Əzadarlıqda ağlamaq və dözümsüzlük göstərmək olarmı?

Əzadarlıqda ağlamaq və dözümsüzlük göstərmək olarmı?

2018-09-25 259

Əzadarlıqda ağlamaq və dözümsüzlük göstərmək olarmı?

Tarix boyu Əhli-beyt (əleyhimussalam) və əza məclisləri ilə düşmənçilik edənlər belə irad etmişlər ki, hədislərdə ölənlərə çox ağlamaq və dözümsüzlük göstərmək qadağan olunmuşdur. Halbuki, şiələr imamların, məxsusən İmam Huseynin (əleyhimussalam) şəhadət günlərində həddindən artıq ağlayır, dözümsüzlük nümayiş etdirirlər. Onlar bu əsassız iddialarını isbat etmək üçün şiə mənbələrindən olan hədislərə istinad edir və bununla da əzadarlıqların şəri baxımdan icazəli olmasını sual altına salmaq istəyirlər. Bu irada daha ətraflı cavab vermək mümkün olsa da, ixtisara riayət edərək irada kiçik cavab verəcəyik. Əvvəla onu demək lazımdır ki, ümumiyyətlə ölülərə ağı demək şəriətdə icazəlidir. Lakin, bu o zaman icazəli olmur ki, ağı deyən və yaxud hüznlənən şəxs Allah təalanın təqdir etdiyi işlərə üsyankarlıq göstərsin və ölənlərə həddindən artıq hüznlənsin və dözümsüzlük göstərib, ağlasın. Əksinə, hədislərimizdə müsibət və bəla üz gətirdikdə səbr göstərmək və Allaha təslim olmaq tapşırılmışdır. Təbii ki, bu məzmunda hədislərimiz kifayət qədərdir. Nümunə olaraq bir hədisi qeyd edirik:

كُنَّا عِنْدَ أَبِي عَبْدِ اللَّهِ ع فَجَاءَ رَجُلٌ فَشَكَا إِلَيْهِ مُصِيبَةً أُصِيبَ بِهَا فَقَالَ لَهُ أَبُو عَبْدِ اللَّهِ ع أَمَا إِنَّكَ إِنْ تَصْبِرْ تُؤْجَر

 “Bir nəfər İmam Sadiqin (əleyhissalam) yanına gələrək ona üz vermiş müsibətdən şikayət etdi. İmam buyurdu “Əgər sənə üz vermiş müsibətin müqabilində səbr etsən, əvəzini alacaqsan...”.[1] Lakin, Əhli-beyt (əleyhimussalam) məclislərində hüznlənmək və dözümsüzlük göstərmək nəql olunmuş rəvayətlərə əsasən məzəmmət olunmuş işlərdən deyil, əksinə bəyənilən əməllərdəndir.  Həmin hədislərdən bəzilərini zikr edirik:

عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ سَمِعْتُهُ يَقُولُ‏ إِنَ‏ الْبُكَاءَ وَ الْجَزَعَ مَكْرُوهٌ لِلْعَبْدِ فِي كُلِّ مَا جَزِعَ- مَا خَلَا الْبُكَاءَ وَ الْجَزَعَ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍ‏ع فَإِنَّهُ فِيهِ مَأْجُورٌ.

“İmam Sadiq (əleyhissalam) buyurur: “Bəndə üçün bəyənilmir ki, İmam Huseyndən (əleyhissalam) başqası üçün ağlasın və dözümsüzlük göstərsin. Əksinə, İmam Huseyn (əleyhissalam) üçün ağlamaq və dözümsüzlük göstərməyin savabı vardır”.[2]  Göründüyü kimi bu hədisdə İmam ölülər üçün ağlamağın və dözümsüzlük göstərməyin bəyənilməyən iş olduğunu dedikdə İmam Huseyni (əleyhissalam) oradan istisna etdi. Həmçinin, nəql olunmuş rəvayətlərə əsasən İmam Huseynə (əleyhissalam) ağlamaq, həddindən artıq dözümsüzlük nümayiş etdirmək daim tövsiyyə olunmuş əməllərdən sayılmışdır. İmam Həsəni-Əskəri (əleyhissalam) Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edərək buyurur:

