“Biz peyğəmbərlər irs qoymuruq” hədisinin uydurma olması

“Biz peyğəmbərlər irs qoymuruq” hədisinin uydurma olması

2020-02-14 3042

“Biz peyğəmbərlər irs qoymuruq” hədisinin uydurma olması

Dünya və axirət xanımlarının seyidəsi olan Həzrət Fatimeyi-Zəhraya (salamullahi əleyha) edilmiş zülmlərdən biri də atası Peyğəmbərin (sallallahu əleyhi və alih) ona bağışladığı Fədək bağlarının Peyğəmbərin şəhadətindən sonra onun əlindən alınmasıdır. Müxaliflərimiz Əhli-beytə (əleyhimussalam) edilmiş digər haqsızlıqları inkar etmək və bununla da zalım xəlifələrin adını təmizə çıxarmaq üçün daim müxtəlif yollara əl atdıqları kimi bu məsələdə də xilafəti qəsb etmiş və Xanım Zəhranın (salamullahi əleyha) haqqını əlindən almış Əbu Bəkri onun özünün etdiyi işə bəraət qazandırmaq üçün uydurduğu hədislə və istifadə etdiyi yolla günahsız kimi qələmə verməyə çalışmışlar. Belə ki, Xanım Zəhra (salamullahi əleyha) Fədək bağlarının ona atasından qalmış irs olduğunu Əbu Bəkrə dedikdə Əbu Bəkr uydurma hədisə istinad edərək etdiyi işin heç də haqsızlıq olmadığını, əksinə, bunun peyğəmbərin əmrinə uyğun olduğunu isbat etmək istəyir. Xanım Zəhranın (salamullahi əleyha) “Fədək” xütbəsini oxuduqda göürük ki, Xanım Zəhra (salamullahi əleyha) atasının ona qoyduğu irsin əlindən alındığını deyir və sonra Əbu Bəkr ona belə cavab verir: “Allahı şahid tuturam ki, mən Rəsuli-əkrəmin (Allahın salavatı və salamı olsun ona və onun ailəsinə) belə dediyini eşitmişəm: “Biz Peyğəmbərlər özümüzdən sonra qızıl, gümüş, malikanə və var-dövləti irs qoymuruq. Bizim mirasımız kitab, hikmət, elm və nübüvvətdir. Bizdən miras qalan dünya malı isə bizdən sonra ümmətin rəhbəri olan şəxsin ixtiyarındadır. O, məsləhət bildiyi kimi ondan istifadə edə bilər.” Mən isə sənin tələb etdiyinin (Fədəkin) gəlirini müsəlmanların kafirlərə və yolunu azmışlara qarşı döyüşmələri üçün hərbi silah-sursatların hazırlanmasına xərcləyirəm. Bu, təkcə mənim qərarım ilə deyil, müsəlmanların hamısının razılığı ilə olan bir işdir. Mənim ixtiyarımda olan mal sənin ixtiyarındadır. Öz var-dövlətimi heç vaxt səndən əsirgəmərəm. Sən atanın (Peyğəmbərin) ümmətinin seyyidəsi və Peyğəmbərin övladlarının əziz anasısan. Biz sənin fəzilətlərini inkar etmir, ata və övladlar baxımından olan üstünlüyünü danmırıq. Sənin hökmün mənim əlimdə olan mala nüfuz edə bilər. Məgər sən mənim (Fədəki sənə verməyimlə) atan Rəsulullahın qanunlarına qarşı çıxmağımı istəyirsən?”[1]

Bu məsələ əhli-sünnənin mötəbər hədis kitabı olan “Səhihul-Buxari”də də nəql olunmuşdur:

