Məqalənin birinci hissəsində miras barədə bəzi ümumi məlumatlara, habelə ər-arvad və birinci təbəqədən sayılan ata-ananın mirası barədə əsas məsələlərə toxunduq. İkinci hissədə isə birinci təbəqədən olan digər şəxslərin mirasdakı payları barədə məlumat verəcək, sonda isə miras mövzusu haqqında ortaya atılmış bir şübhə və onun cavabını qeyd edəcəyik.
2.2.2. Övladların mirasdakı payı
Birinci təbəqədə övladlar barədə danışarkən demişdik ki, şəxsin oğlu-qızı və nəvə-nəticələri birinci təbəqədən olan varis hesab edilirlər. Lakin ölən şəxsin oğul-qızlarından hansısa birinin sağ olması halında nəvə-nəticələr irsdə pay sahibi olmur. Nəvə-nəticələrin payları isə valideynlərinin, yəni ölən şəxsin uşaqlarının payına münasib şəkildə hesablanır. Bu səbəblə də ilk olaraq vəfat etmiş şəxsin öz övladlarının irsi barədə, daha sonra isə nəvə-nəticələrin irsləri barədə məlumat verəcəyik
1. Vəfat etmiş şəxsin oğul-qızları
Vəfat edən şəxsin övladlarının mirası müxtəlif hallara görə dəyişir. Belə ki, övladların arasında həm qız, həm də oğlan övladın olması, ancaq qız övladın olması halı və ya ancaq oğulun olması hallarının hamısının özünəməxsus hökmləri var.
Sadəcə oğul övladı olan halda
Hökmlərinin sadə olması cəhətindən sadəcə oğlan övladının olması halı ilə başlayırıq. Belə ki, oğlan övladları fərz olaraq pay sahibi deyillər. Yəni onların Quranda dəqiq müəyyən edilmiş bir payları yoxdur. Onlar “qohumluq” əsasında mirasdan pay aparırlar. Buna görə də tək varis oğul olduğu surətdə bütün miras onundur. Başqa varislər də olduğu halda digər varislərə öz fərzləri verildikdən sonra mirasın qalanı oğulun payıdır. Əgər bir neçə oğul olsa, həmin hissə onlar arasında bərabər şəkildə bölünəcək.
Elə isə əgər ölmüş şəxsin valideynlərindən hər hansı biri, yaxud hər ikisi sağdırsa, hər bir valideyn altıda bir hissəyə sahib olur. Həyat yoldaşı da varsa, ər və ya arvad olmasından asılı olaraq dörddə bir, yaxud səkkizdə bir hissə ona çatır. Yerdə qalan hissə isə oğulun payıdır.
Həm qız, həm də oğlan övladı varsa
Bu məsələnin də hökmü sadədir. Qurani-Kərimdə bu hal üçün xüsusi pay müəyyən edilməyib, amma belə hallarda oğlan övladlarının qızların payından ikiqat artıq paya sahib olması açıqlanıb. Allah-taala buyurur: “Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür”.[1]
Odur ki bura qədər qeyd edilən hökmlər əsasında hissəsi müəyyən olan digər şəxslərə öz payları verildikdən sonra qalan miqdar övladlar arasında bölüşdürüləcək. Beləliklə:
1. Əgər vəfat edən şəxsin övladlarından başqa kimsəsi yoxdursa, onun bütün mülkü oğlanlara qızlardan ikiqat çox pay çatacaq şəkildə bölünür. Məsələn, 2 oğlan, 1 qız varsa, beşdə bir hissə qızın payına düşür. Oğlanların isə hər birinə beşdə iki qədərində pay çatır. Bunun bölgüsünü sadə hesablamaq üçün hər bir qız 1, oğlan övladı isə 2 olaraq sayılıb toplanır. Alınan cəm məxrəcdə qərar verilir. Surətdə isə hər qız övladına 1, oğlan övladına isə 2 hissə hesablanır və beləcə doğru bölgü alınır. Məsələn, 2 qız, 3 oğlan varsa, 2 (yəni 1+1) və 6-ın (yəni 2+2+2) cəmi olan 8 məxrəcdə tutulur və mülk səkkizə bölünür. Beləcə, qızlar səkkizdə bir, oğlanlar səkkizdə iki qədərində pay əldə edirlər.
