Tarix boyu bəzi həqiqətləri qəbul etməyən müəyyən bir qrup insanlar bu həqiqətləri qəbul etməkdən boyun qaçırmaq üçün özlərinə müxtəlif bəhanələr gətirmişlər. Onlardan bəziləri bu bəhanələrlə dinin aşkar hökmlərini inkar etmiş, bəziləri isə digərlərinin bu həqiqətlər barədə etdikləri iradlara görə şübhəyə düşmüşlər. Həmin bəhanələrin ən məşhurlarından biri isə bəzi şeylərin onların istədikləri kimi müqəddəs Qurani-Kərimdə açıq-aşkar keçməməsidir. Bu şübhələrin ən yayğın olanlarından və şiələr əleyhində daim səsləndirilənlərindən biri də İmam Əlinin (ə) adının Quranda keçməməsi məsələsidir. Məxsusən yalançı Quran müsəlmanlığının yayıldığı son dövrlərdə bəziləri bu və bunun kimi aşkar məsələlərin Quranda zikr olunmamasını əsas gətirərək sadəlövh insanları şübhəyə salmışlar. Onların sözlərini nəzərdən keçirdikdə belə dediklərinin şahidi oluruq: əgər Həzrət Əlinin (ə) imamət məsələsi dinin əsaslarından sayılsa idi və müsəlmanların dini inancında mühüm bir rol oynasaydı, bu, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunmalı idi. Çünki onlara nazil olan əsas kitab və dinin mənbəyi olan Qurani-Kərim hər bir şeyi açıqlayır və dini məsələlərin hamısını əhatə edir. Əgər Peyğəmbərin (s) onlara gətirdiyi və hər bir şeyin açıqlayıcısı olan əsas kitabda onun adı qeyd olunmayıbsa, demək bu məsələ o qədər də mühüm bir məsələ deyil və bunun bir əsası yoxdur.
Bu yazımızda Allahın izni ilə qeyd olunan iradı işıqlandırmağa çalışacağıq. Lakin bu şübhəni cavablandırmamışdan qabaq iki əsas mühüm nöqtəyə işarə edirik:
Qurani-Kərim hər bir şeyi açıqlayandır
Heç bir şəkk yoxdur ki, müqəddəs kitabımız olan Qurani-Kərim Allah tərəfindən insanların hidayət olmaları üçün nazil olunmuş bir kitabdır və insanların hidayəti üçün lazım olan hər bir şeyi bəyan etmişdir, həmçinin bununla yanaşı, Peyğəmbərin (s) sünnəsi[1] həmin kitabı izah edir və açıqlayır. Müqəddəs kitabımızda Allah-taala buyurur: “Biz kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstərici, mərhəmət və müjdə olaraq nazil etdik”.[2] Burada Allah-taala Qurani-Kərimi hər bir şeyi izah edən və bəyan edən bir kitab kimi vəsf edir, onda müsəlmanların hidayəti üçün ehtiyac duyulan hər bir şey mövcuddur, lakin bununla yanaşı, Rəbbimiz Quranın başqa bir yerində belə buyurur: “Biz sənə zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr”.[3] Əvvəlki ayəyə əsasən hər bir şeyi bəyan edən Qurani-Kərim bu ayədə izah edir ki, Allah tərəfindən nazil olunan Qurani-Kərimin izah olunması da zəruri məsələlərdən və Peyğəmbərin (s) vəzifələrindən biridir. Peyğəmbərimiz (s) isə öz həyatında sünnə vasitəsilə bu müqəddəs kitabı müsəlmanlara izah etmiş və onların hidayəti üçün əlindən gələni əsirgəməmişdir. Hər bir müsəlman buna səmimi-qəlbdən inanır. Peyğəmbərin bu işi, onun sünnəsi Quranın tamamlayıcısıdır. Bu mənada ki, dinin özü — hökmləri, əqidəvi məsələləri, əsasları ilə birlikdə müqəddəs Qurani-Kərimdə mövcuddur, lakin bütün bu şeylərin təfsilatını izahını və tətbiqini Peyğəmbərin (s) sünnəsindən öyrənməliyik. Çünki şübhəsiz ki Peyğəmbər (s) ona nazil olan kitabın şərhini, təfsirini və mənasını hər kəsdən yaxşı bilirdi və biz nazil olunmuş kitabı həqiqətən də dərk etmək istəyiriksə, bu zaman Allahın rəsuluna, yəni onun sünnəsinə və həyatına müraciət etməliyik. Buna görə də elə müqəddəs Qurani-Kərimin özündə Allah-taala özünə olan itaəti peyğəmbərinə (s) olan itaətlə yanaşı qeyd edir və Quran özü Peyğəmbərə (ə) müraciət edərək ona tabe olmağın zəruriliyini bildirir: “Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...”[4] Başqa bir ayədə şəni uca olan Allah belə deyir: “Ey iman gətirənlər, Allaha və Peyğəmbərə itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin”.[5] Eynilə Peyğəmbərə (s) üsyankarlıq etmək elə Allaha qarşı çıxmağa bərabər tutulur: “Kim Allaha və Peyğəmbərə asi olarsa, onun üçün içərisində əbədi qalacağı cəhənnəm odu hazırlanmışdır”,[6] həmçinin digər ayədə buyurulur: “Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim qərar verməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”.[7] Bütün bunlara nəzər yetirdikdə anlayırıq ki, insanları hidayət etmək üçün nazil olmuş və hər bir şeyi bəyan edən bir kitabı anlamaq üçün onun həqiqi öyrədəni olan Peyğəmbərə (s) ehtiyacımız var, necə ki bu elə Peyğəmbərin (s) vəzifələrindən biri idi və həqiqətdə Peyğəmbərə tabe olmaq elə Allaha və onun dediklərinə, həmçinin Quran maarifinə tabe olmaq sayılırdı. Bunun müqabilində ona qarşı üsyankarlıq etmək və narazılıq göstərmək isə müqəddəs Allah dərgahına edilmiş hörmətsizlik və uca Rəbbimizin tabeçiliyindən xaric olmağa bərabərdir. Demək, hər kim ki Qurana tabe olduğunu deyərək Peyğəmbər (s) sünnəsinin əhatəsindən çıxırsa, həmçinin Peyğəmbərə (s) müraciət etmədən Quranı anlamaq istəyirsə, həqiqətdə həmin şəxs Allaha və elə Quranın özünün gətirdiyi təlimlərə zidd getmiş sayılır. Əksinə, Qurani-Kərimi anlamaqda Peyğəmbərin (s) bəyanına yönələn və dediklərində ona tabe olan şəxslər isə elə Allaha tabe olmuş və Quranın gətirdiyi ecazkar hökmlərə boyun əymiş sayılır.