Həzrət Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərdən biri də mübarək Səqəleyn hədisidir. Belə ki, həmin hədisdə əziz peyğəmbərimiz Həzrət Məhəmməd (s) belə buyurur: “Mən sizin aranızda elə iki ağır əmanət qoyub gedirəm ki, əgər onlardan yapışsanız, heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və itrətim, Əhli-beytim. Həqiqətən də o ikisi hovzda gəlib mənə qovuşanadək bir-birindən ayrılmazlar”.[1]
Bu hədis müxtəlif ifadələrlə, müxtəlif yerlərdə bir çox kitablarda Peyğəmbərdən (s) nəql olunmuşdur. Hər iki məzhəb bu hədis üzərində ittifaq edib. Belə ki, bu hədisi Peyğəmbərdən (s) 34 səhabə nəql etmiş, şiə alimləri ilə yanaşı, əhli-sünnənin böyük, məşhur alimlərindən 180-i öz kitablarında səhih sənədlərlə qeyd ediblər.[2] Hədis mənbələrinə nəzər yetirən hər kəs hədisin nə qədər etibarlı olduğunu görə bilər.[3] Dövrümüzün görkəmli alimlərindən olan Şeyx Cəfər Sübhani bu hədis haqqında belə deyir: “Onun səhihliyində yalnız o hədisə cahil olan və ya inadkar şəkk edə bilər”.[4] Bu baxımdan məqalədə hədisin sənədi ilə bağlı yox, hədisin bizə çatdırmaq istədiyi mənalar haqqında danışacaq, bu hədis əsasında Əhli-beytin (ə) məqam və fəzilətləri ilə daha da yaxından tanış olacağıq. Baxmayaraq ki bu hədisin sənədi və səhihliyi özü də müstəqil bir mövzudur və bu barədə kitablar yazılmışdır.
Hədisin dəlalət etdiyi mənalara keçməzdən əvvəl “səqəleyn” sözünün mənasına diqqət yetirməyimiz və Peyğəmbərin (s) Quran və Əhli-beyti nəyə görə bu adla adlandırması haqda məlumat əldə etməyimiz yaxşı olar.
Səqəleyn nə deməkdir?
“Lisanul-ərəb”, “Tacul-ərus” kimi lüğət kitablarında “səqəl” sözünün mənasına baxdıqda onun səfər edən şəxsin azuqəsi mənasında olduğunu, eyni zamanda qədr-qiyməti, ağırlığı olan, qorunan dəyərli hər bir şeyin bu adla adlandığını görürük. Səqəleyn “səqəl” sözünün ikilikdə işlənmiş formasıdır. Yəni qədr-qiyməti, ağırlığı olan və qorunub saxlanılan dəyərli iki şey. Bir çox alimlər, hətta sünni alimləri belə Qurani-Kərim və Əhli-beytin (ə) nəyə görə bu adla adlanmağı haqqında bəzi ehtimallar irəli sürmüşlər. Bəziləri Quran və Əhli-beytin (ə) dəyərli elmlərin mədəni və ilahi hökmlərin mənbəyi olmasına görə bu adla adlandırıldıqlarını deyiblər.[5] Bəziləri isə Quranın və Əhli-beytin (ə) dediklərinə əməl etməyin, hörmətlərini saxlamağın ağır olduğuna görə o ikisinin bu adla adlandırılması nəzərini irəli sürmüşdür. Bir başqa ehtimal isə onların məqam-fəzilət baxımından ağır, dəyərli olması səbəbilə səqəleyn adlandırılmalarıdır.[6]
Hədisin dəlalət etdiyi mənalar və Əhli-beytin (ə) fəzilətləri
Peyğəmbərin (s) həyatına nəzər yetirdikdə onun dəfələrlə Əhli-beytin (ə) məqam və fəzilətlərinə təkid etməsinə, ümməti daim onları izləməyə çağırdığına şahid oluruq. Həzrət Peyğəmbər (s) hər fürsətdə müxtəlif formalarda insanlara çatdırırdı ki, Allah-taala İmam Əli (ə) və onun pak övladlarına itaəti vacib etmişdir və özündən sonra müsəlmanlara rəhbərlik onlarda olacaq. Bunun ən bariz və hər kəs tərəfindən qəbul olunan nümunələrindən biri də Səqəleyn hədisidir. Hədisi diqqətlə nəzərdən keçirib mənasında dərindən düşündükdə aydın olur ki, bu hədis Əhli-beytin (ə) fəzilətləri, Peyğəmbər (s) və Allah yanında olan dəyərləri haqqında çox dəyərli mənalar ehtiva edir. Hansı ki elə təkcə həmin mənalara diqqət etdikdə insan haqq əqidə haqqında və Əhli-beytin (ə) məqamı barədə düzgün etiqad formalaşdıra bilər.
