İmam Həsən Əskərinin (ə) kəramətləri

İmam Həsən Əskərinin (ə) kəramətləri

2017-11-25 668

İmam Həsən Əskərinin (ə) kəramətləri

İmam Həsən Əskərinin (ə.s) kəramətləri ilə bağlı hədis kitablarında bir çox rəvayət zikr edilmişdir. Onlardan bir neçə nümunə nəql etməklə kifayətlənirik:

1- Əbu Haşim Cəfəri belə buyurur:

Bir gün Əbu Muhəmmədin (İmam Həsən Əskərinin (ə)) hüzuruna  getdim, ondan bir parça gümüş  götürərək üzük edib təbərrük olaraq istifadə etmək istədim. Lakin oturduqdan sonra nə istəyəcəyəmi unutdum! Getmək üçün ayağa qalxdıqda, İmam (ə) mənə bir üzük verərək buyurdu: "Sən gümüş istəyirdin, biz üzük verdik. Beləcə gümüşü üzük etmək üçün verəcəyin pulu da qazanmış oldun! Ey Haşim, halal olsun, sağlıqla  istifadə et!" Mən: "Ey mövlam, şahidlik  edirəm ki, siz Allahın vəlisi və mənim imamımsınız və sizə itaəti dinimin bir parçası bilirəm." dediyimdə, İmam: "Allah səni bağışlasın  ey Əbu Haşim!"  deyə buyurdu.[1]

2- Şəblənci, “Nurul-Əbsar” adlı əsərində Əbu Haşim Cəfərinin belə dediyini nəql edir:

Mən dörd adamla birlikdə Saleh İbn Vasifin zindanında idim. İmam Həsən Əskəri (ə.s) və qardaşı Cəfər içəri girdilər. Biz İmama (ə) xidmət etmək üçün ətrafına toplandıq. Zindanda şiələrdən olduğunu iddia edən Bəni-Cəmh qəbiləsindən biri də var idi. İmam (ə.s) bizə: "Əgər sizin aranızda sizdən olmayan kimsə olmasaydı, sizə buradan qurtuluşun vaxtını söyləyərdim"-deyə buyurdu. Sonra Cəmh qəbiləsindən olan o şəxsə işarə edərək çölə çıxmasını istədi. Adam çölə çıxdıqda İmam (ə.s) bizə: "Bu şəxs sizdən deyil, ondan çəkinin, söylədiyiniz şeylər haqqında xəlifə üçün hesabat hazırlamışdır və onu indi paltarında gizlədib"-deyə buyurdu. Bizdən biri onun üzərini axtardı. Paltarında gizlətdiyi hesabatı tapdıq. Hesabatda bizim haqqımızda əhəmiyyətli və çox təhlükəli şeylər yazmış olduğunu gördük.[2]

3- Muhəmməd ibn Rəbi Şeybani belə buyurur:

Əhvazda Sənəvilərdən (iki tanrıya tapınanlar, müşriklərdən) biri ilə davamlı mübahisə  edirdik. Sonra Samirraya getdim. Sənəvinin sözləri mənə təsir etmişdi. Əhməd ibn  Hasibin evində oturmuşduq. İmam Həsən Əskəri (ə.s) bir rəsmi mərasimdən qayıdırdı. Mənə baxdı və barmağıyla işarə edərək: "(Allah) birdir, birdir; Onu bir bil!"- buyurdu. Bunu eşitdikdə özümdən getdim... [3]

4- İsmayıl ibn Muhəmməd belə buyurur:

İmam Həsən Əskərinin (ə.s) evinin qapısının qarşısında oturmuşdum. İmam (ə.s) çölə çıxanda ona yaxınlaşaraq kasıblıq və yoxsulluqdan şikayət etdim və bir dirhəm belə pulum olmadığına and içdim! İmam: "İki yüz dinarını torpağa basdırdığın halda and içirsən?"-deyə buyurdu. Daha sonra: "Bunu, sənə bir şey verməmək üçün söyləmədim"-dedi və xidmətçisinə yönələrək: "Yanındakıları ona ver!"-buyurdu. Xidmətçi mənə yüz dinar verdi. Allaha şükr etdim və geri döndüm.

Mən oradan qayıdarkən İmam: "O iki yüz dinarı, ona çox ehtiyac duyduğun bir vaxtda itirməyindən qorxuram"-buyurmuşdu. Mən dinarları gizlətdiyim yerə getdim. Onları yerində tapdım. Yerlərini dəyişdirərək heç kimin tapa bilməyəcəyi bir şəkildə saxladım. Bu hadisə üzərindən bir müddət keçdi, dinarlara ehtiyacım oldu. Onları basdırdığım yerdən  götürməyə getdiyimdə tapa bilmədim. Bu mənə çox ağır gəldi. Sonra, oğlumun onların yerini tapıb götürdüyünü anladım. İmamın (ə) buyurduğu kimi mən o pullardan heç bir xeyr görmədim. [4]

5- Muhaməd ibn Əyyaş belə buyurur:

Bir neçə adamla birlikdə İmam Həsən Əskərinin (ə) kəramətləri mövzusunda söhbət edirdik. Orada olan Nasibilərdən biri dedi ki: "Mən bir kağıza mürəkkəbsiz bir yazı yazacağam, əgər İmam bunun cavabını verə bilsə, haqq olduğunu qəbul edərəm." Biz düşündüyümüz  bəzi məsələlərimizi bir kağızın  üzərinə yazdıq. Nasibi də yazmaq istədiyini  mürəkkəbsiz olaraq başqa bir səhifəyə yazdı. Onu da digər məktublarla birlikdə İmam Həsən Əskəriyə (ə) göndərdik. İmam (ə) bizim suallarımızın cavabını yazdı. Nasibiyə aid olan səhifənin üzərinə isə Nasibinin və onun ata-anasının adlarını yazmışdı. Nasibi şəxs bunu görüncə huşunu itirdi. Ayıldığı zaman haqqa inandı və ondan sonra İmamın (ə) şiələri arasında yer aldı.[5]

6-Əbu Həmzə belə buyurur:

Dəfələrlə İmamın (aralarında Türk, Rum, Deyləmi və s. müxtəlif millətlərdən olan) kölələrlə öz dilləri ilə danışdığını gördüm. Bu işə çox təəccübləndim və öz özümə: "İmam Mədinədə dünyaya gəldiyi halda necə olur da müxtəlif dillərlə danışar?"-deyə düşündüm. İmam, mənə dönərək buyurdu ki: "Doğrusu əziz və uca Allah, öz höccətini digər məxluqlarından ayırdı  və ona hər şeyi tanımağı  bəxş etdi. İmam olan bir kəs müxtəlif dilləri, soyları və hadisələri bilər. Əgər belə olmasaydı, İmam ilə başqaları arasında heç bir fərq qalmazdı."[7]

besiret.az

[1] -Usulu Kafi”, c.1, s.512

[2] -“İ'lamul-Vəra”, s.373. “Nurul-Əbsar”, Qahirə nəşri, s.183; “əl-Fusulul-Muhimmə”, İbn Səbbağ əl-Maliki, s.286, azacıq fərqlə

[3] – “Kəşful-Ğummə fi Mə'rifətil-Əimmə”, c.3, s.305

[4] – “İhqaqul-Həqq”, c.12, s.470;  “Fusulul-Muhimmə”, İbn Səbbağ əl-Maliki, s.286

[5] – “Mənaqib”, Nəcəf nəşri, c.3, s.538

[6] – “əl-İrşad”, Şeyx Mufid, s.322