“Rəğaib” gecəsinin namazını qılmaq olarmı?

“Rəğaib” gecəsinin namazını qılmaq olarmı?

2018-03-22 139

“Rəğaib” gecəsinin namazını qılmaq olarmı?

Bismillahir-rəhmanir-rəhim

Müctəhidlərimizin nəzərinə görə “rəğaib” namazını qılmaq olar. Lakin müctəhidlər arasında olan fərq onun şəri müstəhəbliyinin sabit olub-olmamasındadır. Yəni bu namazı qılan şəxs bunu dinin müstəhəb bildiyi bir əməl niyyəti ilə etməlidir, yoxsa “savab əldə etmək ümidi ilə” niyyət edib bu namazı qılmalıdır? Təbii ki, müctəhidlər arasında olan bu ixtilaf təkcə “rəğaib” namazına aid deyil. Əksər müstəhəb kimi bilinən əməllərə aid bir elmi ixtilafdır. Bunun səbəbi isə fiqhi qayda olan “təsamuh fi ədillətis-sunən” qaydasına dayanır. Bu qaydanıın öz bəhsi uzun olduğu üçün burada qısa və asan şəkildə izah etməyə çalışacağıq.

“Təsamuh” qaydasını qəbul edən alimlərə görə haqqında savab gəlmiş hər bir əməli şəri müstəhəb niyyəti ilə yerinə yetirmək olar. İstər hədisin sənədi mötəbər olsun, istərsə də zəif. Lakin bu qaydanı qəbul etməyən alimlərə görə isə yalnız mötəbər hədislərlə haqqında savab gəlmiş əməlləri müstəhəb niyyəti ilə yerinə yetirmək olar. Lakin zəif  hədislər vasitəsi ilə haqqında savab gəlmiş bir əməlin müstəhəbliyi sabit olmur, həmin qeyd olunan savabı əldə etmək üçün o əməli “rəcai-mətlubiyyə” (Allah tərəfindən istənilməsinə ümid olunan bir əməl) niyyəti ilə yerinə yetirmək lazımdır. 

İndi görək risalələrdə müstəhəb olduğu qeyd olunan əməlləri “təsamuh” qaydasını qəbul etməyən müctəhidlərə görə hansı niyyətlə yerinə yetirməliyik?

“Təsamuh” qaydasını qəbul etməyən müctəhidlərin risalələrində təqlid bölümünün axırında belə bir yazı mövcuddur:

“Bu risalənin müxtəlif babalarında müstəhəb olaraq qeyd olunmuş əməllərin çoxunun müstəhəbliyi “təsamuh” qaydasına əsasən sabit olmuşdur. Bu qayda bizə görə sabit olmadığından bu əməlləri “rəcai-mətlubiyyə” niyyəti ilə yerinə yetirmək lazımdır. Məkruhlarda da bu cürdür...” (Ayətullah Seyyid Xoyi, Ayətullah Seyyid Sistani, Ayətullah Vəhid Xorasani; Minhacus-salihin, məsələ 32)

Buradan məlum olur ki, “təsamuh” qaydasını qəbul etməyən müctəhidlərə görə nəinki “rəğaib” namazını, hətta öz risalələrində qeyd olunan müstəhəblərin çoxunu da müstəhəb niyyəti ilə deyil, “rəcai-mətlubiyyə” niyyəti ilə yerinə yetirmək lazımdır.

“Rəcai-mətlubiyyə” niyyəti ilə edilən əmələ savab varmı?

“Təsamuh” qaydasını qəbul etməyən müctəhidlərə görə bir əməlin müstəhəbliyi sabit olmayıbsa, bəs o zaman niyə o əməli öz risalələrindən silmirlər və niyə o əməli “rəcai-mətlubiyyə” niyyəti ilə yerinə yetirməyi qeyd edirlər? 
Bunun səbəbi budur ki, haqqında savab qeyd olunmuş hədis zəif olsa da, o savabı əldə etmək ümidi ilə onu yerinə yetirən şəxslərə həmin savabın veriləcəyi mötəbər hədislərdə qeyd olunmuşdur. Bu hədislər toplusuna “əxbari-mən bələğ” deyilir. Şeyx Hurr Amili “vəsaluş-şiə” kitabının 1-ci cildində, 80-ci səhifədə bu barədə ayrıca bir bab açmış və orada 9 hədis qeyd etmişdir. Biz onlardan səhih sənədi olan iki hədisi qeyd edirik: 

İmam Sadiq (əleyhissəlam) buyurub: “Kim hansısa bir əmələ görə hər hansısa bir savabın olduğunu eşitsə və o işi yerinə yetirsə, o savab ona veriləcək. Lap ona çatmış (xəbər) doğru olmasa belə.”

