İctihad və fətvanın mənası

İctihad və fətvanın mənası

2017-12-07 3414

ÖZLƏRİNİ ƏXBARİ BİLƏNLƏRƏ CAVAB

1-ci hissə

İctihad və fətvanın mənası

Bismillahir-Rəhmanir-Rəhim,

Allahummə salli əla Muhəmmədin və ali-Muhəmməd.

Son illərdə sosial şəbəkələrdə özlərinəəxbari” deyən cahillərdən ibarət olan bir qrup, müsəlmanlar arasında təfriqə salaraq müctəhid və fəqihlərimizi təhqir etməklə məşğuldurlar. Onlar iddia edirlər ki, ictihad müctəhidlər tərəfindən İslam dininə gətirilmiş bir bidətdir, ictihad və təqlid batil bir şeydir, müctəhidlərə tabe olmaq Əhli-Beytə (əleyhimussalam) qarşı çıxmaqdır, müctəhidlərin verdikləri fətvalar məsum imamların (əleyhimussalam) buyurduqlarının əksinədir, onlar hədisləri insanlardan gizlədirlər ki, səhv olduqları üzə çıxmasın və s.

Bu mövzu ilə az-çox maraqlanmış hər bir şəxs bilir ki, əxbarilik elmi müstəvidə süquta uğramış bir cərəyan olmuşdur. Lakin bu, heç də əxbari alimlərinin bidət və zəlalət əhli olması demək deyil. Tarixdə bu elmi cərəyanı ya bütövlükdə, yaxud da qismən müdafiə etmiş böyük və dəyərli alimlər olmuşdur. Onlar özlərindən sonra bizlər üçün bir çox qiymətli elmi əsərləri miras qoymuşlar. Yəni, o alimlərin qiyamətə qədər olacaq bütün möminlərin boynunda böyük haqları vardır.

Lakin təəssüflər olsun ki, özlərinə əxbari deyən həmin cahil dəstə İslam düşmənlərinin təfriqə siyasətinə aldanaraq  bu şərəfli addan (əxbari adından) istifadə etməklə özlərinin haqq, məzhəbin böyük alim və fəqihlərinin isə batil olduğunu iddia edirlər.

Əziz oxucular bilməlidirlər ki, əxbarilik və üsulilik şəri hökmləri mənbələrdən ələ gətirmə fərqliliyindən yaranmış bir metoddur. Yəni, bir kəs əxbari olmaq üçün ən azından həqiqi əxbari alimləri qədər dərs oxumalı və istidlal qaydalarından məlumatlı olmalıdır. Deməli, həmin cahillər həqiqətdə əxbari deyildirlər. Çünki, onların bu dediyimiz şeylərdən heç bir anlayışı yoxdur. Möminlərdən də acizanə şəkildə ricamız budur ki, o nadanlara əxbari deməsinlər. Çünki, onlara əxbari demək  gecə və gündüzünü Əhli-Beytə (əleyhimussalam) xidmətdə keçirərək cildlərlə qiymətli kitablar yazmış həqiqi əxbari alimlərinin zəhmətlərini yerə vurmaq deməkdir.

Allah təbarəkə və təalanın izniylə silsilə şəklində davam edəcək olan bu yazılarımızda o nadanların atdıqları şübhələrə cavab verəcəyik. Həqiqətən də müvəffəqiyyət yalnız aləmlərin Rəbbi olan Allahın əlindədir.

Onların əsas şübhələri ictihadla bağlı olduğu üçün bu məqaləmizdə ictihad və fətvanın tərifindən və həqiqətindən söhbət açırıq.