İnsanın nəyisə bilməsində, öyrənməsində ən önəmli vasitə ağıldır. Ağıl hər bir insan nəzdində açıq-aşkar höccət sayılır. Adəm övladı inandığı şeylərə ağıl ilə dəlil gətirir, düzgün hesab etmədiyi şeyləri ağılla inkar edir, özünə müxalif olan fikirləri ağıl vasitəsilə rədd edir. Eyni zamanda insanlar öz aralarında baş verən ixtilaf və çəkişmələr zamanında ağıla pənah aparırlar. Allah-taala da ağılı insanlar və özü arasında höccət qərar vermişdir. İmam Sadiq (ə) hədislərin birində belə buyurur: “Allahın bəndələri üzərindəki höccəti peyğəmbərdir. Bəndələr və Allah arasındakı höccət isə ağıldır”.[1] Yəni Allahı tanımaqda və onun varlığını təsdiqləməkdə höccət, dəlil, yolgöstərən ağıldır. İnsan ağıl vasitəsilə Allahı qəbul edir, bundan sonra digər mükəlləfiyyətləri və Allahın istədiklərini onun peyğəmbəri vasitəsilə əldə edir.[2] Qeyd etdik ki, Allahın varlığına ağıl ilə dəlil gətirilir və ağıllı olmaq müxtəlif dərəcələrlə bütün bəşər övladının müştərək xüsusiyyətlərindən biridir. Lakin bəşəriyyət tarixinin əvvəlindən müasir dövrümüzə qədər bir çox insanın yolunu azdığını, batil fikirlərə tabe olduğunu və həqiqətləri qəbul etmədiyini müşahidə edirik. Burada meydana belə bir sual çıxır ki, əgər ağıl bəndələrlə Allah arasında olan höccətdirsə, bütün insanlar da bu ağıl nemətində bərabərdirlərsə,[3] nəyə görə insanların bəzisi hidayət olur, bəzisi isə yolunu azır? Baxmayaraq ki hər birinin ağlı var və həqiqətləri dərk etməkdə ondan kömək alırlar.
Bəziləri belə sual verir ki, bir çox elmi kəşflərə imza atmış bəzi dahi alimlər nəyə görə Allahın varlığını qəbul etməyiblər? Məgər bu qədər dəlilləri yetərli görməyiblər? Yaxud müxalif məzhəblərdən olan savadlı alimlər bu qədər dəlillər müqabilində nəyə görə haqq əqidəni etiraf etməyiblər?
Bu sual ətrafında bir çox araşdırmaçılar fikirləşmiş və müxtəlif istiqamətlərə yönəlmişlər. Bəziləri isə bu sual qarşısında aciz qalaraq düzgün olmayan fikirlər ortaya qoymuşdur.
Bu məqaləmizdə insanı haqq yoldan saxlayan, həqiqəti qəbul etməyə qoymayan və bəzi hallarda insanı azdıran amillərdən biri olan təkəbbür haqqında söhbət açacağıq.
Mövzunun özünə keçməzdən əvvəl bu müqəddiməni nəzərinizə çatdırmaq istəyirik:
İnsanı haqq əqidələrdən uzaq saxlayan amilləri iki qismə bölmək mümkündür. Həmin amillərdən bəziləri elmi, əqli amillərdir. Məsələn, mümkündür ki, bir şəxs kifayət qədər güclü olan dəlili elmi qabiliyyətinin zəif olmasına görə anlamasın. Yaxud müəyyən dəlilləri yetərli saymasın. Əslində bu növ amilllər və onların aradan qaldırılması haqqında məntiq elmində danışılır; hansı ki bu elm insana təfəkkür prosesini düzgün aparmaq və doğru nəticələrə çatmağın ümumi qaydalarını öyrədir. Bu qaydalar düşüncəni yanlış nəticələrdən amanda saxlayır. Məntiq elmi yarandığı dövrdən günümüzə qədər bu qaydalar üzərində araşdırma aparır və zaman keçdikcə də genişlənir, inkişaf edir. Qeyd etdiyimiz amillərin bəzisi isə mənəvi amillərdir. Biz insanları həqiqətləri qəbul etməyə qoymayan, onları haqq yoldan sapdıran amillərə diqqət yetirdikdə bu amillərin həmişə elmi amillər olmadığını müşahidə edirik. Əksinə, həqiqətləri qəbul etməyə imkan verməyən səbəblərin bəziləri mənəvi amillərdir. Hansı ki bu amillər insan əqlinə təsir edərək onu haqq yoldan saxlayır, həqiqətləri qəbul etməyinə mane olur.
Baxmayaraq ki haqq yoldan azmaq, zəlalətə düçar olmaq əqllə bağlı olan bir məsələdir, lakin bəzən əqli bir məsələnin kökündə, əqli bir nəticənin əsasında mənəvi bir amil dayanır. Həmin amil səbəb olur ki, insan yanlış bir elmi-əqli nəticəyə gəlsin. Müqəddəs Qurani-Kərimin müxtəlif ayələrində də bu cür amillərin bəzisinə dəfələrlə toxunulmuşdur. Bu isə məsələnin nə qədər əhəmiyyətli olmasına və insan mənəviyyatının onun əqli nəticələrinə təsir edə biləcəyinə işarə edir. Bu kimi amillərə nümunə olaraq, həsəd, təəssübkeşlik, qəzəb, həvayi-nəfs və s. kimi xüsusiyyətləri misal gətirə bilərik. Bu məqaləmizdə isə bu amillərdən bəlkə də ən mühümü olan təkəbbür haqqında danışacağıq. Təkəbbür adətən özünü böyük görmək, hər şeyə yuxarıdan aşağı baxmaq, həddindən artıq iddialılıq kimi izah olunur. Görəsən, adi bir xüsusiyyət kimi laqeyd yanaşdığımız bu xislət insanın zəlalətə düçar olmasına səbəb ola bilərmi? Necə olur ki təkəbbür hətta insan əqlinin doğruluğuna qane olduğu məsələlərdə belə onu həqiqətləri qəbul etməkdən saxlayır?