Səddul-əbvab hədisi əhli-sünnə mənbələrində

Səddul-əbvab hədisi əhli-sünnə mənbələrində

2017-12-22 385

Səddul-əbvab hədisi əhli-sünnə mənbələrində

İmam Əlinin (ə.s) bütün səhabələrdən üstün olmasına dəlalət edən “Səddul-əbvab” (Qapıların bağlanması) hədisinin mətni:

Mütəvatir olan hədislərdən biri də “Səddul-əbvab” hədisidir. Bu hədisi Peyğəmbər, İmam Əlinin (ə) şəni üçün demişdir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Əlinin evinin qapısından başqa bütün qapıları bağlayın.”

Hədis fərqli mətnlərlə Əhli-Sünnənin ən məşhur və ən mühüm kitablarında nəql olunmuşdur. Bu mətnləri sizlər üçün təqdim edirik:

Tirmizi öz sənəd silsiləsi ilə İbn Abbasdan nəql edir: “Allah rəsulu, Əlinin qapısından başqa bütün qapıların bağlanmasına göstəriş vermişdir.”

“Səhihu-Tirmizi” c.5 səh.410 “Kitabu-Mənaqib”, “Mənaqibu-Əli ibn Əbu Talib” hədis.3750

O, bu hədis üçün Əbu Səid Xidridən digər bir sənədlə nəql edir ki, “Allah Rəsulu buyurdu: Ey Əli! Məndən və səndən başqa heç kəsə halal deyil ki, bu məsciddə cünub olsun.”

Tirmizi hədisin ardınca yazır: “Əli ibn Munzir deyir ki, Zirar ibn Sədrə dedim: bu hədisin mənası nədir? O dedi: Peyğəmbər bunu deməklə bildirdi ki, “Mən və Səndən başqa heç kəsə halal deyil ki, cünub halda bu məscidə gedib-gəlsin.”

Həmin mənbə, səh.408, 409, hədis 3748

Əhli-Sünnənin böyük alimlərindən biri Əhməd ibn Hənbəl qeyd etdiyimiz hədisi rəvayət etmişdir. O, Abdullah ibn Rəqim Kənanidən nəql edir: “Cəməl müharibəsi zamanı Mədinəyə getdik. Biz bu şəhərdə Səd ibn Malik ilə görüşdük. Səd dedi: Allah Rəsulu (ə.s) məscidə açılan qapıların bağlanmasına əmr verdi və Əlinin (ə.s) qapısını öz halında (açıq halda) qoydu.”

“Musnədu-Əhməd” c.1, səh.285, “Musnədu-Səd ibn Əbi Vəqqas” hədis 1514

Əhməd ibn Hənbəl hədisi müxtəlif yerlərdə və müxtəlif sənədlərlə bir neçə səhabədən nəql etmişdir.

“Musnədu-Əhməd” c.1, səh.545 “Musnədu-Abdullah ibn Abbas” hədis 3052 və 1042, “Musnədu-Abdullah ibn Ömər” hədis 4782 və c.5, səh.496, “Hədisu-Zeyd ibn Ərqəm”, hədis 18801.

Hakim Nişapuri də öz sənədi ilə bu hədisi nəql etmişdir. O, nəql edir ki, Zeyd ibn Ərqəm deyir: “Allah rəsulunun (s) səhabələrindən bir neçəsinin qapısı məscidə açılırdı. Bir gün Rəsulullah buyurdu: Əlinin qapısından başqa bu qapıları bağlayın. Zeyd deyir: Camaat bu barədə etiraz etdi. Allah Rəsulu (s) qalxdı, həmd-səna etdi və dedi: Mən Əlinin qapısından başqa bütün qapıların bağlanmasını əmr etdim. Sizlərdən bəziləri bu məsələyə etiraz etdi. And olsun Allaha! Mən öz rəyimlə nə bir qapını açdım, nə də bağladım, əksinə, Allah tərəfindən bu işə əmr olundum və ona tabe oldum.”

Hakim Nişapuri  hədisi nəql etdikdən sonra yazır: “Hədisin sənədi səhihdir.”

“Əl-mustədrək ələs-səhiheyn” c.3 səh.135, “Kitabu-mərifətis-səhabə”, Zikru-mənaqibi-Əmirəl Möminin Əli ibn Əbu Talib”, hədis 4631

O, digər bir sənəddə Əbu Hureyrədən nəql edir: “Bir gün Ömər ibn Xəttab belə dedi: Əli ibn Əbu Talibə üç xüsusiyyət əta olundu ki, əgər onlardan biri mənə əta olunsaydı, mənim üçün bütün dünyəvi nemətlərdən əziz olardı. Bir şəxs ona dedi: Ey Əmirəl-Möminin! Onlar nədir? Ömər dedi: Allah rəsulunun qızı Fatimə ilə evlənməsi; Allah Rəsulu (s) ilə birgə məsciddə yaşaması, belə ki, peyğəmbərə məsciddə hər nə halal idisə, ona da halal idi; digəri isə Xeybər müharibəsində peyğəmbərin bayrağı ona tapşırması.”

Hakim Nişapuri hədisi nəql etdikdən sonra yazır: “Buxari və Müslimin rəvayət etməməsinə baxmayaraq, hədis səhihdir.”

Həmin mənbə, hədis 4632

Bu hədisi nəql edənlərdən biri də Nəsaidir. O, Haris ibn Malikdən öz sənədi ilə belə nəql edir: “Bir gün Məkkə şəhərinə daxil olanda, Səd ibn Vəqqas ilə görüşdüm. Ona dedim: Əli barəsində bir fəzilət eşitmisənmi? Dedi: Bəli. Allah Rəsulu (s) ilə məsciddə idik. Gecə peyğəmbər dedi: Allah Rəsulu və Əlinin ailəsindən başqa hər kəs məsciddən çıxsın. Səd dedi: Biz məsciddən xaric olduq. Sübh vaxtı, peyğəmbərin əmisi peyğəmbərin hüzuruna gəldi və dedi: Öz səhabələrini və əmilərini məsciddən çıxartdın və bu cavanı saxladın? Peyğəmbər (s) buyurdu: Mən bu işə əmr vermədim. Həqiqətən bu işə əmr verən Allah idi.”

“Xəsaisu-Əli ibn Əbu Talib” c.7, səh.71, hədis 40

Qeyd etdiklərimiz Əhli-Sünnənin böyük hədis alimlərinin nəql etdiyi “Səddul-əbvab” hədisinin mətnlərindən bəziləri idi. Allahın tovfiqi ilə gələcək bəhslərimizdə hədis haqqında olan bu və digər mətləbləri nəzərinizə çatdıracağıq.

Məqalədə Ayətullah seyyid Əli Huseyni Milaninin araşdırmalarından istifadə olundu.

Hazırladı: Mürtəza Heydəri