İmam Huseynə (əleyhissalam) əzadarlıq etmək bidətdirmi?

İmam Huseynə (əleyhissalam) əzadarlıq etmək bidətdirmi?

2019-09-19 318

İmam Huseynə (əleyhissalam) əzadarlıq etmək bidətdirmi?

Tarix boyu İmam Huseynin (əleyhissalam) qiyamı və onun əzadarlıq məclisləri haqqında vəhhabilər və digər Əhli-beyt (əleyhissalam) düşmənləri tərəfindən çoxlu şübhələr atılmışdır.  Onlardan biri də İmam Huseynin (əleyhissalam) əzadarlıq məclislərinin bidət sayılmasıdır. Bu məqaləmizdə vəhhabilərin məşhur alimlərindən biri olan İbn Teymiyyənin qeyd etdiyimiz mövzuda şübhə yaratmaq üçün dedikləri sözləri əziz oxucuların nəzərinə çatdıracaq və bu barədə şübhələrə cavab verməyə çalışacağıq. İbn Teymiyyə əzadarlıqlar haqqında müxtəlif yerlərdə dəfələrlə söhbət açsa da biz yalnız onlardan üçünü nəzərinizə çatdıracağıq. Belə ki, İbn Teymiyyə deyir:

 ومن حماقتهم إقامه المأتم والنياحه علي من قد قتل من سنين عديده

“İllər öncə ölmüş birinə matəm saxlamaq və ağlamaq (şiələrin) axmaqlıqlarındandır”.[1]

Göründüyü kimi İbn Teymiyyə burada əzadarlıq məclislərinə axmaqlıq kimi baxır. Digər bir yerdə isə əzadarlıq məclislərini şeytanın insanlara vəsvəsə etdiyi bidətlərdən biri sayır:

وصار الشيطان بسبب قتل الحسين رضي الله عنه يحدث للناس بدعتين، بدعه الحزن والبكاء والنوح يوم عاشوراء...

“Huseynin – Allah ondan razı olsun – öldürülməsiylə şeytan insanlar üçün iki bidət yaratdı. Onlardan biri Aşura günü hüznlənmək, ağlamaq və nalə etməkdir”.[2]

Bu sözün məzmununa, yəni, şiələrin əzadarlıq etməklə bidətə düçar olmaqlarına digər bir yerdə də rast gəlirik:

الروافض لما ابتدعوا إقامه المأتم وإظهار الحزن يوم عاشوراء لكون الحسين قتل فيه...

“Elə ki, rafizilər (şiələr) Huseyn Aşura günündə qətl olunduğuna görə bu gündə matəm məclisləri düzəltmək və hüznlənmək kimi bidət çıxardılar…”[3]

Bura qədər vəhhabilərin böyük alimlərindən olan İbn Teymiyyənin əzadarlıq məclislərinə necə yanaşdığını və İmam Huseyn (əleyhissalam) üçün əzadarlığa bidət dediyinin şahidi olduq. İndi isə keçək şübhəyə cavab verməyə. Qeyd etməliyik ki, bu şübhəyə aşağıdakı başlıqlarla cavab verəciyik:

1. Bidətinin mənaları

2. Ağlamağın Quranda və digər peyğəmbərlərin nəzərində yeri

3. Ağlamağın İslam peyğəmbərinin (sallallahu əleyhi və alih) həyatındakı rolu

4. Peyğəmbər sünnəsində İmam Huseynə (əleyhissalam) əzadarlıq

5. Məsumların həyatında İmam Huseynə (əleyhissalam) əzadarlıq

6. Səhabələrin həyatında əzadarlıq

7. Əhli-sünnədə əzadarlıq

Birinci hissə: Bidətin mənaları

Qeyd etməliyik ki, əzadarlığa bidət deyənlərin bəziləri bidətin nə olduğunu başa düşmürlər və buna görə bu cür gümanlara düçar olurlar. Bidətin mənasını düzgün başa düşməyənlər öz nəzərləri ilə müxalif olan bütün fikirləri bidət adlandırır və bununla da digərlərinin də bidətçi olduğuna hökm edirlər. Buna görə də zəruridir ki, əvvəlcə bidətin ərəb dilinin lüğətində və şəriət terminologiyasında nə olduğunu araşdıraq.

Bidətin lüğəvi mənası

Lüğət alimləri bidətin əvvəlcə mövcud olmayan bir şeyi yaratmaq və ixtira etmək mənasını verdiyini deyirlər. Məşhur lüğət alimi Cövhəri yazır:

البدعهإنشاء الشيء لا علي مثال سابق، واختراعه وابتكاره بعد أن لم يكن.

“Bidət əvvəl nümunəsi olmayan bir şeyi yaratmaq və əvvəl olmayan bir şeyi ixtira etmək və ortaya çıxarmaqdır”.[4]

Deməliyik ki, bidət bu mənada qəti olaraq ayələrdə və rəvayətlərdə haram edilməmişdir. Çünki, İslam dini insan həyatında yeniliklərin və inkişafın əleyhinə deyildir. Əksinə, bu din insan fitrətinə uyğun olaraq fərdi və ictimai həyatda yeniliklərin, ixtiraların və inkişafın tərəfdarıdır. Bu, bidətin lüğətdə olan mənası idi. İndi isə keçirik istilahda, yəni, şəriət terminologiyasında bidətin nə olduğuna nəzər salmağa.

