Vilayət ayəsi barədə olan şübhəyə cavab

Vilayət ayəsi barədə olan şübhəyə cavab

2018-08-28 2147

“Vilayət ayəsi İmam Əli (əleyhissalam) haqqında nazil olubsa, bəs nəyə görə  ayədəki zəmir (şəxs əvəzliyi) cəmdir, tək yox” şübhəsinə cavab

Qurani-Kərimdə İmam Əlinin (əleyhissalam) imamət və rəhbərliyindən söz açan, fəzilətlərini sübut edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (sallallhu əleyhi və alih) sonra ümmətə rəhbər olduğunu göstərən ayələrdən biri “Vilayət” ayəsi adını daşıyan “Maidə” surəsinin 55-ci ayəsidir. Bu ayədə buyurulur:

انما وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”.

Bu şərif ayənin təqvalıların imamı həzrət Əmirəl-möminin Əlinin (əleyhissalam) namaz qılan halda üzüyünü dilənçiyə verməsindən sonra onun haqqında nazil olması, həm şiə, həm də sünni mənbələrində müxtəlif sənədlərlə nəql olunmuşdur. Buna baxmayaraq şiələrə müxalif olanlar, bunun birbaşa İmam Əlinin (əleyhissalam) vilayətinə böyük dəlillərdən biri olduğunu bildiklərinə görə, tarix boyu bu ayəni İmam Əliyə aid etməməkdən ötrü, dəridən-qabıqdan çıxmış, Allahın nurunu ağızları ilə söndürməyə çalışmışlar. Lakin, Allah təala bu cür şəxslərin öz hədəflərinə çata bilməyəcəkləri haqqında belə buyurur: "Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də O, Öz nurunu tamamlayar" . (Tövbə, 32)

Müxaliflərin bu ayəni İmam Əliyə (əleyhissalam)  aid etməməkdən ötrü atdıqları şübhələrdən biri də “Vilayət ayəsi İmam Əli (əleyhissalam) haqqında nazil olmuşsa, bəs nəyə görə  ayədəki zəmir (şəxs əvəzliyi) cəmdir, tək yox” şübhəsidir. Allahın qüvvəsi, lütf və inayəti sayəsində bu məqaləmizdə bu şübhəyə elə sünni mənbələrinə əsasən cavab verməyə çalışmışıq.

Muxaliflərin atdığı bu şübhəyə özlərinin böyük alimlərdən bildikləri Zəməxşəri, özünün məşhur “əl-Kəşşaf” kitabında  belə cavab verir:

“...”Əgər desən ki, bu ayədə məqsəd necə Əli ola bilər bir halda ki, ayədə cəm ləfzi işlənmişdir”. Mən deyərəm: “Bu ayənin nazil olma səbəbi bir şəxs olduğu bir halda, onun barəsində cəm ləfzinin işlənməsi, insanların onun əməli kimisinə rəğbətlənmələri və onun savabı kimisinə yetişmələri üçündür. (Həmçinin) Möminlərin xüsusiyyətlərinin yaxşılığa, ehsana, fəqirlərin halı ilə maraqlanmağa adətkar olmasını, bu hədəfdə olmalarının vacib olmasını xatırlatmaq üçündür. (Bu ayədə cəm ləfzinin işlənməsi) Namaz halında belə fəqirlərə yardım etməyi təxirə salmasınlar deyədir”.

Zəməxşəri, “əl-Kəşşaf”, cüz 2, səh. 259

Kitabın şəkli:

Gördüyünüz kimi muxaliflərin böyük və məşhur alimlərindən olan Zəməxşəri, ayənin yalnız həzrət Əmirəl-möminin Əli (əleyhissalam) haqqında nazil olmasını etiraf edir və ayədə cəm ləfzinin gəlməsini isə,  möminlərin İmam Əlini (əleyhissalam) özlərinə örnək götürmələri üçün gəldiyi şəklində izah edir.

Sünnilərin digər böyük alimlərindən olan Səmani öz təfsir kitabında belə yazır:

“Əgər bir şəxs desə ki, “necə olur ki, tək bir şəxs cəm ləfzi ilə qeyd olunur?”, biz deyərik ki, bunun kimisi (yəni bu cür işlənmə) ərəb lüğətində icazəlidir”.

Əhli-Xilaf mənbəsi: Səmani, “Təfsirul-Quran”, c.3, səh.514, naşir: “Darul-vətən”

Kitabın şəkli:

 

Digər böyük sünni alimlərindən olan Sələbi öz təfsir kitabında belə yazır:

“Ərəb lüğətində tək bir şəxs haqqında olan xəbərin cəm ləfzi ilə gəlməsi icazəlidir. Məsələn, filankəs yalnız bir gəmiyə mindiyi bir halda, “filankəs gəmilərə mindi” deyilib. Məsələn, bir nəfər yalnız bir çöl qatırının üzərində xaric olduğu bir halda, “çöl qatırlarının üzərində xaric oldu” deyilib. Məsələn, bir nəfər bir xəbəri bir nəfərdən eşitdiyi bir halda, “bu xəbəri insanlardan eşitdim” deyib. (Qurani-Kərimdə də bunun nümunələri vardır) Allah-təalanın bu kəlamları kimi: “Bəzi adamlar onlara dedilər” (Ali-İmran, 173) bu ayə bir nəfər haqqında nazil olub oda Nəim ibn Məsuddur. (Həmçinin): “Həqiqətən insanlar sizə qarşı cəm olublar” (Ali-İmran, 173) bu ayədə də (insanlardan) məqsəd Əbu Süfyandır. Bunlara bənzər sözlər çoxdur (yəni, ərəblərin cəm şəklində olan bir sözlə bir nəfəri qəsd etdiklərinə dair nümunələr çoxdur)”.

Əhli-sünnə mənbəsi: Sələbi, “əl-Kəşf vəl-Bəyan” (Təfsirus-Sələbi adı ilə məşhurdur), c.3, səh.60, Naşir: “Daru-ihyait-turasil-Ərəbi”.

Kitabın şəkli:

Əhli-Xilafın digər böyük alimlərindən biri olan Bədruddin Muhəmməd ibn Abdullah əz-Zərkəşi özünün “əl-Burhan fi ulumil-Quran” kitabında  “Tək bir şəxsə cəm ləfzi ilə xitab” başlığı altında bir fəsl açmış və orada Ərəb dilinə əsasən bu cür xitabların icazəli olmasına dair şahidlər gətirmişdir. Onlardan birini təqdim etməklə kifayətlənirik:

“...Allah təalanın bu sözü kimi : “Ey Rəsullar! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” (Muminun, 51)  Bu (ayədə xitab cəm, yəni bütün Rəsullar olduğu bir halda yalnız) təkcə peyğəmbərimizə (sallallahu əleyhi və alih) xitabdır.

Əhli-Xilaf mənbəsi: Zərkəşi, “əl-Burhan fi ulumil-Quran”, Naşir: “Məktəbətu-darit-turas”, səh 234.

Kitabın şəkli:

Bu şübhəyə cavab olaraq bu qədər dəlil təqdim etməklə kifayətlənir və qəzavəti ağıl sahiblərinin öhdəsinə buraxırıq.

Besiret.az

Mürtəza Heydəri