Peyğəmbərin canişini kimdir? (3)

Peyğəmbərin canişini kimdir? (3)

2018-03-31 2602

Peyğəmbərin canişini kimdir? (3)

Bismillahir-Rəhmanir-Rəhim

Əhli-Sünnə baxışından imamət və xəlifəlik

Mühüm xüsusiyyətlər:

İmamət məsələsinə hər iki tərəfin baxışından baxsaq, görərik ki, əslində əhli-şiənin nəzərində Əbu Bəkr və onun kimilərinin xəlifəlik məqamında heç bir haqqı yoxdur. Lakin, əhli-sünnənin xəlifədə və ya canişində şərt bildikləri sifətləri bir müxtəsər baxışda təhqiq edəcəyik. Burada iki baxış vardır. Baxışların birində bütün sünni alimləri ittifaq etmişlər, digər baxışda isə fərq vardır. Bəziləri ittifaq etsə də bəziləri onu şərt bilməmişlər. Onlar aşağıdakılardır:

1) Qeyd edəcəyimiz bəzi xüsusiyyətlər və sifətlərdir ki, bütün əhli-sünnə alimləri bu barədə müttəfiqdirlər.

2) İsmət sifətidir ki, bəzi alimləri peyğəmbər, imam və xəlifədə isməti şərt bilməmişlər.

O xüsusiyyətlər ki, onlarda Əhli-Sünnənin bütün alimləri icma etmişlər, aşağıdaklardır:

  1. Elm və ictihad
  2. Ədalət
  3. Şücaət

Beləliklə, birinci xüsusiyyət budur ki, peyğəmbərin xəlifəsi, imam dini məsələlərdə alim və müctəhid olmalıdır. Çünki, din əleyhinə şübhələr atılır ki, əgər bu sifət olmasa, dinin hörməti və abrı aradan gedəcəkdir. Digər xüsusiyyət budur ki, xəlifə adil olmalıdır. Çünki, xəlifə peyğəmbərin naibidir. Fasiq, facir şəxsin isə bu vəzifəyə səlahiyyəti yoxdur. Şücaət isə üçüncü xüsusiyyətdir ki, gərəkdir xəlifə təhlükə zamanında İslam ölkəsinin sərhədlərini qoruya bilsin və İslam qoşununun təchiz olunmasında qabiliyyətə malik olsun.

Görəsən bu sifətlər Əbu Bəkrdə mövcud idimi?

Qeyd etdik ki, əhli-sünnə imamda və ya xəlifədə bəzi xüsusiyyətləri şərt bilir. Bəhs etmək lazımdır ki, görəsən həmin şərtlər Əbu Bəkrdə mövcud idimi? Əgər cavab mənfi olsa, digər iki xəlifə olan Ömər və Osmanın da xəlifəliyi sual altına düşər. Çünki, Ömər və Osmanın xəlifəliyi, Əbu Bəkrin xəlifəliyinin bir hissəsidir. Necə ki, İmam Əlidən (əleyhissalam) sonra digər on bir imamın xəlifəliyi, İmam Əlinin (əleyhissalam) imamətinin davamı idi. İndi isə həmin şərtlərin Əbu Bəkrdə mövcud olub-olmamasını araşdıraq.

Əbu Bəkri şücaətli hesab etmək olarmı?

Xəlifədə olması gərəkən şərtlərdən biri də şücaətdir. Biz bu sifəti Əbu Bəkr haqqında iki cür araşdıracayıq:

  1. Peyğəmbərin (sallallahu əleyhi və alih) dövründə
  2. Peyğəmbərdən (sallallahu əleyhi və alih)  sonra

Heç bir tərəddüd yoxdur ki, Əbu Bəkr peyğəmbərdən sonra heç bir döyüşdə iştirak etməmişdir və o, Peyğəmbərdən sonra qılıncını Allah yolunda əlinə almamışdır. Bütün əhli-sünnə mənbələri araşdırılsa belə Əbu Bəkrin şücaətli olmasına dair heç bir hədis ortaya çıxmaz.

