Həzrət Rüqəyyənin mövcudluğu barədə atılmış şübhələrə müctehidlərin cavabı

Həzrət Rüqəyyənin mövcudluğu barədə atılmış şübhələrə müctehidlərin cavabı

2017-10-24 489

Həzrət Rüqəyyənin (salamullahi əleyha) mövcudluğu barədə atılmış şübhələrə bəzi təqlid mərcələrin cavabları

Təəssüflər olsun ki, axır zamanlarda bəzi fərdlər həzrət Əbu Əbdillah Huseynin (əleyhissalam) qızının mövcud olması barədə tərəddüd etmiş və bununla da möminlərin qəlbinə şübhə toxumları səpmişlər. Həzrət Rüqəyyənin (əleyhassalam) mövcud olması barədə şəkk etmək nəinki o məzlum xanıma və onun atasına, hətta bütün Əhli-Beytə (əleyhimussalam) edilmiş bir zülmdür.  Möminlər arasında yayılmış şübhənin aradan qalxması üçün təqlid mərcələrindən bəzilərinin bu barədə nəzərlərini sizlərə təqdim edirik:

Ayətullah seyid Muhəmməd Sadiq Ruhani:

“Əvvəla, son zamanlarda Xanım Rüqəyyə (salamullahi əleyha) barəsində çox yaxşı bir kitab yazılmışdır. Bu kitabda isbat edilmişdir ki, üç yaşlı həzrət Rüqəyyə (salamullahi əleyha) Şamın xarabalığında dünyadan köçmüş və orada da dəfn olunmuşdur. İkincisi, fiqhdə “təsamüh fi ədillətis-sünən” adlı bir qayda mövcuddur. Bu qayda ilə isbat olunmuşdur ki, bu üç yaşlı qız haqqında deyilənləri nəql etmək və onun ziyarətinə getmək şəri qaydalar əsasındadır. Bu qəbildən olan şübhələrə etina etməyin.”

Ayətullah Safi Gülpayiqani:

“Bəzi məqtəl və tarix kitablarına əsasən, İmam Huseynin (əleyhissalam) Şamda dünyasını dəyişən bir qızı olmuşdur. İslamın fəxrləri olan bu əzəmətli şəxslərin qəbrləri İslami təbliğat və dua yerləri olduğu üçün hörmətlə qarşılanmalıdır. Bu kimi tərəddüdlər yersizdir. Müvəffəq olasınız.”

Ayətullah seyid Muhəmməd Şahrudi:

“İmam Huseynin (əleyhissalam) həzrət Rüqəyyə adında qızının mövcud olması və o müqəddəs məkanda dəfn edilməsi haqqında tədqiqatçıların sözləri bizlərdə əminlik yaratmışdır. Dindar insanların tarix boyu Xanımın (salamullahi əleyha) ziyarətinə getmə ənənəsi də həmçinin insana əminlik verir.”

Ayətullah Mirza Cavad Təbrizi:

“İmam Huseynin (əleyhissalam) qızı həzrət Rüqəyyənin (salamullahi əleyha) Şamdakı məzarı qədim dövrlərdən məşhur olmuşdur. İmam Huseyn (əleyhissalam) sanki özündən sonra bir nişan qoyub getmişdir ki, gələcəkdə bəzi şəxslər çıxıb həmin hadisələri inkar etməsinlər. Bu azyaşlı qız uşağı onu göstərir ki, əsirlərin içərisində onun kimi azyaşlı uşaqlar da mövcud olmuşdur. O həzrət bu məkanda dünyasını dəyişmiş və orada da dəfn olunmuşdur. Biz onun ziyarətinə getmək üçün tələsməli və onun ehtiramını qorumalıyıq. Batil və bihudə sözlərə etina etməyin. Biz İmam Huseynin (əleyhissalam) qızını ziyarət etməklə Allaha yaxınlaşırıq. Bu o qızdır ki, onun özü və bütün ailəsi zülmə məruz qalmışdır.”[1]

