Vahid xəbərin qismləri
Mütəvatir xəbər öz-özlüyündə doğruluğuna əminlik ifadə edən bir xəbərdir. Təvatür həddinə çatmayan xəbərlər isə vahid xəbərlər adlanır. Vahid xəbər doğruluğuna zənn faydası verir.
Mütəvatir olmayan xəbər ravilərinin sayı cəhətindən 3 yerə bölünür:
Müstəfiz
Əgər vahid xəbərin raviləri hər təbəqədə 3 nəfəri keçsə, “müstəfiz” adlanır. Hədis elmi ilə məşğul olanlar arsında “müstəfiz” barədə ixtilaf var. Bəzilər müstəfiz xəbəri vahid xəbərin qismindən saymış, bəziləri isə onun ayrıca bir qism olduğunu demişlər. Şeyx Əli Xəlili Nəcəfi özünün “Səbilul-hidayə fi elmid-dirayə vəl-fəvaidur-ricaliyyə” kitabında “müstəfiz” hədisi vahid xəbərin qismindən bilmişdir. Həmçinin, Şeyx Mamaqani “Miqbasul-hidayə” kitabında buyurur ki, “müstəfiz”, vahid xəbərin bir qismidir. Eynilə, Şəhid Sani (rəhmətullahi əleyhim) də “Bidayətud-dirayə” kitabında “müstəfiz” hədisi xəbəri vahidin qismindən bilmişdir.
Əziz
“Əziz” xəbər o xəbərdir ki, hər təbəqədə ən azından 2 nəfər var. Bu xəbərin az olması və az olmasına baxmayaraq güclü olması onun “əziz” adlanmasına səbəb olmuşdur.
Ğərib
Təbəqənin əvvəlində, və ya ortasında, yaxud da axırında hədisi nəql edən raviləin sayı bir olarsa, belə bir xəbərə ğərib deyilir.
Vahid xəbərin məhfuf bil-qərain (nişanələrlə əhatələnmiş) olması
Qeyd etdiyimiz kimi vahid xəbər öz-özlüyündə doğruluğuna zənn faydası verir. Bəzən isə xəbərin özündən əlavə müəyyən əlamət və nişanələr olur ki, onların vasitəsilə xəbərin doğruluğuna əminlik hasil olur. Məsələn, bir nəfər bizə Zeydin ölüm xəbərini çatdırır. Daha sonra biz insanların onun evinə axışıdğını və ah-nalə səslərinin ucaldığını görürük. Bu zaman həmin nişanələr vasitəsilə Zeydin ölüm xəbərinin doğru olduğuna əmin oluruq. Bu cür vahid xəbərə məhfuf bil-qərain (nişanələrlə əhatələnmiş) xəbər deyilir. Bu cür xəbərin əminlik ifadə etməsində bəziləri ixtilaf etsələr də bir nəticəyə gəlib çıxa bilməmişlər.
Vahid xəbərin dörd əsas qismi
Ravilərin müxtəlif xüsusiyyətlərə malik olması cəhətinə görə vahid xəbər aşağıdakı dörd əsas qismə bölünür:
1. Səhih
2. Həsən
3. Müvəssəq
4. Zəif
Bu terminlərin tərifləri barədə gələn məqalədə söhbət açacağıq.
Bu bölgü əxbarilərin iradına səbəb olmuşdur
Hədis elmində sözügedən istilahların yaranması əxbarilərin üsuliləri tənqid etməsinə səbəb olmuşdur. Əxbarilər irad bildirmişlər ki, üsulilər bu istilahları çıxarmaqla bidət yaratmışlar. Çünki, bu istilahlar daha əvvəllər mövcud olmamışdır və hədislərin bu qismlərə bölünməsi bir çox hədislərin əldən çıxmasına şərait yaratmışdır. Hətta bu məsələ əxbarilərin üsuliləri təhqir etməsinə belə gətirib çıxarmışdır. Məlum irada nəzər etsək görərik ki, onların bu sözü əslində həqiqətdən uzaqdır. Çünki, qədim kitablarımıza nəzər yetirsək görərik ki, qədim alimlərimiz də bu qismləndirmələrdən istifadə etmişlər. Sadəcə olaraq bir istilah kimi ad qoymamışlar. Məsələn, Şeyx Səduq (rəhmətullahi əleyh) özünün “əl-Məsabih” əsərində Peyğəmbərdən (sallallahu əleyhi və alih), imamlardan, Xanım Zəhradan (salavatullahi əleyhim) hədis nəql edən ravilərin hallarını qeyd etmişdir. Deməli, şeyx ravilərin hallarının hədisə təsir etdiyini qəbul etmişdir. Bunun əsasında hədisləri mötəbər və ya qeyri-mötəbər bilmişdir. Digər qədim alimlərimizin də kitablarına baxdıqda bu fikir öz təsdiqini tapır. Nəticə olaraq bunu başa düşürük ki, məsələ əxbarilərin dediyi kimi deyil. Əksinə, hədisin ravilərini fərqləndirmək qədim alimlərimiz arasında da məşhur olmuşdur.
Məsələnin əsli budur ki, bu bölünmələr qədim alimlər arasında da mövcud olmuşdur. Lakin, alimlərimiz bu bölünmələri istilah şəklində adlandırmamışlar.