Əbu Bəkrin və Ömərin döyüşlərdən qaçması

Böyük mühəqqiqlər, tarixçilər və əhli-sünnə hədisşünasları qeyd edirlər ki, döyüşlərin birində müşriklər birinci dəfə məğlub olduqdan sonra qərara gəldilər ki, Peyğəmbəri qətl etsinlər. Onlar bununla müsəlmanların gücünü sarsıtmaq istəyirdilər. Bu cür şəraitdə Əbu bəkr və Ömər digərləri kimi öz canlarını qorumaq üçün Peyğəmbəri tək qoydular. Hakim Nişapuri Hüneyn döyüşü barədə səhih sənədlə İbn Abbasdan nəql edir: “Hüneyn döyüşündə digərləri qaçdıqda Peyğəmbərin yanında yalnız Əli ibn Əbu Talib var idi”.[1] Əhli-sünnənin böyük mühəqqiqləri Xeybər döyüşündə Əbu Bəkr və Ömərin qaçması barədə yazmışlar. Bunun üçün aşağıdakı mənbələrə müraciət etmək kifayət edər:

  1. Əhməd ibn Hənbəl, “Kitabul-musnəd”
  2. İbn Əbi Şeybə, “Musənnif”
  3. İbn Macə Qəzvini, “Sunənul-Mustafa”
  4. Təbəri, “Təfsir və tarix”
  5. Təbərani, “Mocəmul-kəbir”
  6. Hakim Nişapuri, “əl-Müstədrək ələs-sahiheyn”
  7. Beyhəqi, “əs-Sunənul-kubra”
  8. Heysəmi, “Məcməuz-zəvaid”.
  9. Həmçinin Müttəqi Hindi özünün “Kənzul-ummal” kitabında da Əbu Bəkr və Ömərin Xeybər döyüşündən qaçmasını nəql edir.

Xəndək döyüşü və Həzrət Əlinin (əleyhissalam) şücaəti

İslam tarixində mühüm döyüşlərdən biri də Xəndək döyüşüdür. Bu döyüşdə möminlərin əmiri Həzrət Əli (əleyhissalam) küfr və şirk ordusunun müqabilində qərar tutmuşdu. Bu döyüşdə Rəsuli-Əkrəm (sallallahu əleyhi və alih) belə buyurdu: “Əlinin Xəndək döyüşündəki zərbəsi bütün insanların və cinlərin ibadətindən üstündür”. Bəzi rəvayətlərdə isə belə nəql olunmuşdur: “Əlinin Xəndək döyüşündəki zərbəsi qiyamətə qədər bütün ümmətin ibadətindən üstündür”.[2]

Əbu Bəkr və Ömərin şücaəti və İbn Teymiyyənin nəzəri

Əhli-sünnənin böyük şeyxlərindən olan İbn Teymiyyə bu məqamda belə bir fikir bildirmişdir: “Biz tərəddüdsüz qəbul edirik ki, İslami xəlifə və hakimin şücaəti olmalıdır. Şücaət isə iki qismdir. Qəlbi (qəlbən) şücaət və bədəni (fiziki) şücaət. Düzdür, Əbu Bəkrdə bədəni şücaət olmasa da qəlbən şücaətli idi və bu, xəlifə olmağa kifayət edirdi. Əgər deyilsə ki, Əli cihad və döyüş əhli idi, biz də cavabında deyərik ki, Ömər ibn Xəttab da bu cür idi. Lakin, qeyd etməliyik ki, döyüş iki cürdür. Qılıncla döyüş və dua ilə döyüş. Ömər ibn Xəttab Allah yolunda duayla döyüşmüşdür.”

