Yeddi səfər mövlud günüdür ya şəhadət?-Müctəhidlərin nəzəri

Yeddi səfər mövlud günüdür ya şəhadət?-Müctəhidlərin nəzəri

2017-10-28 981

Yeddi səfər mövlud günüdür ya şəhadət? Təqlid olunan müctəhidlərin nəzəri

İmam Həsənin (əleyhissəlam) şəhadəti Təbərsinin “Əlamul-Vəra” və Şeyx Mufidin “Əl-İrşad” kitabına əsasən iki tarixdə gəlib bizə yetişmişdir. Biri Səfər ayının 28-i, digəri isə Səfər ayının 7-sidir.

“SHİANEWS” əməkdaşlarından bir dəstəsi şiələrin bu günlə bağlı vəzifələrinin nə olmasını bilmək üçün təqlid mərcələrinə sual ünvanlamış və həmçinin dünyadan köçmüş bir sıra təqlid mərcələrinin də nəzərlərini araşdırmışlar. Aşağıda həmin sual və ona verilən cavablar qeyd olunmuşdur:

Sual:

Əhli-Beyt (əleyhimussəlam) şüarlarının (yəni Əhli-Beytlə bağlı ayinlərin) əhəmiyyətini, İmam Həsən Muctəbanın (əleyhissəlam) məzlumiyyətini,  həmçinin Səfər ayının yeddisini o Həzrət (əleyhissəlam) üçün şəhadət günü kimi qeyd edən Qum və Nəcəf alimlərinin bu uzunömürlü adətini nəzərə alaraq sizin bu gün (7 Səfər) barədə  fikrinizi bilmək istərdik. Həmçinin xatırladaq ki, Qum elmi hövzəsini təsis edən mərhum Şeyx Əbdul-Kərim Hairi bu gündə İmam Həsən (əleyhissəlam) üçün dərslərin tətil olunmasına və əza məclislərinin  qurulmasına israr edirdi.

Ayətullah Vəhid Xorasani:

Qum elmi hövzəsinin muhəqqiq və təsisçisi (Ayətullah şeyx Əbdül-Kərim Hairi) nə buyurubsa, gərək ona da əməl olunsun.

Ayətullah Seyyid Sistani:                 

İmam Həsən Müctəbanın (əleyhissəlam) şəhadətini böyük tutmaq, o həzrət üçün məclislər qurmaq, başına gəlmiş müsibətləri zikr etmək, fəzilət və məqamlarını yada salmaq dini şüarları (ayinləri) qorumaq hesab olunur. “Hər kim Allahın ayinlərinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır. (Həcc, 32)”

Ayətullah Safi Gülpayiqani:

İmamların (əleyhimussəlam) mövlud məclislərini bərpa etmək çox yaxşı və munasib bir əməldir. Amma yeddi səfərin bəzi nəzərlərə əsasən İmam Həsənin (əleyhissəlam) şəhadət ildönümünə təsadüf etməsi və əlavə olaraq  Məhərrəm ilə  Səfər ayının bütünlüklə Peyğəmbər (salləllahu əleyhi və alih) və Əhli-Beytinin (əleyhimussəlam), həmçinin şəhidlər ağası İmam Hüseynin (əleyhissəlam) ürəkləri yandıran karvanının hüzn ayları olduğuna görə, layiq olan budur ki, bu iki ayda rövzə və əza məclisləri qurulsun. Bayram və şadyanalıq məclislərindən isə ciddi şəkildə çəkinilsin.

İnşallah siz əzizlərin müqəddəs icması Həzrət Bəqiyyətullahın xüsusi nəzər və inayətində qərar tutar, hamınız O Həzrətin fərəcini  gözləyənlərdən olarsız.

Ayətullah Şubeyri Zəncani:

Səfər ayının yeddinci günündə şiələrin bazar və dükanlarını bağlayıb İmam Həsən (əleyhissəlam) üçün matəm ünvanında əza saxlamaq adəti dini şüarlardandır (ayinlərdəndir). Gərək bu şüarlar (ayinlər) qorunsun.  Bu əməllərin (yəni həmin gündə əza  məclisləri qurmağın həmin məclislərdə) yeddinci imamın (İmam Musa Kazimin ə.) fəzilətlərini zikr etməklə heç bir ziddiyyəti yoxdur.

