İslam hüququnda miras (1)

İslam hüququnda miras (1)

2024-11-10 208

Miras və ya irs “bir şəxs vəfat etdikdə onun malının, yaxud haqqının onunla arasında nəsəb və ya səbəb əlaqəsi olan (bunların izahı az sonra qeyd ediləcək) digər bir şəxsə keçməsidir”. [1]

Bu məqaləmizdə islamda mirasla bağlı əsas məsələlər, varislərin təqsimi, miras hüququndan məhrum olmağa səbəb olan şeylər və ümumən mirasla bağlı əsas hökmlərdən danışacağıq. Miras məsələsi geniş mövzu olmasına baxmayaraq, biz bu məqalədə miras barədə daha çox qarşıya çıxan məsələlərə toxunacağıq. Məqalənin həcmi geniş olduğuna görə mövzu iki hissədə paylaşılacaq. Qeyd edək ki, bu məqalədə qeyd edilən hökmlər Ayətullah Seyid Sistaninin nəzərlərinə əsaslanır.

İlk olaraq miras barədə əsas, ümumi məlumatları qeyd edirik:

1. İslamda miras barədə ümumi məlumat

1.1. Mirasda haqqı olan şəxslər[2]

İslamda insan mirasda iki şəkildə haqq sahibi ola bilər: 1. Vəfat edən şəxslə nəsəb-qohumluq əlaqəsi; 2. Səbəb əlaqəsi.

1-1-1. Nəsəb-qohumluq əlaqəsi

Nəsəb-qohumluq əlaqəsində varislər üç təbəqəyə bölünür. Həmin təbəqələri qeyd edib haqqında qısa məlumat verək:

Birinci təbəqə: Bu təbəqədə iki qrup mövcuddur:

1. Vəfat edən şəxsin valideynləri. Nənə və baba bu təbəqəyə daxil deyil.

2. Övladlar. Nəvə, nəticə və s. birinci təbəqədən hesab edilir. Lakin nəvə-nəticələr meyitin hansısa oğlu və yaxud qızı sağ olduğu təqdirdə mirasdan pay sahibi olmurlar (bu məsələnin təfsilatı məqalənin davamında qeyd ediləcək).

İkinci təbəqə: Bu təbəqədə də iki qrup mövcuddur:

1. Nənə-baba və soyda onlardan yuxarıda olan şəxslər. Yəni nənə və babaların ata-anaları, onların da ata-anaları və s. bu təbəqəyə daxildir. Bu zaman bəzi hallarda ölən şəxsə daha yaxın olan varis sağ olduğu müddətcə ondan yuxarı mərtəbədə olan, daha uzaq düşən əcdad irs aparmır. Məsələn, ölən şəxsin nənəsi və nənəsinin atası sağ olarsa, miras nənəyə çatır, nənənin atası isə pay sahibi olmur.[3]

2. Bacı-qardaş və onların övladları. Burada da bacı-qardaş öncəlik təşkil edirlər. Onlardan biri sağ olduğu təqdirdə övladları mirasdan pay sahibi olmurlar. Lakin bu məsələnin də istisna olduğu hallar mövcuddur.[4]

Üçüncü təbəqə: Əmilər, dayılar, xalalar və bibilər.

Onların övladları da bu təbəqəyə daxildir. Amma övladlar bu şərtlə varis olurlar ki, əmi-dayı, xala-bibi varislər arasında olmasın. Məsələn, əmi sağ olduğu təqdirdə nə əmi uşaqları, nə də dayı uşaqları mirasdan pay sahibi olmurlar.[5]

Meyitin ata-anasının, nənə-babalarının əmiləri, dayıları, xala və bibiləri də üçüncü təbəqəyə daxildir. Habelə onların övladları da. Lakin meyitin öz əmiləri, dayıları və s. sağ olduqda ata-anasının əmi-dayısına və s. mirasdan pay düşmür. Eləcə də əmi-dayı, xala-bibi övladlarından hansısa sağ olduğu təqdirdə yenə də ata-ananın əmi-dayısına və s. mirasdan heç bir pay düşmür.[6] Bunların heç biri olmadığı təqdirdə sıra ata-ananın əmi-dayısına və s. gəlir. Eyni şəkildə onlar da ölən şəxsin nənə-babasının əmi-dayılarından və s. öncəlikli hesab edilirlər. Xülasə, sıralama bu şəkildə gedir.

Qeyd edək ki, birinci təbəqədən olan şəxslərdən biri belə sağ olduğu, miras üçün maneəsi olmadığı təqdirdə ikinci təbəqədən heç bir şəxs mirasda haqq sahibi hesab edilmir. Həmçinin ikinci təbəqədə varis mövcud olduğu təqdirdə üçüncü təbəqədən olanlar mirasdan heç bir pay aparmırlar.

Burada təbəqələr barədə qısa məlumat verdik. Daha sonra birinci təbəqə barədə geniş danışacağıq. İkinci və üçüncü təbəqə haqqında məsələlərə toxunmaq məqalənin həcmini çox geniş edəcəyindən, habelə qismən daha az qarşıya çıxan məsələlər olduğuna görə həmin məsələlərin təfsilatı qeyd etməyəcəyik. Bu təbəqələr barədə daha ətraflı məlumat üçün risalələrə müraciət edə, eyni zamanda səhifəmizin sosial şəbəkə hesablarından suallarınızı bizə ünvanlaya bilərsiniz.

