Ərş haqqında etiqadımız.

Ərş haqqında etiqadımız.

2017-09-15 998

Ərş haqqında etiqadımız.

Bu məqaləmizdə Qurani-Kərim və hədislər əsasında “ərş” haqqında olan etiqadımızdan danışacağıq. Belə ki, Qurani-Kərimin bir çox ayələrində “ərş”dən söhbət açılmışdır. Təbiki biz “ərş” haqqında olan etiqadımız üçün, bu müqəddəs kitabın həqiqi müfəssirləri olan  məsum imamlardan (aleyhimussəlam) bizə gəlib çatmış hədislərə müraciət etməliyik. Görəsən “ərş” deyəndə nə nəzərdə tutulur? “Ərş” müəyyən bir məkandırmı? Yoxsa başqa özəl bir mənası var? “Ərş” haqqında nazil olan ayələrdən bir qismini zikr edib sonra hədislər əsasında bu barədə olan etiqadımızı siz - əziz oxuculara təqdim edəcəyik.

 

Ərş haqqında olan ayələr.

 

Allah təbarək və təala buyurur:

 

1)“Doğurdan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allahdır” (Əraf 54)

2)“Mərhəmətli Allah ərşə ucaldı” (Taha 5)

 

3) “O, böyük ərşin Rəbbidir” (Tövbə 129)

 

4)”Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır” (Ənbiya 22)

 

5) “Sən mələklərin, ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən” (Zumər 75)

 

6) “Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir” (Ğafir 7)

 

7) “O gün sənin Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır” (Haqqə 17)

 

İzah: “Ərş” haqqında bu kimi ayələrə baxdıqda zahirən belə başa düşülür ki, “ərş”in mənası yalnız müəyyən bir məkandır və  Allah (nəuzu billah) ərşin üzərində oturmuşdur. Necə ki, əhli-sünnə buna etiqad edir. Amma biz deyirik ki, pak və müqəddəs olan Allah təbarək və təala məkanla vəsf olunmaqdan çox-çox ucadır. Qısaca, əqli dəlil olaraq bunu söyləyə bilərik ki, əgər Allah (nəuzu billah) ərş üzərində oturmuş olsaydı, o zaman gərək mələklər heç zaman dərk olunmayan Allahdan həm qüdrətli olmalı, həm də Onu əhatə etmiş olmalıdırlar. Həmçinin, gərək “ərş” Allahdan böyük olsun (Allah cism deyil və  elə bir böyük yoxdur ki, Allahın əzəməti və böyüklüyü ilə müqayisə olunsun). Çünki, ayələrin zahiri bunu söyləyir ki, “Allah ərşdədir” və “mələklər ərşi əhatə edir və daşıyır”. Mələklər ərşi daşıyıb və əhatə edirsə nəticədə, Allahı da daşımış və əhatə etmiş olurlar. Buna bir başa ağıl hökm edir ki, kimsə qüdrəti çatmayan şeyi daşıya bilməz. Buna görədə bu ayələrdən başa düşülən budur ki, mələklər Allahı əhatə edir və Ondan qüdrətlidirlər. Amma bu fikir Qurani-Kərim və hədislərə tam olaraq ziddir. Əlimizdə bircə dənə də olsa bu cür xəbər yoxdur. Əksinə bunun ziddinə təvatür xəbərlərimiz var. Yaradılmışlardan kimsə nə Allahı əhatə edib dərk edə bilər, nə də Ondan qüdrətli ola bilər. Qısa olaraq bu nəzəri qüvvətləndirən nəqzi (əksi) dəlilləri sizlərə təqdim edib, sonra bu barədə  məsum imamların (aleyhimussəlam)  və alimlərimizin şərhinə müraciət edəcəyik.

 

Qurani-Kərimdə Allah təbarək və təala buyurur:

 

“Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu əhatə (dərk) edə bilməz” (Taha 110)

 

“O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istəyindən başqa heç bir şey qavraya bilməzlər” (Bəqərə 255)

 

“Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur” (Yunis 65)

 

“Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur” (Fatir 10)

 

Ayələrdən göründüyü kimi məxluqata elmi və qüdrəti bəxş edən Allah təbarək və təaladır. Bu halda naqis və möhtac olan məxluqat Allahı necə dərk edər və Onu əhatə edə bilər? Nəticədə Allahın “ərş”də əyləşməsinə etiqad bəsləməyin batilliyi tam aşkardır.

