Muhəmməd Peyğəmbərin (s) Qədir-xumda söylədiyi xütbənin tam mətni

Muhəmməd Peyğəmbərin (s) Qədir-xumda söylədiyi xütbənin tam mətni

2020-08-08 1708

Muhəmməd Peyğəmbərin (s) Qədir-xumda söylədiyi xütbənin tam mətni

Əhməd ibn Əli Təbərsi (v. 588 h.q.) özünün “əl-İhticac” əsərində öz sənədi ilə İmam Baqirdən (əleyhissəlam) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Qədir-xum günündə söylədiyi geniş xütbəni belə nəql edir:

Əbu Cəfər Muhəmməd ibn Əli (əleyhissəlam) belə buyurdu: “Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) həcc və vilayətdən başqa dinin bütün hökmlərini öz qövmünə bəyan etdikdən sonra Mədinədən həccə yola düşdü. Cəbrail onun yanına gələrək ona belə dedi: “Ey Muhəmməd, Allah-taala sənə salam deyərək belə buyurur: “Mən dinimi kamil etmədən və höccətimi təkidlə bildirmədən heç bir peyğəmbər və rəsulumun canını almıram. Sənin boynunda qövmünə çatdırmaq üçün iki vacib məsələ qalmışdır: Bunlar həcc və səndən sonra olacaq vilayət və xilafətdir. Mən yer üzərini höccətsiz qoymamışam və heç vaxt da qoymaram”. (Cəbrail sözünə davam edərək belə dedi:) Allah sənə həcci insanlara çatdırmağı əmr edir. Sən həcci yerinə yetir. Mədinə və onun ətrafında olanlardan, həmçinin bədəvi ərəblərdən də gücü çatanlar səninlə bərabər həcci yerinə yetirsinlər. Onlara namazlarını, zəkatlarını və oruclarını öyrətdiyin kimi, həclərinin hökmlərini də onlara öyrət. Dinin digər hökmlərini onlara bildirdiyin kimi, bunu da onlara bildir”.

Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) carçısı insanlar içində car çəkərək belə dedi: “Agah olun, Allahın Rəsulu həccə getmək və sizə dinin digər hökmlərini öyrətdiyi kimi, həccin də hökmlərini öyrətmək istəyir. (Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Mədinədən) çıxdı. İnsanlar da onunla yanaşı çıxdı. Ona diqqətlə qulaq asırdılar ki, o nə edirsə, bunlar da onu təkrar etsinlər. Peyğəmbərlə birgə həcc etdilər. Mədinədən və onun ətrafından, həmçinin bədəvi ərəblərdən Peyğəmbərlə yanaşı həcc edənlərin sayı yetmiş min və ya bundan bir az çox idi. Bu, Musanın Harun üçün beyət aldığı, sonradan beyətlərini sındırıb buzova və Samiriyə tabe olan yetmiş min nəfərin sayı qədərində idi. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) də Musanın əshabı sayında olan insanlardan Əlinin xilafəti üçün beyət aldı. Onlar da beyəti sındırdılar, buzov və Samiriyə tabe oldular. Bu, eynilə onların sünnə və misalının təkrarı idi. Məkkə ilə Mədinə arasını təlbiyə (insanların “ləbbeyk” deməsi) birləşdirirdi.