İbn Teymiyyə İmam Əlinin ağılları heyrətdə qoyan mübarizəsi və şücaəti müqabilində, Əbu Bəkrin fiziki cəhətdən şücaətini isbat etmək üçün belə yazır: Buxari və Müslimdə belə rəvayət olunur ki, Ürvə ibn Zübeyr deyir: “Mən Əmr ibn Asdan soruşdum ki, müşriklərin Peyğəmbərlə ən çətin rəftarı hansı olmuşdur? O, belə cavab verdi: Bir gün peyğəmbər namaz qılırdı və Uqbə ibn əbu Mueyd gəldi. Onun əbasını boynuna bükdü və şiddətlə silkələdi. Bu zaman Əbu Bəkr gəldi və Uqbəni kənara çəkib belə dedi: “Mənim Rəbbim Allahdır deyən bir kişinimi silkələyirsən?”[3] İbn Teymiyyə bununla Əbu Bəkrin “şücaətini” isbat etmək iddiasındadır. Biz İbn Teymiyyənin bu söz oyununu insaf əhlinin öhdəsinə buraxırıq. Əhli-sünnənin icmasına əsasən, Peyğəmbərin canişinində olmalı olan şücaət sifəti Əbu Bəkr barədə bəhs olundu.

Əbu Bəkrin ədaləti

Əbu Bəkrin xəlifə olduğu vaxtlardakı hadisələr onun ədalətdən bixəbər olmasını göstərir. O cümlədən, Həzrət Zəhranın (salamullahi əleyha) evinə olan hücum və Fədəyin qəsbi də Əbu Bəkrin ədalətin ziddinə nə qədər çox iş gördüyünü bildirir.