İmam Sadiq (əleyhissəlam) buyurur: “Kimə Peyğəmbərdən (s) hər hansısa bir əməlin savab olması yetişsə, o da Peyğəmbərin (s) sözünü yerinə yetirmək niyyəti ilə onu yerinə yetirərsə, ona həmin savab veriləcək. Peyğəmbər (s) o sözü deməmiş olsa belə.”

Bu kimi mötəbər hədislərdən məlum olur ki, haqqında savab qeyd olunmuş hər hansısa bir əməli o savabı əldə etmək ümidi ilə yerinə yetirən şəxsə Allah-təala öz kərəmindən həmin savabı əta edəcək. Lap həmin hədis həqiqətdə uydurma olsa belə. Böyük müctəhidlərimiz də məhz bu hədislərə görə öz risalələrində haqqında savab qeyd olunmuş əməlləri silməmiş, sadəcə onları “rəcai-mətlubiyyə” niyyəti ilə yerin yetirməyin lazım olduğunu bildirmişlər. 

Əziz möminlər də istər “rəğaib” namazı, istərsə də haqqında savab gəlmiş digər əməllər barədə qeyd olunmuş savabları əldən verməmək üçün “rəcai-mətlubiyyə”  (istənilməsinə ümid olunan bir əməl) niyyəti ilə həmin əməlləri yerinə yetirməlidirlər. 
Burada “təsamuh” qaydasını qəbul etməyən və nəticədə bu zəif hədislərlə haqqında savab gəlmiş əməllərin müstəhəbliyi onun üçün sabit olmayan böyük mərceyi-təqlidlərdən biri Ayətullah Seyyid Səid Həkimin “minhacus-salihin” kitabındə 21-ci məsələdə qeyd etdiyi sözü xatırlatmaq istəyirik:

“Məsum İmamlardan (ə) nəql olunmuş çoxlu mötəbər hədislərə əsasən “kimə hər hansısa bir əməlin savab olması yetişərsə, o da onu yerinə yetirsə, həmin savab ona verilər. Lap xəbər ona düz çatmasa belə.” Buna görə də möminlər hər hansısa bir əməlin müstəhəbliyinə olan dəlilin zəif olmasına görə o əməli tərk etməməlidirlər. Çünki mühüm olan savab əldə etməkdir.”

Seyyid burada qeyd edir ki, əməli yerinə yetirməkdə mühüm olan qeyd olunmuş savabı əldə etməkdir. Bu savab da öz növbəsində müstəhəbliyi sabit olmamış bir əməldə savab əldə etmək niyyəti ilə yerinə yetirərkən hasil olması mümkün olduğu üçün, onu "rəcai-mətlubiyyət" niyyəti ilə yerinə yetirməlidir. Çünki mötəbər hədislər açıq-aşkar həmin savabı həqiqətdə Peyğəmbər (s) deməmiş olsa belə o savabın ona veriləcəyini qeyd edir. 

Mühüm bir qeyd: Bəziləri bu hədislərə əsasən camaatla qılınan təravih namazı kimi bidət olan əməlləri də yerinə yetirməyin düzgün olduğunu iddia edə bilməz. Çünki bu hədislər bidət olması aşkar dəlillərlə sübuta yetirilmiş əməllərə tətbiq edilmir. Buna görə də həmin əməllər “Peyğəmbərdən o barədə savab gəlib çatmış” ünvanına şamil olmur. Çünki bir əməlin bidət olması sabit olmuşsa, deməli artıq onun barədə nəql edilmiş savab, Peyğəmbərdən (s) gəlib çatmış sayılmır. "Rəğaib" gecəsinin bidət olması isə sabit deyil. Buna görə də Allah tərəfindən istənilən bir əməl olduğuna ümid edərək savab niyyəti ilə yerinə yetirilmiş olsa yuxarıda qeyd etdiyimiz hədislərə əsasən bu namaz haqqında qeyd olunan savabları əldə etmək olar.

İmam Rza (ə) Mədrəsəsi

besiret.az