حدثنا : ‏ ‏يحيى بن بكير ‏ ، حدثنا : ‏ ‏الليث ‏ ‏، عن ‏ ‏عقيل ‏ ‏، عن ‏ ‏ابن شهاب ‏ ‏، عن ‏ ‏عروة ‏ ‏، عن ‏ ‏عائشة : ‏ أن ‏ ‏فاطمة ‏ ‏(ع) ‏ ‏بنت النبي ‏ (ص) ‏ ‏أرسلت إلى ‏ ‏أبي بكر ‏ ‏تسأله ميراثها من رسول الله ‏ (ص) ‌‏مما ‏ ‏أفاء ‏ ‏الله عليه ‏ ‏بالمدينة ‏ ‏وفدك ‏ ‏وما بقي من خمس ‏ ‏خيبر ‏، ‏فقال أبو بكر ‏: ‏أن رسول الله ‏ (ص) ‏، ‏قال : ‏ ‏لا نورث ما تركنا صدقة ، إنما يأكل آل ‏ ‏محمد ‏ (ص) ‏ ‏في هذا المال وإني والله لا أغير شيئا من صدقة رسول الله ‏ (ص) ‏ ‏، عن حالها التي كان عليها في عهد رسول الله ‏ (ص) ‏ ‏ولأعملن فيها بما عمل به رسول الله ‏ (ص) ‏ ‏فأبى ‏ ‏أبو بكر ‏: ‏أن يدفع إلى ‏ ‏فاطمة ‏ ‏منها شيئا فوجدت ‏ ‏فاطمة ‏ ‏على ‏ ‏أبي بكر ‏ ‏في ذلك فهجرته فلم تكلمه حتى توفيت ، وعاشت بعد النبي ‏ (ص) ‏ ‏ستة أشهر ، فلما توفيت دفنها زوجها ‏ ‏علي ‏ ‏ليلا ولم يؤذن بها ‏ ‏أبا بكر ‏ ‏وصلى عليها

Yəhya ibn Bukeyr Leysdən, o, Əqildən, o, İbn Şəhabdan, o, Ürvədən, Ürvə də Aişədən belə nəql edir: “Peyğəmbərin qızı Fatimə Əbu Bəkrə xəbər göndərib, ondan Mədinədə Allahın Peyğəmbərə bəxş etdiyi şeylərdən, Fədəkdən və Xeybərin xumsundan qalan mallardan ibarət olan mirasını istədiyini xəbər göndərdi. Əbu Bəkr dedi: “Peyğəmbər buyurmuşdur: “(Biz peyğəmbərlər) miras qoymuruq. Qoyub getdiklərimiz sədəqədir”. Peyğəmbərin ailəsi Peyğəmbərin qoyub getdiklərindən (digər insanlar kimi) istifadə edə bilərlər.[2] Allaha and olsun ki, mən Peyğəmbərin sədəqəsinin halını Peyğəmbərin öz dövründə olduğu halından zərrə qədər belə dəyişdirməyəcəyəm. Mən Peyğəmbərin sədəqəsilə Peyğəmbərin öz rəftar etdiyi kimi rəftar edəcəyəm”. Əbu Bəkr Fatimənin ondan istədiklərindən birini belə verməkdən boyun qaçırdı. Fatimə buna görə Əbu Bəkrə qəzəbləndi. Ondan əl çəkdi və ölənə qədər onu danışdırmadı. Peyğəmbərdən sonra altı ay yaşadı. O, vəfat etdikdə həyat yoldaşı Əli Əbu Bəkrə xəbər vermədən onu gecə ilə dəfn etdi və ona namaz qıldı”.[3]

 

[1] Şeyx Təbərsi, “əl-İhticac”, c. 1, səh. 123

[2] Yəni Peyğəmbərin ailəsi ondan sədəqə kimi istifadə edə bilməz. Peyğəmbərin qoyub getdiklərində digər insanların nə qədər istifadə haqları varsa, Peyğəmbər (sallallahu əleyhi və alih) ailəsinin də bu qədər istifadı haqqı var.

[3] “Səhihul-Buxari”, “əl-Məğazi” kitabı, “Xeybər döyüşü” babı, hədis.3998