Bir miqdar məsafə getdikdən sonra Cəbrail Allah-taala tərəfindən Peyğəmbərin yanına gələrək belə dedi: “Ey Muhəmməd, Allah-taala sənə salam deyərək belə buyurur: “Sənin müddətin artıq sona yetir və mən səndən ondan qaçış olmayana (ölümə) hazırlaşmağı tələb edirəm. Öz əhdini bağla və vəsiyyətini et. Öz elmini, səndən əvvəl olan peyğəmbərlərin elmlərinin mirasını, silahı, tabutu və sənin yanında olan peyğəmbərlərin bütün nişanələrini toplayaraq səndən sonra sənin vəsin və xəlifən, mənim yaratdıqlarım üzərində olan böyük höccətim Əli ibn Əbu Talibə təslim et. Onu insanlar üçün başçı təyin et. İnsanlarla onun beyət və əhdini yenilə. Onlara mənim dostum, onların və bütün mömin-möminələrin mövlası olan Əli ibn Əbu Talibin vilayəti barədə bağladığım əhd və beyəti xatırlat. Mən dostlarımın vilayəti və düşmənlərimin düşmənçiliyi ilə dinimi və höccətimi kamil etmədən və nemətimi tamamlamadan heç bir peyğəmbərin canını almıram. Dostuma tabe olmaq və ona itaət etməkdən ibarət olan bu iş tövhidimin və dinimin kamalı və yaratdıqlarıma olan nemətimin tamamıdır. Mən yer üzərini vəlisiz və yaratdıqlarım üzərində mənim höccətim olan bir rəhbərsiz qoymaram. Mənim vəlim və bütün mömin və möminələrin mövlası olan Əlinin vilayəti ilə bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə öz nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı qəbul etdim. O mənim bəndəm, Peyğəmbərin vəsisi və ondan sonra olan xəlifə, yaratdıqlarımın üzərindəki höccətimdir. Onun itaəti peyğəmbərim Muhəmmədin itaəti ilə yanaşıdır. Onun itaəti Muhəmmədin itaəti ilə birgə mənim itaətim ilə (də) yanaşıdır. Kim ona itaət edərsə, mənə itaət etmişdir. Kim ona qarşı çıxarsa, mənə qarşı çıxmışdır. Onu özümlə yaratdıqlarım arasında nişanə qərar vermişəm. Kim onu tanıyarsa, mömin olar. Kim onu inkar edərsə, kafir olar. Kim onun beyətinə başqa birini şərik edərsə, müşrik olar. Kim onun vilayətini qəbul edərək mənim görüşümə gələrsə, cənnətə daxil olar. Kim onunla düşmənçilik edən halda mənim görüşümə gələrsə, cəhənnəmə daxil olar. Ey Muhəmməd, Əlini onlar üçün başçı təyin et. Onlardan onun (Əli) üçün beyət al və onlarla əvvəlcədən bağladığım əhdi yenilə. Mən səni öz yanıma aparacağam”.

Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) öz qövmündə olan münafiqlərin Əliyə bəslədiyi kin və düşmənçilikdən xəbərdar olduğu və onların ümmətin içində parçalanma salacağından və cahiliyyət dövrünə qayıdacaqlarından qorxduğu üçün Cəbraildən istədi ki, Rəbbindən onu insanlardan qorumağı istəsin. Sonra o, Cəbrailin Allahın onu insanlardan qoruması xəbərini gətirməsini gözlədi. Xeyf məscidinə qədər bu işi təxirə saldı. Cəbrail Xeyf məscidində onun yanına gələrək ona insanlarla əhd bağlamağı və Əlini onlar üçün rəhbər təyin etməyi əmr etdi. Lakin onun üçün insanlardan qorunma xəbərini gətirməmişdi. (Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm)) buyurdu: “Ey Cəbrail, mən qövmümün məni təkzib etməsindən və Əli haqqında dediyim sözü qəbul etməməsindən qorxuram”. Cəbrail geri qayıtdı. Peyğəmbər Cöhfəyə üç mil qalmış Qədir-xum adlanan yerə çatdıqda nahardan beş saat keçdikdən sonra Cəbrail insanlardan onu qorumaq xəbəri ilə gələrək belə dedi: “Ey Muhəmməd, Allah sənə salam söyləyərək belə buyurur: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə - Əli haqqında - nazil olanı çatdır! Əgər (bunu) etməsən, onun risalətini çatdırmamısan. Allah səni insanlardan qoruyacaq”.[1] Karvanın öndə olanları Cöhfəyə yaxın idilər. O (Cəbrail), qabağa gedənlərin geri qaytarılıb, geridə qalanların isə olduqları yerdə saxlanılaraq Əlinin insanlar üçün rəhbər təyin olunmasını və Allahın Əli barəsində nazil etdiyini onlara çatdırmasını əmr etdi və ona Allahın onu insanlardan qoruyacağını xəbər verdi.

Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) Allahın onu insanlardan qoruyacağı barədə xəbər gəldikdən sonra o, nidaçının insanları camaat namazına çağırmasını, öndə olanların geri qaytarılmasını, geridə qalanların isə olduqları yerdə saxlanılmasını əmr etdi. Peyğəmbər ağaclıq bir yerdə olduğu halda, yolun sağ tərəfindən Qədir-xum məscidinin yaxınlığına çəkildi. Bunu ona Allah tərəfindən Cəbrail əmr etmişdi. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onların öz altlarını süpürmələrini və insanlara hündür yerdən baxması üçün mənbər şəklində bir daşın qoyulmasını əmr etdi.

 

[1] Burada “Maidə” surəsinin 67-ci ayəsi zikr olunur. Qeyd edək ki, burada olan “Əli haqqında” sözü Qurani-Kərimin mətnindən deyil. Əksinə, bu söz Cəbrail tərəfindən gətirilmiş ayənin təfsiridir