1-1-2. Səbəb əlaqəsi

Səbəb əlaqəsi də özlüyündə iki qismə bölünür: Evlilik və vəla.

1. Evlilik: Həyat yoldaşları bir-birindən müəyyən miqdar miras aparırlar. Ölən şəxsin həyat yoldaşı (ər və ya arvad) bütün təbəqələrlə yanaşı mirasda pay sahibidir. Yəni irs aparan qohumlar istər birinci təbəqədən olan şəxslər olsun, istər iki, istərsə də üçüncü təbəqə, həyat yoldaşı da onlarla birgə irs aparır.

İslam hüququnda həyat yoldaşı digər təbəqələrə, digər şəxslərə maneə hesab edilmir. Yəni meyitin valideynləri və övladları yoxdursa, amma ikinci təbəqədən, yaxud üçüncü təbəqədən olan qohumlar varsa, həyat yoldaşı sağ olduğuna görə həmin şəxslər mirasdan məhrum edilmir. Həyat yoldaşı öz payını götürür, digər şəxslər də özləri üçün müəyyən edilən payı. Həyat yoldaşının mirasdakı payı ilə bağlı müxtəlif məsələləri sonrakı bölümlərdə qeyd edəcəyik.

2. Vəla: Bu söz yaxınlıq mənası ifadə edir. İslamda bu səbəbdən irsə haqqı çatan şəxslər üç qrupdur.[7] Məqalədə bu qisim barədə sadəcə qısa məlumat verməklə kifayətlənirik. Həmin üç qrup bunlardır:

1. Öz qulunu azad edən şəxs. Bu şəxs bəzi hallarda azad etdiyi qulun varisi olur.

2. “Zimanul-cərirə” (cinayətə zaminlik) əqdi vasitəsilə yaranan bağlılıq. Aralarında bu əqd bağlanan şəxslər biri digərinə vacib olan diyəni ödəyir, habelə onun varisi olur. Həmçinin, mümkündür ki, onlardan biri bu zəmanəti üzərinə götürsün, digəri isə götürməsin.[8] Bu əqdin bağlanma şərtlərindən biri budur ki, zamin durulan şəxsin nəsəb cəhətindən heç bir qohumu olmasın. Hər iki tərəf bir-birinə zamin olsa, gərək hər ikisinin də qeyd edilən təbəqələrdən heç birində qohumları olmasın.[9] Lakin həyat yoldaşının mövcud olması zaminin mirasdan pay almasına mane deyil. Həyat yoldaşı irəlidə qeyd ediləcək miqdarda yuxarı həddə olan paylarını[10] götürəcək, qalanı isə zamin olan şəxsin haqqıdır.[11]

3. İmamət bağlığı. Bir şəxsin heç bir təbəqədən varisi və ya onu azad edən bir şəxs olmasa, həmçinin zamini də yoxdursa, bu halda dövrün imamı (ə) onun varisidir.

Həyat yoldaşına gəlincə isə vəfat edən qadının əri onun mirasının yarısına fərz olaraq (mənası az sonra izah ediləcək) sahib olur. Fərzdən artıq qalan yarısı da ona qaytarılır. Vəfat edən şəxs kişi olarsa, onun varislərindən təkcə arvadı qalsa, o, mirasın dörddə birinə fərz olaraq sahib olur. Qalan dörddə üç hissə isə imamın (ə) payıdır.[12] Qeyb dövründə bu hissə şəri hakimə verilir və o, bunu xümsün sərf olunma yerlərində istifadə edir.[13]


[1] Dr. Əhməd Fəthullah, Mucəmu-əlfazil-fiqhil-cəfəri, səh. 22.

[2] Ayətullah Seyid Əli Sistani, Minhacus-salihin, c. 3, səh. 309-310.

Qeyd edək ki, istinadları verərkən bəzi məsələləri ayrı-ayrılıqda qeyd edəcək, bəzilərində isə ümumi olaraq səhifələri qeyd etməklə kifayətlənəcəyik.

[3] Həmin mənbə, c. 3, məs. 1027.

[4] Həmin mənbə, c. 3, məs. 1039.

[5] Həmin mənbə, c. 3, məs. 1049.

[6] Həmin mənbə, c. 3, məs. 1052-1053.

[7] Həmin mənbə, c. 3, məs. 1074.

[8] Həmin mənbə, c. 3, məs. 1076.

[9] Həmin mənbə, c. 3, məs. 1077.

[10] Məqalənin davamında da qeyd etdiyimiz kimi, həyat yoldaşlarının mirasdakı payları müxtəlif hallara görə dəyişir. Bəzən onlar üçün təyin edilən maksimum paya sahib olurlar, bəzən isə müəyyən bir minimum hissə əldə edirlər.

[11] Həmin mənbə, c. 3, məs. 1079.

[12] Həmin mənbə, c. 3, məs. 1081.

[13] Həmin mənbə, c. 3, məs. 1082.