Mütəvatir hədis
Mütəvatirin tərifi, mütəvatir nədir?- Təvatür lüğətdə bir şeyin digərindən sonra sıra ilə (ard-arda) gəlməsinə deyilir. Məsələn bir nəfər gəlib bir xəbər verir, sonra başqa şəxs gəlib yenə həmin xəbəri verir, daha sonra bir nəfər də gəlib o xəbəri verir. Lakin istilahda (terminoloji mənada) təvatürə bir neçə tərif verilmişdir:
1.“Öz-özlüyündə qət və əminlik gətirən, bir dəstə insanın verdiyi xəbər.”
2.“Elə bir toplumun verdiyi xəbərdir ki, həmin xəbər bu toplumun yalan üzərində bilərəkdən əlbir olmasından qorunur”. Yəni, xəbər verənlərin sayı o qədər çoxdur ki, ağıl onların yalan üzərində toplanmasının mümkünsüzlüyünə hökm verir.
3.Şeyx Bəhauddin Amuli (rəhmətullahi əleyh) yuxarıda göstərilən iki tərifi cəm etmiş və təvatürə belə bir tərif vermişdir:”Hədisin ravilər silsiləsi hər təbəqədə elə bir həddə çatsın ki, hədis bu hədlə yalan üzərində sözləşmədən amanda qalsın”[1]
Mütəvatir hədisə bir çox təriflər vermişlər, lakin, ixtisara riayət edərək digərlərini zikr etmirik.
Mütəvatirin mümkünlüyü, baş verməsi və ondan əldə olunan elmin növü
Ağıl sahibi olan kəslər heç vaxt mütəvatirin baş verməsinin mümkünlüyündə və baş verməsində şəkk etmir. Qəzali yazır: “Heç bir aqil şəkk etmir ki, dünyada Bağdad adında bir şəhər var. Baxmayaraq ki, o, Bağdada getməyib.” Bu gün biz kütləvi informasiya vasitələrindən müxtəlif ictimai, siyasi xəbərlər eşidirik. Onlardan məxsus qisminin düzgünlüyünə əmin oluruq. Hansı ki, biz o xəbərlərin qəsdən yalan, uydurma olmamasını bilirik. Hər birimiz ömrümüzün axırına qədər mütəvatir xəbərlər eşidirik. Bu məsələni inkar edənlər bir çox dəlillər zikr ediblər ki, burada qeyd etməyə ehtiyac yoxdu.
Təvatürün şərtləri:- Hədisin təvatür olması üçün bir neçə şərt var ki, bəzilərini zikr edirik:
1. Təvatür xəbəri çatdıranların sayı o qədər çox olmalıdır ki, o çoxluq xəbəri çatdıranların yalan üzərində toplaşmasını adətən mümkünsüz etsin.
2. Bu çoxluq hədisin sənədinin bütün təbəqələrində olsun.
3. Xəbəri çatdıranların elmləri hissə (görmə, eşitmə) söykənmiş olsun.
4. Xəbər verənlər elm (yəqin, əminlik) üzərindən xəbər verməlidirlər, nəinki zənn üzərindən. Məsələn, Bağdad əhli bir nəfər görüb onun Zeyd olduğunu güman edərsə və bunu xəbər olaraq bizə çatdırarlarsa, biz o kəsin Zeyd olduğuna hökm verə bilmərik. Çünki, xəbər zənn üzərindən verilib.
Təvatürü çatdıran şəxslərin ən az sayı
Təvatürün baş tutmasında ravilərin ən az sayı barədə ixtilaf var. Lakin həqiqət budur ki, təvatürün təhəqqüq tapması sayla şərtlənməyib. Meyar budur ki, bir dəstə insan xəbər versin və bu xəbər öz-özlüyündə yalandan amanda qalmış olsun. Bəzi yerlərdə müəyyən bir ədəd kifayət edir ki, xəbər təvatür olsun. Lakin ola bilər bəzi yerlərdə bu ədəd kifayət etməsin. Bəziləri beş nəfəri, bəziləri 10, 20, 40 və s. nəfəri şərt bilsə də bunların heç bir əsası yoxdur.
Mütəvatirin ləfzi və mənəvi olmaqla iki qismə bölünməsi
Mütəvatir iki qismdir:
a) Ləfzi mütəvatir:
Xəbər verənlərin sözləri bütün xəbərlərdə eynidir. Məsələn, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” hədisini neçə nəfər nəql edibsə, hamısı bu sözlə nəql ediblər. Ola bilər hədisin bəzi hissəsini bütün nəql edənlər eyni cür nəql etməsinlər, lakin qeyd etdiyimiz hissəsini bütün ravilər eyni şəkildə nəql etmişdir. Buna görə də bu hədis həmin hissədə ləfzi təvatürdür.
b) Mənəvi təvatür:
Xəbər verənlərin sözləri müxtəlifdir, lakin bu sözlərin hamısı bir mənaya şamil olur. İnsanda həmin mənanın doğruluğuna elm (əminlik) hasil olur. Çünki, ləfzlər müxtəlif olsalar da məna eynidir. Bəzən xəbər verənlərin sözlərinin müxtəlifliyi bir hadisənin üstündə qurulur. Məsələn, bir nəfər deyir ki, “Zeyd Əmri əliylə vurdu”, digəri deyir ki, “əsayla vurdu”, başqa şəxs “ayaqla vurdu” deyə xəbər gətirir. Nəticədə, bu xəbərlərin hamısı onu göstərir ki, “Əmrin vurulması” baş vermişdir. Bəzənsə, xəbər verənlərin sözlərinin müxtəlifliyi müxtəlif hadisələrdən doğur. Məsələn, İmam Əlinin (əleyhissəlam) döyüşləri haqqında nəql olunmuş çoxsaylı rəvayətlər bu qəbildəndir. Hansı ki, onlar İmam Əlinin (əleyhissəlam) döyüşkənliyinə və şücaətinə dəlalət edir. Deməli, mənaca mütəvatir olan xəbərlər İmam Əlinin (əleyhis-səlam) şücaətli olmasına dəlalət edir.
İstifadə edildi: “Əhkamul-hədis” kitabı Şeyx Cəfər Sübhani
Hazırladı: Baqir Cəfəri
[1] Bəhauddin Amili, “Əl Vəcizə” kitabı, səh.2