Ayətullah Məkarim Şirazi:

Əlbəttə mərhum Kuleyninin “əl-Kafi” kitabında qeyd etdiyi və İmam Həsənin (əleyhissəlam) şəhadətinin səfər ayının axırında olmasını bildirən rəvayət məşhurdur. Lakin şəhadətin səfər ayının yeddisində olduğunu deyən rəvayəti nəzərə aldıqda yaxşı olar ki, həmin günün (yəni səfər ayının 7-si) də ehtiramına riayət edilsin.

Ayətullah Seyyid Sadiq Ruhani:

Şeyx Mufid, Şəhid Əvvəl və Kaşiful-Ğita kimi tədqiqatçı alimlərdən bir qrupu tədqiqatdan sonra səfər ayının yeddinci gününü İmam Həsənin (əleyhissalam) şəhadət günü olaraq qeyd etmişlər. Mən də bu barədə araşdırma apardığım müddətdə təqribən bu nəzər barədə özümdə xatircəmlik tapdım. Şəairin (dini ayinlərin) əzəmətli tutulmasının tələbinə əsasən bu gün əza məclisləri bərpa edilməlidir.

Dünyasını dəyişmiş təqlid mərcələrindən bir qrupunun nəzərləri

Sual: Məhərrəm və Səfər aylarında müxtəlif munasibətlərlə bəzi bayramların radio və televiziya vasitəsilə yayımlandığı muşahidə olunur. Sizin bu barədə nəzəriniz nədir?

Ayətullah Mirza Cavad Təbrizi (r.ə):

Məhərrəm və səfər ayları Seyyiduş-şühəda və Əhli-Beyt xanədanının (əleyhimussəlam) hüzn aylarıdır. Buna görə də bu ay gərək əzadarlıq və rövzəxanlıq məclisləri ilə keçsin. Ən doğrusunu Allah bilir.

Ayətullah Behcət (r.ə):

Münasib olar ki, yeddi səfər barədə olan iki məşhur nəzəri cəm edib İmam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti və İmam Musa Kazimin (əleyhissəlam) təvəllüdü ilə bağlı hər iki böyük İmam üçün məclislər tərtib edilsin. Belə ki, ikinci İmamın (əleyhissəlam) başına gələn müsibətlər və yeddinci İmamın (əleyhissəlam) fəzilətləri zikr edilib, yada salınsın.

Ayətullah Fazil Lənkərani (r.ə):

İlin bir günü yalnız Həzrət İmam Muctəbaya (əleyhissəlam) məxsus edilməlidir. Səfər ayının iyirmi səkkizinin Həzrət Xatəmul-Ənbiyanın da (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan köçdüyü gün olmağını nəzərə alsaq heç bir tərəddüd olmadan deyə bilərik ki, İmam Həsənin (əleyhissəlam) şəhadəti kölgədə qalır. Buna görə də yaxşı olar ki, səfər ayının yeddisini İmam Həsənin (əleyhissəlam) şəhadətinə məxsus edilsin. Elə məşhur olan nəzər də budur.

Həmçinin nəzərinizə çatdırmaq lazımdır ki, Şəhid Əvvəlin “Durus“ və Kəfəminin “Misbah” kitabında qeyd etdikləri sözlərə əsasən səfər ayının yeddisi İmam Həsən Muctəbanın (əleyhissəlam) şəhadət günüdür. Həmçinin  Qum və Nəcəf elmi hövzələrinin alimlərinin, o cümlədən, Şeyx Əbdul Kərim Hairi və Ayətullah Burucerdinin sirələri (yolları,üslubları) bu gündə əza bərpa etmək olmuşdur. Həmçinin bu gündə müqəddəs Qum şəhərinin dükançı və tacirləri də öz mağazalarını bağlamaqla əzadarlıq edirdilər.

Qeyd edək ki, hər il səfər ayının 7-si İmam Həsənin (əleyhissəlam) şəhadət  münasibəti ilə Nəcəf elmi hövzəsi dərslərini tətil edir.

Mənbələr:

Shia-news.com 1

Shia-news.com 2

Shia-news.com 3

Tərcümə etdi: Murtəza Heydəri

besiret.az