Qeyb dövrünün vəzifələri
Əhlibeyt tərəfdarlarını daim düşündürən aktual mövzulardan biri qeyb dövrünün vəzifələrinin nələrdən ibarət olduğudur. Bu məqaləmizdə Əhli-beytin (ə) hədisləri əsasında qeyb dövrünün vəzifələrinə işarə edəcəyik.
1.İmama mərifət (düzgün və sağlam təfəkkürlə tanımaq)
İmam Sadiq (ə) buyurur:
“Bir gün imam Huseyn (ə) öz əshabı ilə görüşündə əziz islam peyğəmbərinə (s) salavat dedikdən sonra sözünə belə davam edir:
يأيهاالناس ان الله ما خلق العباد الا ليعرفوه فإذا عرفوه عبدوه استغنوا بعبادته عن عبادة من سواه.فقال له رجل بأبي انت وأمي يابن رسول الله ما معرفة الله:قال معرفة اهل كل زمان امامهم الذي يجب عليهم طاعته.
“Ey insanlar, Allah bəndələri Onu tanımaları üçün yaradıb.İnsanlar Onu tanısalar Ona ibadət edər və Ona ibadət etməklə başqalarına ibadət etməkdən ehtiyacsız olarlar.” Bu zaman bir kişi “Atam anam sənə qurban, ey Peyğəmbərin (s) balası, ilahi mərifət (Allahı düzgün tanımaq) nədir?” deyə soruşdu. İmam Huseyn (ə) ona buyurdu: “Bütün zamanların əhlinin öz imamını tanımasına ilahi mərifət deyilir. Hansı ki, ona itaət etmək vacibdir.”[i]
Qeyb dövründə oxunulması tövsiyə olunan dualara nəzər etdikdə İmamı (ə) tanımağın əhəmiyyəti məlum olur. Şeyx Səduq (r.ə.) "Kəmalud-din" əsərində məşhur və mötəbər dualardan olan mərifət duasını qeyd edir:
اللهم عرفني نفسك فإنك ان لم تعرفني نفسك لم اعرف نبيك اللهم عرفني نبيك فإنك ان لم تعرفني نبيك لم اعرف حجتك اللهم عرفني حجتك فإنك ان لم تعرفني حجتك ضللت عن ديني.
“Ey mənim Allahım, özünü mənə tanıtdır. Əgər sən özünü mənə tanıtdırmasan, sənin Peyğəmbərini (s) tanımaram. Ey mənim Allahım, Peyğəmbərini (s) mənə tanıtdır. Əgər sən peyğəmbərini mənə tanıtdırmasan, Höccətini (ə) tanımaram. Ey mənim Allahım, öz höccətini mənə tanıtdır. Əgər mən sənin höccətini tanımasam dinimdə zəlalətə uğrayaram.”[ii]
Bu hədislərdən aydın olan məna bundan ibarətdir ki, həqiqətən insan öz imamını tanımasa əqidəsində böyük yanlışlıqlara düşəcək. Çünki sağlam təfəkkür, düzgün addımlar, pak əməllər yalnız məsum imamı (ə) tanıdıqdan və onların amallarına iqtida etdikdən sonra həyata keçir. Yalnız məsumun göstərişlərinə tabe olan şəxslər azğınlığa düşməz. Bu qeyb dövrünün çətin vaxtlarında, müxtəlif növ əqidələrin tuğyan etdiyi dövrdə yalnız məsuma sığınmaqla sapqın əqidələrdən amanda qalmaq olar.
2.Əhli-beytin (ə) vilayətindən möhkəm yapışmaq.
Digər ən mühüm və vacib vəzifələrdən biri, Əhli-beytin (ə) vilayətindən möhkəm yapışmaq və onlardan qeyrisinə tabe olmamaqdır.
İmam Sadiq (ə) buyurur:
طوبي لشيعتنا المتمسكين بحبلنا في غيبة قائمنا.
“Bizim Qaimimizin (ə.f.) qeyb dövründə bizim qırılmaz ipimizdən möhkəm yapışan şiələrimizin xoş halına.”[iii]
Həmçinin imam Sadiq (ə) buyurur:
يأتي علي الناس زمان يغيب عنهم امامهم
“Bir zaman gələcək insanların imamı qeybdə olacaq.”
Zürarə (r.ə.) bu halın ağırlığını və çətinliyini başa düşdüyü üçün nigaran halda soruşur ki, “ey mənim mövlam, o dövrdə şiələr başlarına nə çarə qılacaqlar?” İmam (ə) buyurur:
يتمسكون بالامرالذي هم عليه حتي يتبين لهم
“Elə həmin vilayətdən möhkəm yapışsınlar ki, hər bir şey onlar üçün aydın olsun.”[iv]
3. Fərəcin intizarını çəkmək.
Qeyb dövrünün şiəsinin xüsusi vəzifələrindən digəri zühurun intizarını gözləməsidir. Həqiqi mömin bu acınacaqlı vəziyyətlərin xilaskarını həsrətlə gözləməlidir. Çünki bu düşdüyümüz hər tərəfli müşküllərin həlli yalnız imam Məhdinin (ə.f) əllərindədir.
