“Biz peyğəmbərlər irs qoymuruq” hədisinin uydurma olması

“Biz peyğəmbərlər irs qoymuruq” hədisinin uydurma olması

2020-02-14 3043

Gördüyünüz kimi Əbu Bəkr Peyğəmbərdən (sallallahu əleyhi və alih) peyğəmbərlərin irs qoymadıqlarını, qoyub getdiklərinin isə sədəqə olduğunu  nəql edir və buna istinad edərək Fədək bağlarını Xanım Zəhraya (salamullahi əleyha) qaytarmır. Bəs görəsən Peyğəmbər (sallallahu əleyhi və alih) Əbu Bəkrin istinad etdiyi bu hədisi həqiqətən də demişdirmi? Yoxsa Əbu Bəkr öz etdiklərinə haqq qazandırmaq üçün bu hədisi Peyğəmbərin adından uydurmuşdur? Bu hədisin uydurma və saxta olmasını dövrümüzün görkəmli fəqihlərindən olan Ayətullahul-uzma Şeyx Vəhid Xorasani (Allah ömrünü uzun etsin) özünün “Minhacus-salihin” kitabında altı məsələyə söykənərək isbat edir. Burada Şeyxin sözünü əsl mənbəsindən tərcümə edərək əziz oxuyucuların diqqətinə çatdıracağıq. Şeyx yazır:

“Xanım Zəhranın (salamullahi əleyha) haqqını bu hədisə istinad edərək əlindən aldılar: “Əbu Bəkr dedi: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm: (Biz peyğəmbərlər) irs qoymuruq. Qoyub getdiklərimiz sədəqədir”.[1]

Məlumdur ki, peyğəmbərlərin iki (cür) varisi var. Onlardan biri mənəvi varisdir ki, bu, peyğəmbərlərin ümmətidir. Muhəmməd peyğəmbərin (sallallahu əleyhi və alih) - “Mən və Əli bu ümmətin atalarıyıq” -  buyurduğu kimi həqiqətən də peyğəmbər öz ümmətinin mənəvi atasıdır. Peyğəmbərin və onun yerində olan xəlifənin insanların nəfslərini tərbiyə etmək və ağıllarını kamilləşdirməkdə olan məqamı atanın (övladlarına) olan məqamı kimidir. Peyğəmbərin ümməti üçün qoyub getdiyi şeylər kitab, hikmət, sünnə və şəriətdir. Necə ki, alimlər də peyğəmbərlərin varisləridirlər.[2] Lakin, onlardan pul, mal-dövlət yox, elm irs aparırlar. Peyğəmbərlərin digər varisləri isə cismani və mənəvi varisləridir ki, onlar peyğəmbərin yaxınlarıdır. Onlar peyğəmbərə mənəvi bağlılıqlarına görə ondan elm irs aparırlar. Həmçinin, onlar kitab (Quran) və sünnənin ümumi dəlillərinə əsasən peyğəmbərdən maddi şeyləri də irs aparırlar.

Diqqət yetirmək lazımdır ki, bunun kimi bir hədis irs qanununu xüsusilə müəyyən edə bilərmi? Dində elmsiz əməl etmək və elmsiz söz danışmaq qadağan edilmişdir. Hər hansısa bir hədisin elmsiz söz demək barədə olan qadağa dairəsindən xaric olması üçün həmin hədisin mötəbərliyi zəruridir. Hədisin mötəbər sayılması üçün də etibarlı olmaq qabiliyyətinin olması, etibarlı olması üçün lazım olan şərtlərin cəm olması və etibarlı olmağına mane olacaq şeylərin aradan getməsi lazımdır.  Bu hədis bir neçə məsələyə görə hər hansısa bir hədisə etimad etmək üçün gərəkli olan əsasa malik deyildir. Onlardan bəzilərinə işarə edirik:

Birinci məsələ: Hədis mənbələrinə əsasən bu hədisi nəql edənin özü (Əbu Bəkr) öz hədisini təkzib edir. Çünki o, Peyğəmbərin (sallallahu əleyhi və alih) yanında dəfn edilməsini Aişəyə vəsiyyət etmişdi.[3] Peyğəmbərin evi[4] isə onun qoyub getdiklərindən idi. Bu hədis səhih olduğu təqdirdə Peyğəmbərin qoyub getdiyi (evi) sədəqədir. Bəs necə olur ki, bu vəsiyyət səhih olur? Öz dövründə bütün müsəlmanlar üçün, hətta həddi büluğa çatmayanlar və o dövrdə olmayanlar üçün sədəqə qoyulan bir şeyi istifadə etmək hüququ (onlara) nə cür icazəli olur? Onların orada olan və olmayan müsəlmanlar, həmçinin, Əbu Bəkrin dəfni zamanı yaşayan və hələ doğulmamış müsəlmanlar üzərində hansı haqları var idi ki, bu dəfn səhih oldu? İmam Əli, Xanım Zəhra və övladları (əleyhimussalam) həmin sədəqənin bu cür istifadəsinə razı olmuşdularmı? Bir halda ki, onların da fikrinə görə  İmam Əli, Xanım Zəhra və övladları (əleyhimussalam) da bu sədəqədən istifadə hüququna malik olan şəxslər idi.

 

[1] Əhməd ibn Hənbəl, “Musnədu Əhməd”, c.1, səh.4; Buxari, “Səhihu Buxari”, c.4, səh.42; Muslim Nişaburi, “Səhihu Muslim”, c.5, səh.153 və s.

[2] Şeyx Kuleyni, “əl-Kafi”, c.1, səh.32; Şeyx Mufid “İxtisas”, səh.4 və s.

[3] İbn Səd, “Təbəqat”, c.3, səh.209; İbn Əsakir, “Tarixu mədinəti Diməşq”, c.30, səh.446; Təbərinin tarix kitabı, c.3, səh.614 və s.

[4] Peyğəmbər (sallallahu əleyhi və alih) öz evində dəfn olunmuşdur.