Dua etməyin ədəbləri

Dua etməyin ədəbləri

2017-12-19 2652

Dua etməyin ədəbləri

Allah Təalanın bizlərə verdiyi ən böyük nemətlərdən biri də bəndələrə onunla danışmaq, münacat və dua etmək imkanı verməsidir. Dua mühüm ibadətlərdən biridir ki, Quranda və hədislərdə təkid olunmuşdur. Qurani-Kərimdə Furqan surəsinin 77-ci ayəsində belə buyurulur: “De, əgər dua etməyiniz olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi.” Bütün dünyəvi və uxrəvi (axirətə aid olan) bərəkətlər duada cəm olunmuşdur. Demək, əgər dua olmasaydı, bəndə bu inayətlərdən məhrum qalardı. Digə bir yerdə - Məryəm surəsi, 4-cü ayədə Zəkəriyya peyğəmbər (əleyhissalam) Allaha belə deyir: “Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.”

Duanın əhəmiyyətinə işarə edən ayələr çoxdur. Hədislərimizdə də məsumlar bizlərə duanı təkid etmiş və onun fəziləti haqqında danışmışlar. İmam Baqir (əleyhissalam) buyurur ki, “Dua ən üstün ibadətdir”[1]. Həmçinin, İmam Sadiq (əleyhissalam) bir hədisdə belə deyir: “Sizə dua etməyi tapşırıram. Duanın sizləri Allaha yaxınlaşdırdığı qədər başqa şeylərlə Allaha yaxınlaşa bilməzsiniz.”[2] Digər bir yerdə İmam Əli (əleyhissalam) belə buyurur: “Yer üzərində Allaha olan ibadətlərin ən sevimlisi duadır.”[3] Qeyd etdiyimiz kimi bu barədə məsumlardan gələn göstərişlər çoxdur. Lakin, ixtisara uyğun olaraq onları qeyd etmirik. Gəldiyimiz nəticə budur ki, bəndə Allaha yaxınlaşmaq, dünyəvi və uxrəvi bərəkətlərdən faydalanmaq istəyirsə, gərək dua etməyi tərk etməsin. Hər bir ibadətin ədəbi, qaydası olduğu kimi dua etməyin də bəzi ədəbləri vardır. Hər kim bu qaydalara riayət edərsə, duasının qəbulunda olan dəyişiklikləri müşahidə edəcəkdir.

Allahı tanımaq; onun qüdrətinə və elminə mərifət kəsb etmək

Bəndə dua edərkən ibadət etdiyi varlığı tanımalıdır. İbn Əbu Umeyr İmamların birindən nəql edir:“Sizlərdən bir qismi digərlərindən çox ibadət edir, digərlərindən çox Həcc yerinə yetirir və digərlərindən və digərlərindən daha çox sədəqə verir. Həmçinin, sizlərdən bir qismi digərlərindən daha çox oruc tutur. Amma sizlərdən ən üstünü Allahı ən çox tanıyanınızdır.”[4] İnsanın aləmlərin rəbbinə olan etiqadı düzgün olarsa, duaları qəbul olar. Qurani-Kərimdə, Cin surəsi, 18-ci ayədə buyurulur ki, “Allahdan başqasına dua etməyin.” Bu barədə İmam Sadiq (əleyhissalam) babaları vasitəsilə Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edir: “Cəbrail Allahın belə buyurduğunu dedi: Kim məndən başqa bir ilahın olmadığına, Muhəmmədin mənim qulum və rəsulum olduğuna, Əli ibn Əbu Talibin xəlifəm və onun övladlarından olan imamların höccət olmaqlarına yəqin etsə, rəhmətimlə onu cənnətimə daxil edərəm, əfvimlə onu atəşdən xilas edərəm, qonşuluğumu ona mübah qılaram, nemətimi onun üçün tamamlayar, onu xüsusi və xalis bəndələrimdən edərəm. Mənə dua etdikdə, “ləbbeyk” deyərəm və məni çağıranda ona cavab verərəm. Məndən bir şey istəsə, əta edərəm. Bir pislik etdikdə, rəhm edərəm. Məndən qaçdıqda, onu geri çağıraram. Geri qayıtdıqda qəbul edər, qapımı döydükdə, ona qapımı açaram. Əgər bir kəs məndən başqa ilahın olmadığına, Muhəmmədin mənim qulum və rəsulum olduğuna, Əli ibn Əbu Talibin mənim xəlifəm və onun övladlarından olan imamların höccət olmaqlarına şahidlik etməzsə, mənim nemətimi inkar etmiş, əzəmətimi kiçik saymış, ayələrimi və kitablarımı danmışdır. Belə bir halda məni çağırsa, əgər məqsədi mən olsam, ona mane olaram və məndən bir şey istəsə, onu istədiyi şeydən məhrum edərəm. Məni səsləsə, səsini eşitmərəm. Mənə dua etsə, duasına cavab vermərəm. Mənə ümid bağlasa, ümidini kəsərəm. Bütün bunlar verdiyim cəzalardır və mən qullara zülm edən deyiləm.”[5] Demək, duaların qəbul olmama səbəblərindən biri də əqidənin düzgün olmamasıdır.

