Əgər (irad olaraq) (belə) deyilsə:
Fərz edin ki, məsələ siz deyən kimidir. Belə ki, o, elmin aradan getməyəcəyindən əmin idi. Elə isə Allah təalanın bu elmi onun (ə) yaxınları və öz ailəsi vasitəsi ilə qorumağını istəməsi mümkün deyilmi? Necə ki, ona (ə) yad bir şəxs vasitəsi ilə də bu elmi qoruması mümkündür. Siz inkar etmirsiniz ki, onun qorxusu əmisi oğlanlarından idi. Buna görə də istəyirdi ki, onlar elmi öyrənib onun yerinə keçməsinlər. Bunun üçün də Allah təaladan bu elmlərin hamısını özündə cəm edəcək bir övlad istədi. Bununla da Allah bu elmi onun evindən çıxarb digər qövmlərə verməsin və bu səbəblə onun üçün (camaatın nəzərində) eyb olmasın (ki, peyğəmbərlik onun övladına yox, digər bir şəxsə keçmişdir).
(Bu irada cavab olaraq) Deyərik:
Sual bu şəkildə olduqda cavab da əvvəlkindən fərqli olacaq. O da bundan ibarətdir ki, onların işarə etdiyi qorxu dini bir zərərdən qorxmaq deyil. Yalnız dünya işləri ilə bağlı bir zərərdən qorxmaqdır. Peyğəmbərlər (ə) də məhz dünyəvi zərərlər müqabilində dözümlülük göstərmək üçün göndəriliblər. Onların məqamları da bu səbəblə digər bütün məqamlardan daha üstün olub. Bu xüsusiyyətə sahib şəxslərdə isə qorxunun səbəbi dəqiq bilinmədikdə, onu yalnız dini zərərlərdən qorxmağa yozmaq lazımdır. Çünki onların əsas qorxduqları şey dini zərərlərdir və onların göndərilmələrinin məqsədi dini yox, dünyəvi zərərlərə qatlaşmaqdır. Elə isə, Peyğəmbər (s) “mən qorxuram” deyərsə və biz onun qormağının səbəbini dəqiq şəkildə bilməsək, vacibdir ki, onu dünyəvi yox, dini zərərlərə aid edək. Çünki bunu onların halı (şəxsiyyəti) və peyğəmbər olaraq göndərilməkləri tələb edir.
Necə ki, əgər bəzi şəxslərin dünyaya qarşı zöhd, onun əlamətləri, dünya mənfəətlərindən uzaqlaşma, axirətə rəğbət bəsləmə və axirət üçün əməl etməyə adət etdiyini görsək, bu zaman onun bir şeydən qorxduğunu anladıqda, səbəbini də bilmədiyimiz təqdirdə bu qorxunu daha çox ehtimal verdiyimiz və onun halına (şəxsiyyətinə) daha layiq olan bir mənaya yozarıq. Bunu dünya ilə yox, axirətlə əlaqələndirərik. İndi isə əgər dediyimiz kimi şəxslərdə bu məsələ vacibdirsə, bu, peyğəmbərlərdə (ə) daha da vacibdir.
Habelə heç kəs deyə bilməz ki, “Bu miras elmə aid edilir. Çünki Zəkəriyya peyğəmbər (ə) deyir: “...həm də Yaqub ailəsinə varis olsun.”[1] Halbuki Zəkəriyya peyğəmbərin (ə) varisi həqiqətdə Yaqub (ə) ailəsinin mallarının varisi deyil. Onların mallarının varisi digər şəxslərdir (Halbuki ayə onun birbaşa Yaqub (ə) ailəsinin varisi olduğunu deyir. beləcə aydın olur ki, onun Yaqub (ə) ailəsindən apardığı miras elmdir).”
(Bu iddia yalnışdır) Çünki Həzrət Zəkəriyyanın (ə) övladı Yaqub (ə) ailəsi ilə qohumluğuna görə onların mallarının varisi olur. Belə ki, o (ə) “Yaqub ailəsinə varis olsun” yox, “Yaqub nəslinə varis olsun” (hərfi olaraq: “ailəyə varis olsun” yox, “ailədən çatana” yaxud “onun bəzisinə” varis olsun) deyir. Bununla da bildirir ki, o, Yaqub (ə) ailəsinin mirasında (birbaşa yox, bu mirasa) daha çox haqq sahibi olan şəxslərdən irs aparır. (Yəni o ailənin bir üzvü olmadığından mirasda (birbaşa) payı yoxdur. Lakin həmin nəsildən gələrək, Yaqub (ə) ailəsinin varislərinin varisi olduğuna görə o da onlardan miras aparmış olur.) ”[2]
Nəticə
Bu, Şeyx Tusinin müxaliflərimizin Xanım Zəhranın (əleyhassalam) dəlil kimi gətirdikləri ayəyə olan irada cavabı idi. Nəticə olaraq, məlum olduğu kimi “Biz peyğəmbərlər irs qoymuruq” hədisi etdikləri qəsbə haqq qazandırmaq üçün zülmkarlar tərəfindən uydurulmuşdur. Necə ki, Xanım Zəhra (salamullahi əleyha) “Fədək” xütbəsində Əbu Bəkrin bu hədisi deməsindən sonra buyurur: “Sübhanəllah, heç vaxt atam Rəsulullah (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) Allahın Kitabının əleyhinə olaraq bir söz buyurmayıb və onun hökmlərinə heç vaxt müxalifətçilik etməyib. Əksinə, O, bütün işlərində Qurana tabe olmuşdur. Siz birləşib etdiyiniz hiyləgirliyə Ona (Peyğəmbərə) iftira atmaqla haqq qazandırırsınız?”[3]
Allah bizləri doğru yolda sabitqədəm etsin!
Baqir Cəfəri
Besiret.az