İmam Rzanın (əleyhissəlam) şəhadəti

İmam Rzanın (əleyhissəlam) şəhadəti

2017-11-19 970

İmam Rzanın (əleyhissəlam) şəhadəti

Məmun İmam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakıyla bir çox elmi yığıncaqlar təşkil edirdi və bu yığıncaqlarda İmam ilə digərləri arasında bir çox müzakirələr olurdu. Müzakirə edilən, danışılan mövzular ümumiyyətlə fiqhi və etiqadi mövzular idi. Mərhum Təbərsi bu müzakirələrin çoxunu öz kitabında bir araya yığmışdır. [1]

Məmun bu kimi elmi yığıncaqlar təşkil etməklə özünü elmsevər biri olaraq göstərmək istəyirdi.  Bu səbəbdən  onu digər Abbasi xəlifələrindən ayırmaq lazımdır. Məmunun belə yığıncaqlar təşkil etməkdə başqa məqsədi də var idi. Məmun, İmamı müzakirə mühitinə çəkməklə avam xalqın Əhli-Beyt imamları haqqındakı "Onlar lədunni elmə sahibdirlər" düşüncəsini yox etmək istəyirdi.

Mərhum Şeyx Səduq bu barədə belə deyir:

“Məmun hər təriqətin böyük alimlərini İmamın qarşısına çıxarmaqla o Həzrətin dəlil və bürhanlarını etibardan salmağa çalışırdı. Məmun, İmama (ə)  qarşı olan həsədindən, İmamın elmi və ictimai nüfuzunu çəkə bilməməzliyindən ötəri bu işə müraciət etmişdi. Amma kimsə İmamın (ə) qarşısına çıxmırdı. İmamın qarşısına çıxan hər kəs də onun üstünlüyünü etiraf edir və O həzrətin dəlilləri qarşısında təslim olurdu. [2]

Başqa bir yerdə isə belə demişdir: Məmun bu işləri etməklə İmamı (ə) özünə çəkmək istəyirdi. Lakin İmam (ə) səhabələrinə belə buyurdu: "Onun süni işlərinə və özünü camaata göstərmək məqsədiylə etdiklərinə aldanmayın, mən Məmunun əli ilə şəhid ediləcəyəm." [3]

Ehtimala görə bu yığıncaqlar əvvəllər bu məqsədlə tərtib edilirdi. Ancaq Məmun bu yığıncaqların özü üçün zərərdən başqa bir şey gətirmədiyini görüncə İmamı (ə) məhdudlaşdırmağa başladı. Əbdus-səlam Hiravidən belə nəql edilmişdir:

"İmam Rzanın (ə) elmi mövzularda yığıncaqlar tərtib etdiyi və xalqı öz elmiylə heyran etdiyi Məmuna bildirildikdə o, Muhəmməd ibn Əmri-Tusini camaatı İmamın yığıncaqlarından çəkindirməklə vəzifələndirdi. Ondan sonra İmam (ə) Məmun haqqında belə buyurdu:

"Ey yeri və göyləri var edən, ey sonsuz gücə sahib olan Allah, ey dəyişmə və təbdil məhəlli olmayan Allah, ey uca Allah, namazı özünə salavat və salamla şərəfləndirdiyin şəxsə salam və rəhmət göndər, mənə zülmü rəva görən, məni alçaldan və şiələrimi qapımdan qovan şəxsdən mənim intiqamımı al." [4]

İmamı (ə) şəhid etmək üçün bu məsələnin özü, başlı-başına bir dəlil şəklini aldı. Əhməd ibn Əli Ənsari deyir ki:

“Əbu Səltdən "İmam Rzanın (ə) öldürülməsinə Məmun necə razı oldu?"- deyə soruşdum. Əbu Səlt:... Məmun vəliəhdliyi İmam Rzaya  (ə) verməklə onun dünyada gözü olduğunu xalqa göstərmək və nəticədə xalqın gözündən salmaq istədi. Ancaq İmam Rzanın  (ə) etdiyi hər iş onun Məmundan üstün olduğunu ortaya qoyduqda, Məmun  İmam Rzanın (ə) elmi nüfuzunu zədələmək və xalqın gözündən salmaq üçün bütün İslam torpaqlarındakı mütəkəllimləri (kəlam alimlərini) İmamla (ə) mübahisə  etmək üçün dəvət etdi. Ancaq  o həzrətlə həmsöhbət olan hər yəhudi və nəsrani alimi İmamın (ə) qarşısında təslim olurdu. Xalq da deyirdi ki, İmam Rza (ə) xilafət mövqeyinə Məmundan daha layiqdir. Məmunun casusları da hadisələri və danışılan sözləri Məmuna çatdırırdılar. Beləcə Məmun, İmam Rzanı (ə) zəhərləyərək  öldürməyə təşəbbüs etdi. [5]

----------------------------------------------------------

[1]- “əl-Ehticac, c.2, s.171-237.  Uyunul-Əxbarir-Rza, c.1, s.126-167. Biharul-Ənvar, c.49, s.189-216.

[2]- Uyunul-Əxbarir-Rza, s.152.

[3]- Uyunul-Əxbarir-Rza, c.2, s.183. Biharul-Ənvar, c.49, s.189.

[4- Uyunul-Əxbarir-Rza, c.2, s.171.

[5]- Uyunul-Əxbarir-Rza, c.2, s.241.