Həmin mənalardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:
1-Quran və Əhli-beytə (ə) sarılmaq vacibdir
Hər bir müsəlmanın həyatında haqq yolda qalmaq, düzgün yoldan sapmamaq mühüm bir məsələ hesab olunur. Hər bir müsəlman daim aqibətinin xeyirli olmasını, Peyğəmbərinin (s) yolunda sabitqədəm olmasını arzulayır. Əziz Peyğəmbərimiz (s) öz ümmətinə qarşı hətta onların özlərindən belə daha artıq can yandırırdı, qoyub getdiyi haqq yoldan azmamaqlarını istəyirdi. Elə buna görə də haqq yolda qalmağın, Allahın dinində sabitqədəm olmağın yolunu müsəlmanlar üçün bəyan etmişdi. Bu yol yalnız və yalnız Qurana və Əhli-beytə (ə) tabe olmaqda idi. Peyğəmbər (s) Səqəleyn hədisində haqq dində qalmağı bu iki şeyə bağlamışdı. Məhz buna görə də onlara tabe olmaq vacibdir. Çünki Peyğəmbərimiz (s) zəlalətə uğramamağın yolunu bu iki şeyə tabe olmaqda göstərmişdir. Əhli-beytə (ə) tabe olmaq isə İslam və Quran maarifini onlardan əxz etmək, onların əmr və göstərişlərinə əməl etmək deməkdir. Yəni Allaha gedən yolda onlara iqtida etmək. Bu mənanı şiə aləmi ilə yanaşı, əhli-sünnə alimləri də etiraf ediblər. Şafei alimi əl-Munavi öz “Feyzul-qədir” əsərində[7] belə yazır:
قوله إني تارك فيكم تلويح بل تصريح بأنهما كتوأمين خلفهما ووصى أمته بحسن معاملتهما وإيثار حقهما على أنفسهم والاستمساك بهما في الدين
“Peyğəmbərin “Mən sizin aranızda qoyub gedirəm” kəlamı buna işarə edir, hətta açıq-aşkar bunu bildirir ki, Quran və Əhli-beyt bir-birindən ayrılmayan iki şey kimidir. Peyğəmbər özündən sonra onları qoyub getmiş, ümmətinə onlarla gözəl davranmağı, onların haqqını özlərindən qabağa salmağı və dini məsələlərdə onlardan yapışmağı vəsiyyət etmişdir”.
Həmçinin məşhur sünni alimi Səduddin Taftazani belə yazır:
ألا يرى أنه صلى اللّه عليه و سلّم قرنهم بكتاب اللّه في كون التمسك بهما منقذا من الضلالة
“Məgər aydın deyil ki, Peyğəmbər onlardan yapışmağın zəlalətdən xilas edən bir şey olmasında Əhli-beyti Quranla eyni qərar verib?”[8]
Digər bir sünni alimi Molla Əli Qari isə deyir ki, onlardan yapışmağın mənası onların məhəbbətlərinə sarılmaq, hədislərinə əməl etmək və dediklərinə etimad göstərmək deməkdir.[9]
Bu mənaları nəzərə alaraq deyə bilərik ki, Qurani-Kərim və Əhli-beyt (ə) maarifinə sarılmaq hər bir müsəlman üçün zəruri, vacibdir.
[1] Hürr Amili, Vəsailuş-şiə, c.27, səh.33-34 (Hürr Amili yazır: “Sünnilər və şiələr arasında Peğəmbərdən (s) mütəvatir şəkildə belə dediyi nəql olunmuşdur: “Mən sizin aranızda elə iki ağır əmanət qoyub gedirəm ki, əgər onlardan yapışsanız, heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və itrətim, Əhli-beytim. Həqiqətən də o ikisi hovzda gəlib mənə qovuşanadək bir-birindən ayrılmazlar”).
[2] Şeyx İsmayıl Məlayiri, Camiu-əhadisiş-şiə, c.1, səh.56.
[3] Sünni mənbələrində Səqəleyn hədisi üçün müraciət et: Müslimin “Səhih” kitabı, c.7, səh.122;
Tirmizinin “Sünən” kitabı, c.2, səh.207;
Dariminin “Sünən” kitabı, c.2, səh.432;
Əhməd ibn Hənbəlin “Müsnəd”i, c.3, səh.14, 17, 26, 59, c.4, səh.59, 366, 371, c.5, səh.182, 189;
Nəsai, Xəsaisul-ələviyyə, səh.20;
Hakim Nişapuri, Əl-Mustədrək ələs-səhiheyn, c.3, səh.109, 148, 533 və başqa mənbələr.
[4] Muhaziratun fil-ilahiyyat, səh.340.
[5] İbn Həcər, Əs-səvaiqul-muhriqə, səh.131 (Misir çapı).
[6] Şeyx İsmayıl Məlayiri, Camiu-əhadisiş-şiə, c.1, səh.97.
[7] c.2, səh.174
[8] Şərhul-məqasid, c.5, səh.303.
[9] Tuhfətul-əhvəzi, c.10, səh.196.