biz bir nəfərin belə öldükdən sonra qayıtmasını görməmişik və buna görə də biz bunu qəbul edə bilmərik. Əgər məada doğru çağıran şəxs doğru danışandırsa, o zaman keçmişdəki ata-babalarımız qayıtsınlar və biz onları aşkar görək. Allah təbarək və təala bu barədə belə buyurur:

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلاَّ أَن قَالُوا ائْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ

“Bizim (məad barəsində) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur”. (Casiyə 25)

5-ci şübhə:

Məada dəvət etmək sehr və caduya dəvət etməkdir. Ümumiyyətlə tarixdə kafir olanlar Həzrət Peyğəmbəri (səllallahu aleyhi və alihi və səlləm) cadu və sehrdə ittiham edirdilər. Çünki, onlar Həzrət Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) gətirdiyi möhkəm dəlillər, göstərdiyi möcüzələr və Qurani-Kərim ayələrinin müqabilində aciz qalırdılar. Bunun üçün dəfələrlə Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) etdiyi möcüzələri sehr və cadu adlandırmışlar. Dəlilləri olmadığından məcbur qalıb Peyğəmbərə (səllallahu aleyhi və alihi və səlləm)  müxtəlif şər və böhtanlar atmışlar. Allah təbarək və təala Öz Kitabında  belə buyurur:

 

وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ المَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ 

“Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər”. (Hud 7)

Bu ayə həqiqətə kafir olan bir çoxunun necə inadkar və zülmə adət etməsindən xəbər verir. Çünki, bu şəxslər məadın həqiqəti barəsində olan dəlilləri təhlil etmək əvəzinə onu yalanlayıb və üstəlik şər də atırdılar. Digər yerdə Allah təbarək və təala onlar haqda  buyurur:

وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ وَقَالُوا إِنْ هَٰذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ

“Bir nişanə gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar. Və deyərlər: “Bu, yalnız açıq-aşkar bir sehr və cadudur”. (Saffat 14, 15)

6-cı şübhə:

Məad qüdrətdən xaric bir şeydir. Yəni ölülərə toz-torpaq olduqdan sonra kim yenidən həyat bəxş edə bilər? Bu hər bir kəsin qüdrətindən kənar bir şeydir və bu işin gerçəkləşməsi qeyri-mümkündür. Allah təbarək və təala bu şübhə haqda Öz Kitabında belə buyurur:

وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِيَ خَلْقَهُ قَالَ مَن يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ 

“Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?” (Yasin 78)

7-ci şübhə:

Ölüləri diriltmək çətin bir işdir. Bunu bacarmaq böyük güc-qüvvət tələb edir. Bu şübhəni Qurani-Kərimin məada cavab xarakteri daşıyan ayələrindən çıxarış edirik.  Allah təbarək və təala bu fikirdə olanlara Qurani-Kərimin bir neçə yerində belə cavab vermişdir.

إِنَّ ذَٰلِكَ عَلَى اللهِ يَسِيرٌ

Şübhəsiz bu (ölüləri diriltmə) Allah üçün asandır”. (Ənkəbut 19)

وَذَٰلِكَ عَلَى اللهِ يَسِيرٌ 

“Bu (diriltmə) Allah üçün asandır”. (Təğabun 7)

ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ

Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır”. (Qaf 44)

Allah bu ayələrdə heç qüdrətdən bəhs açmır. Öldükdən sonra dirilmənin nəinki qeyri-mümkün hətta bu işin Allah üçün asan olmasını qeyd edir. Allah təbarək və təala başqa ayələrdə belə buyurur:

وَمَا أَمْرُ السَّاعَةِ إِلاَّ كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ 

“Və Qiyamətin işi (onun bərpa edilməsi) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir”. (Nəhl 77)

وَهُوَ الَّذِي يَبْدَأُ الخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْه

“Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır”. (Rum 27)

Əgər vicdanla insanın ilk yaradılışı ilə sonradan dirilməni müqayisə etsək görərik ki, əslində insanı ilk dəfə yaratmaq, sonradan onun sümüklərini bir araya toplayıb həyat bəxş etməkdən daha çətindir. Çünki, adi bir su olan maddədən alimlərin heyrətdə qaldığı insan vücudunu yaradan, əlbəttə onun sümüklərini torpaq olsa belə bir yerə cəm edib yenidən həyat bəxş edə bilər. Bu iş onun üçün ağlın hökmünə əsasən daha asan olmalıdır. Lakin məada kafir olanlar nədənsə bu müqayisəni düşünməmiş yaxud da düşünmək istəməmişlər. İnşəllah qarşıda bu məsələyə toxunacağıq.

