Əhli-beytin (əleyhimussalam) kəlam elminə münasibəti

Əhli-beytin (əleyhimussalam) kəlam elminə münasibəti

2020-02-18 569

Əhli-beytin (əleyhimussalam) kəlam elminə münasibəti

Əhli-beytin (əleyhimussalam) kəlam elminə münasibəti dedikdə məqsədimiz bu elmin mövzularının Əhli-beytin (əleyhimussalam) nəzərində olan yeri deyildir. Çünki bu elmin bir çox mövzuları, həmçinin bəzi alimlərə görə adı belə Əhli-beytin (əleyhimussalam) kəlamlarından, hədislərindən götürülmüşdür. Əhli-beytin (əleyhimussalam) xütbələri və bəyanları kəlam elminin və onun mövzularının inkişafı üçün böyük rol oynayır. Allahın mərifəti və kəlam elminin müxtəlif mövzuları haqqında Əhli-beytdən (əleyhimussalam) gələn hədislər demək olar ki, imamiyyə firqəsinin mənbələrində olan qədər heç bir məzhəbdə və ümumilikdə heç bir dini mənbədə yoxdur. Burada əsas müzakirə etmək istədiyimiz mövzu isə bundan ibarətdir ki, Əhli-beytin (əleyhimussalam) bəzi hədislərində kəlam elmi məzəmmət olunmuşdur. Görəsən, Əhli-beyt (əleyhimussalam) həqiqətən də kəlam elmini pisləmiş və bu elmi qadağan etmişdirmi? Mümkündür kimsə irad bildirərək desin ki, Əhli-beyt (əleyhimussalam) bu elmi məzəmmət etmiş, bu elmdən çəkindirmiş və bu elmi qadağan etmişdir. Buna görə də bu elmi kənara atmaq lazımdır.

Bu irada cavab vermək üçün Əhli-beytin (əleyhimussalam) nurlu hədislərinə müraciət etmək zəruridir. Əhli-beytdən (əleyhimussalam) nəql olunmuş hədislərə müraciət etdikdə görürük ki, Allah haqqında, Allahın zatı haqqında danışmaq qadağan edilmişdir. Bu barədə hədislər çoxdur. Bu barədə olan hədislərin bir çoxunu Şeyx Səduq (rəhmətullahi əleyh) “ət-Tovhid” kitabında “Allah haqqında danışmağın, mübahisə etməyin və çəkişmənin qadağan olması” (67-ci bab) babında nəql edir. Şeyx Səduq (rəhmətullahi əleyh) bu babda otuz beş hədis qeyd edir. Bu hədislərin bir çoxu Allahın zatı barəsində danışmaqdan bəhs edir. Bu hədislərdən məlum olur ki, Əhli-beyt (əleyhimussalam) Allahın keyfiyyəti və zatı haqqında danışmağı, təfəkkür etməyi qadağan etmişdir. Bu babda olan bəzi hədislər kəlam elminin qadağan olunmasına dair dəlil kimi gətirilə bilər. Məsələn, bu babın 22-ci hədisində nəql olunur:

عَنْ أَبِي بَصِيرٍ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع‏ يَهْلِكُ أَصْحَابُ الْكَلَامِ وَ يَنْجُو الْمُسَلِّمُونَ إِنَّ الْمُسَلِّمِينَ هُمُ النُّجَبَاءُ.

Əbu Bəsirdən İmam Sadiqin bu cür dediyi nəql olunur: “Kəlam əshabı həlak olacaq və təslim olanlar nicat tapacaqlar. Həqiqətən də təslim olanlar üstün şəxslərdir”.[1]

Bu hədisdən istifadə olunaraq deyilə bilər ki, İmam Sadiqin (əleyhissalam) bəyanına görə kəlam əshabı, yəni, kəlamla məşğul olanlar həlak olacaqdır. Həmçinin, digər bir hədisdə nəql olunur:

َ حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى قَالَ قَرَأْتُ فِي كِتَابِ عَلِيِّ بْنِ بِلَالٍ‏ أَنَّهُ سَأَلَ الرَّجُلَ يَعْنِي أَبَا الْحَسَنِ ع أَنَّهُ رُوِيَ عَنْ آبَائِكَ ع أَنَّهُمْ نَهَوْا عَنِ الْكَلَامِ فِي الدِّينِ فَتَأَوَّلَ مَوَالِيكَ الْمُتَكَلِّمُونَ بِأَنَّهُ إِنَّمَا نُهِيَ مَنْ لَا يُحْسِنُ أَنْ يَتَكَلَّمَ فِيهِ فَأَمَّا مَنْ يُحْسِنُ أَنْ يَتَكَلَّمَ فِيهِ فَلَمْ يُنْهَ فَهَلْ ذَلِكَ كَمَا تَأَوَّلُوا أَوْ لَا فَكَتَبَ ع الْمُحْسِنُ وَ غَيْرُ الْمُحْسِنِ لَا يَتَكَلَّمُ فِيهِ فَإِنَّ إِثْمَهُ أَكْثَرُ مِنْ نَفْعِهِ.