2. Vəfat edənin valideynlərindən biri qalsa, ona altıda bir pay verilir. Hər ikisi sağdırsa, hərəsi altıda bir pay sahibi olur. Həyat yoldaşı yoxdursa, valideynlərdən qalan miqdar hamısı övladlarındır və yuxarıdakı əsasda bölünür. Valideynlərlə yanaşı həyat yoldaşı da varsa, ərə dörddə bir, arvada isə səkkizdə bir pay verilir. Yerdə qalan miras isə övladlar arasında bölünür.
Sadəcə qız övladı olan halda
Qız övladı həm fərz, həm də rədd, yəni artıq qalanın qaytarılması şəklində mirasdan pay sahibi olur. Fərz payı qız övladının bir, iki və daha artıq olmasına görə dəyişir, eynilə də artıq qalan miqdardan ona çatan hissə də dəyişmiş olur. Qızların fərz payı bu şəkildədir:
Tək qız: Vəfat edən şəxsin sadəcə bir qızı olduğu təqdirdə onun fərz olan payı Qurani-Kərimdə mirasın yarısı olaraq açıqlanmışdır. Ayədə deyilir: “Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur”.[2]
İki və ya daha artıq qız: Vəfat edənin iki və ya daha artıq qızı varsa, bu zaman onların fərz payı artır, belə ki, qızlar (bəzi hallar istisna olmaqla) bütün mirasın üçdə ikisini əldə edirlər və bu hissə qızlar arasında bərabər şəkildə bölünür. İkidən çox qızın irsi barədə Allah-taala buyurur: “Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır”.[3]
İki qızın irsinə gəlincə isə onların da payının üçdə iki olması ayədə açıqca bildirilmir. Lakin müfəssirlər elə həmin ayədəki bəzi ifadələrdən bu məsələnin də hökmünün müəyyən qədər anlaşıldığını qeyd edirlər. Maraqlananlar “əl-Mizan” təfsirində qeyd edilən ayənin təfsirinə müraciət edə bilərlər.[4]
Əgər vəfat edən şəxsin varisləri sadəcə qızlarıdırsa, bütün miras onlarındır. Sadəcə olaraq tək qızda fərz mirasın yarısıdır, daha artıq qız olduğu halda fərz üçdə ikidir. Qalan hissə də özlərinə qaytarılır.
Qız övladından başqa da varis varsa, burada bir neçə hal təsəvvür edilir. Biz mümkün halları qeyd edirik, onların bəzisinin hökmünü burada, bəzisini isə “Qurani-Kərimdə riyazi xəta şübhəsi” bölümündə qeyd edəcəyik. Mümkün hallar belədir: Varislər:
1) Tək qız və valideynlər olarsa;
2) Qızlar və valideynlər olarsa;
3-4) Tək qız, yaxud qızlar və bir valideyn olarsa;
5-6) Tək qız, yaxud qızlar və ölən şəxsin arvadı olarsa;
7-8) Tək qız, yaxud qızlar və ər olarsa;
9-10) Tək qız, yaxud qızlar, arvad və bir valideyn olarsa;
11) Tək qız, ər, bir valideyn olarsa;
12) Eyni hal bir neçə qızla olarsa;
13) Tək qız, ata-ana, arvad olarsa;
14) Eyni hal bir neçə qızla olarsa;
15) Tək qız, ər, ata-ana olarsa;
16) Eyni hal bir neçə qızla olarsa.
Burada qeyd edilən 12, 14, 15 və 16-cı halların xüsusi hökmü var. Bəzi şəxslər fərzlərin miqdarının mirası üstələdiyini güman etmiş və məsələnin təfsilatından, islam şəriətindən xəbərsiz halda Quranda riyazi xəta olduğu iddiasını etmişlər. Biz daha sonra bu məsələyə aydınlıq gətirəcəyik.
İndi isə digər halların hökmünü qeyd edirik. Burada fərz və rədd (qaytarılma) məsələlərinin təfsilatlı izahı məqalənin çox uzanmasına və qarışıq hal almasına səbəb olduğu üçün birbaşa nəticə olan hökmləri qeyd etməklə kifayətlənəcəyik.
- Tək qız və valideynlər olarsa: Əgər həcb şərtlərini özündə cəm edən bacı-qardaşlar yoxdursa, malın beşdə ikisi ata-ananın, beşdə üçü qızındır. Hər birinin payında fərz və rədd (qaytarılma) mövcuddur. Əgər həcb şərtlərinə malik bac-qardaşı varsa, o halda, görəsən, bacı-qardaşlar burada da ananın daha artıq pay almasına mane olurlar, yoxsa mane olmaq məsələsi vəfat edən şəxsin övladı olmadığı hala aiddir? Birinci nəzərə əsasən, ana sadəcə altıda bir hissə əldə edir. Ata qalan malın dörddə birini, qız övladı isə dörddə üçünü əldə etmiş olur. İkinci nəzərə əsasən isə bu halda bacı-qardaşlar həcb edə bilmir və əvvəldə qeyd edilən beşdə üç və beşdə iki bölgüsü yerində qalır.
