Əhli-sünnə mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi

Əhli-sünnə mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi

2020-01-14 796

Əhli-sünnə mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi

Məşhur vəhhabi təbliğçilərindən olan Osman əl-Xəmis iştirak etdiyi bəzi televiziya proqramlarında dəfələrlə belə iddia etmişdir ki, guya Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsinə dair bircə dənə də olsun rəvayət nəql olunmamışdır. Guya Bəni-Üməyyə heç vaxt Bəni-Haşimdən heç kəsi təhqir etməmiş, onlara düşmən olmamışdır. Bəni-Üməyyə ilə Bəni-Haşimin arasında məhəbbət, xoş münasibət olmuşdur. O, çıxışlarının birində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsinə dair bir rəvayət gətirilməsini tələb edir. Bununla da o, Müaviyəyə müxalif olan müsəlmanlara meydan oxuyur və heç kəsin bircə dənə belə bu barədə rəvayət gətirə bilməyəcəyini iddia edir. Halbuki, Əhli-sünnənin mənbələrində Müaviyənin İmam Əlini (əleyhissalam) təhqir etməsi, onu lənətləməsi və camaata da İmam Əlini (əleyhissalam) təhqir etməyi, lənətləməyi əmr etməsi barədə çox saylı rəvayətlər mövcuddur. Biz bu məqaləmizdə Allahın tovfiqi ilə onlardan bəzilərini sizlərə təqdim edəcəyik. Müvəffəqiyyət Allahdandır!

İndi isə qeyd olunan məzmunda olan hədisləri oxucuların diqqətinə çatdıraq.
Səd ibn Əbu Vəqqas nəql edir: “Müaviyə Həcc ziyarətlərinin birində (Məkkəyə) gəldi. Səd onun yanına daxil oldu və Əli haqqında söz açıldı. O, onu[1] təhqir etdi. Səd qəzəbləndi və dedi: “Bu sözləri elə bir kişi haqqında deyirsən ki, mən Allah Rəsulundan (s) eşitmişəm ki, onun haqqında buyurub: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Və (həmçinin) eşitmişəm ki, buyurub: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur”. Və (həmçinin) eşitmişəm ki, buyurub: “Şübhəsiz ki, bu gün bayrağı elə bir kişiyə verəcəyəm ki, Allahı və Rəsulunu sevir”. Albani yazır: "Hədis səhihdir".[2]

Sünnilərin böyük alimlərindən olan İbn Əbi Şeybə də (159-235 h.q.) bu hədisi açıq-aşkar və zəmirsiz (əvəzlikdən istifadə etmədən), birbaşa Müaviyənin adını çəkərək "فنال منه معاوية" - "Müaviyə onu təhqir etdi!" ibarəsi ilə özünün “əl-Müsənnəf” kitabında gətirmişdir.  Bu kitabın mühəqqiqi Muhəmməd Əvvamə hədis haqqında yazır: “Hədisin sənədi güclüdür”[3]. Şueyb əl-Ərnəvut yazır: "Bu, səhih hədisdir".[4]
"Sunənu İbn Macə"-yə şərh yazan sünnilərin böyük alimlərindən olan Sindi bu rəvayətdəki "
فنال منه" (Onu pislədi) ibarəsini belə izah edir: “Yəni, Müaviyə Əlinin qeybətini etdi və onu təhqir etdi. Hətta, (Səhihu) Muslim və (Sunənu) Tirmizidə gəldiyi kimi Sədə də onu təhqir etməyi göstəriş verdi".[5]