8-ci şübhə:

Həzrət Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm)  dövründə məadı inkar edən dəstələr insanın fəna (müvəqqəti) bir varlıq olduğuna etiqad edirdilər. Belə düşünürdülər ki, müvəqqəti bir varlıq tamam yox olduqdan sonra həyata necə qayıdıb ömür sürə bilər? Allah təbarək və təala bu fikir sahibləri haqqında belə buyurur:

وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ 

“(Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!” (Səcdə 10)

Qeyd: İnşəllah qarşıda bu məsələyə toxunacağıq.

9-cu şübhə:                                         

Dünya ilə axirət arasında heç bir əlaqə və bağlılıq yoxdur. Elə ki insan ölür onun insanlığından heç bir əsər-əlamət qalmır və o, təmamilə yox olur. Fərz etsək belə Allah insanı ikinci dəfə yenidən yaradır, yenə də yaradılan eynilə həmin şəxsin özü olmur.

قُلْ يَتَوَفَّاكُم مَّلَكُ المَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ

“(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n ruhunuzu) kamil surətdə alar, sonra (Qiyamətdə,) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” (Səcdə 11)

Ayədən başa düşülən budur ki, dünya və axirət arasında rabitə vardır. Belə ki, məad yeni bir həyatın başlanğıcı və əbədi yaşayışın özüdür. O əbədi həyat ki, hər bir insanın əsl şəxsiyyəti orada zahir olur. Təbii ki, bu şəxsiyyətin kimliyi və necəliyi dünyadan qaynaqlanır.

10-cu şübhə:  

İnsan dünyadan köçür və torpağa basdırılır. Məlumdur ki, qısa müddətdən sonra  onun bədən üzvləri bir-birinə qarışaraq çürüməyə başlayır. Qarışmış bədən üzvləri necə əvvəlki kimi öz halına qaytarıla bilər axı? Onları yaratmaq iradə olunsa da yenə bədən üzvləri dəyişik düşərək dünyada olduğundan fərqli vəziyyətdə olacaq.

وَقَالَ الَّذِينَ كَفَرُوا لا تَأْتِينَا السَّاعَةُ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ لا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلا فِي الأَرْضِ وَلا أَصْغَرُ مِن ذَٰلِكَ وَلا أَكْبَرُ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ

“Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq-aşkar kitabda (Lövhi - Məhfuzda) olmasın”. (Səba 3)

Qeyd olunan şübhə ayədə açıq-aydın qeyd olunmasa da Allahın elmi barəsində olan təkid, şübhənin həqiqətindən xəbər verir. Beləki ayədə Allah təbarək və təalanın cavabı ona dəlalət edir ki, bu şəxslər Allahın zərrələri bir araya toplamasına şəkk edirlər. Allah təbarək və təala cavabında buyurur: “Allah, göylərdə və yerdə zərrə ağırlığında elə bir  şey yoxdur ki, ondan xəbərdar olmasın”. Allah təbarək və təala  Öz elmi barəsində digər ayədə təkidlə belə buyurur:

وَضَرَبَ لَنَا مَثَلا وَنَسِيَ خَلْقَهُ قَالَ مَن يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌقُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

“Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?  De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir” (Yasin 78, 79)

Zikr olunan  ayədən məadı inkar edənlərin şübhələrinin iki tərəfli olduğu başa düşülür. Birincisi, “bir-birinə qarışmış sümükləri toplayıb olduğu kimi həyata qaytarmaq qüdrətlə əlaqəli deyil. Yəni, bu iş qeyri mümkündür”. İkincisi, “bir-birinə qarışmış bədən üzvlərini seçmək və olduğu kimi sıralamaq mümkün deyil”. Allah bütün bunlara “O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir” sözü ilə cavab verir.

Məadı inkar edənlərin bu mövzuda ortaya atdığı  şübhələr və onların dəlilləri zikr olundu. Bu şübhələri xatırlatma üçün qısa olaraq aşağıda qeyd edirik.

  1. Məadın dəlili yoxdur.
  2. Məada iman gətirmək əfsanəyə inanmaqdır.
  3. Məada dəvət etmək Allaha iftiradır.
  4. Məad haqq olsaydı ata-babalarımız dirilərdi.
  5. Məada dəvət etmək cadu və sehrə dəvətdir.
  6. Məadın gerçəkləşməsi qüdrətdən kənardır.
  7. Məadın baş verməsi çətin məsələdir.
  8. Ölüm mütləq fənalıq və sonluqdur.
  9. Dünya və axirət arasında heç bir rabitə və əlaqə yoxdur.
  10. Çürüyüb bir-birinə qarışmış bədən üzvlərinin yenidən öz halına qayıtması qeyri mümkündür.