Bu bölgünün səbəbi
İlk öncə qeyd etmək lazımdır ki, qədim alimlərimiz arasında bu istilahlar, istilah olaraq mövcud olmamışdır. Bu terminlər Ⅶ hicri əsrində meydana gəlmişdir. Lakin istilahların sonradan yaranması, bu istilahların əvvəllər heç mövcud olmamasına dəlalət etmir. Bəhauddin Amuli (rəhmətullahi əleyh) bu istilahların yaranması barədə geniş bir bəhs açmışdır və biz onun dediklərinin bəzi hissəsini bütövlüklə qeyd edirik:
“Qədim alimlərimizin kitablarına müraciət edən hər bir kəs görər ki, bu istilah bizim onlar arasında tanınmamışdır. Qədim alimlərimiz səhih hədisə bu cür tərif vermişlər: “Xəbər elə bir səbəblə qüvvətlənir ki, həmin səbəb insanların (alimlərin) bu xəbərə etimad etməsinə səbəb olur və ya elə bir qərinələrlə (nişanələrlə) əhatələnir ki, həmin qərinələr ona etimad etməyi və inanmağı lazım tutur. Bu, bir neçə səbəbdən olmuşdur:
1. Qədim alimlərimiz bu hədisləri 400 əsli hədis kitabından yığmışlar. Hansı ki, bu kitablar imamların (əleyhimussalam) səhabələrindən qalmışdır. Qədim alimlərin zamanında bu cür məsələlər, günorta vaxtı günəşin aşkar olması kimi aydın və məşhur idi.
2. Bəzi müxtəlif təriqlərlə, müxtəlif sənədlərlə hədislər bir və ya bir neçə əsldə (kitabda) təkrarlanmışdır. Bu da alimlərin nəzdində hədisləri etimadlı etmişdir.
3. Həmin hədis elə bir əsldə (kitabda) mövcud olmuşdur ki, o, doğruluğunda icma olunmuş şəxslərdən birinə nisbət verilmişdir. Məsələn, Zürarə, Muhəmməd ibn Muslim, Fuzeyl ibn Yəsar kimi və s.
4. Həmin hədis elə bir kitabda dərc olunmuşdur ki, o kitab imamlardan birinə göstərilmişdir. Həmçinin, imamlar da onların müəlliflərinə tərif demişlər. Məsələn, Ubeydullah Hələbinin kitabı İmam Sadiqə (əleyhissalam), Yunis ibn Əbdurrəhman və Fəzl ibn Şazanın kitabları isə İmam Həsən Əskəriyə (əleyhissalam) təqdim edilmişdir.
5. Hədis elə bir kitabdan götürülmüşdür ki, əvvəlki alimlər arasında etimad olunan kitab olmuşdur. İstər bu kitabın müəllifi imamiyyə firqəsindən olsun, məsələn, Hureyz ibn Əbdullah Sicistaninin “Səlat” kitabı və ya Bəni Səid və Əli ibn Məhziyarın kitabları, istərsə də müəllif başqa firqədən olsun. Məsələn, Həfs ibn Ğiyas Qazi və ya Huseyn ibn Ubeydullah Sədinin kitabları kimi. Əsas məsələ budur ki, bunların nəql etdikləri əvvəlki alimlər arasında etimad edilən olmuşdur.
Şeyx Səduq (rəhiməhullah) səhih sözünü etimad edilən hədisə şamil etmiş və bununla da qədim alimlərin yolunu getmişdir. Məsələn, Şeyx “Mən la yəhzuruhul-Fəqih” kitabının əvvəlində qeyd edir: “mənə görə burada yazdığım hədislərin hamısı səhihdir və mən bu hədisləri məşhur hədis kitablarından çıxarmışam ki, gərək onlara müraciət olunsun.”
Bu hədislərin çoxu, bu gün səhih istilahında bildiyimiz qismə daxil olmur. Əksinə, bu hədislər həsən, muvəssəq və zəif hədislərin qisminə daxil olur. Qədim alimlərimizin çoxu yuxarıda dediyimiz qaydayla getmişlər. Məsələn, ravilərinin bəzisi imami (şiə) olmayan hədisə səhih hökmü vermişlər.
Yeni istilahların yaranmasının səbəblərindən biri də budur ki, qədim alimlər və mütəəxxir alimlər arasındakı vaxt o qədər uzun olmuşdur ki, etimad olunan əsli kitablar sıradan çıxmışdır. Halbuki, qədim alimlər arasında bu əsllər mövcud idi. Həmçinin, bizə gəlib çatan 4 əsli kitabda[1] etimad olunan hədislərlə digər hədislər qarışmışdır. Mütəəxxir alimlərin bunları ayırd etməsi mümkün olmamışdır. Buna görə mümkün deyildi ki, onlar qədim alimlərimizin yolu ilə getsinlər. Nəticədə, elə bir qanuna ehtiyac var ki, onun vasitəsilə mötəbər hədislər digərlərindən ayrılsın. Məhz bu səbəblərə görə yeni istilahlar yaratmış və uzaq olan mətləbləri yaxınlaşdırmışlar.”
İstifadə olundu: Şeyx Cəfər Sübhaninin “Usulul-hədis və əhkamuhu” kitabı.
Hazırladı: Baqir Cəfəri
besiret.az
[1] Əllamə Kuleyni “əl-Kafi”
Şeyx Səduq “Mən la yəhzuruhul-fəqih”
Şeyx Tusi “İstibsar”, “Təhzibul-Əhkam”