Hz. Muhəmməd (s) buyurur:
قال رسول الله(ص):افضل اعمال امتي انتظارالفرج.
“Ümmətimin əməllərinin ən üstünü fərəcin intizarında olmaqdır.”[v]
Başqa bir hədisdə Allah Rəsulu (s) buyurur:
اقرب ما يكون العباد من الله جل ذكره وارضى ما يكون عنهم اذا اقتصدوا حجة الله و لم يظهر لهم ولم يعلموا مكانه وهم في ذالك يعلمون انه لم تبطل حجة الله ولا ميثاقه فعندها فيقععوا الفرج صباحا ومساء
“Bəndələri Allaha yaxınlaşdıran və Allahın onlardan razı qaldığı ən üstün əməl, onların ilahi Höccətə (ə.f.) tərəf yönəlmək istədikləri zaman onun insanlardan gizlində olduğuna, onun yerini bilməmələrinə baxmayaraq İlahi Höccətin (ə.f.) və onun ədalətinin aradan getmədiyini bilmələri və gecə-gündüz onun fərəcini gözləmələridir.”[vi]
4. Səbr.
Qeyb dövründə möminlərə saysız hesabsız müsibət və zülmlər üz gətirəcək. Bu səbəbdən əziz Peyğəmbər (s) və məsum İmamlarımız (ə) bizlərə bu barədə xüsusən səbrli olmağı tapşırıb. Möminlər bu barədə mövcud olan hədislərdən həm güc-qüvvət almalı, həm də vəzifələrini yerinə yetirməlidilər.
İmam Sadiq(ə) Allah Rəsulundan (s) nəql edir:
سيأتي قوم من بعدكم الرجل الواحد منهم له اجر خمسين منكم قالوا يا رسول الله نحن كنا معك ببدر و احد وحنين ونزل فينا القرآن.فقال إنكم لم تحملوا لما حملوا لم تصبروا صبرهم.
“Bir gün Peyğəmbər (s) öz qövmünə üzünü tutub deyir: “Sizdən sonra bir qövm gələcək. Onlardan bir nəfərin əcri əlli nəfərin əcrinə bərabər olacaq.” Səhabələr “Ya Rəsuləllah, biz səninlə birgə Bədr, Ühüd və Hüneyn döyüşündə olanlardanıq. Həmçinin biz Quranın nazil olduğunu görmüşük.” dedilər. Peyğəmbər (s) onlara cavab olaraq “Siz onların daşıdıqlarını daşıya bilməz, onların səbr etdiyi kimi səbr edə bilməzsiniz.” deyə buyurdu.”[vii]
ما احسن الصبر و انتظار الفرج.
“Nə gözəldir səbr etmək və fərəcin intizarında olmaq.”[viii]
Hz. Peyğəmbər (s) buyurur:
انتظار الفرج باالصبر عبادة
“Səbrlə fərəcin intizarında olmaq ibadətdir.”[ix]
İmam Huseyn (ə) buyurur:
“Onun üçün bir qeyb var. O dövrdə bəziləri dindən çıxacaq və bir qismi dində sabit qədəm qalacaqdır. Onlar əzab əziyyət çəkəcəklər. Zühurun intizarın çəkənlərə deyiləcək ki, “verilən vəd nə vaxt baş verəcək?” Heçbir şəkk şübhə yoxdur ki əzab və yalanlar içində səbr edən şəxsin məqamı Rəsuli Əkrəmin (s) hüzurunda qılıncla döyüşən mücahidin məqamına bərabərdir.”[x]
5. Nəfsi paklamaq və özünü islah etmək.
İlahi hakimiyyətin intizarını çəkənlərin önəmli vəzifələrindən biri özünü islah etmə və gözəl əxlaqa sahib olmaqdır.
İmam Sadiq (ə) buyurur:
من سره ان يكون من اصحاب القائم فلينتظر و ليعمل بالورع ومحاسن الأخلاق وهو منتظر.
“Hərkəsin sevinci və şadlığı Qaimin (ə) səhabələrindən olmaqdırsa, gərək onun intizarın çəksin, təqvalı olsun və gözəl əxlaqa yiyələnsin.”[xi]
6. Cəmiyyəti islah etmək.
Hər bir fərd cəmiyyətin digər fərdlərinə nisbət onların islah olması üçün özlərində məsuliyyət hiss etməlidir. Bu yolda əlindən gələn bütün səyləri əsirgəməməlidir.İmam Baqir (ə) şiələrin qeyb dövründəki vəzifələrinin bəyanında buyurur:
ليعن قويكم ضعيفكم وليعطف غنيكم علي فقيركم ولينصح الرجل اخاه النصيحة لنفسه.