Əhli-sünnənin böyük alimlərindən olan İbn Əbdu Rəbbih Əndəlusi belə nəql edir:
“Həsən ibn Əli dünyasını dəyişəndən sonra Müaviyə həccə getdi və sonra Mədinəyə gəldi. O, Əlini Allah Rəsulunun (s) minbəri üzərindən lənətləmək istədi. Ona deyildi: “Səd ibn Əbu Vəqqas buradadır. Onun buna razı olacağını fikirləşmirik. Yanına adam göndər və bu barədə nəzərini öyrən. Müaviyə onun yanına adam göndərdi və həmin adam bu hadisəni ona (Səddə) danışdı və Səd dedi: “Əgər o, (Müaviyə) bu işi görsə, (Əlini lənətləsə), mütləq məsciddən çıxacağam və məscidə qayıtmayacağam!” Müaviyə Səd ölənə qədər Əlini lənətləməkdən çəkindi. O, öləndən sonra isə Əlini minbərin üzərində lənətlədi və öz valilərinə yazdı ki, onu minbərlərdə lənətləsinlər və onlar da lənətlədilər. Peyğəmbər zövcəsi Ümmü Sələmə Müaviyəyə belə yazdı: “Həqiqətdə siz minbərlərinizin üzərində Allahı və onun Rəsulunu lənətləyirsiniz. Çünki, siz Əlini və onu sevəni lənətləyirsiniz. Mən şəhadət verirəm ki, həqiqətən, Allah və Rəsulu onu sevir!” Müaviyə onun sözünə əhəmiyyət vermədi”. [6]

Əhli-xilafın ikinci ən səhih kitabı olan “Səhihu Müslim”-də də Müaviyənin Səd ibn Əbi Vəqqasa İmam Əlini (əleyhissalam) söyməsini əmr edən rəvayət nəql edilmişdir:
Quteybə ibn Səid və Muhəmməd ibn Əbbad deyir: “Hatəm (ibn İsmayıl) bizə Bukeyr ibn Mismardan, o da Amir ibn Səd ibn Əbi Vəqqasdan, o da atasından onun belə dediyini rəvayət etdi: “Müaviyə ibn Əbu Süfyan Sədə əmr etdi. (Lakin Sədin onun əmrinə tabe olmadığını gördükdə) Dedi: “Sənə Əbu Turabı (Əlini) söyməyə nə mane olur?” Səd cavab verdi: “Allah Rəsulu (s) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı. Müharibələrin birində Allahın Rəsulu (s) onu öz yerinə canişin təyin etdikdə Əli ona dedi: “Ey Allahın Peyğəmbəri! Məni qadın və uşaqlarların içərisində qoyub gedirsən?” Allahın Rəsulu (s) ona dedi: “Məgər sən mənə olan nisbətinin Harunun Musaya olan nisbəti kimi olmasına razı deyilsən? Lakin bir fərqlə ki, məndən sonra peyğəmbərlik olmayacaq”. Xeybər (müharibəsi) günü (Peyğəmbərin) belə buyurduğunu eşitdim: “Sabah bayrağı elə bir adama həvalə edəcəyəm ki, o Allahı və Onun Peyğəmbərini sevir. Allah və Onun Peyğəmbəri də onu sevirlər". Nəhayət, (səhər açıldı və) biz (hansımızın bu şərəfə nail olacağını görmək üçün) bayrağa tərəf boylanıb durduq. Peyğəmbər (s) “Əlini mənim yanıma çağırın!” dedi. (Əli) Onun yanına gəldi. Onun gözləri ağrıyırdı. Peyğəmbər mübarək ağzının suyundan onun gözlərinə sürtdü. Sonra bayrağı ona həvalə etdi”. Həmçinin, Ali İmran surəsinin 61-ci ayəsi nazil olduqda Allahın Rəsulu (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni yanına çağırıb: “İlahi, bunlar mənim ailəmdirlər” dedi".[7]

Vəhhabiliyin banilərindən sayılan İbn Teymiyyə də Müaviyənin Sədə İmam Əlini (əleyhissalam) təhqir etməsini əmr etməsini açıq-aşkar qeyd edir