Əbu Bəkrin xəlifəlik dövrü və Malik ibn Nuveyrənin qətli

Araşdırdığımız digər məsələlərdən biri də Əbu Bəkrin xəlifəlik dövründə olmuşdur. Bu Malik ibn Nuveyrənin qətlidir ki, İslamın nurlu çöhrəsinə ləkə gətirmişdir. Malik ibn Nuveyrə böyük qəbilələrdən biri olan Bəni-Yərbu qəbiləsinin başçısı idi. Malik böyük və dəyərli şəxslərdən biri idi. O, öz qəbiləsi ilə Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna gəlmiş və İslamı qəbul etmişdi. Malik o qədər əhəmiyyətli məqama sahib idi ki, peyğəmbər onu öz nümayəndəsi seçmişdi. Malik ibn Nuveyrəyə sədəqələri yığmaq və kasıblar arasında bölmək tapşırılmışdı. Elə ki, Əbu Bəkr xilafətin başına keçdi, Malik ibn Nuveyrə ona beyət etmədi və təslim olmadı. Əbu Bəkr Malik tərəfindən sədəqələrin göndərilməməsi və zəkatın inkar olunması kimi bəhanələrlə Xalid ibn Vəlidi onunla döyüşə göndərdi. Xalid ibn Vəlid gecəylə köməkçiləri ilə birlikdə Bəni-Yərbu qəbiləsinə gəldi. Qəbilə üzvləri də silahlandılar. Lakin, namaz vaxtı öz silahlarını yerə qoyub, namaz qılmağa başladılar. Xalid ibn Vəlid bu imkanı fürsətdən qaçırmadı və Maliki ələ keçirdi. Əmr verdi ki, Malikin başı bədənindən ayrılsın. Bu zaman Malik dedi: “Niyə mənim haqqımda bu cür qərar verirsən?” Xalid belə cavab verdi ki, “Sən dindən çıxmısan”. Malik ibn Nuveyrə yenidən Xalidə dedi ki, “Mən ki, bayaq azan oxudum və namaz qıldım. Necə dindən çıxmışam? Ən azından məni Mədinəyə göndər ki, bu barədə Əbu Bəkrlə danışım və onun istəklərini yerinə yetirim”. Elə bu zaman Xalidin əmri ilə Malikin başı bədənindən ayrıldı. Həmin gecə Xalid onun həyat yoldaşına təcavüz etdi və Bəni-Yərbu qəbiləsinin kişilərinin başını odun yerinə qazanın altına qoydu. (Kişilərin başını yandırdı). Bu xəbər Mədinəyə çatdıqda, iğtişaş başladı. Bu zaman təkcə Həzrət Əli (əleyhissalam) yox, Ömər ibn Xəttab, Səd ibn Əbi Vəqqas, Təlhə və s. kimilər də Əbu Bəkrin sorağına getdilər və bu hadisənin müqabilində reaksiya göstərdilər. (Halbuki, Həzrət Əlinin reaksiyasından başqa digər hərəkətlər Allah üçün deyildi. Təbii ki, bu mətləbin izahı üçün geniş bir məqaləyə ehtiyac vardır.) Xalid ibn Vəlid Mədinəyə qayıtdıqda Ömər ibn Xəttab ona dedi: “Sən zinakarsan və mən özüm səni rəcm edəcəyəm”.[4] Xalidin Mədinəyə qayıtması iğtişaşların yenidən başlanmasına səbəb oldu. Çünki, Əbu Bəkr Xalidin etdiklərini qəbul etmişdi. Qısa müddətdən sonra Əbu Bəkr Xalid ibn Vəlid haqqında şəri hökm çıxardı ki, bundan sonra başqaları da bu cür biabırçı iş görməsinlər. Əbu Bəkr Xalidə belə dedi: “Mənim nəzərimdə sən pis bir iş görmüsən və öz vəzifəndə xəta etmisən. Məbada o qadınla (Malik ibn Nuveyrənin həyat yoldaşı ilə) zina edəsən. O qadından uzaq dur”. Bütün bu cinayətlərin müqabilində Əbu Bəkrin ədaləti bunu tələb etdi ki, o belə desin: “Sən pis bir iş görmüsən.” Bəli, bütün bunların müqabilində Əbu Bəkr bir kəlmə ilə “ədaləti” bərqərar etdi. Bəzən özlərini alim kimi qələmə verənlər belə deyirlər ki, “Bizim xəbərimiz yoxdur, bəlkə Malik öz həyat yoldaşına təlaq vermişdi və iddəsi də tamam olmuşdu. Amma yenə də Malikin evində qalırdı. Buna görə belə nəticəyə gəlirik ki, Malik o qadınla zina etməmişdi.” Başqa alimlər isə buna müxtəlif bəhanələr gətirmişlər. Bəziləri isə bu məsələni inkar etmişlər. Əgər bütün bunların müqabilində belə desələr ki, bu hədislərin olduğu kitablar artıq mötəbər deyildir, bəs görəsən İslam tarixini və şəriət maarifini öyrənmək üçün hara müraciət edirlər?  

                                            Əbu Bəkrin elmi səviyyəsi

Əhli-sünnənin peyğəmbərin canişinində mühüm bildikləri digər bir xüsusiyyət budur ki, xəlifə gərək elm və ictihad əhli olsun. Bu mövzuda Əbu Bəkrin elmi səviyyəsinə qısa bir baxışla nəzər edəcəyik. Əhli-sünnənin böyük alimlərindən biri olan Cəlaləddin Suyuti “Kitabul-itqan fi ulumi-Quran” kitabında yazır: “Əbu Bəkrə Quranın təfsirindən ondan çox mətləb çatmamışdı”. Cəlaləddin Suyuti elə həmin yerdə Həzrət Əlinin (əleyhissalam) elmi barədə isə belə yazır: “Əlinin Qurana olan elmi o həddə idi ki, o, insanların arasında belə deyirdi: Ey İnsanlar! Quran elmləri barədə nəyisə bilmək istəsəniz, məndən soruşun. Çünki, ayələrin nazil olma xüsusiyyətlərini mən bilirəm. Onların gecə və ya gündüz, səfərdə və ya qeyri-səfərdə nazil olmağını mən bilirəm”.[5] Əgər Əbu Bəkr Peyğəmbərin (sallallahu əleyhi və alihi) yanında uzun müddətdə olmuşdursa, Peyğəmbərdən çox hədis nəql etməli idi. Lakin, Suyuti bu barədə yazır ki, “Əbu Bəkrdən nəql olunmuş hədislərin sayı 80 hədisə çatmırdı”.[6] Bura qədər yazdıqlarımızdan Əbu Bəkrin elmi səviyyəsi müəyyən qədər məlum oldu. İndi isə elmin qapısı olan Həzrət Əlinin (əleyhissalam) elmi səviyyəsinə nəzər yetirək.

