Haqq fikirləri və haqq tərəfdarlarını gözdən salmağın ən asan yollarından biri həqiqətləri təhrif etməkdir. Batil əhli haqqın yayılmasının qarşısını almaq üçün müxtəlif yalanlara əl atır, bununla da həqiqətləri avam və məlumatsız insanlardan gizlətməyə çalışırlar. Təəssüflər olsun ki, müasir dövrümüzdə insanların əksəriyyəti gördükləri şeylərə ilk baxışda inanır, əldə etdikləri məlumatların doğruluğunu araşdırmağa gərək duymurlar. Əhli-beyt (ə) məzhəbi də batil əhlinin bu üslubuna görə bir çox haqsızlıqlara məruz qalmışdır. Tarix boyu Əhli-beytin (ə) həqiqi ardıcıllarına müxalif olan şəxslər ümumilikdə şiəlik və şiələrin əqidələri barədə müxtəlif iftiralar ataraq şiə məzhəbini gözdən salmağa səy göstəriblər. Bunun nəticəsidir ki, hələ də bəziləri şiələrin imamlara ibadət etdiklərinə, onların imamları ilahlıq mərtəbəsinə qaldırdıqlarına, elə şiələrin İmam Hüseyni (ə) şəhid etdiklərinə və s. kimi xürafələrə inanırlar. Bəziləri isə belə güman edib ki, şiələr Cəbrailin (ə) vəhyə xəyanət edərək onu İmam Əliyə (ə) yox, səhvən Həzrət Məhəmmədə (s) çatdırdığına inanırlar; buna görə də hər namazdan sonra “Cəbrail xəyanət etdi” deyərək dizlərinə vururlar. Məxsusən sosial şəbəkələrdə bu cür həqiqətə müvafiq olmayan iddiaları çox görürük. Məsələn, məhərrəm-səfər ayları yetişdikdə “Həzrət Hüseyni (ə) əslində şiələr öldürüb” başlıqlı məqalələr və videoçarxlar yayılmağa başlayır. Lakin ən acınacaqlısı isə bu cür iftiraların “alim”lər tərəfindən səsləndirilməsi, bu yalanların “elmi” kitablarda yer almasıdır. Həmin iftiralardan biri də budur: onlar öz kitablarında yazırlar ki, guya şiələr İmam Mehdinin (ə) İraqın Samirra şəhərində yerləşən evinin sərdabında gizlənməsinə etiqad edirlər. Onlar şiələrin İmamın (ə) orada qeybə çəkilib, həmin yerdən də çıxacağına inanmalarını qeyd edirlər. Hətta bəziləri Əhli-beyt (ə) ardıcıllarını ələ salaraq “onların imamları zirzəmidə gizlənib” deyirlər. Hərçənd ki bunun elə onlarla eyni əqidəni daşıyan alimlər tərəfindən iftira olaraq ortaya atıldığından xəbərləri yoxdur.
Qeyd edək ki, bu təsəvvürün və şübhənin sünni alimləri arasında mövcudluğuna ilk dəfə hələ hicri 336-413-cü illərdə yaşamış böyük alim Şeyx Müfidin “əl-Məsailus-Sağaniyyə” adlı kitabında rast gəlirik. Şeyx Müfidin sözlərindən anlayırıq ki, hələ hicri 340-cı ildə bu məsələ hənəfi bir alim tərəfindən səsləndirilmişdi. Hərçənd ki irəlidə də məlum olacağı kimi bu şey heç bir şiə alimi tərəfindən səsləndirilməmiş və heç bir şiə kitabında qeyd olunmamışır.[1]
Bu məqaləmizdə əslində bu fikrin şiə məzhəbinə müxalif olan alimlərin kitablarında yalan olaraq yazıldığını və Samirrada yerləşən sərdabın həqiqəti, şiələrin nəyə görə oranı ziyarət etdiklərini bəyan edəcəyik.
Əvvəla, onu deyək ki, sərdab dedikdə bir çox isti iqlimlərdə sərinləmək, həmçinin qədim zamanlarda tez xarab olan məhsulları qorumaq məqsədilə evin altında qazılan məkanı, zirzəmini nəzərdə tuturuq. İsti ölkələrə səfər edən şəxslər bu cür zirzəmilərin qədim dövrlərdə tikilmiş evlərdə indiyə qədər mövcud olduğunu görə bilərlər. Müasir dövrümüzdə isə sərinləşdirici qurğular və soyuducular ixtira olunduqdan sonra bu zirzəmilərə ehtiyac da aradan qalxmışdır.
