İmam Həsən Əskərinin (ə.s) şəhadəti

İmam Həsən Əskərinin (ə.s) şəhadəti

2017-11-27 215

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil hökumətlərinə son verəcəyini və dünyanı ədalətlə dolduracağını eşitmişdilər.

Bundan xəbərdar olmaları, xüsusilə son zamanlarda (İmam Hadi və İmam Həsən Əskərinin (ə.s) zamanlarında) xəlifələri narahat edirdi. Bu səbəblə İmam Həsən Əskərini (ə.s) möhkəm bir nəzarətdə  saxlayır və onun övladının olmasını istəmirdilər.

İmamın (ə) bütün hərəkətlərini müxtəlif yollarla nəzarətə almışdılar. Hətta dəfələrlə zindana atdılar, lakin getdikcə xalqın İmama marağının artdığını gördülər. Zindanın, təzyiq və nəzarətinin tərsinə işlədiyini gördükdə Mutəmid daha dözə bilmədi və İmamı öldürməyə qərar verərək gizlicə zəhərlədi. İmam (ə.s.) hicri 260-cı il, rəbiyyul-əvvəlin səkkizində şəhadət şərbətini içdi (Allahın salavat və salamı ona və pak atalarına olsun).

İmamın (ə) cəmiyyət üzərindəki təsiri və xüsusilə şiələrin üsyana cəhd etmə ehtimalının gətirdiyi dərd ilə Mutəmid, İmamın (ə) zəhərləndiyi xəbərinin ortaya çıxmasından çox qorxurdu. Buna görə, mümkün olan hər cür vasitəylə cinayətini örtməyə çalışırdı.

İbn Səbbağ əl-Maliki, "əl-Fusulul-Muhimmə" adlı əsərində Abbasi sarayından Abdullah İbn Xaqan adında olan bir şəxsdən belə  nəql edir:

“…İmam Əbu Muhəmməd Həsən ibn Əli əl-Əskəri dünyadan köçdüyü zaman Abbasi xəlifəsi Mutəmid bizi heyrətə salan bir hala girdi. Belə bir şeyi (xilafətin başında  oturmuş böyük bir güc sahibi) xəlifədən gözləmirdik. Əbu Muhəmməd xəstələndiyi zaman, Xəlifənin xas adamlarından sayılan və fəqihlərdən ibarət olan beş nəfər evdə olub bitən hər şeyi ona xəbər vermək üçün Mutəmidin əmriylə İmamın (ə) evinə göndərildi. İmamın yanında qalmaları üçün bir neçə həkim də göndərilmişdi. Ayrıca gecə-gündüz İmamın (ə) yanına gedib, vəziyyəti nəzarətdə saxlamaları üçün Xəlifə, Qazi ibn Bəxtiyara 10 nəfər etibarlı şəxsləri İmamın evinə göndərməsini əmr etdi. İki və ya üç gün sonra İmamın vəziyyətinin pisləşdiyini və sağalma imkanının çox az olduğunu Mutəmidə bildirdilər. Mutəmid gecə-gündüz İmamın (ə) evində qalmalarını əmr etdi. Buna görə İmam (ə) dünyadan köçənə qədər İmamın (ə) evində qaldılar. İmamın ölüm xəbəri yayılınca Samirra şəhəri matəmə büründü. Başdan ayağa fəryad və inilti ilə doldu. Bazarlar tətil oldu, dükanlar bağlandı. Daha sonra Haşimoğulları, divandakılar, ordu komandirləri, şəhər qaziləri, şairlər, şahidlər və digərləri dəfn mərasimi üçün yola çıxdılar. Samirra o gün qiyamət səhnəsini xatırladırdı. Cənazə dəfnə hazır olduğunda Xəlifə, İmamın namazını qıldırması üçün qardaşı İsa ibn Mütəvəkkili göndərdi. Cənazəni namaz qılınması üçün evdən çıxardıqları zaman İsa cənazəyə yaxınlaşdı və İmamın üzünü açaraq şiələrə, Abbasilərə, qazilərə, katiblərə və şahidlərə göstərdi və dedi ki: "Bu adi ölüm ilə dünyadan köçən Əbu Muhəmməd əl-Əskərinin cəsədidir. Xəlifənin xidmətçilərindən filan və filankəs  buna şahiddirlər!!"