"ﻭَﺃَﻣَّﺎ ﺣَﺪِﻳﺚُ ﺳَﻌْﺪٍ ﻟﻤﺎ ﺃﻣﺮﻩ ﻣﻌﺎﻭﻳﺔ ﺑِﺎﻟﺴَّﺐِّ ﻓَﺄَﺑَﻰ، ﻓَﻘَﺎﻝَ: ﻣَﺎ ﻣَﻨَﻌَﻚَ ﺃَﻥْ ﺗَﺴُﺐَّ ﻋَﻠِﻲَّ ﺑْﻦَ ﺃَﺑِﻲ ﻃَﺎﻟِﺐٍ؟ ﻓَﻘَﺎﻝَ: ﺛَﻼَﺙٌ ﻗَﺎﻟَﻬُﻦَّ ﺭَﺳُﻮﻝُ اﻟﻠَّﻪِ - ﺻَﻠَّﻰ اﻟﻠَّﻪُ ﻋَﻠَﻴْﻪِ ﻭَﺳَﻠَّﻢَ - ﻓَﻠَﻦْ ﺃَﺳُﺒَّﻪُ، ﻷَﻥْ ﻳَﻜُﻮﻥَ ﻟِﻲ ﻭَاﺣِﺪَﺓٌ ﻣِﻨْﻬُﻦَّ ﺃَﺣَﺐُّ ﺇِﻟَﻲَّ ﻣِﻦْ ﺣُﻤُﺮِ اﻟﻨَّﻌَﻢِ. . . اﻟْﺤَﺪِﻳﺚَ. َﻬَﺬَا ﺣَﺪِﻳﺚٌ ﺻَﺤِﻴﺢٌ ﺭَﻭَاﻩُ ﻣُﺴْﻠِﻢٌ ﻓِﻲ ﺻَﺤِﻴﺤِﻪِ"

"Sədin hədisinə gəlincə Müaviyə ona Əlini təhqir etməsini əmr edəndə qəbul etmədi. Müaviyə dedi: “Sənə Əli ibn Əbu Talibi təhqir etməyə nə mane oldu?” Səd dedi: "Allah Rəsulu (s) (Əli haqqında) üç şey deyib ki, mən heç vaxt onu söymərəm. Əgər həmin üç şeydən biri mənim olsaydı, (bu) mənə qırmızı rəngli dəvə sürüsündən daha sevimli olardı” və hədisin ardı var. Bu səhih bir hədisdir. Müslim onu öz Səhihində rəvayət etmişdir".[8]

 

[1] Kitabın haşiyəsində yazımışdır: “Yəni, Müaviyə Əlini təhqir etdi və əleyhinə danışdı”.

[2] Albani, “Səhihu sunəni İbn Macə”, c.1, səh.58, hədis 98, “əl-Məarif” nəşriyyatı.

[3] Əl-Müsənnəf”, c.17, səh.101-102, hədis 32741, “Ulumul-Quran” nəşriyyatı.

[4] Şueyb əl-Ərnəvutun təhqiqi ilə olan “Sunənu İbn Macə”, c.1, səh.88, hədis 121, “ər-Risalə” nəşriyyatı

[5] Sindinin “Sunənu İbn Macəyə şərhi, c.1, səh.86, “Darul-mərifə” nəşriyyatı

[6] İbn Əbdu Rəbbih Əndəlusi, “Əqdul-Fərid” c.5, səh. 114-115, “Darul-kutubil-ilmiyyə” nəşriyyatı

[7] Müslim ibn Həccac, “əs-Səhih”, səh.1129, Hədis 2404 (32), “Teyyibə” nəşriyyatı, Səudiyyə Ərəbistanı, ər-Riyad,1427 h.q./2006 m.

[8] İbn Teymiyyə, “Minhacus-sunnə”, c.5, səh.42, “Camiətul-imam Muhəmməd ibn Səudil-İslamiyyə” nəşriyyatı, Muhəmməd Rəşad Salimin təhqiqi ilə, 1406-cı h.q-ili, 1-ci çap