 

Məsum İmamlardan (aleyhimussəlam)  bizə nəql olunan hədislərdə “ərş” üçün bir neçə məna zikr olunub. Yəni “ərş” təkcə bildiyimiz məkan mənasında deyil. Əksinə “ərş”in bir neçə mənası var. Biz burada “ərş”in müxtəlif mənalarını siz əziz oxuculara məsum imamların (aleyhimussəlam) mübarək kəlamları ilə təqdim edəcəyik.

 

Ərşin mənaları haqda olan hədislərimiz.

 

Hədislərimizdə “cəmiul-xəlq” (bütün yaradılmışlar)  “ərş”in mənalarından bir kimi qeyd olunur.  Yəni “ərş” deyəndə “bütün məxluqat” nəzərdə tutulur.

 

İmam Sadiq (aleyhissəlam) buyurur: “Ərşin bir mənası bütün yaradılmışlardır”

“Məaniyul-əxbar” səh 29, hədis 1.

“Biharul-ənvar” cild 58, səh 28, hədis 47, bab 1.

 

İmam Sadiq (əleyhissəlam) başqa yerdə buyurur: “Ərşin “bütün yaradılmışlar” mənasına gəlincə onu səkkiz mələk daşıyır”

“Əl-etiqadat” səh 104.

 

Qeyd: Qarşıda Şeyx Mufidin (r.ə) bu hədis haqqında verdiyi şərhi qeyd edəcəyik.

 

Ərş üçün zikr olunmuş digər bir məna isə “elm”dir. Burdakı elmdən məqsəd Allah tərəfindən öz höccətlərinə əta olunmuş elmdir.  İmam Sadiq (aleyhissəlam)  bu barədə buyurur:

“Ərşin digər mənasına gəlincə bu elmdir hansı ki, Allah o elmdən Öz nəbi və rəsullarını xəbərdar edib.”

“Məaniyul-əxbar” səh 29, hədis 1.

“Biharul-ənvar” cild 58, səh 28, hədis 47, bab 1.

 

Başqa yerdə İmam (aleyhissəlam) buyurur:

 

“Ərşin elm mənasına gəlincə bunu da səkkiz nəfər daşıyır. Bu səkkizindən dördü əvvəldəkilərdən, dördü isə sonunculardandır. Əvvəldəkilərə gəlincə bunlar Nuh, İbrahim, Musa və İsadır (aleyhimussəlam). Sonunculara gəlincə bunlar- Muhəmməd, Əli, Həsən və Hüseyndir (səlavatullahi aleyhim əcməin).

 

“Təfsiri-Qummi” cild 2, səh 384.

“Təfsiri nurus-səqəleyn” cild 5, səh 406, hədis 29.

“Burhan fi təfsiril-Quran” cild 5, səh 474.

“Biharul-ənvar” cild 58, səh 27, hədis 43, bab 1.

 

Şeyx Səduq (r.ə) özünün “əl-etiqadat” əsərində bu hədisi zikr etdikdən sonra yazır:

“Bu (sayılan) şəxslər elmin daşıyıcılarıdır. Çünki, İslam Peyğəmbərindən (səllallahu aleyhi və alihi və səlləm) əvvəlki bütün peyğəmbərlər dörd (Nuhun, İbrahimin, Musa və İsanın) şəriət(i) üzərində idilər”

 

“Əl-etiqadat” səh 107.