Sonra cənazənin üzünü örtdü və cənazə namazı qıldı, daha sonra dəfn etmək üçün aparmalarını əmr etdi. Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) vəfatı Samirrada hicri 260-cı ilin rəbiyyul-əvvəl ayının səkkizində, cümə günü baş verdi və evlərindəki atasının dəfn edildiyi otaqda dəfn edildi.[1]

Əlbəttə qeyd etmək lazımdı ki, İmamın (ə) cənazə namazını onun oğlu zəmanəmizin imamı həzrət Məhdi (əcələllahu fərəcəhuş-şərif) qılmışdır. Lakin xəlifə camaatın ehtiramını qazanmaq üçün qardaşına da bu işi əmr etmişdi.

Bütün bunlardan, İmamın (ə) cəmiyyətdə necə bir mövqeyə sahib olduğu və hökumətin niyə narahat olduğu aydındır. Ayrıca Xəlifənin, İmamın (ə) zəhərləndiyinin və öldürüldüyünün ortaya çıxmasından qorxması və əvvəldən hazırladığı planla  İmamın (ə) şəhadətini təbii bir ölüm kimi göstərməyə çalışması da, buna dair göstəricilərdən biridir.

Bəli, zalımlar zalım səltənətlərini günahsız İmamların varlığından dolayı təhlükədə görürdülər. Buna görə nurlarını söndürmək üçün onları mümkün olduğu qədər cəmiyyətdən uzaq tutmağa çalışırdılar. Sonunda onları öldürməyə təşəbbüs göstərir və öldürürdülər.

Abbasi xəlifəsi Mutəmid, İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra ətrafda İmamın (ə) mirasını anası və qardaşı Cəfər arasında bölüşdürərək şiələri sonrakı İmamın (ə) varlığından ümidsizliyə salmaq üçün İmam Həsən Əskərinin (ə) heç bir övladı olmadığı xəbərini yaymaqda səy göstərirdi. Digər tərəfdən də gizlicə vəzifələndirdiyi adamlarına mümkün olan hər şeyi araşdırmağı və İmamdan (ə) bir övlad ələ keçirsələr tutub gətirmələrini əmr etdi.

Xəlifənin məmurları İmamın (ə) ailəsinə çox təzyiq etdilər, amma İmam Məhdini (ə) ələ keçirə bilmədilər. Allah təala onu qorudu və zalımların tələsindən qurtardı.

Hər nə qədər İmam Hüccətibnil-Həsən əl-Məhdi (ə.f) zalımların pisliklərindən qorunmaq üçün xalqla aşkarda görüşməmiş, hamıdan  gizlənmiş və ilahi əmr gərəyi qeybəti seçmişsə də, kiçik yaşında dəfələrlə o İmamı (ə) görən şiələr və İmam Həsən Əskərinin (ə) xas dostları olmuş və onun varlığından əmin olmuşlar. İmam Həsən Əskərinin (ə) vəfatında da İmam Məhdi (ə.f) atasının evinin bağçasında meydana çıxmış, İmam Həsən Əskərinin (ə) cənazə namazını qıldırmaq  istəyən əmisi Cəfəri kənara itələmiş və özü cənazə namazını qıldırmışdır. [2]

Kiçik qeybət dövrü ərzində də şiələr İmamın (ə) naibləri vasitəsiylə onunla əlaqə saxlamışdılar. İmam Məhdi (ə.f) də naibləri vasitəsiylə şiələrdən gələn sualları cavablandırırdı. Naiblər vasitəsilə görülən bir çox kəramət get-gedə İmamı (ə) sevənlərin etiqad və inanclarını qüvvətləndirirdi.

besiret.az

[1] - “Fusulul-Muhimmə”, Nəcəf nəşri, s. 298

[2] - “Kəmalud-Din” Axund nəşri, s.475