قَالَ رَسُولُ اللَّهِ ص‏ وَ صَلَّى اللَّهُ عَلَى‏ الْبَاكِينَ‏ عَلَى الْحُسَيْنِ رَحْمَةً وَ شَفَقَةً

“Allahın rəhməti mehribançılığa görə və ürəyi yandığına görə Huseynə ağlayanların üzərinə olsun...”.[3] Həmçinin, hədislərimizdə şiələrin xüsusiyyətləri barədə danışıldıqda qeyd olunur ki, şiələr Əhli-beytin (əleyhimussalam) sevinci ilə sevinər və onların qəmli olmasıyla qəmlənərlər.[4]

Bundan əlavə onu da qeyd edək ki, şəriətdə də həm sünni, həm də şiə məzhəbi tərəfindən qəbul olunan bəzi hökmlərdə yuxarıda qeyd etdimiz kimi istisnalar mövcuddur. Məsələn, Allah təala müqəddəs Qurani-Kərimdə Bəqərə surəsinin 275-ci ayəsində buyurur:

أَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا

“Allah alveri halal, sələmi isə haram etmişdir...”. Bu ayəyə görə Allah təala alış-verişi halal etmişdir. Lakin, bəzi istisna yerlərdə alış-veriş də haram olur. Məsələn, musiqi alətlərinin alış-satışı. Və yaxud Bəqərə surəsinin 173-cü ayəsində belə buyurulur:

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ

 “Allah sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir...”. Ayədən də məlum olduğu kimi Allah təala donuz ətini haram etmişdir. Lakin, acından ölməmək kimi istisna olan məqamlarda donuz ətinin yeyilməsinə icazə vardır. Bu məsələ Maidə surəsinin 3-cü ayəsində vurğulanır:

فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِإِثْمٍ ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

“...Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, (bilsin ki,) Allah Bağışlayandır, Rəhmlidir”.

Beləliklə, eynilə ölülərə çox ağlamaq və onların dünyadan getməklərinə dözümsüzlük göstərmək məzəmmət olunsa da, Əhli-beytin (əleyhimussalam) müsibətlərinə ağlamaq bu qaydadan istisnadır. Habelə, hədislərdə məzəmmət olunmuş əzadarlığı Əhli-beytlə (əleyhimussalam) bağlı olan əzadarlıqlara şamil etmək yolverilməzdir.

Sonda əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Əhli-beyt (əleyhimussalam) məclislərində ağlamaq, dözümsüzlük göstərmək digər yas mərasimlərində olan əzadarlıqdan xeyli fərqlənir. Belə ki, Peyğəmbər ailəsinin müsibətlərinə ağlamaq ibadət sayılır. Bu göz yaşlarının dünyaya və axirətə aid olan təsirləri vardır ki, istər mübah, istərsə də məzəmmət olunmuş əzadarlıqların heç birisində bu xüsusiyyət yoxdur. Əksinə digər insanların həyatdan köçməsinə həddən artıq ağlamaq və dözümsüzlük göstərmək ilahi müqəddarat etiraz və Allah qəzasına razılıq göstərməmək sayılır. Amma Əhli-beyt (əleyhimussalam) müsibətlərinə ağlamaq və qəmgin olmaq nəinki ilahi təqdirə etiraz sayılır, əksinə bütün bu ağlamaqlar və dözümsüzlüklər Peyğəmbər və onun pak ailəsinə qarşı olan sevgidən irəli gəlir. Bu sevgidən məhrum qalanlar isə müxtəlif yollarla insanların qəlblərinə şübhə toxumları səpərək, belə bir savabdan və bunun nəticəsi olaraq əbədi səadətdən uzaq düşdükləri halda, digər insanların da buna nail olmasına mane olmaq üçün əllərindən gələni edirlər.

قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ  إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

“(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız sənin ixlaslı bəndələrindən başqa”. (Hicr, 39-40)

Allah təala bizləri dünya və axirətdə Əhli-beytdən (əleyhimussalam) bir an belə ayrı salmasın.

Baqir Cəfəri

besiret.az


[1] Əllamə Kuleyni, “əl-Kafi”, c.3, səh.225

[2] Əllamə İbn Qovləveyh Qummi, “Kamiluz-ziyarat”, səh.100

[3] Əllamə Məclisi, “Biharul-ənvar”, c.7, səh.311-312

[4] Şeyx Səduq, “Səvabul-əmal”, səh. 217