Ayətullah Məkarim Şirazi:

“İmam Huseynin (əleyhissalam) kiçik qızının Şamda dünyasını dəyişməsi, orada dəfn olunması və hal-hazırda mövcud olan qəbrin ona məxsus olmasında heç bir şəkk-şübhə yoxdur. Lakin bu qızın adının Rüqəyyə olub-olmamasında alimlər arasında fikir ayrılığı mövcuddur. Məşhur olan budur ki, onun adı elə Rüqəyyə olmuşdur.”[2]

Ayətullah Nuri Həmədani:

“Kamilu-Bəhai və Nəfəsul-Məhmum kimi kitablarda, həmçinin digər mötəbər kitablarda qeyd olunmuşdur ki, Şamda şəhadətə yetən və orada dəfn olunan azyaşlı uşaq İmam Huseynin (əleyhissalam) qızı Rüqəyyədir.[3]

Ayətullah Məzahiri:

“Həzrət Rüqəyyə məqbərəsi ilə məşhur olan həmin yer, elə İmam Huseynin (əleyhissalam) kiçik qızı Xanım Rüqəyyənin (salamullahi əleyha) qəbridir. Bu məsələdə şəkk etmək İmam Huseynin məzlum övladına zülm etməkdir. O xanıma zülm etmək böyük günahdır. Biz insanların seyidliyini və böyüklərin qəbrini isbat etmək üçün məşhurluq dəlilinə əsaslanırıq. Bu qayda böyük fəqihlərimizin nəzərində höccətdir.”[4]

Ayətullah Ələvi Qorqani:

“Həzrət Rüqəyyənin mövcudluğu tarixi bir faktdır. Şübhə o xanımın mövcud olub-olmamasında deyil, adının nə olmasındadır. Biz, camaatın qəlbinə şübhə toxumları atanlara deyirik ki, bunda heç bir mənfəət yoxdur. Onlar bununla yalnız öz axirətlərini xarab etdiklərini bilməlidirlər. Yaxşı olar ki, belə məsələlərlə özlərini məşğul etməsinlər.”[5]

Ayətullah əl-üzma Vəhid Xorasani xanım Rüqəyyənin mövcud olması barədə ortaya şübhələr atan şəxslərə öz əməli ilə cavab vermişdir. Belə ki, o, xanım Rüqəyyənin mövcud olması ilə bağlı şübhələr geniş müzakirəyə çıxarıldığı vaxtdan etibarən hər il xanım Rüqəyyənin şəhid olduğu gün, yəni səfər ayının 5-i öz dərs məclisində xanım Rüqəyyə üçün əza məclisi qurur. Aşağıda həmin əza məclislərindən birinin video linkini sizə təqdim edirik:

https://youtu.be/FmYmUCkHckY

Ayətullah əl-üzma seyyid Təqi Qummi Təbətəbainin (quddisə sirruh) sosial şəbəkələrdə xanım Rüqəyyənin (səlamullahi əleyha) qəbrini ziyarət etməsini və onun müqəddəs zərihinin içinə daxil olaraq o xanım üzün orada əza saxlamasını özündə əks etdirən video mövcuddur. Həmin videonun linkini sizlərə təqdim edirik:

https://youtu.be/GyuAf7ftSnk

Mənbələr:

http://www.valiasr-aj.com/persian/shownews.php?idnews=5878  

Shia-news

Tərcümə etdi: Mürtəza Heydəri


[1]Ayətullah Mirza Cavad Təbrizinin informasiya saytı.

[2]Qum elmi hövzəsinin müdriyyətinin rəsmi informasiya mərkəzi (HOWZA-NEWS)

[3]Həmin mənbə.

[4]“Ləbbeyk”; “Fars”; “Tabnak” xəbər agentlikləri.

[5]Həmin mənbə.