İblis cin tayfasından sayılır, yoxsa mələk?
Sonsuz qüdrəti ilə bütün kainatı və onun özündə cəm etdiyi müxtəlif sirli aləmləri xəlq edən Allah Qurani-Kərimin Zariyat surəsinin 56-cı ayəsində “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım” deyə buyuraraq, aləmlərin xəlq edilməsində əsas məqsədin nə olduğunu açıq-aşkar şəkildə bildimişdir. Lakin, bu yazıda nə bu yaradılışdan, nə də ki, yaradılış məqsədindən söhbət açacağıq. Bu məqalədə, Quran ayələrində tez-tez gözə dəyən və Allah qarşısındakı təkəbbürü nəticəsində kafir olaraq cənnətdən qovulan İblis barəsində ən çox soruşulan bir sualın cavabını tapmağa çalışacağıq. Qurani-Kərimin müxtəlif ayələrində, Allah ilk insan Adəmi xəlq etdikdən sonra mələklərə ona səcdə etməyi əmr edir. Bəqərə, Əraf, İsra, Kəhf, Taha kimi surələrdə şahidi olduğumuz bu əmrin yetirilməsi məqamında İblis Allaha qarşı təkəbbür göstərərək Onun əmrinə boyun əyməkdən imtina edir. Bunun nəticəsində cənnətdən qovulur. Burada belə bir sual ortaya çıxır. İblis kim idi? O, mələklərin zümrəsini təmsil edirdi, yoxsa cinlərin? Bu sual Qurani-Kərimdə öz cavabını açıq-aydın tapmışdır. Kəhf surəsinin 50-ci ayəsində Allah “(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə səcdə edin" demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O, öz Rəbbinin əmrindən çıxdı...” deyə buyuraraq İblisin cin tayfasından olduğunu bəyan edir. Bu mətləbə aydınlıq gətirdikdən sonra ikinci sualın cavabına keçid alırıq. Sualın məğzi bundan ibarətdir: “Əgər İblis cindirsə, o zaman Allahın “Adəmə səcdə edin” deyə mələklərinə etdiyi əmr necə ona şamil ola bilər?” Bu suala bir neçə cür cavab vermək mümkündür. Birincisi, elə yuxarıda qeyd edilən Kəhf surəsinin 50-ci ayəsindəki “...Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz?...” ifadəsi buna dəlildir. Belə ki, mələklərdə şəhvət hissi və onlar arasında izdivac, nəsil artırmaq kimi şeylərin olmaması şəri dəlillərlə sübut olunmuş məlum bir məsələdir. Bu da, İblisin mələk tayfasından olmaması deməkdir. Çünki, İblisin (adəm övladı kimi) həm izdivac etmə, həm nəsil artırma kimi bir xüsusiyyətə malik olması ayədən bəlli olur. İkincisi, mələklər məsum (günahdan pak) olduqları üçün rəblərinin əmrinə itaət edər, Onun əmrinə qarşı çıxmazlar. Allah Təhrim surəsinin 50-ci ayəsində mələkləri “əmrlərə asi olmayan” bir zümrə kimi vəsf edərək buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir”. Ayədən də məlum olduğu kimi, mələklər Allahın onlara verdiyi əmrlərə asi olmaz və ona itaət edərlər. İblisə gəlincə o, öz Rəbbinin əmrinə asi olmuş və onun əmrindən boyun qaçırmışdır. Buradan da, deduktiv əqli nəticənin 1-ci fiquruna əsasən aşağıdakı yekun hökm əldə olunur.
- İblis Allaha asi olmuşdur.
- Hər asi olan (varlıq) mələk deyildir.
- İblis mələk deyildir. (Çünki, rəbbinə asi olmuşdur)
Üçüncüsü, Adəmə səcdə etməkdən boyun qaçıran İblisə Allah “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?" deyə sual etdi. Bu sualı və İblisin cavabını Hicr surəsinin 32 və 33-cü ayələrində görürük. Allahın İblisə ünvanlanan bu sualından əmrin ona da şamil olmasının şahidi oluruq. Qeyd etmək yerində olar ki, Allahın mələklərə əmri İblis üçün də keçərli idi. Çünki, bu əmr əgər İblisə aid olmasaydı, o zaman, ya əmrdən boyun qaçırmaz, ya da ki, “Ey mənim Rəbbim! Mən ki mələk deyiləm bu əmri mənə niyə şamil edirsən?!” deyə Rəbbinə etiraz edə bilərdi. Rəbbinin əmrinə itaətsizliyi, səcdə etmə əmrinin ona da şamil olmasına dəlildir. Həmçinin, ümumi çıxarılmış bir əmr, əmr olunan varlıqların eyni cinsdən və ya eyni növdən olmasına dəlalət etməz. Cəmilin İmam Sadiqdən nəql etdiyi rəvayətdə də İmam “səcdə əmrinin” İblisə də şamil olduğunu təsdiq edir. Həmin rəvayətlə yazını tamamlayırıq. “Məhəmməd ibni Yaqub, Əli ibni İbrahimdən, o da öz atasından, o da İbni Əbu Umeyrdən, o da Cəmildən belə rəvayət edir ki, Cəmil deyir: "Təyyar mənə deyərdi: “İblis mələklərdən deyil. Adəmə səcdə, məhz, mələklərə əmr olunmuşdur. İblis "Mən səcdə etməyəcəyəm dedi". Bəs, nə üçün İblis səcdə etmədikdə Allaha üsyan etmiş olur? O, mələklərdən deyil axı?!" Cəmil, özünün Təyyar ilə birlikdə İmam Sadiqin (əleyhissalam) yanına daxil olduqda, İmamın "Allaha and olsun ki, Təyyar mövzunu daha yaxşı bilir" deyə buyurduğunu vurğuladı. Təyyar, "Sənə fəda olum! Allah Təala “Ey iman edənlər” sözü ilə möminləri vəzifələndirdikdə, münafiqləri də onlarla bərabər bu vəzifəyə daxil etmirmi?" deyə soruşduqda, İmam, "Bəli, yoldan azanlar və zahiri tələblə təsdiq edənlər (ora daxil edilmişdir). Zahiri tələblə təsdiq edən kəslərdən sayılan İblis də onlarla (vəzifəyə daxil edilənlərlə) idi".[1]
Seyid Ağatahir
besiret.az
[1] Seyid Haşim Bəhrani, “əl-Burhan”, Bəqərə surəsinin 34-cü ayəsinin təfsiri