Hüzuri-qəlb

İnsan dua edərkən xüzu və xuşu ilə Allaha sarı yönəlməlidir. Ümumiyyətlə, insan ibadət edərkən, etdiyi və dediyi şeylərdən başqa hər şeydən ayrılmalıdır. Çox təəssüflüdür ki, insan digərləri ilə danışdıqda onlara diqqətini yönəldir, lakin, Allahla münacat edərkən ona yönəlmir. Bütün bunlar Allahı həqiqətən tanımamağın nişanələridir.  

Təvazökarlıq

Dua edən şəxs bu əsnada Uca Allah qarşısında olan kiçikliyini xatırlamalıdır. Bu hiss, Allahın ucalığını xatırladıqdan sonra meydana gəlir. İnsan Rəbbinin ucalığını xatırlayıb qorxmalı, özünün nə qədər aciz və zəif bir varlıq olduğunu dərk etməlidir. Müqəddəs Quranda da buyurulduğu kimi “Rəbbinizə acizanə və gizlincə dua edin”[6]  

Ümidvar olmaq

Dua etdikdən sonra insan istədiyinin olacağına ümidvar olmalıdır. Hər bir şeyin Allahın əlində olduğunu və onun bəndələr üçün ən xeyirlisini verdiyini başa düşməlidir. Dəfələrlə dua etməsinə baxmayaraq duaları bir nəticə göstərmirsə, Allahdan ümidini üzməməlidir. Çünki, bu şeytanın məkrli hiylələrindən biridir. O, bununla bəndəni ibadətdən uzaqlaşdırar və azğınların sırasına daxil edər. Qurani-Kərimdə buna işarə olaraq buyurulur: “İnsan özünə xeyir diləməkdən yorulmaz. Lakin, ona bir pislik dəysə, məyus olub, ümidini itirər.”[7] Mömin insanların xüsusiyyətlərindən biri də ümidvar olmaqdır. Allah öz kitabında ümidlə dua etmək haqqında Səcdə surəsində danışır: “Onlar gecə namazı qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində yalvarır və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.”[8]

Günahlardan çəkinmək və insanların haqqına girməmək

İnsan bacardığı qədər günahlardan çəkinməli, qarşısına çıxan imtahanlara səbr etməlidir. Əgər günah etsə, günahlarından peşman olub, həqiqi tövbə ilə Allaha doğru qayıtmalıdır. Peyğəmbər (sallallahu əleyhi və alih) istiğfar haqqında belə buyurur: “Hər bir dərdin dərmanı var. Günahların dərmanı da bağışlanma diləməkdir.”[9] İnsanın digərlərinin haqqını tapdalaması da duasının qəbul olmamasına səbəb ola bilər.

