Muhəmməd Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı etdiyi xütbə

Muhəmməd Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı etdiyi xütbə

2022-04-02 256

Muhəmməd Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı etdiyi xütbə

İmam Rza (ə) öz atalarından (ə), onlar da İmam Əlidən (ə) belə nəql edir:

"Allahın elçisi (s) bir gün bizə xütbə edərək dedi:

"Ey insanlar, Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə sizə doğru yönəlib. O elə bir aydır ki, Allah yanında bütün aylardan üstündür. Onun gündüzləri ən üstün gündüz, gecələri ən üstün gecə, saatları isə ən üstün saatlardır. O elə bir aydır ki, siz o ayda Allahın qonaqlığına dəvət edilmiş və Allahın ehtiram etdiyi şəxslərdən qərar verilmisiniz.

Bu ayda aldığınız nəfəs "subhanəllah" (zikrini) demək, yatmağınız ibadətdir. Əməlləriniz bu ayda qəbul, dualarınız bu ayda müstəcəb olar. Buna görə də, Allahdan saf niyyət və təmiz qəlblə istəyin ki, sizi bu ayda oruc tutmağa və Allahın kitabını tilavət etməyə müvəffəq etsin.

Həqiqətən də, bədbəxtdir o şəxs ki, bu əzəmətli ayda Allahın məğfirətindən məhrum olmuşdur. Bu ayda (oruc olduğunuz zaman) aclıq və susuzluğunuzla Qiyamət gününün aclıq və susuzluğunu xatırlayın.

Fəqirlərə və miskinlərə sədəqə verin, böyüklərinizə hörmət göstərin, kiçiklərinizə qarşı şəfqətli olun, qohumlarınızla əlaqə qurun, dilinizi (çirkin sözlərdən) qoruyun. Baxılması haram olan şeylər müqabilində gözlərinizi, dinlənilməsi haram olan şeylərə qulaqlarınızı yumun.

İnsanların yetim qalmış (övladlarına) qayğı göstərin ki, (sizdən sonra) sizin də yetimləriniz  qayğı görsün. Günahlarınızdan Allaha tövbə edin. Namaz vaxtlarınızda dua edərək əllərinizi Allaha doğru qaldırın. Həqiqətən də, namaz vaxtları ən üstün vaxtdır. Allah bu zamanda bəndələrinə rəhmət nəzəri ilə baxır, onunla münacat etdikləri zaman onlara cavab verir, onu səslədikdə onlara qarşılıq verir, ondan istədikdə onlara əta edir, ona dua etdikdə dualarını qəbul edir.

Ey insanlar, nəfsləriniz əməllərinizin əsiridir, onları bağışlanma diləməklə azad edin! (Pis əməllərinizə görə) Çiyninizdəki yükünüz ağırdır, uzun səcdələrinizlə yükünüzü azaldın. Bilin ki, Allah insanların aləmlərin Rəbbi hüzurunda dayanacaqları gün namaz qılanlara və səcdə edənlərə əzab verməyəcəyinə və onları cəhənnəmlə qorxutmayacağına dair öz izzətinə and içib.

Ey insanlar, sizdən kim bu ayda oruc tutan bir möminə iftar verərsə, bu əməli sayəsində Allah yanında onun üçün bir qul azad etməyin (savabı) yazılar və keçmiş günahlarının bağışlanmasına nail olar”.

Bu zaman deyildi: “Ey Allahın elçisi, bizim heç də hamımız bu işə (iftar verməyə) qadir deyil”.

Peyğəmbər (s) buyurdu: “Yarım xurma ilə olsa belə, (iftar verərək) cəhənnəmdən həzər edin. Bir qurtum su ilə olsa belə, cəhənnəmdən həzər edin.

Ey insanlar, sizdən kim bu ayda əxlaqını gözəlləşdirsə, ayaqların (Siratda) sürüşdüyü gün onun Sirat (körpüsü) üzərindən keçməyə icazəsi olacaq. Kim sahib olduğu (kölə və kənizlərə) yüngüllük yaradar (onları əziyyətə salmazsa), Allahla görüşəcəyi gün Allah da onun hesabını yüngülləşdirər. Kim bu ayda (insanlara) pislik etməkdən əl çəkərsə, Allahla görüşəcəyi gün Allah da öz qəzəbindən (ona qarşı qəzəblə davranmaqdan, əzab verməkdən) əl çəkər. Kim bu ayda bir yetimə qarşı səxavətli davransa, Allahla görüşəcəyi gün Allah ona (lütf etməklə) ehtiram göstərər. Kim bu ayda qohumlarla əlaqə qurarsa, Allahla görüşəcəyi gün Allah da onu öz rəhmətinə qovuşdurar. Hər kim bu ayda qohumlarla əlaqəni kəsərsə Allahla görüşəcəyi gün Allah da öz rəhmətini ondan əsirgəyər. Kim bu ayda müstəhəb bir namaz qılarsa, Allah onun üçün cəhənnəmdən bir amannamə yazar. Kim bu ayda bir vacib namaz qılsa, onun üçün digər aylarda yetmiş vacib namaz qılan şəxsin savabı yazılar. Kim bu ayda mənə çoxlu salavat göndərsə, əməl tərəzilərinin yüngül olduğu gün Allah onun tərəzisini (xeyir əməllərini) ağır edər. Kim bu ayda Qurandan bir ayə oxusa, onun üçün digər aylarda Quranı xətm edən şəxsin əcri qədər əcr var.

Ey insanlar, cənnətlərin qapısı bu ayda açılmışdır. Rəbbinizdən istəyin ki, onları sizin üzünüzə bağlamasın. Cəhənnəmlərin qapısı bağlanmışdır. Rəbbinizdən istəyin ki, onları sizin üzünüzə açmasın. Şeytanlar da zəncirlənmişdir, Rəbbinizdən istəyin ki, onları sizə müsəllət etməsin”.

Əmirəl-möminin dedi:

“Bu zaman ayağa qalxıb dedim: “Ey Allahın elçisi, bu ayda ən üstün əməl nədir?”

Peyğəmbər (s) buyurdu:

“Ey Əbəlhəsən, bu ayda ən üstün əməl Allahın haram etdiyi şeylərdən çəkinməkdir”.[1]

 

Tərcümə etdi: Əbdüssəməd Qurbanov

Besiret.az

 

[1] Şeyx Hürr Amili, Vəsailuş-şiə, c. 10, səh. 313.