 İmam Əlinin (əleyhissalam) elmi mərtəbəsi

Əhli-sünnənin böyük mühəqqiqləri, müxtəlif təfsirçiləri, hədisçiləri və tarixçiləri dəfələrlə Həzrət Əlinin (əleyhissalam) elmi səviyyəsi barədə bir çox mətləblərə toxunmuşlar. Qurani-Kərimdə Haqqə surəsinin 12-ci ayəsində buyurulur: “Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik”. Bu ayənin təfsirində bütün Əhli-sünnə alimləri bildirirlər ki, “yadda saxlayan qulaqlar” sözündən məqsəd Əli ibn Əbu Talibdir (əleyhima salam). Çünki, o Həzrət hər bir elm və mərifət; haqq və həqiqət; öyüd və nəsihət; dürüstlük və yaxşılığın kamalı üçün qulaqdır. (Yəni, peyğəmbəri ən yaxşı dinləyəndir.) Həmçinin, sünnilərin məşhur hədis və təfsir kitablarında dəfələrlə gəlmişdir ki, Peyğəmbər Həzrət Əli (əleyhissalam) haqqında “Mən elmin şəhəri, Əli isə onun qapısıdır. Kim bu şəhərə daxil olmaq istəsə, qapısından daxil olsun”.[7] deyə buyurmuşdur.

O həzrət (sallallahu əleyhi və alih) digər bir yerdə belə buyurmuşdur: “Mən hikmətin eviyəm və Əli onun qapısıdır”.[8] Rəsuli-Əkrəm (sallallahu əleyhi və alih) başqa bir yerdə İmam Əli (əleyhissalam) haqqında buyurur: “Mən fiqhin şəhəri, Əli isə onun qapısıdır”[9]. Həmçinin peyğəmbər, o Həzrəti ixtilaflı məslələrdə ümmətin müraciət edə biləcəyi bir mənbə kimi qərar vermişdir. O, bu barədə buyurur: “Ey Əli! Sən məndən sonra ümmətimin düşdükləri ixtilafları bəyan edənsən”.[10] Bu barədə Qurani-Kərimdə, Nisa surəsi, 65-ci ayədə buyurulur: “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca, iman gətirmiş olmazlar.” Allah Təalanın Peyğəmbər üçün qərar verdiyi bu məqamı, Peyğəmbər İmam Əliyə (əleyhissalam) xəbər vermişdir. İbn Abbas Möminlərin Əmirinin elmi barədə bu cəhətdən deyir ki, “Əgər elm on hissəyə bölünmüşsə, onun doqquzu Həzrət Əlidədir (əleyhissalam). Yerdə qalan biri isə digər səhabə, tabein və ümmətin digər üzvlərindədir. Bu bir hissədə də Əli onlarla şərikdir”.[11] Əhli-Sünnə alimlərindən Hafiz Nəvəvi isə bu barədə belə yazır: “Böyük səhabələr (Əbu Bəkr, Ömər, Osman, Səd ibn Əbi Vəqqas, Təlhə, Zübeyr və s.) İmam Əlinin fətvalarını öyrənmiş və müşküllərin həlli üçün dəfələrlə ona müraciət etmişlər. Bu elə məşhur məsələdir ki, hamı bilir”.[12] İbn Cəzm Əndəlusi isə bu barədə belə deyir: “Əbu Bəkr, Ömər, Osman və s. məchul məsələlərin həlli üçün Əliyə müraciət edirdilər və bu məsələlər barədə bilməyənləri xəbərdar edirdilər.”[13]