“Qüvvətliləriniz zəiflərinizə kömək etməli, zənginləriniz fəqirlərinizə qarşı mehriban olmalı və hər bir kişi özünə etdiyi nəsihəti digər qardaşlarına da etməlidir.”[xii]
7. Zühura daim hazır olmaq
Zühurun intizarın çəkən şəxs bu iş üçün hazırlıqlı olması gərəkdiyini də anlamalıdır. Hər bir mömin belə bir ruhiyyəni özündə yaratmalıdır. İmam Sadiq (ə) buyurur:
ليعدن احدكم لخروج القائم عليه السلام ولو سهما.فإن الله تعالى اذا علم ذالك من نيته رجوت لان ينسئ في عمره حتى يدركه فيكون من اعوانه وانصاره
“Hər biriniz hətta bir oxla olsa belə Qaimin (əleyhissalam) zühuruna hazırlaşmalıdır. Həqiqətən Allah o şəxsin bu niyyətini bilsə, ümidim budur ki, onun ömrünü uzadar. Ta ki, onu (ə.f.) görənlərdən olsun, onun (ə.f.) köməkçilərindən və yardımçılarından olsun.”[xiii]
8. Daim İmamı (ə.f.) zikr etmək.
İmamını (ə.f.) gözləyən şəxsin digər vəzifəsi həmişə onu yada salmasıdır. Möminlərin əmiri, təqvalıların imamı Əli (ə) buyurur:
من احب شيئا لهج بذكره
“Hər kəs bir şeyi çox sevsə onun adı həmişə dilində olar.”[xiv]
Zühurun intizarın çəkən şəxsin imamı (ə.f.) ilə əlaqəsi o qədər çox olar ki, dilinin şüarı yalnız və yalnız İmam Zaman (ə.f) olar. İmamzamançı cavanların dilindən, namazında qunutundan və digər xüsusi hallarda fərəc duası dilindən əksik olmaz. Bu barədə ən gözəl kəlam İmam Museyi Kazıma (ə) məxsusdur:
يغيب عن ابصارالناس شخصه ولايغيب عن قلوب المؤمنين ذكره
“O, cismən insanların gözündən qeybdə olar. Lakin onun zikri möminlərin ürəyindən çıxmaz.”[xv]
İmam Sadiq(ə) “Nüdbə” duasında ah-nalələr edə-edə bu sözləri deyirdi:
عزيز علي ان ارى الخلق ولا ترى ولا اسمع لك حسيسا ولا نجوى.
“Mənim üçün çox ağırdır ki, hamını görüm ama səni görməyim. (Hamını eşidim ama) sənin münacatını eşitməyim.”
İmam Zaman da (ə.f) öz şiələrindən xəbərsiz deyil. Onların hər bir vəziyyətindən, addım və hərəkətlərindən xəbərdardır. Əgər bizim imamla əlaqəmiz bərqərar olsa, həyatımızın hər bir sahəsində onu yad edib onunla birgə addımlasaq və daim onu zikr etsək mütləq onun lütf və inayətinə nail olarıq. Necəki Şeyx Müfidə (q.s) yazdığı məktubda İmam (ə) buyurur:
انا غير مهملين لمراعاتكم ولا ناسين لذكركم
“Mən sizin işlərinizə qarşı laqeyd deyiləm və sizi yadımdan çıxartmıram.”[xvi]
DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ
[i] “Biharul-ənvar” c.8 s.368; c.32 s.321; “Yənabiul-məvəddə” Əl-Qunduzi c.3 s.372.
[ii] “Kəmalud-din” c.2 s.512.
[iii] “Kəmalud-din” c.2 bab 32, hədis 5.
[iv] “Kəmalud-din” c.2 s.512.
[v] “Məcməul-bəhreyn” c.2 bab 33, hədis 44.
[vi] “Üsuli-kafi” c.2 s. 127.
[vii] “Üsuli-kafi” c.8 s37; “Mikyalul-məkarim” c.3 s.290.
[viii] “Biharul-ənvar” c.52 s.129.
[ix] “Əd-dəvat” Qutbud-din Ravəndi s. 41.
[x] “Kəmalud-din” c.1 s.337
[xi] “Kitabul-ğeybə” s.200, hədis 16.
[xii] “Bəşarətul-Mustəfa” s.113.
[xiii] “Kitabul-ğeybə” s.173; “Biharul-ənvar” c.52 s.366.
[xiv] “Ğurər və durər” c.1 s.231
[xv] “Kəmalud-din” c.2 s.221 hədis 6.
[xvi] “əl-İhticac” c.2 s.598