Xanım Zəhranın (ə) Həzrət Məryəmdən (ə) üstünlüyü
Bu məqalənin mövzusu Xanım Zəhranın (ə) aləmlərin bütün qadınlarından, o cümlədən Həzrət Məryəmdən üstünlüyü haqqındadır. Belə ki, “Ali-İmran” surəsinin 42-ci ayəsində buyurulur: “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur”. Görəsən, bu ayə əhli-sünnənin iddia etdiyi kimi Həzrət Məryəmin bütün aləmlərin qadınlarından, o cümlədən Xanım Zəhradan (ə) da üstünlüyünə dəlalət edirmi? Belə olduğu təqdirdə bəs Xanım Zəhranın (ə) aləmlərin bütün qadınlarından və o cümlədən Həzrət Məryəmdən üstün olması barədə Qurani-Kərimdə bir dəlil varmı? Quranda Həzrət Məryəm barəsində “(Allah) səni aləmlərin qadınlarından üstün tutmuşdur” — deyə buyurulması aləmlərin qadınlarının hamısına şamil olmurmu?
Bu suallara cavab olaraq Məhəmmədfazil Məsudi özünün “Əsrarul-Fatimiyyə” kitabında Xanım Zəhranın (ə) Həzrət Məryəmdən üstünlüyünü sübuta yetirən bir neçə məsələ zikr etmişdir. Həmin cavabları əziz oxucuların diqqətinə çatdırırıq:
1. Allahın Rəsulundan (s) Xanım Zəhra (ə) haqqında belə nəql olunmuşdur: “Şübhəsiz, Fatimə cənnət əhlinin qadınlarının seyidəsidir”. Həzrət Peyğəmbərin (s) bu kəlamı Xanım Zəhranın (ə) aləmlərin qadınlarının seyidəsi olması ilə eyni mənanı daşıyır. Çünki cənnətdə yalnız möminə, pak qadınlar var, Xanım Zəhra (ə) isə Peyğəmbərin (s) bu hədisinə əsasən, onların seyidəsidir (ən üstün xanımıdır). Beləliklə, Xanım Zəhra (ə) axirətdə behişt qadınlarının seyidəsi olduğuna görə dünyada da onların seyidəsi olmağa daha layiqdir.
2. Həzrət Məryəmin aləmlərin qadınlarından üstün tutulması haqqında Quran ayəsini bizə xəbər verən Allahın Rəsuludur (s). Yenə də Allah Rəsulunun (ə) özü bir hədisdə Xanım Zəhranın (ə) bütün aləmlərin qadınlarından, Həzrət Məryəmin isə yalnız öz zamanının qadınlarından üstün olmasını xəbər vermişdir. Belə ki, İbn Abbasdan Allahın Rəsulunun (s) belə buyurduğu nəql olunur:
عن إبن عباس أن رسول الله قال في حق فاطمة أنها سيدة نساء العالمين فقيل يا رسول الله أهي سيدة نساء عالمها؟ فقال (صلى الله عليه وآله) ذاك لمريم بنت عمران فأما ابنتي فهي سيدة نساء العالمين من الأولين والآخرين وأنها لتقدم من محرابها فيسلم عليها سبعون ألف ملك من الملائكة المقربين وينادونها بما نادت به الملائكة مريم فيقولون: يا فاطمة إن الله اصطفاك وطهرك واصطفاك على نساء العالمين
“Şübhəsiz, o (Xanım Zəhra), aləmlərin qadınlarının seyidəsidir”. Peyğəmbərdən “Ey Allahın Rəsulu, öz zamanının qadınlarının seyidəsidir?” – deyə soruşulduqda Allah Rəsulu (s) buyurdu: “Bu, İmranın (ə) qızı Məryəmə aiddir. Mənim qızıma gəlincə isə o, birincisindən sonuncusuna qədər (bütün) aləmlərin qadınlarının seyidəsidir. O öz mehrabına yaxınlaşdıqda (Allaha) yaxın yetmiş min mələk ona salam verir və mələklər Məryəmi çağırdıqları kimi, onu da çağırır və deyirlər: “Ey Fatimə! Şübhəsiz, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur”[1].
Deməli, hədis ayədəki “aləmlər” kəlməsinin mütləq (ümumi) mənasını qeydləndirir.
[1] Şeyx Səduq, Əmali, c. 1, səh. 486.