Şiə və sünni alimlərinə görə bidətin terminoloji mənası

Şəriət terminologiyası baxımından bidətin mənası Ərəb dilindəki lüğəvi mənasından fərqlənir. Çünki, bidət şəriətdə ona deyilir ki, dində olmayan bəzi məsələləri dinə daxil edəsən. O məsələlər ki, Allah təala və onun göndərdiyi elçilər bu məsələləri dində qərar verməmiş və onların dinə daxil edilməsinə də razılıqları olmamışdır. Şəriət baxımından bidət din adına hər hansısa bir şeyi azaltmaq və ya çoxaltmağa deyilir. Qeyd etdiyimiz kimi bu da bidətin terminoloji mənasını lüğəvi mənasından fərqləndirir. Rağib İsfəhani yazır:

والبدعه في المذهبإيراد قول لم يستنَّ قائلها وفاعلها فيه بصاحب الشريعه وأماثلها المتقدّمه وأصولها المتقنه.

“Məzhəbdə bidət şəriət sahibinə istinad olunmadan deyilən hər hansısa bir söz və ya əməldir. Həmçinin, burada (şəriətdə olan) digər oxşar əməllərə və şəriətin möhkəm əsllərinə (qaydalarına) da istinad olunmur”.[5]

Sünni alimi İbn Həcər Əsqəlani yazır:

والمُحْدَثات بفتح الدال جمع مُحْدَثَه، والمراد بها: ما أحدث وليس له أصل في الشرع ويسمّي في عرف الشرع بدعه، وما كان له أصل يدلّ عليه الشرع فليس ببدعه.

“Muhdəsat” (yeniliklər) - “dal” hərfinin fəthəli oxunmasıyla - “muhdəsətun” (yenilik) sözünün cəmidir. Yeniliyin mənası şəriətdə əsli olmayan bir şeyi yaratmaqdır və şəriət terminologiyasında buna bidət deyilir. Amma şəriətdə əsli olan (bir yenilik) bidət adlandırılmaz”.[6]

Bidətin bu tərifini Eyni adlı alim özünün “Səhihul-Buxari” kitabına şərhində[7], həmçinin, Mubarəkfovri adlı alim “Səhihut-Tirmizi” kitabına şərhində[8], Əzimabadi “Sunənu-Əbu Davud” kitabına şərhində[9] və İbn Rəcəb Hənbəli “Camiul-ulum” kitabında[10] qeyd etmişdir.

Şiələin böyük kəlam alimlərindən və fəqihlərindən biri olan Seyid Murtəza bidətin tərifində yazır:

البدعه زياده في الدين أو نقصان منه، من إسناد إلي الدين.

“Bidət dinə isnad edərək dinə nəyisə azaltmaq və ya çoxaltmağa deyilir”.[11]

Tureyhi isə yazır:

البدعه: الحدث في الدين، وما ليس له أصل في كتابٍ ولا سنّه،

“Bidət dində yenilik etməkdir. Hansı ki, onun kitabda (Qurani-kərimdə) və sünnədə əsli yoxdur”.[12]

Bu halda bidətin istilahi (termin olaraq) mənası lüğəvi mənasında daha ümumi olacaq. Çünki, lüğəvi mənada bidət hər bir yeniliyə deyilir. Lakin, termin olaraq isə yalnız və yalnız dində olan yeniliklər mənasını ifadə edir. Bidətin terminoloji mənasını da qeyd etdik.

Bidətin rüknləri

Bidət iki rükndən təşkil tapır. Birinci rüknü din adına görülən işdir. Bidət edən şəxs din daxilində hər hansısa bir şeyi artırır və ya azaldır və onu Allaha və ya peyğəmbərə nisbət verir. Yəni, bu yenilik yalnız və yalnız din daxilində olur.  İkinci rükn isə budur ki, həmin yeniliyin, yəni, bidətin müqəddəs Qurani-kərimdə və ya Peyğəmbər sünnəsində əsli olmur. Lakin, o şeylər ki, onların hökmünün Qurani-kərimdən və ya sünnədən çıxarılması mümkündür, onlara bidət deyilmir. Necə ki, bu mətləb şəriətdə bidətə verilən təriflərdən məlum oldu.

 

[1] İbn Teymiyyə, “Minhacus-sünnətin-nəbəviyyə”, c.1, səh.52

[2] Həmin mənbə, c.4, səh.334

[3] İbn Teymiyyə, “Haşiyətu-rəddil-muhtar”, c.2, səh.599

[4] “Sihahul-luğə”, c.3, səh.113

[5] “Mufrədatu-əlfazil-Quran”, səh.39

[6] “Fəthul-bari”, c.13, səh.212

[7] “Umdətul-qari”, c.25, səh.27

[8] “Tufətul-əhvəzi”, c.7, səh.366

[9] “Ovnul-məbud”, c.12, səh.235

[10] “Camiul-ulumi vəl-hikəm”, səh.160

[11] “Rəsail”, c.2, səh.264

[12] “Məcməul-Bəhreyn”, c.1, səh.163