Allahdan razılıq

Bəzən insan dəfələrlə Allahdan nəyisə istəyir, lakin, istəyinə çatmır. Bu zaman Allaha qarşı üsyan edir. Lakin, möminin xüsusiyyətlərindən biri də budur ki, Allahın qəza-qədərinə razı olsun. Bəndə əlindən gələni etməli, yerdə qalan məslələrdə isə Allaha təvəkkül etməli və onun istədiklərinə razı olmalıdır. İmam Əli ibn Əbu Talib (əleyhissalam) buyurur: “Qiyamət günü ən şiddətli əzabı Allahın qəza və qədərinə qəzəblənən və narazıçılıq edən şəxs görəcəkdir.”[10] İnsan başına gələn müsibətlər zamanı səbr etməlidir. Əks halda, bu Allahdan narazı olmağa gətirib çıxarar və insanı ən şiddətli əzaba düçar edər. Allah Təala Bəyyinə surəsi 61-ci ayədə buyurur: “Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar.” Qeyd etmək lazımdır ki, razı olmaq məqamı yalnız Allahı sevməkdən sonra hasil olan bir məqamdır. Razılığın dünyəvi faydası budur ki, insanı sıxıntıdan çıxarar və rahat ibadət etmək imkanı yaradar. Buna görə də böyük insanlar başlarına nə qədər müsibət gəlsə belə sıxılmaz, ibadətdən bezməz, əksinə ibadətə daha şövqlə yanaşar. Kiçik insanlar isə bunun əksinə, çətinlik vaxtında ibadətdən yayınar və daim sıxıntı içində olarlar.

Ağlamaq

İnsan dua zamanında günahlarını etiraf etməli və peşmançılıqdan ağlamalıdır. Tövbə surəsində buna işarə olaraq belə buyurulmuşdur: “Qoy onlar etdikləri günahların cəzası olaraq, az gülüb, çox ağlasınlar.”[11]

Allahı gözəl adları ilə çağırmaq

Aləmlərin Rəbbi olan Allah müqəddəs Qurani-Məciddə Əraf surəsi, 180-ci ayədə belə buyurur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin.” Bəndə öz duasına uyğun Allahın gözəl adlarından istifadə etməlidir. Ruzi istəyərkən Rəzzaq, istiğfar edərkən Təvvab və digər gözəl adlarla Allahı çağırmalıdır. 

Tələsməmək və səbat göstərmək

Dua edərkən tələsməmək, dua etməyin ədəblərindəndir. Allah təbarəkə və təala İsra surəsi, 11-ci ayədə buyurur: “İnsan özünə xeyir istədiyi kimi, şər də diləyir. Doğrusu, insan çox tələskəndir.”

Gizlində dua etmək

Allahın müqəddəs Kitabında belə buyurulur: “Rəbbinizə acizanə və gizlincə dua edin.”[12] Həmçinin, gizlində olan duanın üstünlüyünə dair İmam Rza (əleyhissalam) buyurur: “Bəndənin gizlində bir duası aşkarda yetmiş duasına bərabərdir.”[13]

Cəm şəkildə dua etmək

Cəm halında edilən dua onun qəbul olunmasına səbəb olar. İmam Sadiq (əleyhissalam) bu barədə bu cür buyurmuşdur: “Əgər qırx nəfər mömin bir işin alınması üçün bir yerə cəm olub dua etsələr, Allah onların duasını müstəcab edər.”[14]

Duanın əvvəlində və sonunda Peyğəmbər və Əhli-Beytinə (salavatullahi əleyhim əcməin) salavat göndərmək

Duanın əvvəlində və sonunda peyğəmbər və Əhli-Beytinə (əleyhimussalam) salavat göndərmək lazımdır. Çünki, İmam Sadiq (əleyhissalam) buyurur: “Allaha edilən heç bir dua Muhəmməd və onun Əhli-Beytinə salavat göndərməyincə qəbul olunmaz.”[15]

