Hədislərdə ictihad sözü və məzəmmət olunmuş istinbat metodu

Hədislərdə ictihad sözü və məzəmmət olunmuş istinbat metodu

2017-12-28 2627

Hədislərdə ictihad sözü

Məzəmmət olunmuş istinbat metodu

Bismillahir-Rəhmanir-Rəhim

Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd

Keçən məqaləmizdə ictihad sözünün tərifi və ictihadın həqiqəti barədə icmali şəkildə məlumat verdik. Bu məqaləmizdə araşdıracağımız mövzu isə budur ki, görəsən hədislərdə ictihad sözü keçmişdirmi və hədislər hansı istinbat (şəri hökmləri ələ gətirmək) metodunu qadağan etmişdir?

Əksər hədislərdə ictihad sözü öz lüğəvi-“güc və bacarığını sərf edərək məşəqqətə qatlaşmaq, çalışmaq, səy göstərmək”-mənasında  işlənmişdir. Bu mənanın şəri hökmləri istinbat etməyə heç bir aidiyyatı yoxdur. Həmin hədislərdən bir neçəsini oxuculara təqdim edirik:

Əllamə Kuleyni (v.369 h.q.) “əl-Kafi” kitabında  İmam Baqirdən (əleyhissalam) nəql edir:

...وَ مَنْ قَرَأَ خَمْسَمِائَةِ آيَةٍ كُتِبَ مِنَ الْمُجْتَهِدِين

...Kim gecə vaxtı 500 ayə oxusa itaətdə məşəqqətə qatlaşanlardan (müctəhidlərdən) olar...[1]

Yenə Əllamə nəql edir:

أُوصِيكَ‏ بِتَقْوَى‏ اللَّهِ‏ وَ الْوَرَعِ وَ الِاجْتِهَاد

Sənə Allahdan qorxmağı, günahlardan çəkinməyi və itaətdə məşəqqətə qatlaşmağı (ictihadı) tövsiyə edirəm.[2]

Müəllifi Əllamə Məclisi (v.1110 h.q.) olan “Biharul-ənvar” kitabında nəql olunan bir duada İmam (əleyhissalam) buyurur:

اللَّهُمَّ فَاهْدِنِي هُدَى الْمُهْتَدِينَ وَ ارْزُقْنِي اجْتِهَادَ الْمُجْتَهِدِين‏

...İlahi məni doğru yolda olanların hidayəti ilə düzgün yola yönəlt və sənə xatir səy göstərənlərin çalışqanlığından (müctəhidlərin ictihadından) qismət et...[3]

Başqa bir duada isə İmam (əleyhissalam) belə buyurur:

إِنْ كُنْتَ لَا تَقْبَلُ‏ إِلَّا مِنَ‏ الْمُجْتَهِدِينَ‏ فَإِلَى مَنْ يَلْتَجِئُ الْمُفَرِّطُون‏

...İlahi əgər sən yalnız sənin yolunda səy göstərənlərdən (müctəhidlərdən) qəbul edənsənsə, həddini aşmışlar kimə sığınsın?[4]

Bu cür hədislərin sayı çoxdur. Lakin ixtisara riayət etmək üçün qeyd etdiklərimizlə kifayətlənirik. Gördüyünüz kimi bu hədislərdə ictihad sözü Allaha itaət etməkdə məşəqqətə qatlanaraq səy və çalışqanlıq göstərmək mənasında işlənmişdir. Deməli, əksər hədislərdə keçən ictihad sözünün hal-hazırda bizim başa düşdüyümüz ictihadla (istilahi məna ilə) heç bir əlaqəsi yoxdur. Məhz bu səbəbə görə həmin hədislər bizim araşdırma mövzumuzdan xaric olmuş sayılır.

Bəs görəsən “şəri hökmləri ələ gətirmə” mənasında olan ictihad sözü hədislərdə işlənmişdirmi? Cavab olaraq deyirik ki, bəli, bəzi hədislərdə ictihad sözü bu mənada işlənmişdir. Lakin həmin hədislərdə iki əsas məsələ araşdırılmalıdır:

1.Hədislərin sənədi

2.Həmin hədislərdə keçən ictihad sözünün hansı istinbat metoduna aid olmasının təyini

Beləliklə, ilk öncə həmin hədisləri qeyd edib, daha sonra sənəd və mətn cəhətdən araşdırma aparacağıq.


[1] Şeyx Kuleyni, əl-Kafi, c.2, səh.612, Kutubil-İslamiyyə, Tehran, 1407 h.q.

[2] Həmin mənbə, c.2, səh.76

[3] Əllamə Məclisi, Biharul-ənvar, c.95, səh.389, İhyau-turasil-ərəbi, Beyrut, 1403 h.q.

[4] Həmin mənbə, c.91, səh.103