 

Ərşin üçüncü mənasına gəlincə bu bizim başa düşdüyümüz müəyyən bir məkan mənasında olan yerdir. Hansıki Allah onu səmanın yeddinci mərtəbəsində qərar verib. İmam Sadiqdən (aleyhissəlam)  nəql olunan  hədisdə deyilir:

 

“Əgər “ərş”dən bir daş atılsa  bu “Beytul-Məmur”un üzərinə düşər. Əgər “Beytul-Məmur”dan bir daş atılsa bu “Beytul-Həram”a düşər. Allah Ərşi özü yaşamaq üçün yaratmayıb. Allah bundan çox Ucadır. Lakin Allah Ərşi yaradıb, hörmət və böyüklük əlaməti olaraq onu Özünə nisbət verib və mələklər onu daşımaqla (Allaha) ibadət edirlər. Necə ki, Allah yer üzündə bir  “Beyt” yaradıb, amma onu özü sakin olmaq üçün yaratmayıb. Allah bütün bu şeylərdən çox Ucadır. Lakin onu (evi) məxluqat üçün yaradıb, hörmət və böyüklük əlaməti olaraq onu özünə nisbət verib. Yaradılmışlar o evi ziyarət və həcc etməklə ibadət edirlər”

 

“Təshihul-etiqad” səh 78.

“Əl-etiqadat” səh 103.

 

Hədislərdə “ərş” üçün zikr olunan mənaları sizlərə təqdim etdik. İndi isə keçirik bu barədə şərh yazan şiə aləminin böyük alimlərindən hesab olunan Şeyx Mufidin (r.ə) sözlərinə. Şeyx Mufid (r.ə) özünün “Təshihul-Etiqad” əsərində “ərşin mənası” fəslində yazır:

“Ərş lüğətdə mülk mənasındadır. (Biharul-ənvar. cild 55, səh 7)

 Şair dedi: “Güman edirsən sənin ərşin aradan getməyəcək və dəyişməyəcək?” yəni güman edirsən sənin mülkün aradan getməyəcək və dəyişməyəcək?

 

Allah Səba əhlinin hökmdarının mülkü haqqında xəbər verib buyurur:

“Onun böyük, əzəmətli bir “ərş”i vardır” (Nəml 23)

Yəni onun əzəmətli mülkü var. Allah təalanın “ərş”i Onun mülküdür. Allahın Ərşə “istiva” (ucalması) etməsi Onun “istila”sıdır (mülkü ələ keçirməsidir). Ərəb “istila” kəliməsini “istiva” kimi vəsf etmişdir.

Şair dedi:  “Bəşər heç bir qılınc olmadan və qan tökmədən  İraqa istiva etdi”  (Biharul-ənvar. cild 4, səh 5)

 

Şair burada “Bəşər İraqı ələ keçirdi” mənasını iradə edir.

 

Amma (yuxarıda hədisdə deyildiyi kimi) mələklərin daşıdığı “ərş”ə gəlincə, məqsəd mülkdür və mülkdən də məqsəd mülkün bəzisidir. Bu da Allahın səmanın yeddinci qatında yaratdığı “ərş”dir. Mələklər onu daşımaq və ona təzim etməklə ibadət edirlər. Necə ki, Allah yer üzündə ev yaradıb və oranı qəsd, ziyarət, həcc və təzim etməyi insanlara əmr edib. Artıq hədisdə gəlib ki, Allah təala “ərş”in altında bir ev yaradıb və onu “Beytul-Məmur” adlandırıb. Mələklər hər il oranı həcc edirlər. Səmanın dördüncü qatında da bir ev yaradıb onu “Zirah” adlandırıb. Mələklər oranı həcc etməklə, ona təzim edib ətrafında təvaf etməklə ibadət edirlər. Yer üzündə də “Beytul-Həramı” yaradıb və onu “Zirah”ın altında qərar verib. (Biharul-ənvar, cild 55, səh 8)

 

“Ərş”in elm ilə vəsf olunmasına gəlincə bu həqiqi mənada yox məcazi məna anlamındadır.

 

Nəticə:  Qurani-Kərim və  hədislərdən başa düşülən budur ki, bir cümlədə “ərş” kəliməsinin mənası mövzunun müxtəlifliyinə görə dəyişə bilər. Buna dəlil bu sözün istər Qurani-Kərim və hədislərdə, istərsə də ərəb ədəbiyyatında müxtəlif mənalarda işlənməsidir. Bir yerdə “ərş” mülk, digər yerdə elm mənasında, başqa bir yerdə isə səmanın yeddinci qatında olan bir məkan mənasında ola bilər.  Allah bizləri elmi Peyğəmbər və  Onun pak Əhli-Beytindən (səlavatullah aleyhim əcməin) götürənlərdən qərar versin.

Anar Əhmədov