Özündən əvvəl başqalarını dua etmək

İnsanın özündən əvvəl başqalarını dua etməsi duanın ədəblərindən biridir. Bu barədə məsumlar bizə nümunədirlər. Necə ki, İmam Həsən (əleyhissalam) Xanım Zəhra (əleyha salam) haqqında belə buyurmuşdur: “Bir gecə anamın mehrabda namaz qıldığını gördüm. O, gün doğana qədər ruku və səcdə etdi. Eşidirdim ki, bir-bir kişi və qadınların adlarını çəkərək, onlara dua edir, özünə isə bir hacət istəmirdi. Soruşdum: “Anacan! Nə üçün başqalarına dua etdin, lakin özünü dua etmədin?” Anam buyurdu: Oğlum birinci qonşu, sonra isə öz evin.”[16]

Sədəqə vermək

Hədislərdə gəlmişdir ki, az da olsa, sədəqə vermək bəlaların qarşısını alır, duaların müstəcab olmasında mühüm rol oynayır.

Məxsusi vaxtlarda dua etmək

İmam Sadiq (əleyhissalam) İmam Əlidən nəql edir: “Dua etməyi dörd vaxtda qənimət sayın: 1) Quran oxunan zaman; 2) Azan vaxtında; 3) Yağış yağdıqda; 4) Möminin qanı töküldükdə”[17] Həmçinin, İmam Sadiq (əleyhissalam) digər bir yerdə belə buyurur: “Allah təala mömin bəndələrindən ən çox dua edənləri sevir. Sizə səhər vaxtından gün çıxana qədər dua etməyi tapşırıram. Çünki, bu zaman səmanın qapıları açılır, ruzilər bölünür və böyük istəklər həyata keçir.”[18] Bundan əlavə gündəlik namazlardan sonra da dua etmək tövsiyyə olunmuşdur.

Məxsusi məkanlarda dua etmək

Bəzi yerlər vardır ki, o yerlərə Allah Təalanın xüsusi inayəti var. Məsələn, Kəbə evi, Məsumların pak məzarları, məscidlər və s. İnsan bu yerlərdə olduğu zaman əlində olan imkanı fürsət bilməli və Allaha dua etməlidir.

Təharətli olmaq

Həmçinin, hədislərə əsasən dua edərkən dəstəmazlı olmaq duanın qəbul olmasında mühüm rol oynayır.

Bütün bunlar dua etməyin bəzi ədəbləridir ki, ixtisara riayət edərək, qeyd etdik. Daha ətraflı hədislərə müraciət oluna bilər.

Baqir Cəfəri

besiret.az


[1] Şeyx Kuleyni, “Əl-Kafi”, c.4, səh.210, hədis 1.

[2] Həmin mənbə, səh.212, hədis 6.

[3] Həmin mənbə, səh.213, hədis 8.

[4] Şeyx Saduq, “Sifatuş-şiə”, hədis 28.

[5] Şeyx Saduq, “Kəmalud-din və təmamun-nemət”, səh.258.

[6] Əraf surəsi, 55-ci ayə.

[7] Fussilət surəsi, 49-cu ayə.

[8] Səcdə surəsi, 16-cı ayə.

[9] Mirza Huseyn Nuri, “Mustədrəkul-Vəsail”, c.5, səh.366, hədis 13.

[10] Şeyx Əbulfəth Amidi “Ğurərul-Hikəm və Durərul-Kəlim”, hədis 3225.

[11] Tövbə surəsi, 82-ci ayə.

[12] Əraf surəsi, 55-ci ayə.

[13] Əllamə Kuleyni “Əl-Kafi”, c.4, səh.225, hədis 1.

[14] Həmin mənbə, səh.226, hədis 1.

[15] Əllamə Kuleyni “Əl-Kafi” c.2, səh.493.

[16] Əllamə Məclisi, “Biharul-Ənvar”, c.45, səh.9

[17] Əllamə Kuleyni “Əl-Kafi” c.4, səh.226, hədis 3.

[18] Həmin mənbə, səh.228, hədis 8.