Müasir dövrümüzdə möminləri ən çox maraqlandıran məsələlərdən biri də banklarla bağlı olan şəriət hökmləridir. Banklardan pul götürmək, banka qazanc əldə etmək məqsədilə pul yatırmaq, bankda işləmək və s. kimi məsələlər bir çoxlarını düşündürür. Gərək möminlər bu məsələlərə diqqətlə yanaşsınlar, çünki bəzən bankla yerinə yetirilən əməliyyatlarda dinimizdə haram edilmiş riba (sələm)[1] təhlükəsi mövcud olur. Hansı ki Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində Allah yanında bir dirhəm riba yeməyin insanın Kəbə evinin içində öz məhrəmi ilə yetmiş dəfə zina etməsindən daha ağır günaha bərabər olduğunu deyir.[2] Bu böyük günaha mürtəkib olmamaq üçün müasir dövrdə ehtiyacın çoxaldığı bank əməliyyatlarının şəriətdəki hökmlərini bilmək zəruridir. Bu məqaləmizdə banklarla bağlı bir sıra şəri hökmlərə aydınlıq gətirəcəyik. Məqaləmiz aşağıdakı mövzuları əhatə edəcək:
1.Bankların təsnifi;
2.Özəl banklardan kredit götürməyin və bu banklara pul yatırmağın hökmləri;
3.Dövlət banklarından kredit götürməyin və bu banklara pul yatırmağın hökmləri;
4.Müştərək banklarla bağlı məsələlər;
5.Qeyri-müsəlmanlara məxsus banklardan kredit götürməyin və bu banklara pul yatırmağın hökmləri.
Bankların təsnifi
Əsas hökmlərə keçməmişdən qabaq mühüm bir məsələni qeyd etməliyik. Şəriətimizdə hər hansısa bir bankla bağlı hökmlər onun sərmayədarlarının dəyişməsi ilə müxtəlif olur. Sərmayədar dedikdə bank səlahiyyətində olan malların sahibləri, yəni bankın sərmayəsinə malik olan şəxslər nəzərdə tutulur. Bu cəhətdən bir qisim banklara aid olan hökmlər başqa bir qisimdən tamamilə fərqlənə bilir. Elə buna görə də ilk öncə bankları bu baxımdan, yəni sərmayəçiləri cəhətindən ayırd etmək zəruridir. Beləliklə, banklar ümumilikdə iki yerə ayrılır: sərmayəsi müsəlmanlara aid olan banklar, sərmayəsi qeyri-müsəlmanlara məxsus olan banklar. Qeyd edək ki, bəzən kafir ölkələrində müsəlman bankları, yaxud müsəlman ölkələrində qeyri-müsəlman bankları ola bilir. Yəni bankın hansı ölkədə yerləşməsinin bu bölgüyə aidiyyəti yoxdur. Buna görə də bankın müsəlman və ya qeyri-müsəlman bankı olmasını təyin etmək üçün onun yerləşdiyi ölkəyə yox, sərmayəçilərinə diqqət etməliyik. Nəzərinizə çatdıraq ki, müsəlman ölkələri dedikdə sırf şəriət qanunları ilə idarə olunan və ya qanunları sırf şəriət qaydalarına uyğun olan ölkələr yox, əhalisinin əksər hissəsi müsəlman olan ölkələr nəzərdə tutulur. Əgər bir ölkənin və ya məntəqənin əhalisinin əksəriyyəti İslam dininə mənsubdursa, hətta idarəetmə forması şəriətə müxalif olsa belə həmin ölkə müsəlman ölkəsi sayılır. İlkin bölgü olaraq müsəlman və qeyri-müsəlman bankları barədə tanışlıq qazandıq. Sərmayəsi kafirlərə məxsus olan bankların hökmlərini sonda qeyd edəcəyik. Ondan əvvəl isə gəlin müsəlman banklarının qisimləri ilə tanış olaq.
Müsəlmanlara məxsus olan bankların qisimləri
Adətən müsəlman ölkələrində fəaliyyət göstərən, sərmayəçiləri müsəlmanlar olan banklar üç sinfə ayrılır:
1. Özəl banklar: sərmayəsi bir və ya bir neçə nəfərə məxsus olan banklar özəl banklar hesab olunur. Bu cür bankların sərmayəsi bir nəfərə və ya şərik şəklində bir neçə nəfərə aid olur;
2. Dövlət bankları: sərmayəsi yalnız dövlətə aid olan banklar dövlət bankları adlanır. Bu cür bankların sərmayəsi yalnız dövlət malından ibarət olur;
3. Müştərək banklar: bu bankların sərmayəsi həm dövlət malından, həm də müəyyən bir şəxsin və ya bir neçə nəfərin malından tərkib tapır.
Əvvəldə də qeyd etdiyimiz kimi bank əməliyyatlarının hökmü bankın yuxarıdakı qisimlərdən hansına aid olması ilə dəyişir. Buna görə də bankla bağlı hər hansısa bir əməliyyat yerinə yetirmək istəyən möminlər ilk öncə xidmət alacaqları bankın hansı qismə məxsus olduğunu müəyyən etməlidirlər.
Bildirməliyik ki, sərmayəsi qeyri-müsəlmanlara məxsus olan bankların hökmləri yuxarıdakı 3 qisimdən asılı olmayaraq eynidir. Buna görə də yalnız müsəlman banklarını bu üç qrupa ayırdıq. İndi isə hər bir qisim haqqında ayrıca məlumat verməyə keçid alırıq.
[1] Qeyd edək ki, dinimizdə riba haram edilmişdir. Allah-taala müqəddəs Qurani-Kərimdə belə buyurur: “Allah alış-verişi halal, ribanı isə haram etmişdir” (Bəqərə, 275). Ribanın iki növü var. Birincisi alış-verişdə olan ribadır. Alış-verişdə olan riba çəki və müəyyən ölçü qabları və s. kimi ölçü vasitələri ilə satılan eynicinsli malların bir-birinin müqabilində artıq bir miqdarla alınıb-satılması ilə həyata keçir. Məsələn, bir kq. düyünü bir kq. yarım düyüyə satmaq kimi. Ribanın ikinci növü isə borcda olan ribadır. Borcda olan riba odur ki, borc verildikdə həmin miqdarı qaytarmaqla yanaşı əlavə bir şeyin də verilməsi şərt qoşulsun. Məsələn, müəyyən bir məbləği borca verib əvəzində həmin məbləğlə yanaşı artıq miqdar pul və ya başqa əlavə bir şeyin (bir işin görülməsi və s.) şərt edilməsi kimi.
Şəriətimizdə haram edilmiş riba xalq arasında sələm adlanır. Baxmayaraq ki fiqh elmində sələm deyildikdə nisyə alverin müqabilində olan və eyni zamanda sələf də adlanan alış-veriş növü nəzərdə tutulur. Sələm alveri şəriətimizdə müəyyən şərtlər əsasında halal edilmişdir. Hansı ki bu alış-veriş növündə müştəri öncədən xüsusiyyətləri, ölçüsü, təhvilalma vaxtı və s. kimi xüsusiyyətləri bəyan edilmiş ümumi bir malın qiymətini verib alış-verişi malın özünü təhvil almadan həyata keçirir. Malın özünü isə alış-verişi həyata keçirərkən təyin etdikləri müddətdən sonra təhvil alır.
Həmçinin haram olan ribaya xalq arasında faiz də deyilir. Lakin faiz daha ümumi bir anlayışdır. Faiz olan hər bir yerdə ribanın da olduğunu demək olmaz.
[2] Şeyx Hürr Amili, Vəsailuş-şiə, c. 18, səh. 122.