Seyid Sistani bu məsələdə bir fətva verməmişdir. Buna görə də anaya qaytarılıb-qaytarılmamasında şəkk edilən miqdarda ehtiyat edilməli olduğunu buyurur.[5] Bu miqdar mirasın altıda bir miqdarı ilə beşdə bir miqdarı arasında fərq edən hissədir (otuzda bir hissə).[6] Burada tərəflər barəsində ixtilaf etdikləri miqdarda (otuzda birdə) bir-biri ilə razılaşaraq sülh etsələr[7], ehtiyata riayət edilmiş və məsələ də həllini tapmış olar.
- Qızlar və valideynlər olarsa: Bu halda fərz mirasa tam bərabər olur. Belə ki, qızlar mirasın üçdə ikisini, valideynlər isə üçdə birini (altıda ikisini) əldə edir.
3-4) Tək qız, yaxud qızlar və bir valideyn olarsa: Tək qız olduqda mirasın dörddə üçü qızın, dörddə biri ata, yaxud ananındır. Qızlar çox olduqda isə beşdə dördü onların, beşdə biri ata, yaxud ananındır.[8]
5-6) Tək qız, yaxud qızlar və vəfat etmiş şəxsin arvadı olarsa: Mirasın səkkizdə biri vəfat etmiş şəxsin arvadının, qalan hissə isə hər iki halda tamamilə övladındır.[9]
7-8) Tək qız, yaxud qızlar və ər olarsa: Dörddə bir ərin, qalanı övladlarındır.[10]
9-10) Tək qız və ya qızlar, arvad və bir valideyn: Vəfat etmiş şəxsin arvadı səkkizdə bir pay əldə edir. Əgər övlad tək qızdırsa, yerdə qalan miqdarın dörddə üçü onun, dörddə biri atanındır (ananındır). Qızlar birdən çoxdursa, qalan payın beşdə dördü onların, beşdə biri isə tək qalan valideynindir.[11]
11) Tək qız, ər, bir valideyn: Ərin dörddə bir payından yerdə qalan hissə, əvvəlki məsələdə olduğu kimi, qıza dörddə üç, tək valideynə isə dörddə bir olaraq bölünür.[12]
13) Tək qız, ata-ana, arvad olarsa: Arvadın payı səkkizdə birdir. Vəfat edən şəxsin həcb şərtlərinə malik bacı-qardaşları yoxdursa, yerdə qalan hissənin beşdə üçü qıza, beşdə ikisi isə valideynlərə aiddir. Əks təqdirdə isə birinci halda qeyd etdiyimiz ixtilaf və Seyid Sistaninin fətva verməyib ehtiyata riayəti buyurması bura da şamil olacaq.[13]
[1] Nisa, 11.
[2] Həmin ayə.
[3] Həmin ayə.
[4] Əllamə Təbətabati, Təfsirul-mizan, c. 4, səh. 208.
[5] Ayətullah Seyid Əli Sistani, Minhacus-salihin, c. 3, məs. 993.
[6] Həmin hissə anaya qaytarılsa, ana beşdə bir, yəni otuzda altı qədərində pay sahibi olacaqdı. Qaytarılmadığı təqdirdə isə altıda bir, yəni otuzda beş qədərində pay əldə edəcək, aradakı otuzda bir hissə ata və qız arasında bölünəcəkdi. Tərəflərin ehtiyat etməli olduğu hissə də bu otuzda bir hissədir.
[7] Sülh və ya “müsaləhə” – qısaca izah etsək, tərəflərin öz aralarında razılaşıb bir əvəz müqabilində, yaxud heç bir əvəz tələb etmədən halallaşmasıdır. Burada da ehtiyat budur ki, öz aralarında müəyyən bir bölgüdə razılığa gəlsinlər, ixtilaf edilən miqdarı həmin əsasda bölüb bir-biriləri ilə halallaşsınlar.
[8] Həmin mənbə, c. 3, məs. 995.
[9] Həmin mənbə, c. 3, məs. 999.
[10] Həmin mənbə, c. 3, məs. 999.
[11] Həmin mənbə, c. 3, məs. 996
[12] Həmin mənbə, c. 3, məs. 996.
[13] Həmin mənbə, c. 3, məs. 997.