İndi isə gəlin şiə məzhəbinə müxalif olan alimlərin qeyd etdiyimiz sərdab haqqında dedikləri fikirlərə baxaq. Qeyd edək ki, bu sərdabın İraqın Hillə məntəqəsində olduğu da qeyd olunmuşdur. Məsələn, İbn Xəldun “Müqəddimə”də, şiələrin imamət barədə əqidələri mövzusunda belə yazır:
يزعمون أن الثاني عشر من أئمتهم وهو محمد بن الحسن العسكري ويلقبونه المهدي دخل في سرداب بدارهم في الحلة وتغيب حين اعتقل مع أمه وغاب هنالك وهو يخرج آخر الزمان فيملأ الأرض عدلا يشيرون بذلك إلى الحديث الواقع في كتاب الترمذي في المهدي وهم إلى الآن ينتظرونه ويسمونه المنتظر لذلك ويقفون في كل ليلة بعد صلاة المغرب بباب هذا السرداب وقد قدموا مركبا فيهتفون باسمه ويدعونه للخروج حتى تشتبك النجوم ثم ينفضون ويرجئون الامر إلى الليلة الآتية وهم علي ذلك لهذا العهد
“On iki imamçı şiələr inanırlar ki, Mehdi ləqəbi verdikləri on ikinci imamları Məhəmməd ibn Həsən Əskəri anası ilə həbs olunduqda Hillədəki evlərinin sərdabına daxil olaraq gizlənmiş və oradan qeybə çəkilmişdir. (Guya) o, axır zamanda çıxacaq və dünyanı ədalətlə dolduracaq. Şiələr bununla Tirmizinin kitabında Mehdi haqqında gəlmiş hədisə işarə edirlər. Onlar indiyə qədər Mehdinin yolunu gözləyirlər. Buna görə də onu “Muntəzər”[2] adlandırmışlar. Hər gecə məğrib namazından sonra bir minik heyvanı gətirərək sərdabın qapısında dayanır və ulduzlar səmada görünənə qədər onun adını səsləyib, çıxması üçün çağırırlar. Daha sonra dağılışıb gedir, (bu işi) növbəti gecəyə qədər təxirə salırlar. Onlar bunu dövrümüzə qədər yerinə yetirirlər”.[3]
İbn Xəldunun bu sözləri müxtəlif yalan və böhtanlarla doludur. Bu isə onun Əhli-beyt (ə) və şiələrinə qarşı olan kinindən xəbər verir. Onun burada qeyd olunmuş xətalarını nəzərinizə çatdırırıq:
1. Onun ən birinci xətası elə İmam Mehdini (ə) inkar etməsidir. İmam Mehdinin (ə) zühuru Peyğəmbərdən (s) mütəvatir şəkildə nəql olunmuş, həm əhli-sünnə, həm də şiə məzhəbində qəbul edilən bir şey olmuşdur. Buna baxmayaraq, İbn Xəldun bu məsələni qəbul etmir və öz sahəsinə aid olmayan bir məsələdə fikir bildirərək özünü ifşa edir. Keçən əsrdə yaşamış “Şəmsul-əimmə”[4] ləqəbli misirli sünni alim Əhməd Məhəmməd Şakir İbn Xəldunun bu fikirləri haqqında belə yazır:
“İbn Xəldun isə bilmədiyi bir şeyin izini sürmüş və özünü əhli olmadığı bir işin içinə atmışdır. Məşğul olduğu siyasət, dövlət işləri və qulluq etdiyi hökmdarların xidməti ona güc gəlmiş, bu da Mehdi məsələsinin (yalnız) şiə əqidəsi olmağını güman etməsinə səbəb olmuşdur. Ya da bu cür güman etməsinə səbəb elə onun nəfsi (özü) idi...”[5]
Bu sözlərdən belə çıxır ki, İbn Xəldun ya hakim dairələrə aldanaraq onları razı salmaqdan ötrü bu fikirləri yazmış, ya da özünün cəhaləti ucbatından İmam Mehdi (ə) məsələsini inkar etmişdir.
[1] Müraciət et: Şeyx Müfid, Əl-Məsailus-Sağaniyyə, səh. 56.
[2] İntizarı çəkilən, gözlənilən (ərəb).
[3] İbn Xəldunun tarix kitabı (Əl-İbər və divanul-mübtədəi vəl-xəbər fi tarixil ərəbi vəl-bərbər), c. 1, səh. 199, “Daru-ihyait-turasil-ərəbi” mətbəəsi (Beyrut), 4-cü çap.
[4] İmamların günəşi (ərəb).
[5] Musnədul-İmam Əhməd ibn Hənbəl, Əhməd Məhəmməd Şakirin təhqiqi ilə, c. 3, səh. 492, “Darul-hədis” mətbəəsi (Qahirə), 1995.