“Əli ibn Bilal İmam Kazimdən soruşur: “Sənin ata-babalarından nəql olunur ki, onlar din barədə danışmağı qadağan etmişlər. Sənin kəlamla məşğul olan şiələrin bunu bu cür yozurlar ki, din haqqında danışmaq o kəs üçün qadağan olunmuşdur ki, o din haqqında yaxşı danışmır. Lakin, din haqqında yaxşı danışanlara gəlincə, bu, ona qadağan olunmamışdır. Bu məsələ onların yozduqları kimidir, yoxsa yox?” İmam bu şəxsə yazdı: “Yaxşı danışan və yaxşı danışmayan bu barədə danışmasın. Çünki bunun günahı faydasından çoxdur”.[2]

Digər bir hədis bu babda olan 31-ci hədisdir:

عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: قَالَ مُتَكَلِّمُو هَذِهِ الْعِصَابَةِ مِنْ شَرِّ مَنْ هُمْ مِنْهُ مِنْ كُلِّ صِنْفٍ‏

İmam Sadiq (əleyhissalam) buyurur: “Bu dəstənin (muxaliflərin) kəlamla məşğul olanları hər bir sinifdən olan dəstənin ən şərridir”.[3]

Son iki hədisdə “mütəkəllim”, yəni, kəlamla məşğul olan ifadəsi keçir. Bəziləri bu hədislərə, həmçinin, Allah haqqında mübahisə etməyin qadağan olunduğu bəyan edilən hədislərə söykənərək deyə bilərlər ki, kəlam elmi imamlar (əleyhimussalam) tərəfindən qadağan olunmuşdur. Lakin, həmin dövrdə də mütəkəllimlərin, yəni, kəlamla məşğul olanların sözləri bu idi ki, imamlar (əleyhimussalam) kəlamı mütləq şəkildə qadağan etməmişdir. Əksinə, onlar bəzi məsələləri qadağan etmiş, bəzilərini icazəli bilmişlər. İcazəli bildikləri məsələləri də onlar özləri bizlərə bəyan etmişdir. Böyük alimlərimizin də sözlərindən bu nəticəni çıxarmaq mümkündür. Məsələn, Şeyx Səduqun (rəhmətullahi əleyh) özü “Etiqadatul-imamiyyə” əsərində yazır: “Allah haqqında mübahisə etmək qadağan olunmuşdur. Çünki, bu iş Allahın layiq olmadığı şeylərə gətirib çıxaracaq... Dinin bütün məsələlərində mübahisə etmək qadağan olunmuşdur... Lakin, imamların kəlamları və ya onların kəlamlarının mənalarıyla muxaliflərə dəlil gətirmək bu işi yaxşı bacaran şəxslər üçün icazəlidir. Lakin, bunu yaxşı bacarmayan şəxs üçün (dinin bütün məsələləri barədə mübahisə etmək) qadağan olunub və haramdır”.[4]

Həmçinin, Şeyx Mufid (rəhmətullahi əleyh) yazır:

الجدال على ضربين أحدهما بالحق و الآخر بالباطل فالحق منه مأمور به و مرغب‏ فيه و الباطل منه منهي عنه و مزجور عن استعماله.

“Mübahisə etmək iki cürdür. Biri düzgün, digəri isə batildir. Düzgün olan mübahisə etməyə (Əhli-beyt tərəfindən) əmr olunub və rəğbət göstərilib. Batil olanı isə qadağan olunmuş və ondan çəkindirilmişdir”.[5]


[1] Şeyx Səduq, “ət-Tovhid”, 67-ci bab, 22-ci hədis, səh.458, “Camiətul-mudərrisin” nəşriyyatı, İran, Qum, 1398 h.q.

[2] Həmin mənbə, 26-cı hədis, səh.459

[3] Həmin mənbə, səh.460

[4] Şeyx Səduq, “Etiqadatul-imamiyyə”, 11-ci bab, səh.42-43, “Şeyx Mufid konqresi” nəşriyyatı, İran, Qum, 1414 h.q.

[5] Şeyx Mufid, “Təshihu etiqadatil-imamiyyə”, səh.68, həmin nəşriyyat, eyni il