Xəlifəlik məqamına bu qədər elmi olan böyük şəxsiyyət layiq idi yoxsa başqalarının verdiyi suallar qarşısında aciz qalan elmsiz biri? Bu barədə müqəddəs kitabın Yunis surəsi, 35-ci ayəsində buyurulur: “Elə isə deyin görək, haqqa yönəldən şəxs tabe olunmağa layiqdir, yoxsa özünə doğru yol göstərilməyənə qədər onu tapa bilməyən şəxs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”.

Burada Səhih-Müslim və Buxaridən bir məsələni qeyd etmək yerinə düşərdi ki, həm elmlə bağlıdır, həm də ədalətlə. Əbu Bəkrin xəlifəlik dövrlərində Bəhreyndən Mədinəyə mallar gətirmişdilər. Bu zaman Cabir ibn Abdullah Əbu Bəkrin məclisində idi. Bu vaxtı Cabir Əbu Bəkrə dedi: “Peyğəmbər dünyadan getməmişdən öncə mənə vəd vermişdi ki, Bəhreyndən gələn mallardan müəyyən miqdar mənə verəcək”. Əbu Bəkr məhz Cabirin dediyinə görə həmən miqdarda malı ona verdi.[14] Hamıya məlumdur ki, Cabir ibn Abdullah ismət məqamında deyildi. Lakin, Xanım Zəhra (əleyha salam) ismət məqamına malik, çox fəzilətli bir insan idi. Bunu müxtəlif sünni alimləri öz kitablarında qeyd etmişlər. Bu fəzilət o qədər çox olmuşdur ki, Xanım Zəhra (əleyha salam) barədə “O, Əbu Bəkr və Ömərdən üstündür” demişlər. Lakin, Həzrət Əli (əleyhissalam) barədə bu sözü qeyd etməmişlər. Bu məqamlarda olan o pak xanım iddia edirdi ki, Peyğəmbər dünyadan getməmişdən qabaq Fədək bağlarını ona vermişdi. Buna baxmayaraq, Əbu Bəkr Fatimətuz-Zəhradan şahid tələb edirdi. Lakin, ismət məqamı olmayan Cabirin bir sözünü məqbul hesab edirdi. Görəsən, Xanım Zəhra kimi fəzilətli qadının sözü, ən azından Cabirin sözü qədər dəyərli və məqbul deyildimi? Əgər kimsə bu cür iddia edirsə, təəssüb və təkəbbürü kənara atıb, qiyamət gününü düşünsün!

Bu silsiləvi məqalələrimizdə İmam Əli ibn Əbu Talibin (əleyhissalam) həm elm, həm şücaət, həm də ədalət baxımından digərlərindən üstün olduğunu isbat etdik. Əgər əhli-sünnə imamı seçməkdə bu üç şərti mötəbər bilirlərsə, yenə də Həzrət Əli xəlifəlik məqamına digərlərindən daha layiqli olur. Allah təala bizləri qiyamət günündə Əhli-Beytdən (əleyhimussalam) ayrı salmasın!

Məqalə Ayətullah Seyid Əli Milaninin “Peyğəmbərin canişini kimdir?” kitabı əsasında yazılmışdır.

Baqir Cəfəri

besiret.az

 

[1] “əl-Mustədrək ələs-sahiheyn” c.3, səh.111.

[2] Həmin mənbə, c.3, səh.32.

[3] İbn Teymiyyə, “Minhacus-sünnə”, c.8, səh.85.

[4] Maraqlısı budur ki, Ömər xilafəti ələ keçirdikdən sonra zinakarlıqda ittiham etdiyi Xalid ibn Vəlidi Dəməşqə vali təyin etmişdi. (“Əlamun-nubəla”, c.1, səh.378.)

[5] Cəlaləddin Suyuti, “Kitabul-İtqan fi ulumil-Quran”, c.2, səh,187.

[6] Cəlaləddin Suyuti, “Tarixul-xüləfa”, səh.41.

[7]      1) Cəlaləddin Suyuti, “Tarixul-xüləfa”, səh.135

2) Təbərani, “Möcəmul-kəbir” c.11, səh.65, hədis 11061.

3) Xətib Bağdadi, “Tarixu Bağdad”, c.4, səh.348; c.7, səh.172; c.11, səh.20

4) Hafiz ibn Əbdilbirr, “əl-İstiab fi mərifətil-əshab”, c.3, səh.1102.

5) Deyləmi, İbn Həcər Əsqəlani, “Firdovsul-əxbar”, c.1, səh.76.

6) İbn Əsir, “Usdul-ğabəti fi mərifətis-səhabə”, c.4, səh.22.

7) Təbəri, “Ər-Riyadun-nədrəti fi mənaqibil-uşrə”, c.2, səh.159.

        8) Əbul Huccac Məzi, “Təhzibul-kamal fi mərifətil-rical”, c.20, səh.485.

        9) Həmzə Səhmi, “Tarixu Carəxan”, səh.65.

       10) Zəhəbi, “Təzkirətul-huffaz”, c.4, səh.1231.

       11) İbn Kəsir, “əl-Bidayətu vən-nihayə”, c.7, səh.358.

       12) Heysəmi, “Məcməuz-zəvaid və mənbəul-fəvaid”, c.9, səh.114.

       13) Muhəmməd Zubeydi, “İthafus-sadətil-müttəqin bişərhi-ihyai-ulumid-din”, c.6, səh.224.

       14) Hakim Nişapuri, “əl-Mustədrək ələs-sahiheyn”, c.3, səh.126,127.

       15) İbn Əsir Cəzri, “Camiul-usul fi əhadisir-Rasul”, c.8, səh.657.

       16) Cəlaləddin Suyuti, “Camius-səğir”, c.1, səh.615.

       17) Heysəmi, “Səvauiqul-muhrəqə”, səh.189.

       18) Müttəqi Hindi, “Kənzul-ummal”, c.11, səh.614.

       19) Şeyx Abbas Qummi, “Feyzul-qədir”, c.3, səh.46.

[8]     1) Tirmizi, “Sunənu Tirmzi”, c.6, səh.85.

      2) Təbəri, “Təhzibul-asar”, səh.104, hədis 8.

      3) Əbu nəim İsfahani, “Hilyətul-ovliya və təbəqatul-əvsiya”, c.1, səh.64.

      4) Xətib Təbrizi, “Mişkatul-məsabih”, c.2, səh.504.

      5) Təbəri, “ər-Riyadun-nədrəti fi mənaqibil-uşrə”, c.2, səh.159.

      6) Suyuti, “Camius-sağir”, c.1, səh.415.

      7) Heysəmi, “Səvaiqul-muhrəqə”, səh.189.

[9] Seyid Əli Milani, “Nəfəhatul-əzhar fi xülasəti-əbəqatil-ənvar”, c.10, səh.161.

[10] Hakim Nişapuri, “əl-Mustədrək ələs-sahiheyn”, c.3, səh.122.

[11] Nəvəvi, “Təhzibul-əsmai vəl luğat”, c.1, səh.346.

[12] Nəvəvi, “Təhzibul-əsmai vəl-luğat”, c.1, səh.346.

[13] İbn Cəzm Əndəlusi, “əl-Əhkamu fi fusulil-əhkam”, səh.244-248.

[14] 1) Yusif Kirmani, “əl-Kəvakibud-durəri fi şərhi-sahihil-Buxari”, c.10, səh.125.

  2) İbn Həcər Əsqəlani, “Fəthul-bari bişərhi-sahihil-Buxari”, c.4, səh.375.

  3) Bədruddin Əbu Muhəmməd, “Umdətul-qari şərhi-sahihil-Buxari”, c.12, səh.121.